"Qara Volqa"nın müstəntiqi, "KAMAZ şoferi", dəmiryolunda söz sahibi - UNUDULAN MƏTBUAT KATİBLƏRİ
26 noyabr 2021 19:00 (UTC +04:00)

"Qara Volqa"nın müstəntiqi, "KAMAZ şoferi", dəmiryolunda söz sahibi - UNUDULAN MƏTBUAT KATİBLƏRİ

Vaxtı ilə mətbuat katibi idilər. Bütün jurnalistlər onları tanıyır və işləri mediadan keçirdi. Bir vaxtlar onların saytlarda, qəzetlərdə açıqlamalarını oxuyardıq. İndi isə unudulanlar siyahısındadırlar. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır. İndi nə işlə məşğuldurlar?

Lent.az dövlət qurumlarının sabiq mətbuat katiblərinə həsr olunan layihəsini davam etdirir.

Layihəmizdə bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq mətbuat katibi Nadir Əzməmmədovdan bəhs edəcəyik.

Nadir Mirzə oğlu Əzməmmədov 3 fevral 1953-cü ildə Qobustan rayonunda, Nərimankənddə dünyaya gəlib. O, 1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Daha sonra 1 il hərbi xidmətdə olub.

Azərbaycan Kinematoqrafçılar İttifaqının, Kinematoqrafçılar İttifaqları Konfederasiyasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Müxtəlif illərdə çəkilmiş 20-ə yaxın bədii və qısametrajlı filmlərdə aktyor, rejissor assistenti və rejissor olub.

"Od içində" , “Park”, “Tənha narın nağılı”, “Alman klinikasına şəxsi səfər”,  “Biz qayıdacağıq”, “Nəsimi” filmlərində aktyor kimi rol alıb.

Müsahibələrinin birində deyir: “Düzü, deməkdə çətinlik çəkirəm. Onların hamısını mən yaratmışam, hamısına zəhmət çəkmişəm, bir-bir onların həyatını yaşamışam. Amma “Qara Volqa” da da, Rövşən İsaxın “Sonuncu fəsil” serialında da müstəntiq və hüquqşünas rollarını yaratmışam. Bu rollarda daha ağayana, ağsaqqal, tədbirli idim. Bax bu, çox ürəyimcə olub”.

“Qəribə adam”, “Anlamaq istəyirəm”, “Birisigün gecəyarısı”, “Asif, Vasif, Ağasif”, “Şeytan göz qabağında”, “Qara Volqa”, “Gecə qatarında qətl”  filmlərində aktyor, rejissor köməkçisi, "Qanlı zəmi, “Sizi dünyalar qədər sevirdim”, “İşarəni dənizdən gözləyin” filmlərində isə rejissor köməkçisi kimi fəaliyyət göstərib.
“Yaramaz”, “Yaşa, qızıl balıq”, “Hücum” filmlərində də ikinci rejissor vəzifəsini icra edib.

Bundan başqa sabiq mətbuat katibi seriallarda da rol alıb. O, “Vicdan haqqı” və “Sonuncu fəsil” teleseriallarında Saleh və Mamed rollarını canlandırıb.

Həmçinin Nadir Əzməmmədov 2014-cü ilin iyul ayında Kəlbəcərə gedərək ata-baba yurdlarını ziyarət edərkən saxlanılan Dilqəm Əsgərov Şahbaz Quliyevlə bağlı çəkilən “Dünya susmasın” adlı filmdə Kəlbəcər rayon icra hakimiyyətinin əməkdaşı rolunda çıxış edib.

Qeyd edək ki, Əzməmmədov Dövlət Gömrük Komitəsinin mətbuat xidmətində də bir müddət çalışıb. Sonra işləmək üçün Moskvaya dəvət edilib. 1997-ci ildə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinə rəis təyin olunub.

31 iyul 2017-ci ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb. Onun aktyorluq sahəsində ilk müəllimləri Adil İsgəndərov və Əbdül Mahmudov olub.

2016-cı ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanov qurumun mətbuat katibliyini ləğv edib. Onun əvəzində isə İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb. Nadir Əzməmmədov isə İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı təyin edilib.

O vaxt işdən çıxarılması barədə cavabı isə belə olmuşdu: “Adi bir şey kimi baxıram, dərd etmirəm. Bəlkə də ürəyimcə oldu. Film və bu iş, ikisi bir yerdə alınmırdı. Həmişə filmlərdə ikinci dərəcəli rollar istəyirəm, bu da vaxtımın az olmasına görədir. İndi yetərincə vaxtım var, kinolara da təkliflər gəlir. Mən burdakı işimi vəzifə kimi qəbul edib onunla kifayətlənməmişəm. Mətbuat xidməti rəhbəri mənim üçün kiçik işdir. Mətbuat xidmətinin işi kinodan böyük ola bilməz”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9774
avatar

Aytəkin Cəlali

Oxşar yazılar