Sevginin  kimyəvi tərkibi
27 dekabr 2024 19:03 (UTC +04:00)

Sevginin kimyəvi tərkibi

Hansı cinsdə sevgi hissi daha güclü olur?
İnsanda romantik hislər oyananda beyində nələr baş verir?
Sevginin biokimyası nə deməkdir?
Bu yazımız aşiqlik duyğularının elmi izahı barədədir.

İnsan birinə aşiq olduğu zaman təkcə psixoloji vəziyyəti deyil, eyni zamanda, onun orqanizmində fizioloji proseslər də dəyişir.
Elmi araşdırmalara görə aşiqlik halı heç də əbədi olmur. Lakin sevgi münasibətlərində vurulmaq ən vacib mərhələdir. Aşiqlik dönəmində insanın beynində güclü psixoloji asılılıq yaranır. Vurulan adam daim sevdiyi haqqında düşünür, onunla görüşmək və ünsiyyət qurmaq üçün fürsət arayır, bəhanələr düşünür.

Şiddətli sevgi halı ilk baxışdan psixi pozuntuya bənzəyir. Təsadüfi deyil ki, qeyri-adi sevgilərə el arasında “dəlilik” deyilir.

Məşhur rus biokimyaçı Georgi Kurakinin fikrincə, sevgidə patoloji simptom yoxdur, yəni, aşiq olmaq qısa müddətli bir reaksiyadır.

Psixoloqların təsdiqlədiyinə görə aşiqliyin ilk dövründə, daha dəqiqi, ilk doqquz ayında insan beyni sevdiyi şəxslə əlaqəli mürəkkəb təsvirlər və arzular silsiləsi yaradır, bu duyğularla özünü sevdiyi insandan  asılı vəziyyətə salır. Alimlər müəyyən ediblər ki, sevgi vəziyyətinin yaranması üçün beyindən bütün bədənə kimyəvi siqnallar, yəni dopamin və adrenalin göndərməsi tələb olunur. Bu hormonlar sevgi duyğusunu şiddətləndirir, beyni sevgi obyektinə qarşı fokuslayır, cazibə səviyyəsini yüksəldir. 
Sevgi iztirabı çəkən adamın isə orqanizmində həzz hormonu - serotoninin səviyyəsi azalır və məhz bu hormonun çatışmazlığından iztirablar yaranır.

Alovlu sevgi mərhələsi doqquz aydan çox da davam edə bilər. Adətən, hislər qarşılıqlı olmayanda sevgi və iztirabların ömrü uzanır. Hislər qarşılıqlıdırsa, insan sevgi alovunda yanıb kül olmaq dərəcəsinə çatmır. Alovlu məhəbbət tezliklə sakit bir ailə ocağına çevrilir. Ona görə bəzən, “ailə sevgini öldürür” kimi fikirlər də ortaya çıxır.
Antropoloq Helen Fişerin fikrincə qarşılıqlı sevgi insanı pis vərdişlərdən, həyatın ağırlığından və kədərdən xilas edə bilər.
Neyropsixoloqların apardığı təcrübələr nəticəsində məlum olub ki, orqanizmdə dopamin və adrenalin hormonunu artırmaqla kimyəvi sevgi prosesini  hətta bir ilə qədər də uzatmaq mümkün deyil. Lakin psixoloji olaraq nəinki bir il, hətta bütün ömür boyu sevmək mümkündür.

Aşiq qadının beyni

Sevgi məsələləri ilə məşğul olan elm adamları sevən şəxsin beyin təsvirlərini araşdırmağa başladılar. Bunun üçün onlar maqnit rezonans tomoqrafiyasının köməyindən istifadə etdilər. Duyğu səviyyəsini ölçmək və beyin təsvirlərini lentə almaq üçün aşiq şəxsə sevdiyinin  fotoşəkilləri göstərildi.

İlk belə təcrübə 2000-ci ildə tədqiqatçı Semir Zeki və Andreas Bartels tərəfindən həyata keçirildi. Nəticələr göstərdi ki, sevdiyinin fotoşəkillərinə baxan şəxsin beynində müəyyən hissələr dərhal aktivləşir və onda güclü emosiyalar yaranır.

Tədqiqatlar nəticəsində məlum olub ki, qadınlar kişilərdən təkcə fiziki cəhətdən deyil, həm də psixoloji müstəvidə fərqlənirlər. Məhz, buna görə də münasibətlərdə fərqli davranırlar. Sübut edilmişdir ki, qadınlarda beynin yarımkürələri arasındakı əlaqə kişilərlə müqayisədə daha aktivdir. Bu səbəbdən qadınlar üçün emosiyaları ifadə etmək daha asandır. Belə ki, qadın beyninin sağ yarımkürəsində yaranan duyğular sürətlə sol yarımkürəyə ötürülə bilir.

Aşiq kişinin beyni

Kişilərdə aşiq olmanın ilkin əlamətləri eynilə qadınlarda olduğu kimidir. Kişi beyni də sevgi obyektini kimyəvi reaksiyalara səbəb olan həyəcanverici proses kimi qəbul edir. Öncə stress hormonu olan kortizol aktivləşir, ardınca sevgiyə səbəb olan oksitosin hormonu dövriyyəyə girir.

Əslində, aşiq kişinin beynində gedən kimyəvi proseslər bir qədər fərqlidir. Kişi beyninin qadından əsas fərqi onda aqressiyanı stimullaşdıran testosteron hormonunun çoxluğudur. Buna görə kişi bir qadına vurulan zaman onda həmin qadına sahib olmaq istəyi, özünə inam, rəqiblərinə meydan oxuma duyğuları güclənir. Nəticədə tostesteron yüksəlir, serotonin isə əksinə, azalır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1482
avatar

Murad Köhnəqala

Oxşar yazılar