Yüksək sürətlə inkişaf edən digitalizasiya prosesi son illərdə cəmiyyət həyatımıza ağılasığmaz yeniliklər gətirmişdir: rəqəmsal təhsil, rəqəmsal pul, rəqəmsal səhiyyə, rəqəmsal vətəndaşlıq və s. Planetimizdə tamamilə rəqəmsal cəmiyyətin meydana gəldiyini söyləməyin hələ tez olmasına baxmayaraq, hər halda bu prosesin hiss olunmadan baş verən çeviklik göstəricisi spesifik qaydaları olacaq belə bir cəmiyyətin gələcəkdə yaranacağını labüd edir. Bunun üçün indidən yubanmadan müəyyən profilaktik işlər görməyin zəruriliyini anlayan dünya dövlətlərindən bəziləri “Süni intellektə dair Milli Strategiyaları”nı artıq müəyyən müddət olar ki, qəbul ediblər. Məsələn, 2018-ci ildə Hindistanda sözügedən strategiya qəbul olunub. 2019-cu ilin oktyabrın 10-da Rusiya Federasiyasının Prezidenti 490 nömrəli qərarı ilə “2030-cu ilə qədər olan dövr üçün Süni intellektin inkişafına dair Milli Strategiya”nı təsdiq edib. Türkiyədə də dövlət başçısının Rəqəmsal Transformasiya İdarəsi və Sənaye və Texnologiyalar Nazirliyi ilə birgə və bütün aidiyyəti tərəflərin fəal iştirakı ilə hazırlanmış “2021-2025-ci illər üçün Milli Süni intellekt Strategiyası” Prezidentin 2021/18 nömrəli sərəncamı ilə təsdiq edilərək qüvvəyə minib. Ölkəmizə gəlincə, qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilmiş II Qlobal Media Formunda çıxış edərkən deyib: “Biz yeni reallıqlarla qarşı-qarşıyayıq. Süni intellektin inkişafı, informasiyanın sosial şəbəkələrdə yayılması zamanı onun imkanlarının tətbiqi ola bilər ki, gələcəkdə, biz bunu artıq bu gündə müşahidə edirik, nizamlamayan nəticələrə gətirib çıxarsın”... “Bəlkə də süni intellektlə bağlı qanunvericilik, tənzimləyici və ya konvensiya bazasının işlənib hazırlanması barədə düşünməyin vaxtı çatıb”. Bu sözlər onu deməyə əsas verir ki, yaxın gələcəkdə sözügedən proses mütləq ölkəmizdə də geniş vüsət alacaqdır.
Düşünürük ki, ölkəmizdəki xüsusilə hüquqşünaslıq ixtisaslarını tədris edən universitetlərimizdə “süni intellekt hüququ”, “internet hüququ” adlı hüquq sahələri tədris olunmalıdır. Bu, zərurətdən qaynaqlanır. Xarici ölkələrin universitetlərində bu fənlər artıq neçə illərdir ki, tədris edilir. Hətta bəzi ölkələrin (məsələn, Türkiyənin) universitetlərində süni intellekt hüququna dair praktiki məşğələlərin keçirildiyi “süni intellekt hüququ labaratoriyaları” fəaliyyət göstərir.
Şübhə yoxdur ki, yaşadığımız texnoloji inqilab dövrü çoxsaylı yeniliklər meydana çıxarır və çıxaracaqdır. “Robotlaşma erası” və ya “Kiber era” olaraq da adlandıra biləcəyimiz müasir dövrümüzdə süni intellektin tətbiqi artıq bütün sahələrdə özünü göstərir. Rəqəmsallaşmanın, xüsusilə də süni intellektin elektron dövrün tələblərinə uyğun olaraq inkişafı ortaya çıxması proqnozlaşdırılan “Ağıllı konstitusiya” anlayışını nəzəri və praktiki baxımdan dərindən qiymətləndirməyi tələb edir.
Digitalizasiya prosesinin təsiri ilə dünya dövlətlərinin konstitusiyalarının hansı formada dəyişikliyə uğrayacağı ilə bağlı elmi araşdırmaların aparılması artıq zərurətdən qaynaqlanır. Rəqəmsal yeniliklərin “şəxsiyyət, cəmiyyət və dövlət” üçlüyünün həyatına ciddi təsiri konstitusiya hüququ elmində mühüm müzakirəyə səbəb olacaq çoxsaylı problemləri meydana çıxarmışdır.
Elektronlaşma dövrünün son mərhələsi kimi süni intellekt erasına keçid yeni hüquqi texnologiyalarının və alqoritmik dəyərlərin konstitusion tənzimlənməsini labüd edir ki, bu da klassik konstitusiyaların təbiətinin əhəmiyyətli dərəcədə dəyişikliyə uğramasına gətirib çıxaracağını ehtimal etməyə əsas verir. Təsadüfi deyil ki, süni intellekt texnologiyalarının inkişafı dövlətlərin “Ağıllı konstitusiya” anlayışına doğru irəliləməsini şərtləndirir.
İlk baxışda bu haqda fikir yürütməyin tez olması düşünülsə də, süni intellekt texnologiyalarının yüksək sıçrayışlı tərəqqisi dövlətlərin rəqəmsallaşma prosesi ilə bağlı dəyişikliklərə klassik konstitusiyalar çərçivəsində deyil, “ağıllı konstitusiya”lar müstəvisində nəzər salmağı tələb edir.
“Klassik konstitusiyalar” adlandırılan dünya dövlətlərinin ənənəvi konstitusiyalarının tarixi təxminən 1700-cü illərə gedib çıxır. Dünyada ilk konstitusiya isə 1787-ci ildə ABŞ-da qəbul olunmuşdur. “Klassik konstitusiyalar” konstitusionalizm konsepsiyasına əsaslanır. Qeyd edək ki, dövlət orqanlarının səlahiyyətlərini məhdudlaşdıran, insan və vətəndaş hüquq və azadlıqlarını dövlət qarşısında qorumaq məqsədilə adi qanunlardan üstün və onlardan daha çətinləşdirilmiş mexanizmə malik olan üsullarla dəyişdirə bilən və adına “konstitusiya” deyilən sərt bir ali qanunun qəbul edilməsini şərtləndirən düşüncəyə və axıma “konstitusionalizm” deyilir.
“Klassik konstitusionalizm” konsepsiyasına görə hüquqi termin kimi işlədilən “konstitusiya” sözü dövlətin ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan ali qanunvericilik aktı mənasında işlədilir və bu akt şəxsiyyət, cəmiyyət və dövlətlə bağlı ən mühüm münasibətləri tənzimləməklə yanaşı, dövlətin konstitusion quruluşunu, xalq hakimiyyəti və dövlətin əsaslarını təsbit edir, eləcə də ölkənin iqtisadi, siyasi, sosial, hüquqi, ideoloji və əxlaqi xüsusiyyətlərini əks etdirir. Bundan başqa, dünya dövlətlərinin konstitusiyaları dövlət orqanlarının təşkili və fəaliyyətinin prinsiplərini, dövlət hakimiyyətinin və dövlət idarəçiliyinin başlıca müddəalarını, məhkəmə hakimiyyətinin sistemini, vətəndaşların, ictimai təşkilat, birlik, müxtəlif qurumların hüquq və azadlıqlarını müəyyən edir.
Konstitusiya cəmiyyətin bütün üzvlərinin hüquqi statusunun əsasını müəyyən еdir və bununla da dövlətlə fərd arasındakı əlaqələrin ümumi konturlarını cızır. Konstitusiya bütün ölkədə norma yaradıcılığının əsaslarını, qanunvеricilik sistеmini formalaşdırır və bütün qanunvеricilik sistеminin başında durur.
Bəs, görəsən, rəqəmsal transformasiyanın hər sahəyə olduğu kimi hüquqa da təsir etməsi tamamilə yeni konstitusionalıq dəyərlərimi meydana çıxaracaqdır? Yoxsa mövcud olan klassik konstitusionalizm konsepsiyasının formatındamı müəyyən dəyişikliklər edəcəkdir? Bu və bunun kimi düşündürücü suallar cavablandırılmağı gözləyir.
Düzdür, klassik konstitusiyalarda olduğu kimi “Ağıllı konstitusiya”ların da əsas hədəfi elektron çağımızda şəxsiyyət, cəmiyyət və dövlətin mənafe və maraqlarını qorumaqdan ibarət olmalıdır. “Ağıllı konstitusiya”nın prioritet məqsədi yeni texnologiyaların geniş vüsət aldığı dövrdə əsas insan və vətəndaş hüquq və azadlıqlarını qorumaq, dövlətin və özəl sektorun güc və səlahiyyətlərini şəxsiyyət və cəmiyyətin xeyrinə məhdudlaşdırmağa istiqamətlənməlidir. Onu da qeyd edək ki, “Ağıllı konstitusiya”lara ənənəvi insan və vətəndaş hüquq və azadlıqlarından başqa, rəqəmsal insan haqlarının da daxil ediləcəyinə düşünmək olar. Belə rəqəmsal insan haqları sırasına rəqəmsal iştirak hüququnu (seçkilərdə, referendumda və ya qanun layihəsinin müzakirəsində elektron qaydada iştirak hüququ), unudulmaq hüququnu və digər insan haqlarını misal göstərmək olar.
Fikrimizcə, “Ağıllı konstitusiya”nın rəqəmsal “sifəti” yeni texnologiyalardan, xüsusilə də süni intellektdən istifadə olunmasıdırsa, onun digər “sifəti”, yəni hədəf və məqsədləri demək olar ki, klassik konstitusiyalarda olduğu kimi dövlət hakimiyyəti orqanlarının səlahiyyətlərini insan hüquq və azadlıqları, eləcə də cəmiyyətin maraqları naminə məhdudlaşdırma ideologiyasına əsaslanır. Buradan isə o nəticəyə gələ bilərik ki, “Ağıllı konstitusionallıq” konsepsiyası rəqəmsal dövrün tələblərini, onun təhdid və risklərini hesablayan, həmin problemlərə modern tələblərə cavab verən həll yolları axtaran, elektron cəmiyyətin gözləntilərini qarşılaya bilən yeni bir hüquqi konsepsiyadır, görüşdür.
Hesab edirik ki, “Ağıllı konstitusionallıq” konsepsiyasının öz qneseoloji mənşəyi olan “klassik konstitusionalıq” konsepsiyasından tamamilə qopması ən azı indilik, hətta yaxın gələcəkdə mümkün olmayacaqdır. Bu baxımdan “Ağıllı konstitusionallıq” konsepsiyasına hələ ki, klassik konstitusionallığın hədəflərini elektron dövrün tələblərinə uyğun formada qorumağa xidmət edən bir vasitə, üsul kimi yanaşmalıyıq. Çünki “ağıllı konstitusionallıq” konsepsiyasına tamamilə fərqli prizmadan baxmağı şərtləndirən səbəblər hazırkı vəziyytətdə mövcud deyil. Məsələn, müasir dövrdə rəqəmsal dünyamızda yeni bir dövlət modelinin yaxın gələcəkdə meydana çıxacağını gözləmək yanlışlıq olar. Məhz buna görə də “klassik konstitusionalıq” konsepsiyasından tamamilə fərqlənən spesifik xarakterə malik yeni bir “rəqəmsal konstitusionalıq” ideologiyasının formalaşması hələ ki, çox tezdir. Bir qədər uzaq gələcəkdə isə bunun baş verəcəyini təxmin etmək mümkündür. Yəni ehtimal etmək olar ki, uzaq gələcəkdə rəqəmsal dövrün tələblərinə uyğun bir formada dünyada yeni bir dövlət modeli meydana çıxa bilər.
Zənn edirik ki, elektron dövrün “Ağıllı konstitusiyası” rəqəmsallaşma və süni intellekt texnologiyalarının hüquq sisteminə inteqrasiyası nəticəsində formalaşan yeni bir hüquqi model olacaq və bu model operativ qərar qəbuletmə prosesləri, şəxsiyyətin rəqəmsal təminatı, dövlət orqanlarının fəaliyyətinin avtomatlaşdırılması, süni intellektin mürəkkəb hüquqi kazusların analitik həllində istifadə edilməsi kimi spesifik xüsusiyyətləri özündə ehtiva edəcəkdir. Şübhə yoxdur ki, “Ağıllı konstitusiya” vasitəsilə dövlət idarəetməsi daha effektiv həyata keçiriləcək, dövlət məmurlarının fəaliyyətində şəffaflıq artacaq, məhkəmə orqanlarında ədalət mühakiməsinin həyata keçirilməsində obyektivlik və ədalətlilik prinsiplərinə daha ciddi riayət olunacaq, qanunvericilik aktlarının təbiqində operativlik müşahidə olunacaq, kiber təhlükəsizliyə təminat veriləcək, son nəticədə isə insan hüquq və azadlıqları daha möhkəm qorunacaqdır.