65
18:36
18 Aprel 2018

"Dövlət Departamenti real vəziyyəti təhrif edir” - Millət vəkili

“Azərbaycanda keçirilən demokratik prezident seçkiləri və Ermənistanda son günlər keçirilən aksiyalarla bağlı ABŞ Dövlət Departamentinin bəyanatları bir daha Azərbaycana münasibətdə ikili standartların göstəricisidir”.
Bunu APA -ya açıqlamasında millət vəkili, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov bildirib.
E. Nəsirov deyib ki, aprelin 11-də Azərbaycanda açıq, şəffaf prezident seçkiləri keçirilib: “Azərbaycan xalqı öz siyasi iradəsini ortaya qoydu və Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verdi. İlham Əliyev 86,02 faiz səslə növbəti 7 il üçün Azərbaycan prezidenti seçildi. Seçki kampaniyasını dünyanın 59 ölkəsindən və 61 beynəlxalq təşkilatdan 894 beynəlxalq müşahidəçi izləyirdi. Müşahidəçilərin mütləq əksəriyyəti bu seçkilərin Azərbaycanda demokratik inkişaf yolunda irəliyə atılmış bir addım, obyektiv seçkilər kimi dəyərləndirdi. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assmbleyasından olan müşahidəçilər istisna təşkil etdi. Onların qərəzli mövqeyi bizə bəllidir. Bu gün isə ABŞ Dövlət Departamenti Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı mövqeyini ifadə edərkən başqa bir beynəlxalq təşkilatın, ayrı-ayrı ölkələrdən gəlmiş beynəlxalq müşahidəçilərin mövqeyini deyil, məhz ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu qərəzli mövqeyini əsas götürdü. Bu, əslində bizi təəccübləndirmədi. Hesab edirəm ki, bu, həqiqəti tamamilə inkar edən qərəzli yanaşmadır və ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun qərəzli yanaşmasının təkrar edilməsi kimi qiymətləndirilməlidir. Sual yaranır ki, müxtəlif beynəlxalq təşkilatların, müxtəlif dövlətlərdən gəlmiş müşahidəçilərin mövqelərini bir kənara qoyub, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun qərəzli mövqeyini qabardırlarsa, bəs o halda ABŞ Dövlət Departamenti niyə bu gün Ermənistan paytaxtında baş verən, insan hüquqlarının kobud surətdə pozulması ilə müşayiət olunan hadisələrlə bağlı bu qədər mülayim mövqe ortaya qoyur?! Eyni zamanda, Dövlət Departamenti real vəziyyəti təhrif edir, guya İrəvanda baş verən siyasi gərginlikdə polis və aksiyaçıların mütləq əksəriyyətinin bir-birinə hörmətlə yanaşdığını bəyan edir”.
E. Nəsirov Ermənistanda reallığın fərqli olduğunu qeyd edib: “Reallıq ondan ibarətdir ki, Ermənistanda bu günlər yaşanan və artıq “məxməri inqilab”ın başlanğıcı kimi qiymətləndirilən bu proseslərdə 23 nəfərdən çox insan həbs edilib, 50-dən artıq aksiyaçı xəsarət alıb. Xəsarət alanlar içərisində Ermənistan parlamentinin deputatları da var. Ancaq ABŞ Dövlət Departamenti bu gün Ermənistanda baş verənlərin üzərindən sükutla keçir, real vəziyyəti təhrif edir, bir kəlmə də mövqe bildirmir. Haqlı olaraq Azərbaycan ictimaiyyətində sual yaranır ki, bu ikili standartların səbəbi nədir. Nə üçün Ermənistanda Sərkisyan rejiminin hakimiyyəti zəbt edib, öz xalqına qarşı güc tətbiq etməsinə bu cür loyal münasibət bəslənir, tənqid edilmir, ona qarşı heç bir təzyiq üsulu işə salınmır, amma Azərbaycanda keçirilən demokratik seçkilərlə bağlı tamamilə fərqli, qərəzli bir yanaşmanın şahidi oluruq”.
Millət vəkili bildirib ki, doğurdan da ABŞ Dövlət Departamenti Azərbaycanda keçirilən demokratik prezident seçkiləri ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun qərəzli ilkin rəyini əsas götürürsə, başqa bir sual da yaranır: “O halda niyə bir neçə il əvvəl ABŞ-da keçirilən prezident seçkiləri zamanı Texas ştatının prokuroru məhz ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçilərinə bildirib ki, əgər müşahidəçilər seçki məntəqələrinə 30 metrdən çox yaxınlaşsa, həmin müşahidəçilərin hər biri həbs ediləcək. Prokuror deyib ki, əgər müşahidəçiləri ABŞ-ın seçki sistemi maraqlandırırsa, ərizə ilə müraciət edin, iki həftəlik kurslar təşkil edək, ABŞ seçki sistemini öyrənin. Başqa sözlə, ABŞ öz prezident seçkilərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçilərini necə təhqir edir, amma Azərbaycanla bağlı seçkilərdə həmin qurumun müşahidəçilərinin qərəzli yanaşmasını əsas götürür. Bunların hamısı ikili standartların birbaşa təzahürüdür. Bu aspektdə bir faktı da qeyd etmək istəyirəm. 2013-cü ilin fevral ayında Ermənistanda keçirilən prezident seçkiləri zamanı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan gələn müşahidəçilər keçirdikləri mətbuat konfransında bildiriblər ki, Ermənistanda keçirilən prezident seçkilərində çoxsaylı qüsurlar var, eyni zamanda çox ciddi nöqsanlar üzə çıxarıblar. Sonda isə dedilər ki, nöqsanla ciddi olmasına baxmayaraq, seçkinin nəticələrinə ciddi təsir göstərməyib. Bəs onda sual yaranır ki, niyə Azərbaycanda seçkilərdə bağlı 1 faiz belə olmayan, cüzi qüsurlar qeyd etdikdən sonra bu qüsurların seçkilərin nəticələrinə təsir etmədiyini bildirmədilər? Onu da xatırlayırıq ki, o zaman Ermənistanın fəal gəncləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçilərinin keçirdiyi mətbuat konfransında etiraz edərək bildirdilər ki, Ermənistanda bu qədər ciddi qüsurlar üzə çıxarılıbsa, niyə sonda deyirsiniz ki, bunlar seçkinin nəticəsinə ciddi təsir göstərmir. Həmin vaxt müşahidəçilər konfrans zalını tərk edib getmişdilər. Haqlı olaraq ictimaiyyətimizdə sual yaranır ki, işğalçı dövlətə bu cür, Azərbaycana başqa cür münasibət nə ilə bağlıdır? Nə qədər ki, ATƏT belə qərəzli münasibət ortaya qoyacaq, o qədər də ATƏT-in Minsk Qrupunun vasitəsi ilə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll ediləcəyinə də ümidlər azalır. Ona görə də Azərbaycanda keçirilən prezident seçkiləri ilə balı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və bu qurumun mövqeyini təkrar edən ABŞ Dövlət Departamentinin bağlı həqiqəti təhrif etməkdir, reallıqla daban-dabana ziddir. Azərbaycan ictimaiyyəti onların bu mövqeyini qəbul etmir”.
APA