Mütaliə və təhsil uğuru arasındakı əlaqə ailənin maddi, sosial vəziyyətindən və ya uşaqların cinsindən asılı deyil. Erkən uşaqlıqda kitab oxumaq sonrakı həyatda daha yaxşı öyrənməyə və uğur qazanmağa kömək edir.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Bamberq Universitetinin apardığı tədqiqatın nəticələri sübut edir.
Elm adamları təxminən on il ərzində 200 uşağı təqib edərək, erkən oxuma ilə onların akademik uğurları arasındakı əlaqəni araşdırıblar. Tədqiqat göstərib ki, ailənin maddi, sosial vəziyyətindən və uşaqların cinsindən asılı olmayaraq kitab oxumaq və təhsil uğurları arasında müsbət əlaqə qalmaqdadır. Alimlər qeyd ediblər ki, kitab oxumaq uşaqlarda dil bacarıqlarını və məntiqi təfəkkür qabiliyyətlərini inkişaf etdirir.
Tədqiqatda iştirak edən uşaqlar üç-beş yaş arasında müxtəlif dil və düşünmə qabiliyyəti testlərindən keçiblər. Daha sonra 12-13 yaşlarında zəka testləri verilib. Nəticələr göstərib ki, valideynləri erkən yaşda kitab oxuyan uşaqlar daha yüksək intellektual qabiliyyət və daha yaxşı öyrənmə nəticələri nümayiş etdirirlər.
Beləliklə, araşdırma uşaqların uğurlu inkişafı və öyrənilməsi üçün erkən uşaqlıq dövründə kitab oxumağın vacibliyini təsdiqləyir. Valideynlər övladlarına kiçik yaşlarından kitab oxumağa başlamaqla onların gələcəyinə mühüm töhfə verə bilərlər.
Nəzərinizə çatdıraq ki, 10.000-dən çox yeniyetmənin məlumatlarını araşdıran bir araşdırma, erkən yaşda həzz almaq üçün oxumağa başlayan uşaqların yeniyetməlik dövründə daha yaxşı koqnitiv test nəticələrinə və daha yaxşı psixi sağlamlıq vəziyyətinə sahib olduğunu aşkar edib.