Faiq Hüsiyev: (AzTV-nin Teleradio Akademiyasının rektoru) “Müxtəlif sahələr üzrə 2 ay davam edən tədris prosesindən sonra ən istedadlıların sırasından 7-8 nəfəri işlə təmin etmək fikrindəyik”
- Faiq müəllim, Teleradio Akademiyasına dinləyici qəbulu ilə bağlı verdiyiniz elanın vaxtı artıq bitib. Nə qədər adam bu müddət ərzində müraciət edib?
- Mart ayının 19-dan etibarən bizim elanımız efirdə yerləşdirilmişdi. Elanın son günü–aprelin 15-dək 730 nəfər CV göndərib. Onlardan 530 nəfəri seçim turlarına dəvət etmişdik. 200 nəfəri dəvət etmədik, çünki elanda göstərilən şərtlərə uyğun gəlmirdilər. Təəssüflər olsun ki, müraciət edənlərin sırasında hara sənəd göndərdiyinin mahiyyətinə varmayan, təsadüfi adamlar da var. Amma biz buna normal yanaşırıq, çünki cəmiyyətimizin müxtəlif səviyyəli olduğunun fərqindəyik. Aprel ayının 16-da biz CV qəbulunu tam dayandırdıq.
- Yəqin seçim mərhələsi çətin olub?
- Həqiqətən də ilkin seçim mərhələsi çətin idi. Müraciət edənlərin sayı gözlədiyimizdən də çox olduğundan biz ilkin tanışlıq mərhələsinə aprel ayının 8-dən başladıq. 11 gün ərzində, 8-19 aprel tarixlərində ilkin seçimlərimiz olub. Biz 9 nəfərdən ibarət komissiya yaratdıq. Komissiyanın üzvləri tamaşaçıların yaxşı tanıdığı, televiziyada uğurlu yol qət etmiş, nüfuzlu televiziya əməkdaşları idi. Mən özüm də komissiyanın rəhbəri kimi bütün seçim günlərində komissiyanın qiymətləndirmə prosesində iştirak etmişəm. Maksimum şəffaflıq olsun deyə hər bir komissiya üzvü 10 ballıq qiymətləndirmə ilə müraciət edən şəxsləri qiymətləndirib. İkinci mərhələyə yüksək qiymətləndirmə balına malik olanları çağırmışıq.
- Televiziya sahəsi həvəsə bağlı bir sahədir. Yəqin bu sahəyə böyük həvəsi olanlara üstünlük vermisiniz?
- Həvəsi olmaq çox yaxşı şeydir. Amma həvəsdən başqa müəyyən bir potensial və ya baza da olmalıdır... Sadəcə həvəsə isitnad etmək məncə düzgün deyil. Öz həyatını bu sahə ilə bağlamaq istəyənlər televiziyanın əslində çox ciddi bir qurum olduğunun mahiyyətinə varmalıdırlar... Elə həvəskarlardır da teleməkanı bu günə salan...
- Nə mənada deyirsiniz?
- Bu haqda çox danışmaq olar. Amma düşünürəm ki, növbəti müsahibələrdə mövzunu çözsək yaxşı olar.
- Dərsləriniz nə vaxtdan başlayır?
- Aprel ayının 29-dan başlamaq fikrindəyik. Müxtəlif sahələr üzrə 2 ay davam edən tədris prosesi nəzərdə tutmuşuq. Sonda dinləyicilərə sertifikat verəcəyik. Xəbər etdiyimiz kimi ən istedadlıların sırasından 7-8 nəfəri işlə təmin etmək fikrindəyik.
- Dərsləri kim deyəcək?
- Öz müəllimlərimiz və teleradiomuzun əməkdaşları. Eyni zamanda kənardan dəvət olunmuş müəllimlərin də məşğələləri olacaq.
- Növbəti kurslarınız nə vaxt olacaq?
- Sentyabr ayında da belə bir elan vermək fikrimz var. Yəqin ki, oktyabrda yeni qəbulumuz olacaq.
- Sizə uğurlar!
-Təşəkkür edirəm ki, fəaliyyətimizə belə diqqət ayırırsınız.