Mülk sahibi qeybdə, icarəçilər təşvişdə... - <span style="color:red;">“Salaam Cinema”dan REPORTAJ
08 may 2019 21:00 (UTC +04:00)

Mülk sahibi qeybdə, icarəçilər təşvişdə... - “Salaam Cinema”dan REPORTAJ

Söküləcəyindən xəbərsiz, 106 yaşlı qədim bina, xatirələr hopmuş, tarix danışan döşəmə və divarlar…

Nə olacağından, nə baş verəcəyindən narahat “Salaam Cinema Baku”çular və onların qonaqları, paytaxt sakinləri…

Həyəcanlı müzakirələr, qəfil və sükutlar, nigaran baxışlar…

Söhbət paytaxtın Nəsimi rayonu, Süleyman Rüstəm küçəsindəki “Molokanların evi” kimi tanınan, Sovet dönəmində Rabitə Nazirliyinin Radio Evi kimi fəaliyyət göstərmiş qədim binanın taleyi ilə bağlı yaranmış vəziyyətdən gedir. 

Artıq bir neçə gündür ki, binada icarəçi kimi fəaliyyət göstərən dakı "Salaam Cinema" həvəskar kinoteatrının kollektivi dinc aksiya keçirilir. Səbəb də budur ki, bina sahibi bu abidədə söküntü işlərinin başlayacağını deyərək, kollektivdən məkanı tərk etməyi tələb edir.

Mətbuatda yayılan məlumata görə, binanın sahibinin səlahiyyətli nümayəndəsi Bəhruz Əhmədov kinoteatr əməkdaşlarının binadan çıxmadıqları üçün məhkəməyə müraciət etdiklərini bildirmişdi.

Bu gün isə səlahiyyətli nümayəndə media təmsilçilərinə açıqlamasında deyib ki, “Salaam Cinema Baku” adlı kinoteatrın həmin binada fəaliyyət göstərməsi ilə bağlı müqavilə mövcud deyil: "Biz onların nümayəndəsi ilə heç bir müqavilə bağlamamışıq, binaya özbaşına giriblər. Heç bir müqavilədən söhbət gedə bilməz. Bina şəxsi mülkiyyətimizdədir, ən qısa zamanda məhkəmə yolu ilə oradan çıxarılacaqlar”.

Bina ətrafında baş verənlərlə yerindəcə tanış olmaq üçün Lent.az-ın əməkdaşı deyilən ünvanda olub. 

“Müqavilə mənimlə bağlanılıb və biz birdən-birə 2019-cu ilin iyun ayına qədər ödəniş etmişik”. Bu sözləri Lent.az-a açıqlamasında “Salaam Cinema Baku”nun həmtəsisçisi Leyli Qafarova deyir. O, bildirir ki, icarə üçün vasitəçiliyi “New Europe” Daşınmaz Əmlak Agentliyi edib:

“Biz bu binanı danışanda, bura baxan şəxslər tək bizə yox, otaqları başqalarına da kirayə verirdilər. Biz əslində sahiblə müqavilə bağlamaq istəyirdik. Dedilər ki, buranın sahibi guya Amerikadadır. Müqaviləni bağladıq və nümayəndə ilə danışdıq. Bizimlə müqavilə bağlayan şəxs, demək olar, hər gün burada idi”.

Leyli Qafarova qeyd edir ki, onlar əvvəlcə binanın aşağı mərtəbəsi ilə bağlı danışıq aparıblar: “Novruz bayramı üçün şəhərdən çıxmışdıq, qayıdanda gördük ki, birinci mərtəbənin döşəməsi tamamilə sökülüb. Bunu kimin etdiyini heç kəs boynuna almadı. Sonra öyrəndik ki, bu yerin sahibi Amerikada deyilmiş, hətta 500 m uzaqlıqda ofisdə olan Valeh bəy imiş. O, dedi ki, bizim artıq burada olmağımızdan xəbəri yoxmuş. Ancaq mən inanmıram, çünki onun ofisinə gedəndə gördük ki, həmişə burada olan, bizim burada yerləşdiyimizi bilən uşaqlar ordadılar".

Leyli xanım etiraf edir ki, hələ müqaviləni bağlayarkən binanın söküləcəyini bilirmişlər: "Ancaq bunun nə vaxt baş verəcəyindən xəbərsiz idik. Bundan başqa, düşündük ki, bura söküləcəksə, buranı danışaq və işlədək ki, daha çox şəxslər buranı tanısınlar, bununla da buranın sökülməsinin qarşısını alaq.

Maraqlıdır ki, indi onlar buranın sökülməyəcəyini deyirlər. Ancaq məkanın sahibi demişdi ki, bura söküləcək, işlərin başlanması üçün qərar gözləyir. Valeh bəy həm də demişdi ki, nə baş versə də biz binada qala bilərik”.

Kinoteatrın həmtəsisçisi Rəsul Rzalı isə danışır ki, buranın söküləcəyini ilk dəfə onlara Bəhruz adlı şəxs deyib: “Bizə bildirdi ki, ofisdən çıxmalıyıq, çünki bura söküləcək. Hətta biz Valeh bəylə görüşmək üçün gedəndə mane oldular və fiziki güclə ofisdən kənarlaşdırdılar. Sonra həmin Bəhruz gəldi və bizimlə dalaşdı. Biz pilləkəndə oturanda o, preparatorla ikinci mərtəbəyə çıxacaq yeganə pilləkəni sökməyə çalışdı. İndi isə deyirlər ki, bura sökülməyəcək, restavrasiya ediləcək. Binanı təmir etmək istəyənlər nə üçün gəlib pilləkəni sökməyə çalışsınlar ki?

Biz istəyirik ki, bu bina status alana qədər burada qalaq və bura sökülməsin. Buranı çox bəyənirik, sevirik. Biz hətta icarə vaxtımızı uzatmaq da istəyirdik. Onlara nə bu bina, nə də binanın tarixi maraqlı deyil”.

"Salaam Cinema Baku"nun başqa bir həmtəsisçisi İlkin Hüseynov isə etiraz aksiyasının məqsədinidən söz açır:

“Burada gənclərin tədbirlərini həyata keçiririk. Bizim əsas məqsədimiz binanı qorumaqdır və bura yerləşməyimizin bir məqsədi də bu yerin ictimailəşdirilməsidir. Biz istəyirik ki, onlar bizə qanuni sənəd göstərsinlər, ondan sonra sökülməyəcəyinə təminat versinlər. Bununla da biz buranı tərk edə bilərik. Deyirlər ki, bizi məhkəməyə veriblər. Bizə hələ heç nə gəlməyib. Doğrusu, heç inanmıram ki, bizi məhkəməyə versinlər”.

***

Mövzu ilə əlaqədar Lent.az-a açıqlama verən bina sahibinin səlahiyyətli nümayəndəsi Bəhruz Əhmədov bildirib ki, icarədarların mediaya təqdim etdikləri müqaviləni imzalayan şəxs binanın mühafizəçisidir, onun isə bu sənədi imzalamağa ixtiyarı çatmır: “Mülkün sahibi ilə müqavilə bağlamış şəxs eyni deyil. Mülkün sahibi Qasımov Vilayət Novruz oğludur. Onlarda olan müqavilədə mayın 31-i yazılıbsa, biz onları gözləməli deyilik axı. O müqavilənin heç bir qüvvəsi yoxdur. Mən yenə bildirirəm ki, ora sökülməyəcək və restavrasiya işləri gedəcək. Biz oranı istifadə etmək istəyirik. Mən ora ustalarla getmişəm ki, təmir işlərini aparaq, ancaq onlar bizə mane olaraq, qanunları kobud şəkildə pozublar. Həmin yerə günlər, aylar, illər sonra da gedə bilərsiniz və görəcəksiniz ki, heç bir söküntü işləri aparılmayıb”.

***

Kinoteatra dəstək üçün gələnlərin sayı çoxdur. Onlar arasında gənclər, jurnalistlər, kinosevənlərlə yanaşı, adi sakinlər, başqa şəhər və rayonlardan gələnlər də var.

Zeynəb və Şahsənəm bacıları da Sumqayıtdan məhz kinoteatra dəstək üçün gələnlərdir. Z.Kərimova, burada baş verənlər barədə internetdən xəbər tutduqlarını deyir:

“Gəzmək üçün paytaxta gələndə ancaq təzə binalar görürük. Keçmişə aid ancaq daş və divarlar qalıb. Mən əvvəl Bakıda işləyirdim və iş yerim elə idi ki, hər dəfə Qız qalasının yanından keçməli olurdum. Hər ordan keçəndə Qız qalasına elə bil ki, ilk dəfə idi baxırdım və fəxr edirdim ki, bu abidə mənim paytaxtımda, mənim ölkəmdədir. Tarixi məhv etmək nə deməkdir axı? Bakı, tarix dağıdılır. İnsanlar necə sakit qalır, anlamıram”.

Şahsənəm xanım da Bakının dəyər daşıyan bina və abidələrinə diqqətli yanaşmağa çağırıb: “İndi daha çox gənclər dəstək olur, ancaq qocalar gənclərdən daha çox buraları görüb, tarixini bilir. Bu abidələri biz qorumalıyıq. Bu cür tarixi məkanı niyə məhv edirik? Belə olmaz”.

***

Xatırladaq ki, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov Malakanların ibadət evinin nəzarətə götürüldüyünü bildirib: "Molokanların ibadət evi tarixi abidə kimi dövlət qeydiyyatında deyil. Abidənin tarixi, memarlıq üslubu nəzərə alınaraq, məsələ Dövlət Xidməti tərəfindən nəzarətə götürülüb. Hazırda orada hansısa söküntü işi görülmür. Bina tarixi abidələr siyahısına salınsa, dövlət tərəfindən qorunacaq. Siyahıya salındığı təqdirdə, bina özəl mülkiyyətdə olsa belə, orada söküntü işləri aparmaq mümkün olmayacaq. Ümumiyyətlə, Xidmətin siyahısında olan abidənin tarixi görkəminə hər hansı şəkildə xələl gətirilməsi qanunla qadağandır".

 

Qeyd edək ki, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva tarixi bina ilə bağlı məsələni nəzarətə götürüb. Bundan sonra Mədəniyyət Nazirliyi bina ilə bağlı müvafiq araşdırmaların başladıldığını, tarixi əhəmiyyəti təsdiqlənərsə, dövlət nəzarətinə götürüləcəyi barədə açıqlama yayıb.

 

 

 

# 2711
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar