<span style="color:red;">"Eurovision"dan keçən uğurlu yol : ən çox bal toplayan iştirakçımız
19 may 2019 10:39 (UTC +04:00)

"Eurovision"dan keçən uğurlu yol: ən çox bal toplayan iştirakçımız

Xəbər verdiyimiz kimi, “Eurovision-2019” mahnı müsabiqəsi başa çatıb və müsabiqədə Azərbaycan təmsilçisi Çingiz Mustafayev 7-ci yerdə qərarlaşıb. 
 
Lent.az "Eurovision" mahnı müsabiqəsində indiyədək iştirak edən Azərbaycan təmsilçiləri və onların nəticələri barədə kiçik araşdırma edib. Belə ki, 2007-ci ildə İctimai Televiziyanın Avropa Yayım İttifaqına üzv olmasından sonra ölkə ilk dəfə mahnı müsabiqəsinə 2008-ci ildə qatılıb. İlk dəfə, yəni 2008-ci ildə Azərbaycanı Serbiyanın paytaxtı Belqrad şəhərində baş tutan 53-cü "Eurovision" müsabiqəsində Elnur Hüseynov və Samir Cavadzadə "Day After Day" mahnısı ilə təmsil edib və onlar 132 xalla 8-ci yerdə qərarlaşıblar. Birinci yerdə isə Rusiya təmsilçisi Dima Bilan "Believe" mahnısı ilə yer alıb. 
 
2009-cu ildə isə Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən mahnı müsabiqəsində Azərbaycanı Aysel və Araş "Always" mahnısı ilə təmsil edərək 207 bal toplayıb və 3-cü yerə çıxıb. Qalib isə Norveç təmsilçisi Aleksandr Rybak olub, o, yarışmada "Fairytale" mahnısını ifa edib. 
 
Norveçin paytaxtı Oslo şəhərində 2010-cu ildə keçirilən "Eurovision" yarışmasında isə ölkəni "Drip Drop" mahnısı Safura Əlizadə təmsil edib və ifaçı 145 səslə 5-ci yerdə qərarlaşıb. Birinci yerə isə Almaniya təmsilçisi Lena Meyer-Landrutun ifa etdiyi "Satellite" mahnısı layiq görülüb. 
 
2011-ci ildə yarışmaya ev sahibliyi edən Almaniyanın Düsseldorf şəhərində Azərbaycan təmsilçiləri Eldar və Nigar "Running Scared" mahnısı ilə ilk yerdə qərarlaşıb və 221 xal toplayıb. 
 
2012-ci ildə "Eurovision"da ilk dəfə qalib olan Azərbaycanın paytaxtı Bakıda keçirilən mahnı müsabiqəsində isə ölkəni Səbinə Babayeva təmsil edərək, "When the Music Dies" ifası ilə 150 balla 4-cü yerə çıxıb. Birinci yerə isə İsveç təmsilçisi Lorin "Euphoria" mahnısı ilə layiq görülüb. 
 
2013-cü ildə İsveçin Malmö şəhərində keçirilən "Eurovision"da ölkəni Fərid Məmmədov təmsil edib və 234 səslə 2-ci yerdə qərarlaşıb. Qalib isə Danimarka təmsilçisi Emmili de Forest olub. O, "Only Teardrops" mahnısını ifa edib. 
 
Danimarkanın paytaxtı Kopenhagen şəhərində keçirilən 2014-cü il mahnı müsabiqəsində isə Azərbaycanı Dilarə Kazımova "Start a Fire" mahnısı ilə təmsil edib və 33 xalla 22-ci yerə çıxıb. İlk yerdə isə Avstriya nümayəndəsi Konçita Vurst "Rise Like a Phoenix" mahnısı ilə qərarlaşıb. 
 
2015-ci ildə Avstriyanın paytaxtı Vyanada keçirilən yarışmada isə ölkəni "Hour of The Wolf" mahnısı ilə Elnur Hüseynov təmsil edib və 49 xalla, 12-ci yerə çıxıb. Birinci yerdə isə İsveç təmsilçisi "Heroes" mahnısı ilə Mons Selmerlöv yer alıb. 
 
İsveçin paytaxtı Stolkholmda keçirilən 2016-cı il "Eurovision"da isə Azərbaycanı Səmra Rəhimli "Miracle" mahnısı ilə təmsil edib və 117 balla 17-ci yerdə qərarlaşıb. Qalib isə Ukrayna təmsilçisi Camala olub və o "1944" adlı mahnını ifa edib. 
 
2017-ci ildə Ukraynanın paytaxı Kiyev şəhərində keçirilən mahnı müsabiqəsində ölkəni Diana Hacıyeva təmsil edib və o, "Skeletons" mahnısı isə 120 səslə 14-cü yerə çıxıb. İlk yerdə isə Portuqaliya təmsilçisi Salvador Sobralın ifa etdiyi "Amar Pelos Dois" mahnısı layiq görülüb. 
 
Portuqaliyanın paytaxtı Lissabonda keçirilən "Eurovision 2018"də isə Azərbaycanı Aysel Məmmədova "X My Heart" mahnısı ilə təmsil edib, ancaq o, finala vəsiqə qazanmayıb. Birinci yerə isə İsrail nümayəndəsi Netta Barzilayın ifa etdiyi "Toy" mahnısı ilə layiq görülüb.
 
Nəhayət, bu il İsrailin Tel-Əviv şəhərində keçirilən mahnı yarışmasında ölkəni Çingiz Mustafayev "Truth" mahnısı ilə təmsil edib və 297 xalla 7-ci yerə çıxıb. Niderland təmsilçisi Dunkan Lourens “Arcade” mahnısı ilə isə qalib olub. O, səsvermə zamanı 492 bal toplayıb.
 
# 2223
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar