Danimarkadakı Azərbaycan diasporundan BMT-yə etiraz
04 aprel 2016 14:57 (UTC +04:00)

Danimarkadakı Azərbaycan diasporundan BMT-yə etiraz

Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyəti Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzü ilə əlaqədar BMT-nin Baş katibi Pan Gi Muna, Danimarkanın xarici işlər naziri Kristian Censenə, Danimarka Xarici Siyasət Komitəsinin sədri Soren Espersenə, həmçinin, Danimarka parlamentinin deputatlarına etiraz məktubu ünvanlayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, məktubda “Vətən” cəmiyyəti Azərbaycanın işğal olunmuş ərazilərində mövcud vəziyyətlə  bağlı dərin narahatlığını ifadə edib. Etiraz məktubunda bildirilir ki, Ermənistan hərbi qüvvələri müharibənin yenidən başlaması üçün səylər göstərir: “Aprelin 2-ə keçən gecə erməni hərbi birləşmələri cəbhə bölgəsində dinc əhalini  atəşə tutaraq  atəşkəsi pozublar. Ermənilər tərəfindən ağır hərbi  texnikanın istifadə edilməsi nəticəsində mülki vətəndaşlar arasında ölən və ağır yaralananlar olub”.

 

Etiraz məktubunda bildirilir ki, uzun illər ərzində ermənilər tərəfindən törədilən hərbi təxribatlar, hücumlar nəticəsində xeyli sayda hərbi qulluqçu və dinc sakin həlak olub. “Azərbaycanın əsas məqsədi sülhün və əhalinin təhlükəsizliyinin təmin olunmasıdır. Artıq 20 ildən çoxdur ki, Ermənistan Azərbaycana qarşı  təcavüzkarlıq siyasəti apararaq  torpaqlarımızın 20 faizini işğal altında saxlayır . Bunun nəticəsi olaraq bir milyondan artıq insan evsiz və torpaqsız qalıb. Bu faktlara baxmayaraq,  Azərbaycan sülhə nail olmağa və əhalinin təhlükəsizliyini qorumağa çalışır”-deyə məktubda vurğulanır.

 

Məktubda Ermənistan dövlətinin Birləşmiş Millətlər Təşkilatların Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə əməl etmədiyi diqqətə çatdırılır. Dünya ictimaiyyətindən isə  tələb edilir ki,  erməni qəsbkarlarını  işğal etdikləri əraziləri  qeyd-şərtsiz boşaltmağa  və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və beynəlxalq hüququn norma və prinsiplərinə  riayət etməyə vadar etsin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 157

Oxşar yazılar