SOS! Azərbaycanlı dahinin varidatı zirzəmidə çürüyür – REPORTAJ
06 avqust 2013 14:32 (UTC +04:00)

SOS! Azərbaycanlı dahinin varidatı zirzəmidə çürüyür – REPORTAJ

... Bu hadisə o vaxt baş verir ki, Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin doğum tarixinə cəmi bir ay vaxt qalır. O tarix ki, həm yerli, həm də müxtəlif ölkələrin musiqiçiləri Bakıya toplaşaraq dahi bəstəkarın doğum gününü beynəlxalq musiqi bayramı kimi qeyd edəcəklər. Onun milli musiqimizə bəxş etdiyi əvəzsiz töhfələrdən, böyük xidmətlərindən ağız dolusu danışacaq, mədhiyyələr söyləyəcəklər... Hələliksə o gün deyil...

 

... Gün o gündür ki, bütün dünyaya bəh-bəhlə təqdim etdiyimiz o dahi bəstəkara musiqimizin inkişafı üçün elədiklərinin qarşılığında heç olmasa adicə “sağ ol”u da çox görürük. Sözlə yox, əlbəttə... Əməlimizlə. Ondan bizə qalan yadigarlara laqeyd münasibətlə...

 

... Və bu hadisə heç də uzaq keçmişdə baş vermir. İlin, ayın bu günündə, özü də bəstəkarın illərlə yaşayıb yaratdığı doğmaca evində. Ev muzeyində.

 

... Bəli, gün o gündür ki, Üzeyir Hacıbəyliyə məxsus əşyalar, əlyazmalar, kitablar, hədiyyələr, eksponatlar rütubətli zirzəmidə saxlanılır. Özü də artıq 8 ildir. 2005-ci ildən ta bu yana.

 

Həmin il Üzeyir Hacıbəylinin ev muzeyi əsaslı şəkildə təmir olunur. Bəstəkarın fondu isə iki kiçik otaqdan və dəhlizdən ibarət zirzəmiyə köçürülür. Zirzəmidə fondla yanaşı təsərrüfat otağı, mətbəx və ayaq yolu yerləşir.

 

Yeri gəlmişkən qeyd edək ki, fond əsas və elmi köməkçi fonddan ibarətdir. Əsas fondda 8 min 80, elmi köməkçi fondda 3466 əşya saxlanılır. 272 eksponat  isə ev muzeyin daimi ekspozisiyasında nümayiş olunur. Fonddakı əşyalar arasında Üzeyir bəyin əsərlərinin ilk əlyazma not nüsxələri, həyat yoldaşı, sənət dostları, tələbələri ilə yazışmaları, şəxsi kitabları, əşyaları, musiqi alətləri, ona verilən müxtəlif hədiyyələr yer alıb. Bir sözlə, Üzeyir bəyin bütün irsi - 11 min 546 əşya! Və bütün bu əşyaların gələcək taleyi böyük şübhə altındadır. Çünki xüsusi temperatur rejimində qorunmalı olan əşyalar rütubətli zirzəmidə çürüyür. Fondun döşəməsi parket əvəzinə metlaxla döşənib. Artıq divarlar nəmişlikdən ovulub tökülür. Təbii ki, burda təmiz havadan söz gedə bilməz.

 

Elmi köməkçi fondda isə pəncərə əvəzinə iki kiçik nəfəslik var ki, onlar da həyətə açılır. Bu otağa havasızlıqdan, nəm, rütubət iyindən ümumiyyətlə girmək olmur.

Ən əsası isə fond dəmir qapı ilə bağlanıb plomblanmalı olduğu halda biz buna rast gəlmədik. Fondun qapısı adi taxtadan hazırlanıb. Pəncərələrdə isə dəmir barmaqlıqlar belə yoxdur. Yəni, sabah fonddan bəstəkara məxsus hansısa əşya yoxa çıxdıqda yenə də suçu adi işçinin üzərinə yıxacaqlar. Məsuliyyətli şəxslərin yox...

 

Bunlar yalnız gözlə görünənlərdir. Əşyalara, əlyazmalara dəyən ziyanı isə hələ 8 ildə görə bilməmişik deyəsən.

 

Məsələ ilə əlaqədar fondun direktoru, ev muzeyin baş mühafizi Aytən Heydərovanın fikirlərini öyrəndik. O, Lent.az-a açıqlamasında fondun zirzəmidə yerləşməsinin təəssüfləndirici hal olduğunu dedi: “Əvvəl fond yuxarıda yerləşirdi. Təmirdən sonra zirzəmiyə köçürülüb. Əslində bu düzgün deyil. Düzdür, burda kondisioner, kombi sistemi var, çalışırıq lazımi temperaturu qoruyub saxlayaq. Amma zirzəmi tozlu yerdi. Pəncərələr küçəyə açılır. Pəncərəni açan kimi küçənin tozu otağa, əşyaların üzərinə çökür. Yağışlar çox yağdı deyə artıq divarlar nəm verir. Çalışırıq ki, əşyaları qoruyaq. Ehtiyac olduqca da elmi bərpa mərkəzinə göndərərək restavrasiya etdiririk”.

 

Aytən Heydərova onu da qeyd etdi ki, fonddakı vəziyyətlə bağlı Mədəniyyət və Turizm Nazirliyinə məktubla müraciət olunub.

 

Lent.az ev muzeyin keçmiş direktoru, Üzeyirşünas Səadət Qarabağlıdan da  hadisə ilə bağlı açıqlama alıb. O, hadisəyə kəskin reaksiya bildirərək həyəcan təbili çalmaq vaxtının yetişdiyini söyləyib: “Mən 25 ildən çox muzeydə işləmişəm. İstər Ramazan Xəlilovun, istərsə də mənim direktor olduğum dövrdə Üzeyir bəyin fondu ikinci mərtəbədə quru otaqda saxlanılırdı. Otaqların pəncərəsi isti havada hər gün səhərdən axşama kimi, soyuq olanda isə bir neçə saat  açılıb havalandırılırdı. Ramazan müəllim o əşyaların hər birinin üstündə əsirdi, onları göz bəbəyi kimi qoruyurdu. O vaxt biz zirzəmidə Üzeyir bəyin əsərlərinin lent yazılarını saxlayırdıq. O da lentlərin surəti idi, orijinalı yox. Onları da sonradan yuxarı köçürdük. Özü də fondun qapısı dəmirdən idi. Hər axşam iş saatı bitdikdə o dəmir qapı plomblanırdı. Harada, dünyanın hansı ölkəsində görünüb ki, fond zirzəmidə saxlansın? Özü də Üzeyir Hacıbəyli kimi dahi bəstəkarın fondu. Onun fondu, irsi bizim mənəvi sərvətimizdir. Bu, bir cinayətdir. Özü də bu cinayəti bilə-bilə, düşmənçiliklə edirlər. Buna başqa ad vermək olmaz. Artıq 8 ildi o əşyalar zirzəmidə xarab olur. Vaxtında əlac etməsələr, bir neçə ildən sonra Üzeyir bəyin irsindən heç nə qalmayacaq. Onun musiqimizin, mədəniyyətimizin inkişafındakı xidmətləri müqabilində irsini qorumaq, laqeyd yanaşmamaq bu qədərmi çətindir? Məncə, artıq həyəcan təbili çalınmalıdır. Gəlin, Üzeyir bəyin irsini gələcək nəsillər üçün qoruyaq”.

 

Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva bu məsələ ilə bağlı ev muzeyin rəhbərliyi ilə əlaqə saxlamağı məsləhət bildi...

 

... Bəli, bu hadisə o vaxt baş verir ki, Azərbaycan sentyabrın 18-də dahi bəstəkarının doğum gününü – Üzeyir Musiqi Gününü qeyd edəcək. Onun şərəfinə növbəti beynəlxalq musiqi festivalı düzənlənəcək. Dünyanın müxtəlif ölkələrinin musiqiçiləri, bəstəkarları Bakıya gələcək. Ölkənin bütün mədəniyyət ocaqlarında Üzeyir bəyin əsərləri səslənəcək. Və hər səsləndikcə də qürur duyacaq, əcnəbilər qarşısında lovğalanacaq, başımızı uca tutacağıq ki, bizim belə bir dahi bəstəkarımız var. Bəs vicdanımız qarşısında necə? Hələliksə o gün deyil...

 

... Gün o gündür ki, nə vicdanımız, nə də Üzeyir Hacıbəylinin ruhu qarşısında başımız dik deyil. Başımızı ucaltmağın vaxtı çoxdan keçməyib, sizcə?

 

Xəyalə Muradlı 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3175
avatar

Oxşar yazılar