344
12:32
25 Fevral 2019

“ŞAİRƏ İTHAF” adlı rəsm müsabiqəsi elan edilib

Mədəniyyət Nazirliyi Rəssamlar İttifaqı ilə birlikdə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş “ŞAİRƏ İTHAF” adlı açıq respublika rəsm müsabiqəsini elan edir. Bu barədə Lent.az -a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Azərbaycan ədəbiyyatının dünya mədəniyyətinə bəxş etdiyi məşhur sənətkarların sırasında İmadəddin Nəsimi (1369-1417) xüsusi yer tutur. Nəsiminin ümumşərq miqyasında qüdrətli şair-filosof kimi tanınması və qəbul olunması danılmazdır. Bunun başlıca səbəbi onun dünya ədəbiyyatındakı böyük rolu, sarsılmaz iradəsi və möhkəm əqidəsi ilə şəxsiyyətin bütövlüyünün və əzəmətinin nümunəsini göstərmiş nadir sənətkarlardan biri olmasıdır. O, həm də böyük ədəbi məktəbin və Azərbaycan hürufizm ədəbiyyatının görkəmli yaradıcısıdır.
Azərbaycan Respublikasının Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinin keçirilməsi barəsində” 15 noyabr 2018-ci il tarixli sərəncamı və 2019-cu ili “Nəsimi ili” elan etməsi dövlətimizin böyük sənətkarın yaradıcılığına verdiyi yüksək qiymət və ehtiramın ifadəsidir.
İmadəddin Nəsimi yaradıcılığı zəngin ”Bədii salnamə” yaratmağa imkan verən nəhayətsiz mənəvi-estetik qaynaqdır. Bu ədəbi irsə sovet dönəmində - onun 600 illik (1973) yubileyinin keçirilməsi ilə rəssamların yaradıcılıq gündəminə gətirilsə də, o vaxtlar sənətin ideoloji asılılığı arzulanan nəticələrin əldə olunmasına imkan verməmişdir.
Bu mənada yeni müsabiqənin respublikamızın müsəqilliyi dövründə keçirilməsi bilavasitə görkəmli söz xiridarının həyat və yaradıcılığına müstəqil, yaradıcı rəssam baxışını əyaniləşdirmək, onun alt qatı oxucularını düşündürmək və duyğulandırmaq gücündə olan poeziyasının obrazlı-bədii tutumda ifadəsinə imkan verən yeni-yeni rəngkarlıq, qrafika, heykəltəraşlıq əsərlərinin o cümlədən kitab qarfikası nümunələrinin yaradılmasına nail olmaqdır.
Müsabiqədə Azərbaycan Rəssamlar İttifaqının üzvləri, o cümlədən respublikada fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin magistr tələbələri iştirak edə bilərlər.
Müsabiqənin şərtləri
Müsabiqəyə təqdim olunacaq əsərlərə Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqının mütəxəssislərindən və tanınmış rəssamlardan ibarət Komissiya tərəfindən baxış keçiriləcəkdir. Heykəltəraşlıq, rəngkarlıq, qrafika (o cümlədən kitab qrafikası), dekorativ-tətbiqi sənət nominasiyaları mükafatlar və diplomlar təqdim ediləcəkdir;
Kitab qrafikası üzrə müsabiqəyə təqdim olunan əsərlər qrafikanın bütün texnikalarında (rəsm, ofort, linoqravüra,ksiloqrafiya, litoqrafiya,akvarel,qarışıq texnika və s.) yerinə yetirilə bilər. Bu nominasiya üzrə illüstrasiya-əsərlərin ölçüləri A3 və A4 formatında tərtibatsız-çərçivəsiz təqdim olunmalıdır.
Əsərlər “deviz” və “şifr” ilə təhvil verilir. Bağlı zərfin içində iştirakçı rəssamın soyadı, adı, atasının adı, təvəllüdü, telefon nömrələri, əsərin adı, ölçüsü və texnikası qeyd olunmalıdır. Təhvil verilən hər bir əsərin arxa tərəfində, “deviz”, “şifr” nqeyd olunmalıdır;
Münsiflər heyəti tərəfindən seçilərək I,II, III yerlərə və həvəsləndirici mükafatlara layiq görülən əsərlər Mədəniyyət Nazirliyinə (Azərbaycan Dövlət Rəsm Qalereyasına) təhvil verilməlidir.
Müsabiqənin mükafat fondu aşağıdakı qaydadadır:
Ən yaxşı təsviri sənət nümunəsinin yaradılmasına üzrə
I yer (bir nəfər)- 10 000 manat
II yer (bir nəfər)- 7000 manat
III yer (bir nəfər)- 5000 manat
Həvəsləndirici mükafat
8 nəfər hər biri - 1000 manat
Hazır əsərlər 2019-cu il oktyabr ayının 10-dan 15-dək Azərbaycan Dövlət Rəsm Qalereyasına (Bakı şəhəri, Neftçilər prospekti, 49, Muzey Mərkəzinin 1-ci mərtəbəsində 11-ci otaq, əlaqə telefonları; + 994 493 93 85, +994 12 493 86 33) təqdim olunmalıdır.