13 yaşlı azərbaycanlı gənc pianoçunun uğurları - <span style="color:red;">FOTO
02 iyul 2018 13:52 (UTC +04:00)

13 yaşlı azərbaycanlı gənc pianoçunun uğurları - FOTO

İstedadlı gənc pianoçu, beynəlxalq müsabiqələr laureatı Ayla Kəlbiyevanın “Məhəbbət əfsanəsi” adlı solo konserti olub. Lent.az-ın məlumatına görə, onsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib. Bu il Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının VII sinfini bitirən Ayla Kəlbiyeva xeyli müddətdir ki, xalq artisti Fidan Hacıyevanın Vokal Musiqi Məktəbində də vokal dərsləri alır. Ayla Kəlbiyeva solo konsertini Şəhidlər Xiyabanında uyuyan İlham və Fərizənin xatirəsinə ithaf edib. Solo konsertdən əvvəl İlham və Fərizənin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 13 yaşlı Ayla da solo konsertində azyaşlı olmasına baxmayaraq böyük ürəyi və incə barmaqları ilə əfsanəyə dönmüş məhəbbət tarixindən söz açıb, Qara Qarayevin əsərini ifa etməklə, İlham və Fərizəyə, bu təzadlı dünyaya göz aça bilməyən körpəyə “Lay-lay” deyib. Konsertdə gənc pianoçunun çıxışı, zalın tərtibatı, yanan şamlar, yerə səpilən qızılgül ləçəkləri tamaşaçılara sevgililərin nakam dünyasından söz açıb. Ayla Kəlbiyeva F.Mendelsonun “Sözsüz mahnı”sını səsləndirməklə XIX əsrdə bəstələnmiş bu əsərə yaşadığımız dövrün çağırışları baxımından yanaşıb. Dünya klassik bəstəkarlarının əsərlərini yorulmadan öyrənən Ayla F.Listin “Loreleya” əsəri ilə tamaşaçılara Reyn çayı sahilində Lora və onun zadəgan sevgilisinin nakam məhəbbətindən danışıb. Həmin gün Aylanın ifasında tədbir iştirakçıları F.Şopenin “Vals”ını da dinləyiblər.

Tədbirdə tələbəsinin uğuruna şahidlik edən xalq artisti Fidan Hacıyeva Ayla ilə qürur duyduğunu dilə gətirib. O bildirib ki, Aylanın həm də çox gözəl səsi var. Fidan Hacıyeva Aylaya rəhbərlik etdiyi Musiqi Məktəbinin tərifnaməsini təqdim edib.

2005-ci il oktyabrın 6-da Bakıda dünyaya gəlmiş Ayla Kəlbiyeva 5 yaşında Respublika Uşaq Filarmoniyasında Oqtay Zülfüqarovun şagirdi olub, 6 yaşında müsabiqə yolu ilə Respublika İncəsənət Gimnaziyasının fortepiano sinfinə qəbul edilib. Əməkdar Müəllim Nigar Nəcəfovadan dərs alan Ayla çox keçmir bu sənətdə nailiyyətlər qazanmağa başlayıb. Belə ki, 2013-cü ildə Maltada “Violin and friends” beynəlxalq müsabiqəsində üçüncü yerə çıxıb. Buradakı ifasına görə, o, həm də xüsusi diplom alıb. 2014-cü ildə Fransada N.Rubinşteyn adına XII beynəlxalq fortepiano müsabiqəsində və 2015-ci ildə İtaliyada “Citta di Pesaro” XII beynəlxalq musiqi müsabiqəsində ikinci yerə çıxıb. On yaşında ABŞ-ın Nyu-York şəhərində “American Protege” Beynəlxalq Fortepiano Müsabiqəsinin qalibi olub, nüfuzlu “Carnegie Hall”da çıxış edib. 2017-ci ildə “Stars at Tenerife” beynəlxalq musiqi müsabiqəsində ikinci yeri tutub. Almaniyanın Baden-Vürtemberq şəhərində pianoçuların “Musical Fireworks” beynəlxalq müsabiqəsində birinci yerə layiq görülüb. Bu günlərdə isə Türkiyədə keçirilən Beynəlxalq Fortepiano Müsabiqəsində birinci yeri tutub.

Solo konsertdən sonra çıxış edən tədbir iştirakçıları Ayla Kəlbiyevanın istedadından söz açıb, xalq artisti Fidan Hacıyevanın bu cür gənclərə dəstəyini vurğulayıblar. Əməkdar müəllim Nigar Nəcəfova Aylanın istedadlı ilə yanaşı, onun zəhmətsevərliyini qeyd edib, ona dəstək olan hər kəsə minnətdarlığını bildirib. Bakı Biznes Universitetinin rektoru İbad Abbasov bu cür istedadlı gəncləri aşkar etməyin bir istedad olduğunu deyib: “Xalq artisti Fidan Hacıyeva gənclərin istedadını zərgər dəqiqliyi ilə üzə çıxarır. Hər sənətkara öz məktəbini yaratmaq, biliyini, təcrübəsini gənc nəslə ötürmək nəsib olmur. Lakin Fidan xanım bunu bacarıb. Vokal Musiqi Məktəbini yaratmaq böyük təşkilati məsələdir. Əminəm ki, Siz bu təcrübənizlə də tanınacaq, məktəbiniz gələcəkdə akademiyaya çevriləcək. Ayla Kəlbiyevanın qazandığı uğurlar bizi çox sevindirir. Belə istedadlı

uşaqların sayının çox olmasını arzulayıram”. Tədbirin təşkilatçısı Aylanın anası Sevda Kəlbiyeva övladının üzərində əməyi olan hər kəsə minnətdarlıq edib: “Xalq Artisti Fidan Hacıyeva sənətdə öz sözünü deyib. Onun kimi hər xalq artisti iki tələbəni bu cür zirvələrə qaldırsa, Azərbaycan musiqisinin gələcəyi olacaq nə qədər istedadlar üzə çıxarılar”. O həmçinin əməkdar müəllim Nigar Nəcəfovanın Aylaya körpəlikdən sənətin sirlərini səbirlə öyrətməsini, ona analıq qayğısı ilə yanaşmasını diqqətə çatdırıb.

Fidan Hacıyeva Vokal Musiqi Məktəbinin “Karmen” qrupunun və konsertmeyster Şahin Yəhyayevin müşayiət etdiyi konsertlə davam edən gecə xoş anlarla yadda qalıb.

Ayla Kəlbiyeva daha bir istedadını - vokal ifa etmək bacarığını nümayiş etdirib. Onun ifasında “Sevgi valsı” səslənib. Xalq artisti Fidan Hacıyevanın Aylanı dəstəkləyərək onunla birgə “Gözəlim, yar gözəlim” (“Arşın mal alan” operası) mahnısını ifa etməsi xüsusi alqışlarla qarşılanıb. Eləcə də xalq artistinin “Mavi əbədilik” (musiqisi Müslüm Maqomayev) ifa etməsi gecəyə xüsusi rəng qatıb. Gecədə Vokal Musiqi Məktəbinin yetirmələri Orxan Cabbarovun, Rəna Cəfərzadənin, Tural Tağıyevin, Aqşin Xudaverdiyevin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib. Şotlandiyalı Bob Petrin çıxışı dinləyicilərdə lirik duyğular yaşadıb. Tədbirin qonağı, əməkdar incəsənət xadimi İlham Nəcəfov isə saksofonda caz-muğam sintezi nümunələri ilə musiqili gecəni daha da canlandırıb.

 

# 458
avatar

Oxşar yazılar