770
17:49
10 Aprel 2019

Fiziki şəxslər xaricdəki hesablarına ayda bu qədər vəsait köçürə biləcəklər - YENİ QAYDA

Azərbaycanda fiziki şəxslər xaricdəki hesablarına ayda 10 min dollar köçürə biləcəklər.
ONA -nın məlumatına görə, Mərkəzi Bankın İdarə Heyəti bununla bağlı “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda müvafiq dəyişiklik edib.
Azərbaycanda rezidentlər xaricdəki öz hesablarına təqvim ayı ərzində 10 min ABŞ dolları ekvivalentinədək məbləğdə köçürmə həyata keçirə biləcək. Bunun üçün hesabın həmin şəxsə məxsus olmasını təsdiq edən sənədlər tələb ediləcək.
Qeyd edək ki, Vergi Məcəlləsinə əsasən, aşağıda göstərilən tələblərin birinə cavab verən istənilən fiziki şəxs vergitutma məqsədləri üçün rezident sayılır:
- təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan;
- təqvim ili içərisində, yaxud bir təqvim ili ərzində xarici ölkədə Azərbaycan Respublikasının dövlət xidmətində olan.
Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs aşağıdakı ardıcıllıqla göstərilən meyarlarla Azərbaycan Respublikasının rezidenti sayılır:
- daimi yaşayış yeri;
- həyati mənafelərinin mərkəzi;
- adətən yaşadığı yer;
- Azərbaycan Respublikasının vətəndaşlığı.
- Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq təsis edilən və sahibkarlıq fəaliyyətini həyata keçirən və ya Azərbaycan Respublikasında idarə edilən istənilən hüquqi şəxs.
Vergi Məcəlləsinə əsasən, Azərbaycan Respublikasının qeyri-rezidentlərinə aşağıdakı şəxslər aid eilir:
- Azərbaycan Respublikasının ərazisində diplomatik və ya konsulluq statusu olan şəxs və onun ailə üzvlər (sahibkarlıq fəaliyyəti göstərən şəxslər istisna olmaqla);
- Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş beynəlxalq təşkilatın əməkdaşı və ya Azərbaycan Respublikasında xarici ölkənin dövlət xidmətini həyata keçirən şəxs və onların ailə üzvlər (sahibkarlıq fəaliyyəti göstərən şəxslər istisna olmaqla);
- məqsədi yalnız Azərbaycan Respublikasının ərazisindən bir xarici dövlətdən digər xarici dövlətə keçmək olan şəxs;
- Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik imtiyazları və immunitetləri olan diplomatik nümayəndəliklər, konsulluq idarələri və xarici ölkələrin digər rəsmi nümayəndəlikləri, beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan xarici təşkilatların və firmaların nümayəndəlikləri.
Yeni qayda aprelin 5-dən qüvvədədir.