Şuşaya insan ayağı dəyməyən yerdən qalxdıq... - “Müharibə gündəliyi”
20 may 2021 16:00 (UTC +04:00)

Şuşaya insan ayağı dəyməyən yerdən qalxdıq... - “Müharibə gündəliyi”

Daxili Qoşunların “Gürzə” Xüsusi Təyinatlı Dəstəsinin snayperi Zeynal Məmmədovun müharibə gündəliyi

Orxan Məmmədli ilə çəkilişdən sonra Zeynalla xeyli söhbət etmək imkanım oldu. Sumqayıtda doğulub bir müddət sonra Aktau şəhərinə köçən Zeynal hərbi xidmət yaşı çatanda Vətənə geri dönüb. Gəncədə müddətli hərbi xidmətini başa vurandan sonra MAXE (Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu) işləmək qərarına gəlib. Müharibədən, xüsusən də Şuşa uğrunda gedən döyüşlərdən danışdıq.

Dillərə dastan olan Şuşa döyüşlərini Zeynalın dilindən eşitdikcə qəhrəmanlıqlarına heyran qalırsan. Müharibənin ilk günlərində Füzulidə döyüş yoldaşları ilə düşdüyü pusqudan, yaralandığı, xilas edildiyi andan tutmuş, döyüşdüyü sıldırımlı Şuşa əməliyyatına qədər hər şeyi danışdı.

Bazar günü düzülüşdən sonra evə gəlirsən. İstirahət günündür. Vaxtını ya dostlarla görüşmək  ya da hansısa işini həll etmək üçün ayırmaq istəyirsən. Sən təzəcə qərar verməyə çalışırsan ki, zəng gəlir, dərhal hərbi hissəyə gəlməli, tam hazır olub döyüş bölgəsinə getməlisən. Bu dəfə komandir yox, Vətən çağırır səni...

Füzulinin işğal altında olan ərazilərindən döyüşlərə snayper olaraq qoşulub Zeynal. Döyüş yoldaşları ilə kəndləri təmizlədikcə təhlükəsizlik məqsədilə evləri bir-bir yoxlamalı olublar. Bu yoxlamaların birində düşmən onları pusquya salır, lakin onlar bu pusqudan salamat çıxmağı bacarırlar.

Zeynal deyir ki, Füzulini tam azad etdikdən sonra onlara verilən növbəti tapşırıq Şuşa istiqamətinə yollanmaq olub. Döyüş yoldaşları ilə hərbi avtomobillərin gedə biləcəyi yerə qədər irəliləyiblər, qalan yolu isə piyada getməli olublar. Ordumuz noyabrın 5-i gecə Şuşaya bir neçə istiqamətdən hücuma keçir. Zeynal və yoldaşları isə şəhərin sıldırımlı hissəsindən şəhərə doğru irəliləməli olur. Lakin düşmən onları görür və atəşə tutmağa başlayır. Zeynalgilin dəstəsi Şuşa ətrafında gedən döyüşlərdə düşmənlə ən yaxın məsafədə döyüşməli olur. Şuşanın ayazlı noyabrında başı dumanlı, üstü mamırlı qayalıqları onların dəstəsinə sipər olur.

Snayperi ilə mövqe tutan Zeynal və silahdaşı Fəridə yaxınlaşmaq düşmən üçün qorxulu idi. Ona görə də onları uzaqdan artilleriya atəşinə tuturlar. Tankın mərmisi qayaya dəyib parçalanır, həm daş, həm də mərmi qəlpələri Zeynalın da, döyüş yoldaşının da bədəninə dolur.

Zeynal deyir ki, zərbə elə dəymişdi ki, ayağımdakı batinka barmaqlarla birgə uçmuşdu: “Yanımdakı döyüş yoldaşım o tank mərmisindən, aldığı qəlpə yaralarından elə oradaca şəhid oldu, mən isə sağ qaldım. 100 metrə yaxın bizimkilərə tərəf sürünməyə başladıqdan sonra məni yoldaşlarım 1000 metrə yaxın şəhərə tərəf apardılar. “Roma” klubunun futbolçusu Mxitaryanın villasında bir neçə gün qalmalı olduq. Oranı da bombaladılar. Villanın divarları möhkəm olduğu üçün təhlükəsiz idi. Bizim uşaqlar elə bil canavar kimi idi, noyabrın 8-nə qədər artıq şəhəri tam təmizləmişdilər, ermənilər ya meşəlikdən, ya da başqa yollardan Şuşanı tərk etmişdilər”

Hə, bir də, yadıma düşmüşkən onu da qeyd edim ki, qəhrəmanımız bildirir ki, Şuşa döyüşlərində maşın, texnika olmayıb, hər şeyi əvəz edərək, bir can və bir silahla düşmənin üzərinə gediblər.

Və nəticə olaraq,  məhz Zeynal kimi cəsur, qorxmaz igidlərimizin qanları və canları bahasına Vətən bütövdür!

Səfər Əlizadə

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4041
avatar

Oxşar yazılar