101
13:17
17 Dekabr 2014

Əsl müəllim haqqında oçerk

Müəllim sarıdan həmişə bəxtim gətirib. Orta məktəbdən ali məktəbə, hətta aspiranturaya qədər. İbtidai sinif müəllimim Zərifə müəllimədən elmi rəhbərim Oqtay Əfəndiyevə qədər. Bu iki isim arasında o qədər maraqlı və vicdanlı müəllimlərim olub ki, onları yalnız Beynəlxalq Müəllimlər günündə yad etmək insafdan olmaz...

Bu gün səhər işə gələndə Facebook dostlarımın siyahısında olan Esmeralda Ağayevanın 75 yaşının tamam olması haqqında bildiriş aldım. İstədim səhifəsinə təbrik yazam, ancaq əl saxladım. Axı o, mənim üçün təkcə Facebook dostu deyil, həm də MÜƏLLİMdi. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində ərəb dili müəllimim olub Esmeralda xanım.

Böhranlı 1990-cı illəri yaşayanlar asanlıqla xatırlaya bilər - müharibə yenicə dayanmışdı, ölkədə pul yox idi, ərzaq məhsulları çətinliklə tapılırdı, insanlar aylarla maaş almırdı. Belə bir şəraitdə işinə vicdanla yanaşan adamların sayı getdikcə azalırdı. Bu, özünü xüsusən təhsil və səhiyyə sahəsində daha qabarıq büruzə verirdi. Gözümüzün qabağında vicdan etalonu saydığımız neçə-neçə müəllim ehtiyaca boyun əyib rüşvətə bulaşır, bununla da nəzərimizdə kiçilirdi. Səməd Vurğunun təbirincə desək, ehtiyac qəhrəmanları qul etməklə məşğul idi. Professor Camal Mustafayev dərsə gəlmək üçün avtobusa verməyə pul tapmırdı. Rəhmətlik Famil Mehdinin məşhur “Dilən, professor, dilən” şeiri məhz belə bir şəraitdə yaranmışdı.

Amma sınmayan, ehtiyaca boyun əyməyən və harama bulaşmayan müəllimlərimiz də vardı. Onlardan biri də Esmeralda Ağayeva idi. O, ilk dərs günündən səmimiyyəti ilə bizi təəccübləndirməyi bacarmışdı: “Salam, uşaqlar! Mən sizin ərəb dili müəlliminiz olacağam. Adım Esmeralda Ağayevadı. Bilirəm ki, çox uzun adım var. Ona görə də qısaca olaraq “Esya xanım” deyə müraciət edə bilərsiniz”.

Esya xanım bir müəllim və alim kimi bizə yalnız ərəb dilinin incəliklərini öyrətmədi, həm də həyat dərsi keçdi. Hər zaman azad olmağı, kölə olmamağı təlqin etdi. Məsələn, deyirdi ki, kim istəyirsə, dərsimdə çay da içə, siqaret də çəkə bilər (maraqlıdır ki, dörd ildə kimsə bundan sui-istifadə etmədi). Tələbələrini şəhərə gəzməyə də, kiminsə doğum gününü təntənəli şəkildə qeyd etməyə də dəvət etməyi yalnız o bacarırdı. Və bundan “tələbələrimlə aradakı pərdə götürülər” - deyə qətiyyən ehtiyat etmirdi.

Oxumağımız üçün o qədər əziyyət çəkir və bəzən əsəbiləşirdi ki, təəccüblə özümüz-özümüzə sual verirdik: “Aylarla maaş almır, nəyinə lazımdı onun bu qədər can yandırmaq? Kim oxuyur, oxusun, oxumursa, oxumasın. Niyə bu qədər əsəbiləşir ki?”

Universitetdə tum çırtlayıb və ya siqaret çəkib yerə atan tələbələr onun gözünün düşməni idi. Fərq etmirdi dərs dediyi (tanıdığı) və ya dərs demədiyi (tanımadığı) tələbə olsun. Təhqirsiz-filansız ona elə sözlər deyirdi ki, adam bəlkə də həmin an təhqir olunmağı hər şeydən çox arzulayırdı: “Niyə zibilləyirsən bu universiteti, bu şəhəri? Axı bu universitet də, bu şəhər də, bu ölkə də sənindi, sənin evindi. Sən öz evini zibilləyirsən? Yoxsa xadimələr sənin atanın nökəridi?”

Doğum gününüz mübarək, Əziz Müəllimim! Yüz yaşayın, Esya xanım!