Elman Abdullayev
01 aprel 2022 19:00 (UTC +04:00)

Elman Abdullayev

"Qaragilə" oxuyub dərslərindən 3 alan səfir - UNUDULAN MƏTBUAT KATİBLƏRİ

Vaxtı ilə mətbuat katibi idilər. Bütün jurnalistlər onları tanıyır və işləri mediadan keçirdi.

Bir vaxtlar onların saytlarda, qəzetlərdə açıqlamalarını oxuyardıq. İndi isə unudulanlar siyahısındadırlar. Hazırda iş-güc sahibi olanlar da var. 

Amma bir çoxu təqaüdlə dolanır. İndi nə işlə məşğuldurlar?

Lent.az dövlət qurumlarının sabiq mətbuat katiblərinə həsr olunan layihəsini davam etdirir:

Layihəmizdə bu gün Xarici İşlər Nazirliyinin sabiq mətbuat katibi Elman Abdullayevdən bəhs edəcəyik. 

Elman Telman oğlu Abdullayev 1976-cı ildə Gəncədə anadan olub. O, elə doğulduğu rayondakı 14 saylı məktəbi bitirib. Ali təhsilini Misirin Qahirə universitetində, magistr səviyyəsini isə Kaliforniya Dövlət Universitetində başa vurub. 

O, 1999-cu ildən 2011-ci ilə qədər Xarici İşlər Nazirliyində işləyib, Yaxın Şərq idarəsində, Azərbaycanın Avropa İttifaqındakı nümayəndəliyində xidmət edib, Los-Ancelesdəki Baş konsulluğunda konsul vəzifəsində çalışıb.

2014-cü il sentyabrın 18-də Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 

Sabiq mətbuat katibi 2020-ci ildə Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında, Keniya Respublikasında, Cibuti Respublikasında və Ruanda Respublikasında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda, Azərbaycan Respublikasının Afrika İttifaqı yanında və BMT-nin Nayrobi şəhərindəki bölməsində daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

E.Abdullayev müsahibələrinin birində tarixçi olmaq istədiyini deyib:

“Mən tarixçi olmaq istəmişəm. Kimya, biologiya fənlərinin əvəzinə, tarixi oxuyurdum. Ona görə digər dərslərdən “3” alırdım”. 

O müsahibəsində “mətbəx bacarığı”ndan da danışıb:

“Yemək verməsələr, ac qalmaram, yüngülvari nəsə hazırlamaq əlimdən gəlir. Yarpaq dolmasını çox sevirəm, amma onu bişirə bilmirəm”.

Diplomat musiqiyə də çox həvəslidir, hətta ifa etməyi də bacarır:

“Daha çox şanson və xalq mahnılarını sevirəm. Mahnı ifa etməklə də aram yaxşıdır, məhdud dairədə oxuyuram da. “Qaragilə”, “Sarı gəlin”, “Apardı sellər Saranı” kimi bənzərsiz xalq mahnılarını ifa edəndə ruhən dincəlirəm”.

Qeyd edək ki, E.Abdullayev iki övladı var. Azərbaycan və rus dillərindən başqa, ərəb, fars, ingilis və fransız dillərini bilir.

Hazırda isə E.Abdullayev Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsidir.

# 6687
avatar

Aytəkin Cəlali

Oxşar yazılar