1564
11:37
16 Aprel 2013

Vakant dövlət qulluğu vəzifələrini kimlər tuta bilərlər?

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 82 dövlət orqanında inzibati vəzifələrin beçinci-yeddinci təsnifatlarına uyğun olan 575 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və müsahibə elan edib.

Komissiyadan Lent. az-a verilən məlumata görə, Müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 380-i mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 162-si isə apelyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.

Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 28-i mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 5-i isə apelyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər.

Müsabiqənin test imtahanı zamanı namizədlərin dünyagörüşü, Azərbaycan dili, qanunvericilik, informasiya texnologiyaları, məntiqi düşünmə qabiliyyəti sahələri üzrə bilikləri yoxlanılacaq:

Komissiyanın test tapşırıqlarının hazırlanması üçün tərtib etdiyi ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytında yerləşdirilib.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları 30 gün müddətində elektron və ya kağız daşıyıcılar vasitəsilə Komissiyada qeydiyyatdan keçməlidirlər.

Ümumi müsahibədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları isə sənədlərini 20 gün müddətində Komissiyaya şəxsən və ya poçt vasitəsilə təqdim etməlidirlər.

Müsabiqə və ümumi müsahibəyə dair ətraflı məlumat “Respublika” qəzetinin 16 aprel sayında və Komissiyanın rəsmi internet saytında - www.dqmk.az verilib.

Ən çox vakansiya mərkəzi icra hakimiyyəti orqanları üzrə Dövlət Statistika Komitəsinin (78 yer), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (73 yer), Sənaye və Energetika Nazirliyinin (60 yer), məhkəmə hakimiyyəti orqanları üzrə isə Bakı Apelyasiya Məhkəməsi (13 yer) və Şirvan Apelyasiya Məhkəməsinin (10 yer) payına düşür.