[b]Məhkəmə-Hüquq Şurasında “QAYNAR XƏTT” yaradıldı[/b]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı bu sahədə islahatların keyfiyyətcə yeni mərhələyə keçməsini şərtləndirib, məhkəmə-hüquq orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması üçün “yol xəritəsi” olub. Fərmanda ədalət mühakiməsinin səmərəliliyinin artırılması və məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə çoxsaylı mütərəqqi tədbirlərlə yanaşı, məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi və belə müdaxiləyə görə məsuliyyətin artırılması barədə konkret tapşırıq və tövsiyələr müəyyənləşdirilib.
Eyni zamanda, Fərmanda hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə müvafiq məlumatların qəbulu üçün Məhkəmə-Hüquq Şurasında “qaynar xətt”in yaradılması məsələsi qoyulub.
Bununla əlaqədar həmin məsələlər üzrə Şuraya birbaşa və maneəsiz müraciət etmək imkanlarının yaradılması məqsədilə zəruri avadanlıqla təchiz edilmiş “Qaynar xətt” əlaqə mərkəzi yaradılıb və ilkin olaraq (012) 310-22-77 nömrəli telefon xətti ilə fəaliyyətə başlayıb. “Qaynar xətt” əlaqə mərkəzinə bütün iş günlərində iş vaxtı ərzində müraciət etmək mümkün olacaq.
"Qaynar xətt" əlaqə mərkəzinə daxil olan və icraata götürülən aidiyyəti müraciətlər üzrə Məhkəmə-Hüquq Şurası tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə hərtərəfli, tam və obyektiv araşdırmaların aparılması təmin ediləcək.
(AZƏRTAC)
1252