Avropanı lərzəyə salan, Hitleri “dəli eləyən”, SSRİ-yə meydan oxuyan azərbaycanlı - <span style="color:red;">Səbuhi MƏMMƏDLİ yazır...
06 fevral 2017 14:44 (UTC +04:00)

Avropanı lərzəyə salan, Hitleri “dəli eləyən”, SSRİ-yə meydan oxuyan azərbaycanlı - Səbuhi MƏMMƏDLİ yazır...

 

Hitler onun başına 100 min marka pul qoymuşdu. Onunla əksər dövlətlərin kəşfiyyatı maraqlanırdı. Sonuncu Rusiya çarı 2-ci Nikolayın bacısı oğlu və həm də varisi sayılacaq Kiril Vladimiroviçlə dost idi. Daha doğrusu, böyük knyaz özü, şəxsən özü onun təsiri altındaydı. Təkcə Kiril yox, çar ailəsinin Avropada miqrasiyada yaşayan əksər qohumları ona elə beləcə də müraciət edirdilər: “Rəhbər”.

 

Hə, rəhbər idi. İnqilabdan sonra çar Rusiyasından bütün Avropaya yayılmış gənc və intellektualların, zadəganlarının rəhbəriydi.

 

Olduqca müəmmalı, ziddiyyətli və eyni zamanda fantastik tərcümeyi-hala malik bir şəxsiyyət olub. Bütün Avropanı gəzib, Amerikaya, Hindistana belə gedib çıxıb. Və bir gün… Hə, bir gün qərara gəlib ki, geri qayıtsın...

 

***

 

Zaman - 2001-ci il.

Məkan - Bakı.

 

İndi Azərbaycanın Macarıstandakı səfiri olan Vilayət Quliyev Rusiya şərqşünaslığının banisi Mirzə Kazım bəyin 200 illik yubileyində prezident Heydər Əliyevə yaxınlaşır. Həmin ərəfədə Vilayət müəllimin rus dilində “Rusiya şərqşünaslığında Azərbaycan məktəbi” adlı monoqrafiyası təzə dərc olunubmuş.

 

Professorun xatirələrindən:

 

“Kitabın bir nüsxəsini mərhum dövlət başçısı Heydər Əliyevə təqdim etmək qərarına gəldim. Prezident kitabı götürüb, yarıciddi-yarızarafat tərzdə: "Biz sənə məsul vəzifə tapşırmışıq. Belə işlərlə pensiyaya çıxandan sonra məşğul olarsan!" - dedi.

Kitabın çoxdan yazıldığını, 11 il əvvəl müdafiə etdiyim doktorluq dissertasiyası əsasında hazırlandığını bildirdim. Prezident mündəricata və şəkillərə baxdı. Sonra: "Sən bilirsənmi ki, bu Kazım bəylərin biri Rusiyanın mühüm keşişlərindən olub?" - deyə soruşdu.

Mən şərqşünas-alim Mirzə Kazım bəyin Rusiya Sinodu yanında müqəddəs kitabların tatar dilinə tərcüməsi üzrə komissiyanın üzvü kimi fəaliyyətindən danışmağa başladım. Dövlət başçısı sözümü kəsib: "Yox, yox, mən bu yaxın vaxtları, 1970-ci illəri nəzərdə tuturam. O vaxt Kazım bəy soyadlı bir nəfər Moskva Patriarxlığında işləyirdi. Yəqin eyni nəsildən olarlar. Sən bir maraqlan!" – dedi”.

 

***

 

Mərhum prezident haqlıydı. Hə, həmin Kazım bəy idi. Bütün dünyanı dolaşıb yenidən SSRİ-yə qayıdan Aleksandr Kazım bəy. Mirzə Kazım bəyin nəvəsi…

 

1902-ci ilin fevralında anadan olmuşdu. Kazanda, Lev Kazım bəyin ailəsində. Məlum səbəblərdən atası pravoslavlığı qəbul etmişdi. Kiçik Kazım bəy ana tərəfdən məşhur Boratınskilər və Lev Tolstoyla da qohum idi.

 

Birinci dünya müharibəsi başlayanda Aleksandrın atası Lev Kazım bəy cəbhəyə yollanmışdı. İmperatriçə Aleksandra Fyodorovnanın adını daşıyan polkda xidmət edirdi. Onun xanımı isə həmin vaxtlar Peterburq yaxınlığında yerləşən Tsarskoe Selodakı lazaretlərin birində çalışırdı. 12 yaşlı Aleksandr da həmin vaxt Tsarskoe Selodakı gimnaziyada təhsil alırdı.

 

***

 

1917-ci ilin oktyabrında Rusiyada bolşevik inqilabı baş verəndə Saşa hələ gimnaziyanın 6-cı sinfini bitirməmişdi.

Rusiyada Kazım bəylər Mirzə Kazım bəyin xidmətlərinə görə, əslində, əsilzadələr sayılırdı. Bütün əsilzadələr kimi, onlar da inqilabı qəbul etmirdilər.

Elə inqilab baş verəndə 15 yaşlı Aleksandrın oxuduğu gimnaziyada da əsilzadə övladları oxuyurdular. Maraqlıdır ki, inqilab baş verəndən sonra yeniyetmə Aleksandr sinif yoldaşlarını bir yerə yığmış, hamılıqla ağqvardiyaçıların yanında yer almışdılar. Amma bolşeviklərin artıq vətəndaş müharibəsində qalib gəldiyini görən gənc Aleksandr 1920-ci ildə 18 yaşında Rusiyanı tərk etmişdi. Və çox yox, cəmi 3 ildən sonra Almaniyada, daha dəqiqi, Münhendə çar Nikolayın birbaşa varisi sayılan knyaz Kiril Vladimiroviçlə birgə “Molodaya Rossiya” (“Gənc Rusiya”) təşkilatını yaratmışdı. Təşkilat, SSRİ-yə qarşı onun hüdudlarından kənarda yaranan ilk böyük qurum idi...

 

***

 

“Molodaya Rossiya”nın üzvləri özlərini “ mladoros”lar adlandırırdılar. Onların ideologiyasının əsasını isə rus millətçiliyi ilə pravoslavlığın sintezi təşkil edirdi. Təşkilat üzvləri yarı-hərbi formada gəzirdilər. Çox vaxt mavi köynək geyinirdilər. Təşkilatın sədri Aleksandr Kazım bəyi görəndə mütləq sağ əlini yuxarı qaldıraraq belə salamlayırdılar: “Rəhbərə eşq olsun”. Bu, hamıya aid idi. Hətta böyük knyaz Kiril Vladimiroviçə belə...

 

***

 

Aleksandr Kazım bəy olduqca nizamlı bir təşkilat yaratmışdı. O, təşkilat üzvlərinə bir məqamı da aşılamışdı: hansı siyasi rejimin və hakimiyyətin idarəçiliyi altına düşməsindən asılı olmayaraq, Rusiyanı sevməli, onun gələcəyinə inanmalı və bu gələcək uğrunda mübarizə aparmalı.

 

Artıq 1934-cü ildə “Molodaya Rosiya” Aleksandr Kazım bəyin liderliyi ilə hakimiyyətə iddialı siyasi təşkilata - Gənc Rusiya Partiyasına (GRP) çevrilmişdi. Düzdür, siyasi şüarlarının eklektikliyinə görə ilk vaxtlar “mladoros”ları o qədər də ciddi qüvvə saymırdılar. Amma günlərin bir günü alman xəfiyyəsi bu qurum haqda şəxsən Hitlerin özünə məruzə edəndə məlum olmuşdu ki, Kazım bəyin partiyasının nəinki Avropada, Nyu-Yorkda, hətta Latın Amerikası və Asiya ölkələrində belə yerli şöbələri və tərəfdarları, habelə tələbə-gənclər, qadınlar, kazaklar, idmançılar qolları da fəaliyyət göstərir.

Bütün bu məqamlar isə alman kəşfiyyatını maraqlandırmaya bilməzdi. Qısa zamanda Aleksandr Kazım bəylə əlaqə yaradılır. Təşkilat eyni zamanda həm Kiril Vladimiroviç, həm də almanlar tərəfindən maliyyələşdirilir.

 

30-cu illərin sonunda Gənc Rusiya Partiyası barədə Avropada eşitməyən yox idi. Bir yandan reyxsfürer Hitler, digər yandan İtaliya diktatoru Mussolini onu öz yanına çəkmək istəyirdi. Dərin zəkaya, böyük natiqlik istedadına malik Aleksandr böyük knyaz Kiril Vladimiroviçi də inandırmışdı: SSRİ adlı dövlət belə davam edə bilməyəcək, şəxsən o, Kiril Vladimiroviç imperator ailəsinin varisi kimi mütləq Rusiyaya qayıdacaq.

 

Məhz bu səbəbdən Kiril də bolşeviklərin devrilməsi ilə bağlı Aleksandr Kazım bəyin bütün layihələrini dəstəkləyirdi.

 

***

 

Yuxarıda qeyd etdiyimiz kimi, Aleksandr Kazım bəy və onun arxasında olan “mladoros”larla Avropada maraqlanmayan qüvvə, kəşfiyyat strukturu yox idi. Bir yandan da Moskvadan Avropaya axışan NKVD casusları. Onlar bütün vəchlə Kazım bəylə əlaqəyə girmək istəyirdilər. SSRİ və Almaniya arasında bir-birinə hücum etməmək barədə bağlanan Molotov-Ribbentrop müqaviləsinə belə heç kim inanmırdı. Hamı gözəl anlayırdı ki, Hitler sovetlərə hücum edəcək. Bir yandan da 1939-cu ildə Mussolini Hitlərə sadiqlik nümayiş etdirərək onunla müttəfiqlik müqaviləsi bağlamışdı. Belə bir gərgin və ziddiyyətli situasiyada Kazım bəy bəyanat verir: Mussolini və Hitlerlə əməkdaşlıq başa çatır...

 

***

 

Kazım bəy Fransanın baş naziri Daladyeyə məktubla müraciət edir: “Rusiya (yəni SSRİ) Almaniyanın işğal planlarından biridir. Biz həyatımızın və tarixin ən çətin imtahanı qarşısındayıq. Bu səbəbdən bəyan edirəm, mənim ətrafımda olan gənclərin hamısı Almaniya ilə mübarizə üçün Sizin ixtiyarınızdadır, cənab Daladye”.

 

Bunu isə Hitler ona bağışlamayacaqdı. Aleksandr Kazım bəyin başına, o dövrdə həddən artıq böyük məbləğ sayıla biləcək qədər pul, 100 min marka qoyulacaqdı...


***

 

Bəs Aleksandr Kazım bəyi almanlardan kimlər və necə xilas edir?

 

ABŞ-a qaçan Kazım bəy orada niyə duruş gətirə bilmir?

 

Kazım bəy Hindistana niyə gedib çıxmışdı?

 

SSRİ-yə qayıdandan sonra onu nələr gözləyirdi?


Bütün bunlar barədə isə sabah.

 

Lent.az-da qalın, maraqlı olacaq...

 

 

 

# 192
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar