Azərbaycanlı müğənni Roza Zərgərli ötən gün paytaxt məkanlarının birində özünə ad günü keçirib. Lent.az-ın məlumatına görə, ifaçının doğum gününə şou-biznesin bir çox tanınmış simaları qatılıb. Gecəyə təşrif buyuran məşhurlar yalnız canlı mahnılar oxuyublar.
R.Zərgərli isə ad günündə öz təəssüratlarını bu cür dilə gətirib: “Bu məclisə xeyli sayda adam dəvət edə bilərdim. Amma bu gün yalnız mənim ilk addımlarımdan yanımda olan insanları ad günümə çağırmışam. Burada olan hər bir kəsin mənim yaradıcılığımda az da olsa əməyi, payı var. Şükürlər olsun ki, arzularımın yarıdan çoxuna nail olmuşam. İndiki vaxtda özümə və yaxınlarıma ən böyük arzum can sağlığıdır. Can sağ olarsa, digər uğurlara da nail olmaq olar. Sonda ad günümdə iştirak edən bütün dostlarıma təşəkkür edirəm. Yaxşı ki, varsız”.
Qeyd edək ki, aparıcılığını Lətafət Ələkbərovanın etdiyi doğum günündə xalq artistləri Niyaməddin Musayev, Canəli Əkbərov, Nazpəri Dostəliyeva, Məleykə Əsədova, əməkdar artistlər Cavanşir Məmmədov, Firuzə İbadova, Ədalət Şükürov, Səlim Abbasov, müğənnilər Nadir Qafarzadə, Elnur Hüseynov, Emma Ələkbərzadə, Zamiq Hüseynov, Vaqif Şıxalıyev, Elnarə Xəlilova, meyxanaçı Vüqar Əbdülov, aparıcılar Murad Dadaşov, Şəhriyar Əbilov, prodüser Təranə Səmədova və başqaları iştirak edirdi.