<b>Erməni qızı Amaliya - <span style="color:red;">SERİAL </b>
11 dekabr 2013 15:57 (UTC +04:00)

Erməni qızı Amaliya - SERİAL

Bu, bir Azərbaycan dramıdır...

 

Sovetlərin son illərində başlayan bu dram günümüzə qədər uzanıb gələn romantik, sərt, acı, bəzən isə dəhşətli epizodlarla zəngindir. Hazırda həyatda olan qəhrəmanın öz dilindən qələmə alınıb. Lent.az bu əhvalatı oxucuları ilə bölüşməyi qərara alıb. Sizə nəql edəcəyimiz bu əhvalatda yalnız adlar şərtidir...

 

***

 

...1986-cı il yaman başladı: artıq yarı etdiyim üçüncü kursa qədər yüksək göstəricilərlə oxumağıma baxmayaraq, bu semestr imtahanlar demək olar ki əzabla keçdi. Ardınca fevral ayında bacım qısa bir zamanda tanış olduğu oğlana öz təkidi ilə ərə getdi və bizimlə əlaqəni kəsdi. Artıq bizə gəlmirdi, anamın göz yaşlarına baxmayaraq. Bundan bir həftə keçər-keçməz atam ürək tutmasından vəfat etdi, evdə anamla baş-başa qaldıq.

 

Evin tək oğlu kimi bütün məsuliyyət üzərimə düşmüşdü. Amma anam da güclü qadın çıxdı. Nəinki tələbə olaraq axşamlar işləyib evə kömək etməyimdə mənə mənəvi dəstək olurdu, hətta şəxsi həyatıma, həyatımda olan qızla münasibətlərimə dair məsləhətlərini də əsirgəmirdi.

 

Onun adı Amaliya idi. Bakıda erməni ailəsində doğulmuşdu. Atası Armen Semyonoviç zavodların birində baş mühasib, anası Marina Karapetovna isə ali məktəblərdən birində müəllimə idi. Bizə nisbətdən qat-qat imkanlı ailəydilər. Bütün bunlara baxmayaraq, Amaliya ailələrində demək olar ki müstəqil idi, bəlkə də evin tək qızı olmasaydı, valideynlərindən ayrı yaşayardı.

 

Səbəbini sözlərlə izah edə bilmirəm, amma o, mənim üçün qızların ən gözəli, ilk və yəqin ki, son sevgimdir. Nə isə... onun mənə, mənim ona bağlılığımın köklərini bir gecə səhərə qədər danışsam də qurtarmaz...

 

Bir sinifdə oxumuşuq. Həm də qonşuyuq. Elə yuxarı siniflərdən mənimlə maraqlanan da yeganə o idi. Çünki başqa yerləri bilmirəm, bizim yaşadığımız Razində (indiki Bakıxanov qəsəbəsi – müəl.) qızlar adətən daha imkanlı, yaraşıqlı və şirindil oğlanlara üstünlük verirdilər. Nədənsə “səmimi sovet gənci” anlayışı bizim məktəbdə keçmirdi...

 

Mən isə olduqca kasıb ailədəndim. O qədər yaraşıqlı da deyiləm. Kifayət qədər qapalı, qaraqabaq biriydim: atam ölənə qədər uzun zaman tamam başqa diaqnoz ilə - qaraciyərindən xəstə yatdı. Zavod qabaqcılı olduğuna görə yanına gəlib-gedənlər çox olurdu. Həyətimiz balaca olduğu üçün məktəbdən evə gələn zaman evdə qonaq olub-olmadığını əvvəldən hiss edirdim. Qonaqlarla görüşməkdən utandığım üçün evə öz otağıma pəncərədən keçirdim. Bax, bu qədər qapalı biriydim.... Məktəbdə dostlarım demək olar ki yox idi, hərdən mənə elə gəlirdi ki, artığam...bütün bədbəxtlər kimi....

 

Amma Amaliya....

 

 

***

...9-cu sinifdə oxuyurduq. Məktəbimiz yeni il şənliyinə hazırlaşırdı. Onunla başqa qız sinif yoldaşlarımla olan salam-kalamım da yox idi. Baxmayaraq ki, məktəbə eyni məhəllədən gedirik.

 

Şənlik gecəsinə qatılmadım. Heç sinif yoldaşlarımdan axtaran da olmadı. Atamın ağır vaxtları idi, evdə də pul yox idi, özüm də elə demək olar ki, böyüdükcə küskünləşmişdim...

 

Axşamdan öz otağıma çəkilib, kitablardan birini götürüb yatağıma uzanaraq vərəqləməyə başladım. Nə vaxt yuxuya getdiyimi bilmədim, anamın şirin səsinə ayıldım:

 

- Murad, ay Murad... Oğlum qalx, qonağın var.

 

Gecənin bir aləmi, yuxudan kal oyanış və anamın “qonağın var” xəbəri – bütün bunları birlikdə anlamağa cəhd edə-edə yerimin içində oturub maddım-maddım anamın üzünə baxdım.

 

Arvadın şən və cingiltili səsinə dik atıldım:

 

- A bala, qalx gör kim gəlib də!

 

Tələsik üstümü düzəldib böyük otağa keçdim və gördüklərim məni həqiqətən təəccübləndirdi: Amaliya idi. Əlində də balaca sellofan torbada nəsə vardı. Məni görən kimi salamlaşaraq əlindəkini masanın üstünə qoydu və yaxınlaşıb:

 

- Şənliyə niyə gəlmədin? Hamı ordaydı, sən yox...- azacıq ara verdi, sonra xışıltılı səslə davam edərək: - Elə mən də tez çıxdım, evdə gözləyirdilər. Yolüstü dedim sənə də dəyim, bayramını təbrik edim. Sənə yeni ildə yeni həyat arzulayıram, Murad... - dedi, anama da “bayramınız mübarək! Gecəniz xeyrə qalsın” söyləyib, evdən çıxdı...

 

Bir xeyli onun arxasınca baxa-baxa qaldım. Qurumuşdum. Çünki heç kimdən belə bir sürpriz gözləmədiyim halda, hətta olsa belə ağlıma gəlməyən insandan xəyalıma belə gəlməyən diqqəti görürdüm...

 

O gecə səhərə qədər yuxum gəlmədi. Özümə və arzularıma yad olan nələri düşünmədim, nələri... Düşüncəmdə, hissiyyatımda, xəyallarımda yeni səhifə açılırdı. Tez-tez həyətə çıxıb Amaliyagilin evlərinə tərəf baxırdım. Qəribə idi, hələ də otaqlardan birinin işığı yanırdı. Arxa otaqlardan idi. Yəqin onun otağı idi. Çünki evin tək övladıdır. Amma bilmirəm, o otağın işığı tək o gecə yanırdı, yaxud o gecəyə qədər həmişə hər gecə yanıb. Çünki ilk dəfə idi gecə onlara tərəf baxırdım...

 

Səhər açılan kimi nəyisə bəhanə edib, bir neçə dəfə onların qapılarından o yan-bu yana keçdim.

 

Qış tətili idi deyə məktəbdə dərslər dayanmışdı.

 

Nə qədər küçədə hərəkət etsəm də həyətlərində kimsə gözə dəymədi. Yaxınlıqdakı ayaqqabı təmiri budkasına girdim. Çəkməçi İsmayıl dayı ilə bir-iki kəlmə söhbətdən sonra “Armen dayı gilin həyətində kimsə görsənmir, anam onlara bayram payı göndərmək istəyirdi” demişdim ki, kişi əlindəki çəkməni döyəcləyə-döyəcləyə başını qaldırmadan:

 

- Onlar səhər tezdən yığışıb getdilər, bala, gedəndə də təmir üçün bir yığın ayaqqabı verdilər.

 

 - Hara getdilər??? – kişinin sözünü ağzında kəsərək hövlnak soruşdum.

 

- Yerevana atasıgilə (yəni Amaliyanın ata babasıgilə. Babası Bakıda doğulsa da sonradan Yerevana qayıdıb, Amaliyagil burda qalıb – müəl.), hər bayram gedirlər axı...

 

Çəkməçinin nə dediyini daha eşidə bilmirdim, gözüm Amaliyagilin qapısında qalmışdı. Ötən gecəki hadisəni xatırlayıb onun qara uzun saçlarını, iri və həssas gözlərini, batıq yanaqlarını, yumru çənəsini, çiyələyə oxşar dodaqlarını, yeriyəndə hərəkətinə oynaqlıq verən incə belini təsəvvür edib sanki illərdi bir sinifdə oxuduğum adamı deyil, ilk dəfə gördüyüm adamı xəyalımda təsəvvür edirdim... Mən illərdi buna niyə fikir verməmişəm axı. Deməli insan qeyri – fiziki də kor ola bilirmiş...

 

***

 

Mən onu bir də iki həftə sonra – tətil başa çatdıqdan sonra məktəbdə görə bildim.

Elə həmin gündən etibarən məktəbdən evə, evdən məktəbə bir gedib gəlməyə başladıq...

 

O gecə arzuladığı kimi, ilin başlanğıcından mənim üçün sözün əsl mənasında yeni həyat başladı...

 

Mən artıq o vaxtdan hiss elədim ki, dünyada varam və yaşayıram. Artıq nəinki tək deyiləm, hətta mənim üçün sözün əsl mənasında yaşayan da var... Hansı ki bu, sinfimizdə çoxlarının təəccübünə, qısqanclığına səbəb olmuşdu: “necə olur ki, diqqət çəkməyən, yaraşıqsız bir oğlan belə gözəl qız tərəfindən bu qədər sevilir...”

 

Bəlkə də bir-birimizə olan istəyin, sevginin gücü oldu ki, təsadüf nəticəsində ikimiz də eyni ali məktəbə - V.İ.Lenin adına APİ– nin (indiki Azərbaycan Pedaqoji Universiteti – müəl.) müxtəlif fakültələrinə qəbul olduq. Bu, bizim hər gün bir yerdə olmamıza daha geniş fürsət yaratdı və biz artıq 5 ildən çoxdur bir yerdəyik...

 

O, çox həssas, optimist, nikbin və əksər məsələlərdə təkbaşına qərar verirdi. Məsələn, elə məsələlər olurdu ki, bir müddət müzakirə edirdik və ortaq məxrəcə gəldikdən sonra o, məndən fərqli olaraq, yerindəcə qərarını verirdi. Amma mən müxtəlif bəhanələrlə belə həyati qərarımı valideynlərim olmadan verə bilmirdim...

 

Onun kifayət qədər vəzifəli qohumları və yaxud da atasının vəzifəli ailə dostları vardı. Amma buna baxmayaraq, demək olar bütün hallarda həmin qohumlarının, tanışlarının kampaniyalarına, toylarına artıq valideynləri onsuz getməli olurdular. Dərhal bizə zəng edib, gülə-gülə deyirdi ki, “bəlkə mənə qala tikəcəyin yerə gedək?” Dağüstü parkda (indiki Şəhidlər Xiyabanı ərazisi – müəl.) “Sevgililər bağı” deyilən yeri nəzərdə tuturdu; qərara almışdıq ki, nə vaxtsa burada onun üçün Qız Qalası tikəcəm...

 

Əlbəttə, gülməli səslənir. Amma o, bu zarafatı hər dəfə elə inamla, elə fəxrlə deyir ki, özümü adi sovet ailəsinin, yoldaşları arasında belə diqqət qazana bilməyən uşağı yox, sehrli şərq ölkəsinin şahzadəsi zənn edirdim...

 

Onun bu istəyinin özünə görə səbəbi də vardı: bir yerdə olmamızın birilliyi ərəfəsində xahiş etdi ki, Qız Qalasına gedək. Elə sabahı getdik. Qalanın lap üstünə çıxıb, xeyli şəhəri, dənizi seyr etdik. Əvvəlkindən fərqli olaraq, o gün şən deyildi, arabir söylədiyi erməni lətifələrini də unutmuşdu. Yaman susqun idi. Ancaq mən danışırdım bu gün. Müxtəlif mövzulardan. Nədənsə birdən Bakının gözəlliyindən, Xəzərdən danışmağa başladım. Qəflətən sözümü kəsdi:

 

- Murad....

 

- ...

 

- Mən səndən bir şey istəyə bilərəm?

 

- Əlbəttə.

 

- Bilirsən, Murad... Mən körpəlikdən Bakını sevirəm, amma bilmirəm niyə... Hətta axşamlar atam Yerevandan danışıb gözəlliyini təsvir eləsə də, tez-tez məni ora aparsa da, Yerevan xoşuma gəlsə də, Bakının əvəzini vermir. Hətta atamın məni apardığı Moskva, Riqa, Kiyev, Daşkənd və digər gözəl şəhərlər Bakını mənim üçün əvəz eləmir...

Murad, artıq bunun səbəbini bilməyə başlayıram. Bu, dəniz və bir də indi üzərində dayanıb bütün Bakını gördüyümüz bu Qız Qalası ilə bağlıdır. Bunu, səninlə bura çıxdıqdan sonra anlamağa başladım... (gülümsəyir)... bilirəm, axmaq görsənirəm sənə, axı daha gözəl qalalar və daha böyük dənizlər var. Hansı ki, o şəhərlərdə hər yay oluram mən... Amma biz tez-tez bura çıxanda mənə elə gəlir ki bütün şəhərlərdəki qalalar Bakıdan aparılıb... Murad, səndən bir şey istəyirəm. Düzdü uşaq istəyinə oxşayacaq, amma buna həqiqətən ehtiyacım var, özü də səndən. Söz ver ki, nə vaxtsa “Sevgililər bağı”nda balaca da olsa bir qala tikəcəksən, ora bizdən başqa heç kimin olmayacaq... 

 

Sözünü kəsib gözünü gözümə zillədi. Mən qeyri-ixtiyari:

 

- Əlbəttə, bizim öz qalamız olacaq – deyib, az keçməmiş özüm öz dediyimə gülümsədim. Həm də bir az acığıma gəldi ki, bu nə zarafatdır axı bu edir, heç dəxli var?!

 

O, bundan deyəsən incidi və əllərini qoynuna çarpazlayaraq üzünü dənizə tərəf çevirib:

 

- Tik, Murad, tik... mən bunu ancaq səndən istəyirəm və ömrümün sonunacan da gözləyəcəm...

 

İlk anlar bu istəyi hərfi mənada qəbul edib durumumla müqayisə etdikcə acı təbəssüm məni boğsa da, buna görə ona “görmür kasıbın biriyəm, məndən qala istəyir” düşünərək pis olsam da, yalnız zaman keçdikdən sonra onun bu istəyinin məcazı məna daşıdığını anladım… Bəlkə də bunu gec anlamağım mənim ondan yeganə fərqim idi…

 

Bir sözlə, o vaxtdan “Sevgililər bağı” bizim gələcək qalamız üçün yeganə məkan oldu. Hətta orada bir ağacın dibində adımızı yazaraq ardınca “burada yeni bir Qız qalası tikiləcək” yazmışdı.

 

...Üçüncü kursun qış semestrini birtəhər yola versək də yanvar ayı girəndən sonra yuxarıda sadaladığım “sürprizlər”in ara vermədən məni haqlaması, demək olar ki, məni tamam çaşdırmışdı.

 

Qəfil ata itirmək, yeganə bacımın atamın ölümündən sonra anamı və məni bu cür tərk etməsi məni sarsıtmışdı. Demək olar ki, son günlər instituta da az-az gedirdim. Qayıblarım çoxalmışdı. Anamın məvacibi dolanmağa yetmədiyi üçün bir ay idi ayaqqabı fabrikində gecə qarovulçusu işləyirdim.

 

Amaliya ilə artıq iki həftə idi görüşə də bilmirdik. Ancaq axşamlar telefonla yarım saat, bəzən bir saata qədər söhbətləşirdik. Bu söhbətlər də əsasən onun mənə təsəllilərindən ibarət olurdu. Çox qəribə idi. O qədər həyəcanla, inamla təsəlli verirdi ki, həqiqətən də məndə dəli bir inam, güc yaradırdı.... Ümumiyyətlə, altı il keçməsinə baxmayaraq, mənə hərdən elə gəlirdi ki, Amaliya həyatımda təəccüblü bir hadisədir.

 

Belə günlərin birində səhər tezdən anam məni yenə tələsik yuxudan qaldırdı:

 

- Amaliya gəlib, səni soruşur.

 

“Səhər tezdən belə nə olub görən?!” - təəccüblənərək, cəld qalxıb geyindim və həyətə çıxan kimi onun məni gülərüzlə, həmişə kimi şən qaqqıltıları ilə qarşılaması məni sakitləşdirdi:

 

- Tənbəl...- deyib, yenə bərkdən güldü və ardınca ənənəvi qaydasında işvələnərək - bütün oğlanlar çoxdan oyanıblar, amma dünyanın ən güclü oğlanı – mənim qəhrəmanım isə hələ də yatırmış, tez ol, yuyun gedək dərsə - deyib, məni tələsdirməyə başladı.

 

Həmin gündən Amaliyanın sayəsində dərsə davamiyyəti bərpa etməyə başladım. Bir gündən bir gecələr bərk işləsəm də səhərlər evlərindən çıxmamış zəng edib məni qaldırır və dərsə tələsdirirdi. Beləcə görüşüb bir yerdə həmişəki kimi instituta yollanırdıq.

Düşdüyüm gərgin vəziyyətdən onun mənəvi dəstəyi ilə çıxmağa başlayıram... Sanki sadaladığım son ayların itkisi olmamışdı...

 

Biz artıq planlar da qurmağa başlamışıq. Məsələn, ilk planımız belə idi ki, institutu bitirənə yaxın təyinatımızı almamış evlənək...

 

Axşam evə gələndə anam mənə qəribə sual verdi:

 

- Bu gün Amaliya sənə heç nə deməyib?

 

- Çox söz deyib, söz demədiyi gün olur ki... Hansını soruşursan? - zarafatyana deyib, ənənəvi olaraq əyilib anamı öpdüm. Amma nədənsə əvvəlki kimi mehriban reaksiya vermədi, arvadın gözlərində bərk narahatlıq vardı:

 

- Elə demirəm ey, ay Murad... Bu gün dayanacaqda anası ilə görüşdüm... Deyir Amaliyaya elçi gəliblər...

 

Soyunmaq istədiyim köynəyim sanki qollarımda qandala çevrildi...


 

...Bu gün universitetdə demək olar ki axıra kimi hər tənəffüsü bir yerdə olmuşuq, evə də mənimlə gəldi. Həmişəki kimi şən idi, bəs nə əcəb bu barədə mənə deməyib - deyə düşünürdüm ki, anamı stulda oturan halda elə bikef gördüm ki, bu məni lap dilxor elədi.

 

- Niyə elə durmusan, ay ana?

 

- Murad, uşaq deyilsən daha. Bu evin tək kişisisən, səndən də başqa heç kimim yoxdu. Ona görə də hər şeyi vaxtında açıq danışmaq lazımdır sənə... O ailə səni dəyərləndirmir, sənlik deyil onlar...

 

- Niyə?! Mən Amaliyanın ailəsi ilə yaşamıram ki, özüylə yaşayıram...

 

- Eh, ay oğul... Bilirsən bu gün Marina dayanacaqda bu xəbəri mənə necə dedi? Sanki qızının sevgilisinin anası deyiləm, sıradan bir qonşuyam. Deyir, gələn elçi yəhudi tanışlarıdır, raykomda işləyir, tək oğlu var, ona istəyir Amaliyanı. Marina bunu mənə deyəndə sevincək idi. Deyir, artıq razılıqlarını veriblər. Deyir, bu Amaliyanın gələcəyi üçün böyük səadətdir, çünki kişi raykom katibidi, oğlan da onun yeganə övladıdır. Deyir, Amaliya da əvvəl bunu eşidəndə az qala bizi öldürsün, başqasını sevdiyini deyib, ondan başqa könlündə heç kimin olmadığını desə də artıq razılaşıb. Deyir, hətta iki gündür o kişinin yanında işə düzəlib, dərsdən sonra işləyir....

 

...“Deyir, deyir”... - anamın tez-tez işlətdiyi bu söz sanki beynimi keyitdi, artıq onu dinləyə bilmirdim. Başımda qəribə bir uğultu vardı. Bütün bu eşitdiklərimdən nəsə aydınlaşdırmaq, düşdüyüm bu yuxudan ayılmaq istəyirdim. Amma alınmırdı. Yalnız xatırlaya bilirdim, amma dərk edə bilmirdim, daha doğrusu, inana bilmirdim ki, bütün bunlar son yarım ayda baş verib və hər gün bir yerdə olduğum Amaliyadan nəinki bunu eşitmişəm, heç hiss etməmişəm də... Düzdür, son bir neçə gündür axşamlar mən işə getməmişdən əvvəl zəngləşmirik. “Yəqin orada işləyir deyə zəng eləmir” - qəflətən ağlıma gələn fikir məni sanki öldürdü! Bəs niyə bütün bunları yaşayan Amaliyanın adi bir davranışından da bunu sezmək olmayıb? İlahi, bu nədi?! Beynimdəki uğultu bərk ağrıyla əvəz olundu, sanki başım indi partlayacaq... Dəhşətdəyəm!

 

Amaliyagilin milliyyətcə yəhudi olan bir ailəvi qohumları vardı. Ailə başçısı Bakının rayonlarından birinin ikinci katibiydi. Nüfuzlu insan idi.

 

Cəmi bir dəfə Amaliya o qohumları haqqında danışmışdı, o da atasıgil Yeni İl bayramlarının birində onlara gedən zaman, atasigillə getməyib bizə gəldiyi gün. Yəni bildiyim qədər arvadı elə yeganə oğlunun doğuşunda öləndən və təxminən məndən bir neçə yaş böyük oğlu ilə tək qalandan sonra yeganə sıx əlaqə saxladığı ailə də Amaliyagilin ailəsidir. O qədər yaxın ailədirlər ki, ailənin yeganə oğlunu doğuşdan sonra anasız qaldığı üçün Amaliyanın anası əmizdirib. Bir sözlə, süd qardaşı var. Amma Amaliya mənimlə tanış olandan sonra demək olar ki, valideynləri ilə digər qohum – tanışları kimi onlara da getmirdi. Özü demişkən, qonaqlıqlara vaxt ayırmaqdan yorulub.

İndi belə çıxır ki, Amaliyanı süd qardaşına ərə verirlər... nədi-nədi, katib oğludur...

 

Bütün bunlar cəhənnəmə, belə bir xəbəri Amaliyadan yox, başqasından eşitmək məni sındırmışdı. Eşitmək bir yana, anam deyir, Amaliya hətta razılıq verib, artıq gələcək qayınatasının yanında işləyir... Amma hər gün mənimlə bir yerdə həmişə kimi şəndir...

Cəld telefonu götürüb nömrələrini yığdım. Amma axırıncı rəqəmi yığmışdım ki, nədənsə dəstəyi telefonun üstünə qoydum. Sanki bütün bu eşitdiklərimin təsdiqini ondan eşitməyə qorxurdum... Həmin gecəni işə getmədim. Səhərə qədər otağımda qorxu, əsəb, nifrət və sarsıntı arasında çabaladım.

 

Səhər universitetə onunla görüşüb getməmək üçün həmişəkindən tez hazırlaşıb evdən çıxdım. Bir başa fakültəmizə qalxıb bütün tənəffüsləri heç aşağı düşmədim. Nədənsə o da görsənmədi. Axrıncı dərsdən çıxıb aşağı düşəndə onu liftin qarşısında gördüm. Mənə çatan kimi indiyə qədər görmədiyim ciddiyyət və qaşqabaqla salamlaşıb:

 

- Sənə sözüm var!...- deyərək, arxasını çevirib sərt halda addımladı.

 

Arxasınca getdim. İnstitutun həyətindəki parkın sonunda sakit bir yerə çatıb qəflətən çevrildi. Üz-üzə, nəfəs-nəfəsə dayandıq. Gözlərini üzümə yox, sağ çiynim üstündən harasa məchul bir nöqtəyə zilləyib, bir müddət susdu. Ani sükutun həyəcanından özümü saxlaya bilməyib, nəsə demək istəyirdim ki, o ötkəm, lakin aramla danışmağa başladı:

 

- Bu gün niyə axtarmadın məni?...

 

- ...

 

- Yəqin anamın anana dedikləri, sənin də yəqin ondan eşitdiklərin, bir sözlə haqqımdakı deyilənlər səni buna vadar etdi ki, axtarmayasan məni... Murad! Səninlə çox ciddi və qısa söhbətim var. Amma deməmişdən əvvəl bir istəyim var, az-çox məni sevirsənsə, acı çəkməyimi istəmirsənsə, söhbəti uzatmayacaqsan...- büruzə verməsə də qəhər hiss olunurdu, boğazını arıtlayıb eyni tonda davam etdi:

 

- Eşidirsən? Söz verirsən?

 

- Sözünü de, Amaliya...

 

- Bu səninlə son görüşümüzdür, çünki mən ərə gedirəm! Səndən tək ricam: bir daha xatırlama məni. Bilirəm, bu asan olmayacaq, amma unut məni! Məni günahkar bilsən də bağışla məni! – deyib, iti addımlarla uzaqlaşıb getməyə başladı.

 

Özümdə deyildim. Yerimdən necə qopub onun ardınca atılaraq qolundan tutub özümə çəkdimsə, az qala qolu qopub əlimdə gələcəkdi:

 

- Sən nə danışırsan?! Nə olub?!...

 

- Burax qolumu, əl çək məndən...- səsini getdikcə artıraraq, artıq özünü saxlaya bilməyib, hıçqırtı ilə ağlamağa başladı....

 

- Qulaq as, gəl danışaq. Nə baş verirsə, de, birgə həll edək, yoxsa bu nədir, sən danışırsan?! Biz neçə ildir oyun oynamırıq ki, hər şey belə iki dəqiqəyə qurtarsın. Amaliya...

 

Qolunu zərblə silkələyib əlimdən çıxaraq ağlaya-ağlaya bağırmağa başladı:

 

- Sənə dedim qurtardı! Əl çək məndən, mən başqasını sevirəm, biz onunla evlənəcəyik...- deyib, qaçaraq yaxınlıqdakı taksiyə mindi. Taksi yerindən götürüldü...

 

Nə baş verdiyini tam qavramağa çalışırdım, alınmırdı.

 

Evə necə getdim, necə səhəri açdım, hiss eləmədim. Getdikcə ayılırdım, baş verənləri həzm edə bilmirdim.

 

Maraqlı idi ki, növbəti gün onun ad günüdür. Səhər bazar günü olduğundan günorta olmamış heç nə düşünmədən hazırlaşıb, bir neçə gün əvvəldən onun üçün hədiyyə aldığım qol saatı ilə bir dəstə gülü götürüb, evlərinə yollandım. Qapını açan anası Mariya əvvəlki illərdəki ad günlərindən fərqli olaraq bu dəfə məni don vurmuş kimi qarşıladı. Açığı, bu qədər də gözləmirdim. Ümumiyyətlə, baş verənləri bir xəyal zənn edirdim hələ, - Amaliya zarafat edir, - düşünürdüm...

 

Marina xalanın dəvətini gözləməyib, məni bürüyən təəccüblə içəri keçdim və gözlərimə inanmadım. İçəridəki otaqda müxtəlif içkilərlə bəzədilmiş masanın ətrafında Amaliya atası ilə həmin raykom katibin arasında dayanıb, onlarla nə barədəsə danışırdı. Məni görən kimi hamı yerindəcə dondu. Oğlanın atası əlindəki badəni qaldırıb mənə “xoş gəldin” elədi... Özümə gəlib nəsə deməyə başlayırdım ki, qapının zəngi yenidən çalındı. Qapını açmaq üçün özünü dəhlizə atan Marinanın arxasınca katibin oğlu da içəri girdi. Çox ədalı tərzdə sağ əlindəki gül buketini sol əlinə alıb, hamını salamladı, məni təəccüblə süzüb, əlini uzatdı:

 

- Dmitri. Amaliyanın nişanlısı -, sırtıq formada gülüb, davam etdi - siz kim oldunuz?

 

Sol əlimdə gülləri, sağ əlimlə isə ovcumu sıxıb, əsəbimdən bilmirdim nə edim. Oğlanın və Amaliyanın atası mehribanlıqla oğlana tərəf gələrək görüşdülər. Amaliyaya çevrildim. O da özünü şən göstərməyə çalışaraq atasıgildən sonra Dmitriyə yaxınlaşıb, onunla yüngülcə öpüşdü və gülləri ondan aldı... Sanki mən burda deyildim. Mənə elə gəldi ki, ölmüşəm, sadəcə ruh formasında burdayam... azacıq özümə gələn kimi gülləri yerə çırpıb otaqdan çıxdım, oğlanın atası arxamca nəsə dedi, Amaliyanın atası Armen də ona nəsə cavab verdi, amma anlamadım nə deyirdilər, doğrusu, heç anlayacaq durumda deyildim...

 

Sürətlə həyətdən çıxıb məhəllədəki oturacağa çökdüm. Özümü pis hiss edirəm demək azdı, özümü hiss edə bilmirdim. Amaliya ilə tanışlıqdan bəri ötən bu 6 il gözümün qabağından lent kimi gəlib keçməyə başladı. Bu baş verənlərə səbəb olacaq bir şey tapa bilmirdim...

 

Beynim o qədər keyimişdi ki, oturduğum yerdən qalxa bilmirdim. Heç nəyə, nəinki evə getməyə, hətta yaşamağa da həvəsim itmişdi. Qəflətən həyətlərinin qapısı açıldı və Amaliya Dmitri ilə əl-ələ tutaraq çıxıb Dmitrinin “Volqa”sına oturdular. “Volqa” yerindən sürətlə götürülmüşdü ki, özümdən asılı olmayaraq yaxınlıqdakı taksiyə atıldım və sürücüyə “Volqa”nı izləməyi xahiş etdim. Dmitri maşını çox sürətlə sürürdü, Amaliya da yanında oturmuşdu.

 

Onlar şəhərdən çıxıb Bakı ətrafı qəsəbələrdən birinə girdilər və dəniz kənarı bağ evləri olan məhəlləyə girdilər. Girişdə mühafizəçi vardı, onları buraxsa da biz çatanda taksini buraxmadılar ki, kənar şəxslər olmaz, yalnız burada evləri olanlar buraxılır...

 

Məcburən taksidən düşdüm və xeyli fikirləşdikdən sonra avtomobil yolundan çıxıb həmin məhəlləyə girişin sərhədi ilə xeyli gedib, bir bağın həyətindən aşaraq Dmitrinin atasının bağ evini soraqlayıb tapdım. Artıq orda idilər, maşın həyətin qarşısındadır.

 

Gözəl bağ idi. Ağacların sıx olması karıma gəldi. Evin böyük aynabəndinə yaxın ağacların birinin üstünə çıxıb, sıx budaqların arxasından izləməyə başladım.

 

Az keçmədi Dmitri, ardınca da Amaliya çıxdı. Əllərində xeyli rəsm tablosu, fırça və digər rəssam ləvazimatları vardı. Dmitri tabloları düzüb nəyisə izah edirdi (sonra bildim ki, həvəskar rəssammış). Aralarında Amaliyanın da tablosu vardı... (bunu nə vaxt çəkib, dəhşətə gəldim!). Onlar xeyli danışdılar, Dmitri çaxır açdı, içdilər və bir az keçəndən sonra hər şeydən iyrənməyə başladım... Dmitri Amaliyanın özünə çəkdi, qız da etiraz etmirdi. Əksinə, əlləri oğlanın çiynində süzməyə başladı. Oğlan qızı özünə sıxıb dodaqlarından əvvəlcə yavaş-yavaş, sonra isə hərarətlə öpməyə başladı. Qız da eyni qarşılığı verərək artıq yanındakı kresloya oturan oğlanın qucağına oturdu. Hərarətli öpüşdən sonra oğlan qızın əynindəki köynəyi dartıb çıxartdı, tələsik özü də köynəyini soyunandan sonra qızın büstqalterini dartıb əynindən aldı... Çılğın ehtirasla öpüşürdülər. Oğlan acgözlüklə qızın döşlərini, sinəsini, qız isə oğlanın boynunu, sinəsini öpməyə başladı...

 

Bir az belə davam etdikdən sonra ayağa durub alt paltarlarını çıxardılar. Dmitri qızın kürəyini divara dirəyib, ayaqlarını belinə doladı...

 

***

…Gördüyüm mənzərə məni necə iyrəndirdisə, müvazinətimi saxlaya bilmədim. 3-4 metr hündürlüyü olan ağacdan, budaqları yararaq, yerə çırpıldım...

 

Huşum özümə gələndə gecə idi. Əzilmiş yerlərimin ağrısı dözülməz idi. Dişimi-dişimə sıxıb, birtəhər ayağa durdum. Gəldiyim yolla geriyə qayıdıb, bağdan çıxdım. Şəhərə, evə qayıtdım...

 

***

 

Düz iki gün evdən bayıra çıxmadım. Hara çıxaydım, niyə çıxaydım?! Kimin üçün çıxaydım?! Anam əzilmiş yerlərimi göstərib nə qədər soruşsa da “dalaşmışam” - deyib, başımdan elədim. Amma hiss edirdim ki, getdikcə o da nəsə anlamağa başlayır və məndən artıq nəsə soruşmur, toxunmur... Əslində o əvvəldən Amaliya ilə münasibətimə şad deyildi.

 

Sonradan öyrəndim ki o raykom katibi həmin hadisədən bir həftə əvvəl daim orada-burada dava salan ərköyün oğlunu hansısa növbəti qalmaqalla bağlı milisdən qurtararaq bir restoranda otuzdurub danlayırmış. Bu zaman Amaliya ilə anası yaxınlıqdakı atelyedən çıxırmış. Onları görən anası kişiylə salamlaşıb əhval tutur. Ayrıldıqdan sonra isə oğlanın gözü Amaliyanın arxasınca qalır və atası bunu sezir. Çünki o vaxta qədər oğlunu evləndirmək istəyirmiş, lakin oğlu heç kimi bəyənmirmiş. Atası bu fürsəti əldən vermir və Amaliyanı əvvəlcə yanına işə götürür, sonra isə...

 

***

 

Həmin yayı heç işləmədim, demək olar ki avaralandım. Sentyabrda isə dərslərə getmədim, əvvəlcə sadəcə getmək istəməsəm də sonradan universiteti birdəfəlik atmaq qərarına gəldim.

 

Çıxdım universitetdən. Şəhərdən çıxmaq istəyirdim. Elə ehtiyat edirdim ki, hardasa onunla üz-üzə gəlməyə...

 

Allahdan, anam da qərarıma qarşı çıxmır, israr etmirdi, səhər öz işinə gedib, axşam qayıdırdı. Növbəti ay hərbi xidmətə çağırış ayı idi. Artıq tələbə deyildim, çağırış vərəqini gözləməyib, özüm hərbi komissarlığa müraciət elədim.

 

On gün sonra hərbi xidmətə yollandım, Bakıdan çıxdım...

 

***

 

İki gün keçib və artıq Ukraynanın Sevastopol şəhərində sovet ordusunun əsgəriyəm...

 

Sovet Ordusunun özəlliyi idi ki, müxtəlif millətlərdən olan uşaqlarla bir yerdə hərbi xidmət keçmək adamı ona qədər yaşadığın mülki həyatdan tamamilə ayırıb, yeni, baxışları və yanaşmalarıyla fərqli olan bir dünyaya atırdı.

 

Bunu, 1986-cı ilin payızında Krım hərbi dairəsinə aid olan Sevastopoldakı hərbi hissəyə düşdüyüm gündən hiss etməyə başladım. Baxmayaraq ki, hərbi xidmət idi, amma yeni yerlər, yeni insanlar, yeni yoldaşlar, yeni ünsiyyət... günlər keçdikcə hər şeyi unutdururdu.

 

Anamla da məktublaşanda ancaq onun vəziyyətindən, dolanışığından başqa heç nəyə toxunmurduq. Cəmi bir il keçəndən sonra aldığım xəbər isə Bakı ilə bağlı düşünməyə daha heç bir səbəb qoymadı: anam qəflətən dünyasını dəyişdi...

 

Əsgər dilində desək, daha “poçta” gözləmirdim...

 

***

 

Əsgərliyin sonuna yaxın elə hərbi hissədəcə sürücülük kursu keçib, vəsiqə aldım və sınaqlardan əla keçərək hərbi maşınlardan birinə sürücü təyin edildim.

 

Günüm ətraf qəsəbələrdə, kəndlərdə dolanaraq yerli insanlarla dostlaşmaqda, yerli qadınlarla bir vaxtlar ağlıma belə gətirmədiyim məhəbbət macəraları yaşamaqla keçirdi. Artıq Bakıdakı utancaq Murad deyildim.

 

Məsələn, tez-tez starşinamız, günün çox hissəsini yanında keçirdiyim Aleksandr Yefremovun hərbi hissənin yaxınlığındakı şəhərcikdəki evində olurduq. Hər dəfə arvadı Oksana gülərək deyirdi ki, “Murad, yaxşı ki sən tez-tez bizdə olursan, yoxa bizim özünü keşiş kimi aparan Saşanı nəzərə almasaq mən və qızlarım zarafatcıl kişi üzünə həsrət qalmışıq”...

 

Sanki həyatın yeni mərhələsi yeni ölkədə yeni bir Murad yaratmışdı məndə və yeni insanlarla yeni münasibətlər həqiqətən hər şeyi unutdururdu. Yox idi o qaraqabaq, adamayovuşmaz, boynubükük Murad. Ən azı hərbi həyatın özüylə gətirdiyi yeni dünyanın insanları ilə ünsiyyət də əvvəlki Muradın yaşadığı yerləri, vətəni də unutdurmuşdu elə bil. Özümü tanıya bilmirdim...

 

Hərbi xidməti bitirdim. Simferopola gəlib bir müddət burada veyllənməyə başladım.

Bilmirdim hara gedim. Artıq mülki vətəndaş olsam da, geriyə - Azərbaycana qayıtmağa nə səbəb qalmışdı, nə də orada gözləyən... Hazırlaşırdım ki, hansısa Sovet ölkəsindəki bir əsgər yoldaşımla əlaqə yaradıb, onun yanına gedəm...

 

1988-ci ilin payızı sərt gəlmişdi Ukraynaya. Noyabr ayında artıq hər tərəf ağappaq qardı. Nikolayev vilayətində yaşayan keçmiş əsgər yoldaşım Sergeylə tez-tez zəngləşib hal-əhval tuturduq. Növbəti zəngdə onun etdiyi təklif hər şeyi dəyişdi...

 

Bu tərəflərə qışın tez gəlməsinə baxmayaraq, Nikolayevdə Lenin adına kolxozda təsərrüfatda taxıl səpini hələ də davam edirdi.

 

***

 

Kolxoz sədrinin kabinetinə girdim. Ortaboy, kürən, tosun kişi olan kolxoz sədri heç başını da qaldırmadan ilk sualını verdi:

 

- Azərbaycanlı sənsən?

 

- Hə...

 

- Dedilər texnikadan, sürücülükdən başın yaxşı çıxır...

 

- Hə...

 

- Doğrudan Azərbaycana qayıtmayıb Ukraynada qalmaq istəyirsən?

 

- Hə...

 

 - Hmm... - başını qaldırdı. Eynəyini bir az da gözünə oturdurub, məni elə diqqətlə süzdü ki, sanki çoxdan itirdiyi bir doğmasıyam, qəflətən atılıb boynumu qucaqlayacaq. Təxminən yarım dəqiqə məni süzdükdən sonra, yenidən başını əvvəlki etinasızlıq aşağı salıb mızıldanmağa başladı:

 

- Düzünü deyim, siz qafqazlılardan heç xoşum gəlmir. Amma Kolyanın (mənimlə hərbi xidməti bitirmiş əsgər yoldaşım Sergeyin atası Nikolayı nəzərdə tutur. Onun köməkliyi və məsləhəti ilə bu kolxoza işləmək üçün gəlmişdim) sözünü yerə sala bilmirəm də. Həm də bu qar bizi yaman çətinə saldı, sürücüyə ehtiyacımız var... - deyib, stolun üstündəki qeyd vərəqinə qısaca nəsə yazdı və büküb mənə verərək:

 

- Get qaraj müdirinin yanına! – dedi.

 

Kolxozdakı işin ikinci günü anladım ki, niyə məni millət olaraq bəyənməməsinə baxmayaraq işə götürdü kolxoz sədri.

 

Sonradan öyrəndim ki, kolxoz sədri Semyon Filippovun anası ermənidir.

 

Kolxozun əksər texnikası mexanik çatışmazlığından sıradan çıxmışdı, işləyənləri də təsərrüfatı təmin edə bilmirdi. Mənim də adım yük maşını sürücüsü olmasına baxmayaraq, başladılar bacardığım üçün bütün təmiri az qala mənə gördürməyə. Özüm də həvəsli idim işləməyə, kənddə evində qaldığım qoca Yekaterina nənəni dinləməkdənsə vaxtımın çoxunu elə qarajda keçirirdim, işlədikcə də sənətimə daha möhkəm alışırdım. İnsafən, bolluca əməkhaqqı da yazırdılar.

 

Artıq bir aydır işləyirdim və mənə köməkçi verilən Saşa ilə birgə demək olar ki, traktorların əsas hissəsini işlək vəziyyətə gətirmişdik. Bir gün axşama yaxın işin qaynar vaxtı sədrin “Volqa”sı qaraja girdi. Maşından düşüb bizə yaxınlaşdı, mehribancasına əhvallaşdı və mənim işimdən razılığını bildirərək, sözün əsl mənasında kolxozu “xilas” etdiyimi etiraf elədi:

 

- Mənim canımı mərkəzin hədələrindən qurtardın, Murad. Açığı, inanmırdım bu qədər qoçaq olasan - deyərək atmacasından da qalmadı...

 

Bir az qarajı dolandı, axırda yenə mənə tərəf gəldi. Qoluma girib, bir az kənara çəkdi. Cibindən bir papiros çıxartdı. Təklif elədi. Çəkən olmadığımı bildirəndən sonra özü birini yandırdı. Dərindən bir qullab vurub, astaca, bu dəfə səmimi bir mehribanlıqla mərhəmətə ehtiyacı olan gözlərini üzümə zilləyib dedi:

 

- Murad, sən həqiqətən qoçaq oğlansan. Baxmayaraq ki, sizin millətlə mənim heç aram yoxdur, bunun başqa səbəbləri var (amma sonralar da o bu səbəbi demədi), sən əsl sovet zəhmətkeşisən. Bacarıqlısan! Ona görə də bunu ancaq sənin bacaracağına əminəm... – deyib, papirosunun son qullabını vurdu, kötüyünü yerə çırpıb, mətləbə keçdi:

 

- Bizim kolxozun iki pivə sexi var. Bu sexlərin yaxşı vaxtları olub, elə axır vaxtlara qədər də pis deyildi. Bir sözlə, məhsuldarlığı ilə diqqət çəkən sex bu il gözlənilən nəticəni “yuxarı”ya vermədi. Səbəbi də hələ ötən ildən sexlərdə avadanlıqların işləmək üçün yararsız olmasıdır. Dövlət bütün yeni avadanlıqlarla təmin eləmişdi dəyişməyimiz üçün, amma….

 

Mənim səndən bir xahişim var, o sexlərdəki generatorlara, dəzgahlara bir baxasan, əgər sex bu il də işləməsə əlli-ayaqlı gedəcəm – deyib, dilxor halda bir papiros da yandırdı. Bir az var-gəl edib, yenə mənimlə üz-üzə dayandı:

 

- Çox işlər görmüşəm, indiyə qədər pis yaşamamışam da… İndən belə həbsxanaya düşmək istəmirəm. Ora göndərilən yeni dəzgahları da tək “yeməmişəm”… Amma məni qurban vermək istəyirlər. Sən məni qarşıdan gələn mövsüm üçün vəziyyətdən çıxart, sonra məni bir əncam çəkəcəm. Elə et ki, o sexlərdəki dəzgahlar bu il ən azı işə düşsün. Sənin əlin qızıldır, istəsən bacararsan - deyib, əlini çiynimi vuraraq maşına tərəf getdi:

 

- Sabah arxanca maşın göndərəcəm – deməyi ilə “Volqa”sına əyləşməyi bir oldu.

 

... Keçmiş əsgər yoldaşım Sergey də bu kolxozda traktorçu idi. Vəziyyəti ona bildirdim və onunla birgə kəndin kənarındakı pivə sexində düz yaza qədər əlləşdik.

 

Açığı, böyük bir kolxozun sədrinin birdən-birə mənə minnətçi düşüb xahiş etməsinə baxmayaraq, məsələnin mahiyyəti məni o qədər də maraqlandırmırdı. Dediyim kimi, təki başım qarışsın… Beləliklə də təxminən may ayına kimi biz oradakı köhnə avadanlıqları yüngül texniki təchizatla işlək vəziyyətə gətirdik. Bu, sədri o qədər sevindirmişdi ki, sanki indi dünyada məndən əziz adamı yox idi. Daha demək olar ki, kənddə yerli mexanizatorlardan da nüfuzlu birinə çevrilmişdim. Sədrlə yaxınlımdan idi, ya nədən, bilmirəm, kənddə hər kəs mənə hörmət qoyurdu, sanki burada doğulub böyümüşəm, heç elə bil Bakı olmayıb…

 

Artıq sədrin evinin daimi qonağı idim, hər addımbaşı evinə nahara və yaxud tez-tez düzəltdiyi məclislərə dəvət edirdi. Ailəsi ilə - arvadı və bir qızı ilə də məni tanış eləmişdi. Amma evi həmişə qohum-tanışlarının qızları, oğlanları ilə dolu olurdu. Adətən də səhərə qədər içirdilər.

 

Bir-iki cəhddən sonra məni də bu məclisə cəlb elədilər. Heç cəhdə ehtiyac da yox idi əslində, burada belə ucqar kəndlərdə işdən sonra yeganə məşğuliyyət idi bu məclislər, sadəcə, mənim ünvanım sədrin evi idi.

 

Sədrin arvadı Alyona evdar idi. Qızı Yelena isə Kiyevdə pedaqoji institutu yeni bitirib qayıtmışdı, kənddə dərs deyirdi. Ana və qızının nəinki kənddən, qonşu qəsəbələrdən də günaşırı demək olar ki, dostları və rəfiqələri qonaq olurdu deyə, onların heç biri ilə hələ təklikdə ünsiyyətim olmamışdı. Yəni adi içki məclislərində toplaşdığımız insanları necə yaxından tanıyırdımsa onları da o cür tanıyırdım.

 

Bir gün qızmar yay axşamı sədr Filippov kolxozun idarəsindən çıxanda onu gözləməyimi xahiş etdi. Az sonra çıxdı, maşına oturmağa işarə edib, sürücüyə kənddəki pivəxanaya sürməyi tapşırdı.

 

İş gününün sonu idi deyə susuzluq vardı, ordan-burdan danışa-danışa adama təxminən 4-5 bakal pivə içmişdik. Taxtapuşdan ibarət olan pivəxananın içərisi kəndin mujikləri ilə dolu idi. Demək olar ki, ayıq adam yox idi. Spirt qoxusunun və siqaret dumanının içində ətrafa boylanırdım ki, sədrin sərxoş səsi eşidildi:

 

- Murad, sənin qızım Yelena barədə fikrin nədi?

 

- Çox ağıllı və gözəl qıza oxşayır, Semyon Pavloviç...

 

Sözümü yarıda kəsdi:

 

- Hə, bunu hamı deyir. Sən ondan göz-qulaq ol, mənim yaxın bir dostum kimi. Onsuz da mənim Yelenadan başqa heç kimim yoxdur, bu kənddə mənim artıq yeganə güvəndiyim oğlan sənsən. Ərə gedəndən sonra isə özü bilər. Murad, avqust ayı üçün Odessaya Alyona ilə iki putyovkam vardı, biz gedəsi olmadıq. Götür Yelenanı da sən get. Aylardı dəmir-dümürlə işləyirsən, sən də istirahət edərsən, Yelena da özü haqqında düşünməyə boş vaxt tapar…

 

Desəm ki, artıq nə barədəsə götür-qoy etmək, düşünmək hissini çoxdan itirmişəm, inanın mənə. Bakıdan ayrılandan sonra zatən hər şeyi öz axarına buraxmışdım. Sabah nə edəcəyimi bu gün fikirləşmirdim. Elə ona görə də sədrin qızı barədə bu təklifini düşünmədən qəbul etdim, daha doğrusu, qəbul etməyə ehtiyac da yox idi...

 

***

 

Yelena ilə Odessaya çatdığımız gün putyovka üzrə yox, dərhal onun buradakı rəfiqəsigilə getməyi təklif etdi. İlk iki gün onlarda qaldıq. Bu günlərdə Yelena ilə mən yaxından tanış oldum, tanıdım onu və o, həqiqətən yaxşı, hətta deyərdim əla qız idi. Sanki aylardır tanımırdım, eyni tanıyırdım. O kürən, yarı qıvrım saçları, bəstə boyu və münasib bədəni olan gözəl bir qızdır. Etiraf edim ki, görünüşü ilə addımbaşı hər kəsin diqqətini cəlb edirdi.

Yelena özü haqqında, ailəsinin tarixi haqqında, gələcək planları və sevgi haqqında belə dil qəfəsə qoymadan danışırdı. Hər addımbaşı da mənim darıxıb-darıxmamağımı soruşurdu.

Növbəti gün biz putyovka üzrə ayrılmış yerə köçdük. Bura çox səliqəli, Qara Dənizin “Artikel” deyilən düşərgəsində gözəl bir yer idi. Bizim üçün ayrılmış iki nəfərlik otaq da xüsusi zövqlə bəzədilmişdi, pəncərə birbaşa dənizə açılırdı. Çimərlik isə cəmi on addımlıqda idi. Ətraf restoran, kafe və diskoteka ilə dolu idi. Bir sözlə, burada darıxmaqdan söhbət belə gedə bilməzdi. Yüklərimizi nömrəyə daşıyıb, nahar edəndən sonra hazırlığımızı görüb, çimərliyə getdik.

 

Axşama qədər çimib geri dönəndə Yelena şam yeməyini elə qaldığımız nömrədə etməyi xahiş elədi. Kiçik bir bazarlıq edib, yaxşı bir gürcü çaxırı alıb, yuxarı qalxdıq. O, dərhal güllə sürəti ilə əla bir süfrə açdı. Süfrə başındaca qəflətən belə bir sual verdi:

 

- Niyə Bakıya getmirsən? Mən olmamışam, amma tanıdığım insanlardan olanlar var, deyilər Bakı çox gözəl şəhərdir...

 

- Gözəlliyi gözümü qamaşdırır, ona görə gedə bilmirəm - deyib, zarafatla söhbətin üstündən keçmək istəsəm də əl çəkmədi:

 

- Yaxşı, burax zarafatı. Doğurdan niyə getmirsən? – deyib, uşaq inadı ilə gözlərini qıydı...

 

- Nə bilim. Heç kimim yoxdur, həm də işlərimin burada alınmağı məni burada saxladı – dedim.

 

- Hə, atam da səni yaman tərifləyir evdə. Deyir qoçaqdır. Elə hey səndən danışır...

 

Yelena Bakı və Azərbaycan barədə müxtəlif suallar verib yorulandan sonra durub maqnitofonu qoşdu, hansısa lirik fransız mahnısı idi. Məni rəqsə dəvət elədi və biz otağın ortasındaca süzməyə başladıq. Yenə Azərbaycandan danışırdı. Amma danışdıqca hiss edirdim ki, özündə deyil, şərab onu yaxşıca tutmuşdu. Nəfəsi boynumda, boğazımda gəzirdi. Onun hissləri qarşısında çox dirəniş göstərmədim və biz dəlicəsinə öpüşməyə başladıq...

 

Yenidən rəqsə davam etdik. O sanki şıltaq bir uşaq idi və mənimlə özünü sanki doğmasının yanındaymış kimi aparırdı. Məndən ayrılıb öz-özünə fırlanaraq rəqs etdikdən sonra yenidən özünə şərab süzdü:

 

- Murad, bilirsən bizim də Bakıda ailəvi tanışlarımız vardı, daha doğrusu var, amma mənim üçün yoxdur. Nədənsə xoşum gəlmir onlardan, incimə...

 

- Niyə inciyim? Qohum sənindir, mənim deyil axı, nə olsun bakılıdırlar. Kimdir axı onlar?

 

- Atası orada yüksək vəzifədə işləyir, gənclik illərindən atamla dostdur. Yəhudidirlər. Bir gic oğlu var, Dmitri. Mən Kiyevdə oxuyanda atamla anam baş-beynimi aparırdılar ki, məni ona versinlər. Hətta məni nişanladılar da. Nişan hələ qalsa da oğlan heç yada salmır, mənim də heç vecimə deyil. Artıq atam da ona əsəbiləşməyə başlayıb. Xoşum gəlmirdi oğlandan, sırtıqdır ey...

 

Onun dediklərindən sonra qulağımda qəribə uğultu oyandı. Yelenanın nədən danışdığını artıq qavraya bilmirdim, lakin görürdüm ki, ağız dolusu Armendən və onun oğlu, yəqin ki indi Amaliyanın əri olmuş Dmitridən danışır... Bayaq Yelenayla dəlicəsinə öpüşümü də xatırlayanda özümə nifrət etdim... Kiminsə, özü də tanıdığım, adı belə gələndə vicdanım ağrıyan birinin rəsmən nişanlısı ilə bu qədər yaxınam...

 

Bunları düşündüyüm yerdə Yelenanın toxunuşu məni ayıltdı:

 

- Nə oldu sənə? Bayaqdan sual verirəm eşitmirsən elə bil. Gəl buraxaq onları, özümüzlə məşğul olaq – deyib, məni yüngülcə yaxınlıqdakı çarpayıya itələyib yıxdı. Əlinin ani bir hərəkəti ilə əynindəki yay köynəyini fırladıb çıxartdı və onun sanki mərmərdən yonulmuş çılpaq bədəni göz qamaşdırmağa başladı. Özümdə iradə toplayıb ayağa qalxıb, var gücümlə otaqdan qaçmaq istəyirdim... Yelena üstümə yıxıldı... İsti dodağını dodaqlarıma yapışdırdı...

 

***

… Qatar sanki köhlən at idi. Üstündəkinin baş götürüb harasa qaçmaq istədiyini hiss edirmiş kimi elə sürətlə gedirdi ki, elə bil səssiz Ukrayna çölündə uçan quşlar da ona çata bilmirdi.

 

Odessadan yenicə uzaqlaşmışdıq və batmağa doğru gedən gün məni daha da darıxdırırdı. Çünki hələ də bir neçə saat əvvəl baş verənlərdən ayılmamışdım: Yelenanı yataqdaca necə kənara itələyib, binanın pilləkənlərini necə sürətlə düşüb birbaşa vağzala gəlib elə bu axşama qatara bilet almağımı xatırladıqca hər şeyin necə bir anın içində baş verməsi artıq özümə də təəccüblü gəlirdi.

 

Lakin bir anın içində verilsə də artıq qərar qəti idi - elə oradanca birbaşa paytaxt Kiyevə getmək. Hər şeyi – kolxozdakı işimi, oradakı dostlarımı, sədri, onun qızı Yelenanı, bir sözlə, qurduğum bütün həyatı bu hadisədən sonra bir anın içində “dəfn elədim”. Təki Amaliya sindromuna heç yerdə rast gəlməyim...

 

Heç onlar da, hətta sədr və əsgər yoldaşlarım da məni axtarmadı...

 

Onu da deyim ki, əsgərlikdən sonra yenicə qurduğum kolxozdakı həyatdan və insanlardan qəfil ayrılıq asan olmasa da, tam təsadüfi seçimim olan Kiyev də məni əvvəldən gözlədiyim pis halda qarşılamadı. Əvvəlcə gül mağazasında satıcı, sonra qastronomda satıcı, sürücü... Yeni insanlar, yeni tanışlar və sair və ilaxır... Bir sözlə, hər şey dəyişir, hər şey unudulurdu yeni gələn yenilərin sayəsində... Həyat rənglərini ən tez dəyişən kəpənək kimi imiş...

 

Qınamayın, amma artıq Kiyevdə demək olar ki hər ay “gördüyüm” yeni yelenalar nə Amaliyanı xatırladırdı, nə də Bakını... Heç Nikolayevdə kolxozdakı günlər də yada düşmürdü. Axı niyə də yada düşsün? Kiyevdə ondan da maraqlı insanlar vardı, hələ qızları demirəm. Subay, tək oğlan üçün daha nə lazım idi... Əlbəttə, əgər dərin xatirələrə dalmasan, başqa həyat haqqında düşünməsən...

 

***

 

...Və təbii ki, belə yaşam tərzində vaxt, ömür elə keçir ki, həqiqi mənada hiss eləmirsən. Ancaq bu yaxınlarda dostlarla hesabladıq ki, artıq 23 ildən çoxdur, Ukraynada yaşayıram, artıq qocalmışam, artıq getdikcə çox şey arxada qalır...

 

Bu illər ərzində nələr dəyişmədi... artıq bizi birləşdirən o böyük dövlət – SSRİ yoxdur, əvəzində mənim vətənim Azərbaycan yaşadığım, artıq vətəndaşı olduğum Ukrayna ilə eyni yox, ayrı-ayrı ölkələrdir, müstəqildir. İndi hamı bərabərlik üçün yox, hərə özü üçün yaşayır. İndi mən artıq SSRİ-nin bir ölkəsindən digərinə yenicə köçüb iş axtaran bir sovet gənci yox, yaşadığım qərib ölkənin az-çox tanınmış iş adamıyam.

 

Dəyişməyən iki şeydir: mən hələ də təkəm və indiyə qədər dünyanın az qala yarısında olsam da hələ də vətənim Azərbaycana bir dəfə də olsa yenidən getməmişəm...

 

İttifaq dağılandan sonra başqa postsovet ölkəsini bilmirəm, Ukraynada yeni dünyanın yeni sakini olmaq üçün şəxsən bizə geniş imkanlar yarandı. Əvvəlcə bir dostumla bir mağazanı özəlləşdirdik, sonra təkbaşına özüm bir neçə mağazaya sahib oldum və sair.

 

Bütün bunların nəticəsində əlimə düşən kapital tamam başqa sahədə böyük bir sərmayədara çevrilməyimə imkan verdi. Artıq bütün mağazaları satıb sırf bu sahədəyəm (hansı sahənin iş adamı olması anonimlik xatirinə açıqlanmır - M.A.). İmkanlarımdan o qədər məmnunam ki, çox yox, cəmi 10 il əvvəl ağlıma gəlməzdi ki, nəinki Ukraynada, Şərqi Avropa ölkələrində bu qədər imkana sahib insan olacam. Kaş anam sağ olaydı və bu günü görəydi. Hə, ötən günlərdən yeganə təəssüfləndiyim indi ancaq budur, başqa heç nə... Heç başqa heç nə də daha yada düşmür, buna vaxt da yoxdur.

 

Bilirəm ki, maraqlı olacaq bilmək; Nikolayevdəki Yelanadan sonra heç kimlə daha yaxın münasibət də qurmuram. Asudə vaxtımı ancaq ötəri tanış olduğum qızlarla, qadınlarla keçirirəm. Son vaxtlar işin çoxluğundan heç buna da vaxt olmur. Olanda da, dediyim kimi... Hərdən özüm də özümə inana bilmirəm ki, həqiqətən 48 yaşım var artıq...

 

Dəfələrlə istər iş tərəfdaşlarıma məxsus ailələrdən, istər şəxsən tanıdığım şəxslərdən, hətta azərbaycanlı biznesmen ailələrindən evlənmək üçün dolayısı ilə təkliflər olub. İndi də olur.

 

Bilmirəm. Amma reallıq odur ki, evlənmək, ailə qurmaq həvəsi birdəfəlik məndə ölüb, itib gedib. Görünən də odur ki, bir daha oyanmayacaq.

 

İndi yəqin Amaliyanın nəvəsi var, yaxud yoxdur və ya Allah bilir haradadır. Çünki Qarabağ hadisələrindən sonra mənə elə gəlir ki, onlar daha Bakıda qalmazdılar. Hərdən onun sonrakı taleyi düşündürür, amma inandırım ki, çox ötəri olur. Çünki dediyim kimi, həm iş həyatı, həm çoxsaylı müvəqqəti tanışlıqlar bütün vaxtı əridir.

 

Bir qadın tanışım vardı, daha doğrusu indi də var. Adı Larisadır, rusdur. Məndən 6 yaş kiçikdir. Onu bir dostum işlə bağlı mənimlə tanış etmişdi. Avropadan gətirdiyi kosmetik vasitələri Ukraynadan keçirərək, Rusiyada distributorluğunu təşkil elədim. Yaxşı da alınmışdı, artıq Rusiyada əlavə dükanlar açırdı. Çox israr edirdi ki, axıra qədər distributorluğu elə mənim şirkətlərimdən biri davam elətdirsin. Lakin bir gün ortaya çıxan səbəb məni, təxminən ayda 200 min dollar gəlir verən bu ortaqlıqdan imtina etməyə məcbur etdi... Deyə bilərsiniz, axı bunun söhbətimizə nə dəxli var... Deyim!

 

Deməli, bir gün elə Kiyevdə işgüzar dairədəki dostlarla görüşdən sonra Larisa xahiş etdi ki, xeyli müddətdir işdən imkan olmur getsin, birlikdə yaxınlıqdakı karaoke kluba gedək. Çoxdandır mən də bir yaxşı istirahət etmirdim deyə, təklif ürəyimdən oldu. Getdik, əyləndik, içdik. Ordan çıxandan sonra da bir sakit yerdə kofe içməyə əyləşdik.

 

Ənənəvi söhbətlərdən, özümüz haqqında əhvalatlardan xeyli danışıb-güldük. Larisa yenə başladı mənim şəxsi həyatımdan məsləhətlər verməyə. Üç ildir tanışıq, o həmişə təkliyə çəkilərkən bir dost kimi mənə tək yaşamamağı inadla tövsiyə edirdi. O dost kimi çox istəyirdi məni, bu keçən müddət ərzində aydın hiss olunurdu.

 

Bu gün də dil qəfəsə qoymayan Larisa söhbət əsnasında qəflətən dedi:

 

- İstəyirəm ərə gedim, daha bezmişəm tək veyllənməkdən, nə deyirsən?

 

- Get də...

 

- Yəni belə vecinə deyil? (gülür)

 

- (Güldüm) Yox, niyə ki. Sən əzizsən. Daha nə deyə bilərəm?

 

- Nə bilim. Elə bildim sənin üçün qeyri-adi xəbər olacaq...

 

- Qeyri-adi onda olardı ki ərə gedirsən, amma səninlə heç kim evlənmir. İndi nə olub, şükürlər olsun, gözəl qadınsan, kişilərlə bağlı çoxlu təcrübən var və sair. Sənə ərə getmək çox asandır və hətta lazımdır. Və inanmıram ki hansısa ağılsız kişi səninlə evlilikdən imtina etsin...

 

Bu yerdə istehzalı təbəssümlə sözümü kəsdi:

 

- Deməli mənimlə evlənə bilərsən?

 

- ...

 

- Mən artıq qərar vermişəm. Sən çox güclü biznesmensən. Mənimlə evlilik həm də əla şərtlər yarada bilər. Bu barədə çoxdan düşünmüşəm və çoxdandır istəyirdim bu barədə sənə...

 

Sözünün arxasına qulaq asmayıb, sakitcə ayağa qalxdım, masanı tərk etdim. Kassada masanın hesabını verib sürətlə küçəyə çıxaraq maşına oturdum. Beynim yalnız bu sözlər gedib-gəlib dolanırdı: “Axx bu qadınlar...!”

 

O gündən sonra nəinki Larisa ilə iş daxil olmaqla birdəfəlik əlaqəni kəsdim, artıq heç bir qadınla heç bir iş münasibətinə belə girmirəm. Və getdikcə qadınlara qarşı daha güclü bir inamsızlıq yaranır məndə. Artıq belə bir hiss yaranıb ki, qadınlardan qorxmamaq üçün nə lazımdır ki, mən onu edim...

 

Üzr istəyirəm, nədənsə qadınlara artıq yalnız cinsi tələbatlar kontekstində yanaşıram. Özü də əvvəlkindən daha çox sürəkli dəyişirəm qadınları. Adətən boş vaxtlarda karaoke klublarda, diskotekalarda ünsiyyətə girirəm. Bir-iki həftə ünsiyyət və sonra əlaqəni kəsirəm. Öz aləmimdə bununla qadınlardan həm qorunuram, həm də qisas alıram...

 

Bilirsiz, məhz qadınların həyatımdakı məlum qadının ucbatından həyatımın borclu olduğum və əziz qadını olan anam vaxtsız, məni görmədən həyatdan getdi. Ən azı əsgərlik məktublarımdan hiss olunan miskinlik yazıq arvadın həyata olan inamını itirdi. Bunu heç vaxt özümə bağışlaya bilmirəm. Adətən bunu heç kimə danışmaq istəmirəm, amma bu belədir...

 

Onu da deyim, getdikcə görürdüm ki, qadınlarla ünsiyyətdə çox dərinə getməmək, yalnız əylənmək kişilərin onların yanında azadlığının sanki qarantı olur. Və həyat daha cəlbedici olur...

 

Məsələn, ötən həftənin cümə günü (Kiyevdə cümə günləri rəmzi əyləncə günüdür) klubların birində tanış olduğum Sofiya bu dediklərimin ən yaxşı nümunəsidir. 22 yaşı var, amma ondakı maraqlı təcrübə aramızdakı yaş fərqini hiss elətdirmir. Həm də sözün əsl mənasında çox gözəldir. Çox şəndir...

 

Açığı, onunla həmin gün birlikdə içmək üçün tanış olduq. Getdikcə bu dilavər qız daha yaxın münasibətə meylləndi. Həmin gün işimlə bağlı müəyyən gərgin situasiya yaşadığım üçün birtəhər onu başımdan elədim. Səhəri gün bankdan çıxarkən düz avtomobilimin yanında gördüm:

 

- Salam. Burda neynirsən?

 

Gülümsəyərək verdiyim suala dərhal gülərək tələsik cavab verdi:

 

- Sənin “Cip”ini gecə yuxuda gördüm, minib gəzmək istəyirəm (gülür). Sənə zəng edəcəkdim, amma burdan keçirdim, maşınını burada gördüm...

 

- Sən əsl şeytansan. Bu gün dərslərin yoxdu bəs? (sonuncu kurs tələbəsidir)

 

- Var idi, tez bitdi... Sorğu-sual uzun çəkəcək, yoxsa maşına dəvət edəcəksən?

 

- (Özümdən asılı olmadan bərkdən gülərək) Yaxşı, keç otur...

 

Keçib qabaqda yanımda oturdu. Mən ona:

 

- Amma bu gün işlə bağlı dəyəcək yerlərim, görüşlərim var. Maşında gözləyə biləcəksən? - deyən kimi, əyilib qoluma sarılaraq, başını çiynimə qoydu:

 

- Səni nə qədər desən gözləyərəm...

 

Ürəyimdə “lənət şeytana, işə düşmədik” deyib maşını işə saldım...

 

Bütün günü firmalarımda, banklarda keçirdiyim bütün görüşlər zamanı maşında oturub gözlədi. Açığı, onun bu hövsələsi məndə qəribə maraq da oyatdı. Axşam onu gün ərzindəki iradəsinə mükafat olaraq yaxşı bir restorana apardım. Gecə keçənə kimi əyləndi, oynadı, yaxşı içdik də...

 

Restorandan çıxanda yaxşıca kefləndi Sofiya. Bir başa yaxınlıqdakı evimə gəldik. Artıq yarım saatı idi ona dalbadal zənglər gəlməyə başladı, amma cavab vermirdi. Mən elə başa düşdüm ki, ayrıldığı sevgilisi, ya da hansısa oğlandı. Çünki burada qızlar orta məktəbi bitirməmiş azad olurlar deyə, valideynləri onları artıq bu yaşda heç yada da salmırlar. Ona görə də əhəmiyyət vermədim.

 

Evə girən kimi sarıldı mənə. Sanki bayaqkı kefli qız deyildi. Mən:

 

- Sofiya, dayan kömək edim, uzan yat... - davam etməyimə macal vermədi, atılıb qucağımda oturaraq ehtiraslı öpüşlərinə qərq elədi....

 

Bu arada telefonu susmaq bilmirdi. Artıq gecə saat 3 olmasına baxmayaraq yenə zəng zəngin dalınca gəlirdi. Özümü saxlaya bilməyib, onun başını özümdən ayıraraq:

 

- Bəlkə bu telefona cavab verəsən?!

 

Qucağımdan düşərək yanımda oturdu və qarşıdakı masadan telefonu götürüb, söndürdü:

 

- Gülməli görünəcək sənə, amma anamdır. İki ay əvvələ qədər bir oğlanla görüşürdüm, o məni elə pis incidib getdi ki, anam indi hər addımımdan narahatdır. İndi də iki gündür başqa şəhərdədir deyə, daha çox zəng edir. Lap beynimi dəng edib. Yəqin atama bildirməyib, yoxsa atam da ona qoşulub dəng edərdi.

 

Bundan əvvəl söhbət zamanı öyrənmişdim ki, Sofiya imkanlı ailədəndir. Valideynləri hansısa bizneslə məşğul olur, amma maraqlı olmadığı üçün soruşmamışdım.

 

Telefonu söndürüb, təzədən özünü mənim üstümə atdı. Bir neçə saniyə sonra biz artıq yataqdaydıq....

 

Az sonra onun yuxuya getdiyini görüb, sakitcə durub telefonunu açdım. Dalbadal zəng edən nömrəni tapıb qısaca adresi yazdım və bildirdim ki, qızınız buradadır...

 

Sonra gəlib onunla uzanıb yatdım...

 

***

 

Həmin gecə çox uzun zamandan bəri ilk dəfə yuxu gördüm. Anam yuxuma girdi. Qarışıq yuxu olduğu üçün tam mənzərəni anlamırdım, amma görürdüm ki, gah işıqlı bir həyətdə, gah da qaranlıq bir otaqdayam anamla və o, əli qoynunda gözlərimə baxır. Nə qədər cəhd edirəmsə, yerimdən durub ona yaxınlaşa bilmirəm, danışa da bilmirəm. Sanki səsim batıb. İstəyirəm qışqırım, səsim çıxmır. Anam isə soyuqqanlı halda mənə baxır. Baxır, baxır.... birdən arvad ucadan dedi:

 

- Murad, özünü onlardan qoru!

 

Yenidən cəhd edib “kimlərdən, ana?” deyə soruşmaq istəyirdim ki, yuxudan oyandım. Tərin içindəydim. Azacıq özümə gələn kimi Sofiya yadıma düşdü, baxdım ki, yanımda deyil. Çevrilib durmaq istəyirdim ki, qarşılaşdığım mənzərə məni ildırım kimi vurdu.

 

Bir az aralıdakı divanda Sofiya arxası mən tərəfə yaşlı bir kişinin başı dizinin üstdə için-için ağlayırdı. Məni görən kimi sakitcə:

 

- Atamdır...

 

Ardını deməsə də anladım. Deməli, telefondakı sms-i atası oxuyub, gəlib. Deyəsən, kişi özündən gedibmiş. Bəlkə də infarkt olub, nə bilim. Bunları düşündükcə cəld qalxıb əynimi geyindim, mətbəxə keçmək istəyirdim ki, elə bil ağır daşa dəydim. Mətbəxin qapısında nisbətən yaşlı bir qadınla üz-üzə gəldik. Əlindəki su stəkanı ilə tələsik yanımdan keçən qadın məni hiss edərək “Salam. Sofiyanın anasıyam” deyib ərinə tərəf tələsirdi ki, gözü gözlərimə sataşanda əlindəki stəkan şappıltı ilə yerə dəyib çilik-çilik oldu. Elə bil içimdə nəsə sındı, cingiltisi qulaqlarımda təkrar etdi.

 

Amaliya!!!

 

Gördüklərim o idi ki, bir tərəfdə Amaliyanın bu gecə mənimlə yatan qızı Sofiya atası Dmitrinin infarkt vurmuş bədənini qucaqlayıb, digər tərəfdə isə özü heykəl kimi donub kirpiklərini belə qırpmadan mənə tamaşa edir...

SON

 

P.S. Təxminən 3-4 saat ərzində dayanmadan danışdığı bu hekayətini bitirib, xeyli susdu. Başını aşağı salıb elə səssiz durmuşdu, kənardan baxan elə bilərdi keçinib, nəfəsi kəsilib:

 

- Bəs sonra nə oldu?...

 

- Sonra heç nə… həqiqətən heç nə... - deyib, qarşısındakı bayaqdan əl vurmadığı viskini başına çəkdi və istehzalı formada gülümsəyərək, dedi:

 

- Mən uzun illərdi həm biznes sahəsində, həm də digər sahələrdə müxtəlif fəaliyyətlə məşğulam. Xaricdə azərbaycançılığın təbliğində də az rolum olmayıb, dəfələrlə Azərbaycanın rəhbər şəxsləri ilə Ukraynaya, Avropaya səfər zamanı görüşlərimiz olub. Amma təəssüf ki, jurnalistlə ilk görüşüm yenə Amaliya mövzusunda oldu...

 

 

mubariz1982@mail.ru

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 27741
avatar

Mübariz Aslanov

Oxşar yazılar