Kampaniya regionunun cənubundakı kiçik bir şəhər olan Benevento, zəngin tarixi və mədəni irsi ilə seçilən, gizli qalmış incilərdən biridir. Bura turistlərin kütləvi axınına məruz qalmır.
Lent.az xarici mediaya istinadla bildirir ki, Benevento, əfsanəvi Troya müharibəsindən sonra Diomed tərəfindən qurulan Beneventum adlı Roma yaşayış məntəqəsinin davamıdır.
Tarix boyu Benevento zəngin bəzəkli memarlıq abidələri ilə məşhurlaşıb:
Traian Tağı – 114–117-ci illərdə ucaldılmış möhtəşəm oyma Roma tağı;
Qədim teatr – Hadrian dövrünə aid yaxşı qorunmuş Roma dövrü teatrı;
Rocca dei Rettori – Roma əsası üzərində qurulmuş qala, indi isə muzey fəaliyyət göstərir;
Santa Sofia kilsəsi – lombard barokko üslubunda tikilmiş və UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmişdir;
Santa Maria Assunta kilsəsi – arkalı fasadı və natamam kvadrat zəng qülləsi ilə diqqət çəkir.
Əcnəbi turistlər əsasən Beneventonun memarlıq xəzinələrinə heyran qalır, amma italyanların əksəriyyəti bura cadugərlər üçün gəlir.
Benevento Cadugərlər şəhəri (Città delle Streghe) kimi tanınır. Yerli mifologiyaya görə, burada cadugərlər Sabato çayı sahilində qədim qoz ağacının altında toplaşaraq qadağan olunmuş rituallarla məşğul olurmuşlar. Bu əfsanə XIII əsrdən bəri mövcuddur. Hazırda qoz ağacı yox olsa da, Beneventonun daş döşənmiş orta əsr küçələrində cadugər fiqurları, qəribə şlyapa və süpürgə fiqurları, əlbəttə ki, Strega likörü tapmaq olar.
Beneventonun ən məşhur məhsulu bitki likörü Strega-dır. Bu likör 1860-cı ildən istehsal olunur və suvenir mağazalarında, xüsusilə Vittoria Colonna meydanındakı Strega Alberti mağazasında bol-bol satılır. Bundan əlavə, Benevento öz gastronomiyası ilə də məşhurdur: burada ənənəvi ailəvi trattoriyalar fəaliyyət göstərir. Ən yaxşı dəniz məhsulları ilə təzə pasta və məşhur bakalao (duzlu cod balığı) dadmaq üçün mütləq Osteria Baccaleria Nikila restoranını ziyarət etməlisiniz.
Burada qəlyanaltı, əsas yemək və bir stəkan şərabın orta qiyməti təxminən 27 dollar təşkil edir. Daha müasir və zərif təqdimat, mövsümi yeməklər və Kampaniya klassiklərinin müasir interpretasiyası üçün isə Albori restoranını sınayın: burada üçqat menyu 45-59 dollar arası başa gəlir. Ucuz və məşhur Da Gino pizzeriyası isə odun sobasında bişirilən neapolitan pizzası ilə tanınır və bir pizza 11 dollara başa gəlir. Əlbəttə ki, Cadugərlər şəhərinə səfər tematik pab olmadan tamamlanmazdı.
Beneventum pabı – Harry Potter estetikasına sahib, amerikan burgerləri və kraft pivələri ilə turistlərin sevimli ünvanıdır. Sadəcə yeməklər deyil, yaşayış qiymətləri də münasibdir:
Tarixi mərkəzdə iki nəfərlik otaq – gecəsi 28 dollar
Ümumiyyətlə, qonaq evlərində gecəlik qiymət 35–65 dollar arası dəyişir. Kampaniyada, Beneventodan 20 dəqiqəlik məsafədə yerləşən 4 ulduzlu Lemi spa-hoteli gecəlik 60,5 dollar təşkil edir.
Şəhər mərkəzində isə Hotel Villa Traiano mehmanxanasında qalmaq üçün 88,5 dollar kifayət edir.