Payızda   ailəvi tətillər üçün ən yaxşı  beş şəhər
09 oktyabr 2025 10:33 (UTC +04:00)

Payızda ailəvi tətillər üçün ən yaxşı beş şəhər

0

Ailəvi səfərlər çox vaxt ciddi xərc tələb etdiyindən, bir çox ailələr istirahət üçün istiqaməti diqqətlə seçməyə çalışır. Həm maraqlı vaxt keçirmək, həm də büdcəni qorumaq üçün.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, ailəvi səyahət eksperti Cen Karr istirahət üçün ən sərfəli və maraqlı beş Avropa şəhərini açıqlayıb.

Ailələr üçün payızda ən münasib 5 Avropa istiqaməti

1. Porto, Portuqaliya

Ekspertin fikrincə, bu isti iqlimə və səmimi ab-havaya malik kiçik, lakin mənzərəli şəhər qısa ailəvi səyahət üçün idealdır. Porto həm mədəni zənginliyi, həm də rahat atmosferi ilə fərqlənir.

2. Budapeşt, Macarıstan

Macarıstanın paytaxtı ailələr üçün saysız-hesabsız əyləncələr təklif edir. Uşaqlarla birlikdə avtomobilsiz Marqit adasına gedərək oyun meydançaları, kartinq və kiçik zooparkdan zövq almaq olar.

“Budapest Card almağı tövsiyə edirəm. Bu kart ictimai nəqliyyatda limitsiz gediş, Dunay çayı üzərində pulsuz kruiz və bir çox muzeylərə giriş imkanı verir, bu da xeyli qənaət deməkdir,” - deyə Karr qeyd edib.

3. Krakov, Polşa

Krakov tarixi irsi, rahat atmosferi və münasib qiymətləri ilə seçilir. Ailələr üçün burada çoxlu maraqlı yerlər və əyləncələr var, həm qalmaq, həm də yemək Polşanın digər şəhərlərinə nisbətən daha ucuz başa gəlir. Ekspert xüsusilə “bar mleczny” adlanan ənənəvi süd kafelərini ziyarət etməyi tövsiyə edir, burada dadlı və sərfəli qiymətə milli yeməklər təqdim olunur.

4. Kopenhagen, Danimarka

Danimarkanın paytaxtı adətən bahalı istiqamət sayılsa da, düzgün planlama ilə burada büdcəyə uyğun istirahət mümkündür.

“Qənaət üçün ən yaxşı üsul  şəhərin ‘food hall’ adlanan qida mərkəzlərində yeməkdir. Bundan başqa, Copenhagen Card alsanız, nəqliyyatda pulsuz səyahət və 80-dən çox muzeyə giriş imkanı əldə edirsiniz. Üstəlik, uşaqları karta pulsuz əlavə etmək olar,” - deyə Karr əlavə edib.

5. Praha, Çexiya

Möhtəşəm memarlığı və orta səviyyəli qiymətləri ilə tanınan Praha ailələr üçün ideal şəhərdir. Uşaqlarla birlikdə Karl körpüsündə gəzişmək, küçə artistlərinin çıxışlarına baxmaq və çay kruizlərindən zövq almaq olar.

Ekspertin əsas məsləhəti taksidən imtina edib, şəhərin qatar və avtobus sistemindən istifadə etməkdir, çünki bu həm ucuz, həm də daha etibarlıdır.

Cen Karrın sözlərinə görə, əvvəlcədən planlama və turist kartlarından düzgün istifadə səyahət xərclərini xeyli azalda, eyni zamanda keyfiyyətli və dolğun istirahəti təmin edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 466

Oxşar yazılar