437
18:02
03 Aprel 2019

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişikliklər qüvvəyə minib

Prezident İlham Əliyev “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1545-VQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb.
ONA xəbər verir ki, sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsində nəzərdə tutulan elektron çıxarışın məzmunu barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, qanundan irəli gələn digər məsələləri həll etməlidir.
Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların elektron qaydada tərtib olunmasının üstünlükləri və onun xüsusiyyətləri barədə ictimai maarifləndirmə tədbirlərinin həyata keçirilməsini təmin etməli, daşınmaz əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə hüquq sahibinə elektron informasiya sistemləri vasitəsilə məlumat verilməsini təmin etməlidir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə “Elektron hökumət” portalında yerləşdirilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı hüquq sahibinin həmin portal vasitəsilə real vaxt rejimində əldə etməsi imkanını 15 gün müddətində təmin edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.