Nazir müavinini danladı, 5 dildə kitab yazdı - UNUDULAN MƏTBUAT KATİBLƏRİ
15 aprel 2022 20:15 (UTC +04:00)

Nazir müavinini danladı, 5 dildə kitab yazdı - UNUDULAN MƏTBUAT KATİBLƏRİ

Vaxtı ilə mətbuat katibi idilər. Bütün jurnalistlər onları tanıyır və işləri mediadan keçirdi.

Bir vaxtlar onların saytlarda, qəzetlərdə açıqlamalarını oxuyardıq. İndi isə unudulanlar siyahısındadırlar. Hazırda iş-güc sahibi olanlar da var. 

Amma bir çoxu təqaüdlə dolanır. İndi nə işlə məşğuldurlar?

Lent.az dövlət qurumlarının sabiq mətbuat katiblərinə həsr olunan layihəsini davam etdirir:

Layihəmizdə bu dəfə Bakı Nəqliyyat Agentliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətində İctimaiyyətlə əlaqələr şöbəsinin sabiq müdiri Nuridə Allahyarovadan bəhs edəcəyik. 

Əvvəlcə Nuridə xanımla tanış olaq:

Nuridə Allahyarova 1982-ci il fevralın 17-də Bakı şəhərində anadan olub. O, orta təhsilini 83 saylı kimya biologiya-təmayüllü liseydə alıb. Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və Beynəlxalq hüquq fakültəsinin məzunu olan N.Allahyarova ilk əmək fəaliyyətinə də həmin universitetdə saathesabı əsaslarla müəllim olaraq başlayıb.  

Qeyd edək ki, N.Allahyarova Dövlət İdarəçilik Akademiyasında müəllim, Dövlət Vergi Xidmətində dövlət vergi müfəttişi, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdiri, "BakuBus” MMC-də, Bakı Nəqliyyat Agentliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətində İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.

Bundan əlavə N.Allahyarova ATV kanalında yayımlanan "Birlikdə güclüyük" və Space televiziya kanalında yayımlanan "Prezident vaxtı" adlı ictimai-siyasi verilişlərin müəllifi, həmçinin aparıcısı kimi fəaliyyət göstərib. 

O, həm də “Erməni elitasının etirafları” adlı 5 dildə nəşr edilən kitabın müəllifidir.

Yeri gəlmişkən, Nuridə xanım əmək fəaliyyəti dövründə bir sıra maraqlı məqamlarla da üzləşib. 

Gəlin N.Allahyarovanın öz dilindən eşidək:

“Peşə fəaliyyəti dövrümdə ən maraqlı hadisələrdən biri icra hakimiyyəti strukturunda çalışdığım dövrdə olub. Əraziyə monitorinqə çıxmışdım. O dövrdə həddindən artıq mülayim təbiətli biri olduğum üçün, imperativ cümlələr qurmaqda xarakter olaraq əziyyət çəkdiyimə görə mütəmadi özümü danlayırdım. Həmin vaxt Biləcəri qəsəbəsində “DSK” adlanan yolun təmir işləri icra edilirdi. Maşından endim və özümə söz verdim ki, ən xırda qüsuru belə icra nümayəndəsinə və ya icraçılara bildirəcəm. Yol üzərində bir neçə şəxsin toplanıb söhbət etdiyini gördüm, günorta saatları idi, demək olar ki, heç kəs konkret bir işlə məşğul olmurdu. Yaxınlaşdım və işin niyə ləng getdiyini soruşdum. Bir nəfər, "çalışarıq tezləşdirək", deyib istehza ilə güləndə əsəblə, “gülmək lazım deyil, işini gör”deyib, hazırladığım bütün sərt cümlələri istifadə etdim və ərazidən aralandım”. 

Sən demə, Nuridə xanımın danladığı şəxs sıradan bir işçi yox, nazir müavini olub:

“Səhər məlumat aldım ki, “danladığım adam” nazir müavinlərindən biri olub. Yolda iş icraçıları ilə təmirlə bağlı fikir mübadiləsi aparırmış. Mən həmin şəxsi bilmədən şirkət nümayəndəsi qismində danlamışdım, nəticədə həyatımda ilk dəfə bir nazir portfelli şəxsi danlamış oldum. Və o gündən sonra maksimum çalışıram sərt olmayım”.

Nuridə Allahyarova hazırda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsində çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8763
avatar

Aytəkin Cəlali

Oxşar yazılar