Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. Amma indi…
İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır.
Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.
Layihəmizdə bu dəfə sabiq Ədliyyə naziri İlyas İsmayılovdan bəhs edəcəyik.
İlyas Abbas oğlu İsmayılov 20 mart 1938-ci ildə Tovuz rayonunda dünyaya gəlib. O, Puşkin adına Tovuz şəhər orta məktəbini, 1962-ci ildə isə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Daha sonra Leninqrad Dövlət Universitetinin cinayət-hüquq kafedrası üzrə aspiranturaya daxil olub.
İlyas İsmayılov Elmlər Akademiyasında fəlsəfə və hüquq İnstitutunun kiçik və baş elmi əməkdaşı, 2 il respublika prokurorunun köməkçisi, Azərbaycan KP MK-nın inzibati orqanlar şöbəsinin təlimatçısı vəzifələrinə çalışıb. 1985-1990-cı illərdə isə Azərbaycan SSR-nin Baş Prokuroru olan sabiq nazir, sonradan isə Moskva prokurorluğunda şöbə rəisi işləyib.
Sabiq nazir 1995-ci ildə tərəfdarlarıyla birgə Ədalət Partiyasını yaradıb. 1996-cı ilin 30 martında ADP-nin sədri seçilib. 2000-ci ildə isə ADP-dən ayrılaraq, Ədalət Partiyasının bərpasına başlayıb. Bir il sonra isə Ədalət Partiyasına sədr seçilib.
O, 2010-cu ildə Tovuz-Qazax-Ağstafa seçki dairəsindən deputat seçilib və Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvü olub.
Sabiq nazir Azərbaycan Tibb Universitetinin professoru Zəkiyyə İsmayılova ilə evlidir. Onların Etimad və Mətin adında 2 oğlu var. Onların hər ikisi hüquqşünas olub.
Etimad İsmayılov Rusiyada işləyərkən orada həbs edilib. Həbsdən çıxdıqdan sonra isə məşhur telejurnalist Sevil Nuriyeva ilə evlənib.
Daha sonra isə onun Türkiyədə öldürülməsi xəbəri mediada böyük səs-küyə səbəb olub.
Belə ki, Etimad İsmayılov 19 sentyabr 2018-ci ildə İstanbuldakı ofisində qətlə yetirilib. Onu qətlə yetirən şəxs isə Gözəl Dəmirov adlı sabiq polis rəisi, iş adamıdır. Sabiq nazir buna səbəb Gözəl Dəmirovun oğluna borclu olmasının olduğunu bildirib. Kiçik oğlu Mətin Amerikada yaşayır.
İlyas İsmayılov zaman-zaman müsahibələrində ölkədəki bəzi sahələr haqqında öz tənqidi fikirlərini də bildirib.
O bildirib ki, yüngül əxlaqlı insanların işğalına məruz qalan, ziyalılardan uzaq tutulan televiziyalar Azərbaycanın bu gününün, sabahının mənəvi xarakterini müəyyənləşdirir. Təhsildəki problemlərlə də bağlı fikirlərini deyən sabiq nazir bildirib ki, tələbələrə faizsiz təhsil kreditləri ayrılmalıdır: “Bununla həm tələbələr ailələrindən asılı olmayaraq, oxuya, həm də ali məktəblər özlərini dolandıra bilərlər. Müəllimlərin uşaqların əlinə baxması da tarixə qovuşar, daha effektli təhsil mühiti yaranar”.
2006-cı ildə sabiq nazirin evinə 2 maskalı şəxs tərəfindən hücum edilib. Hücum zamanı evin gözətçisi Habil Musayev ciddi xəsarət alıb.
Mətbuatda yayılan məlumata görə, İlyas İsmayılov Baş Prokuror işlədiyi dövrdə onun bağı bilərəkdən yandırılıb və bu zaman bağda işləyən bir neçə fəhlə həyatını itirib.
Onu da qeyd edək ki, İlyas İsmayılovun 3 il əvvəl tələbə kreditləri ilə bağlı dedikləri artıq gerçəkləşir.
Yeri gəlmişkən, İlyas İsmayılov Azərbaycanın ilk ədliyyə naziri olub.
Sabiq nazir 8 monoqrafiya və kitabın, 200-dən artıq elmi və publisistik əsərin müəllifidir. “Xalqlar dostluğu” ordeni ilə təltif edilib. Hazırda Ədalət Partiyasının sədridir.