Microsoft-un həmtəsisçisi Bill Qeyts hesab edir ki, gələcək nəsillərin bütün bəşəriyyət üçün kritik əhəmiyyət daşıyan dörd qlobal problemi həll etməsi lazım olacaq.
Lent.az xarici mediaya istinadən bildirir ki, Qeyts gənclərin qarşılaşa biləcəyi təhdidlərdən narahatlığını bildirib, bunlara bioterrorizm və süni intellektin nəzarətsiz inkişafını daxil edib. O, həmçinin siyasi qütbləşməni aradan qaldırmaq üçün cəmiyyətin birləşməsinin vacibliyini vurğulayıb.
“Gənc nəsil üçün həqiqətən qorxulu ola biləcək dörd problem var: nüvə təhdidi, təhlükəli bioterrorizm, nəzarətsiz süni intellekt və dərin ictimai qütbləşmə”, — deyə Qeyts qeyd edib.
O, həmçinin hazırkı nəsillərin iqlim dəyişiklikləri və digər qlobal çağırışlardan narahat olduğunu görməkdən məmnunluğunu ifadə edib. Qeyts insanların birgə səylərinin müsbət nəticələrə və işıqlı gələcəyə gətirib çıxara biləcəyini vurğulayıb.
Microsoft-un həmtəsisçisi əlavə edib ki, bəzən hərəkətləri stimullaşdırmaq üçün təhdidlərin miqyasını bir qədər şişirtmək faydalıdır. O, elmi tərəqqiyə optimist yanaşaraq, Altsheymer xəstəliyi və QİÇS-in müalicəsində irəliləyişlərin olacağını, həmçinin poliomielit və malyariyanın tamamilə məhv ediləcəyinə ümid etdiyini bildirib.
Qeyts süni intellekt texnologiyalarının sürətli inkişafına da diqqət çəkib və bunun cəmiyyət üçün potensial mənfi nəticələrə səbəb ola biləcəyini vurğulayıb. Onun sözlərinə görə, neyroşəbəkələrin iş mühitinə tətbiqi ehtiyatla yanaşılmadığı halda sosial və iqtisadi risklər doğura bilər.