Yalançı qəzetlər, əsgəri çaşdıran marka, rüsvayçı məğlubiyyət  TARİXİN SANDIĞINDAN
02 noyabr 2019 13:53 (UTC +04:00)

Yalançı qəzetlər, əsgəri çaşdıran marka, rüsvayçı məğlubiyyət TARİXİN SANDIĞINDAN

Avstriya-Macarıstanın zarafatcıl hərbçiləri arasında belə bir deyim dolaşırdı: “Allah ordunu yaradanda, onları gücünə görə bölüb. Sol cinahın ən sonuncu yeri Avstriya-Macarıstan ordusunun payına düşüb. Bunu görəndə, ordu rəisləri şikayətlənib: “İlahi, axı biz də kimisə vurmalıyıq!” Bax onda, Allah İtaliya ordusunu yaradıb”. Avstriya-Macarıstan ordusu bu zarafatın haqlı olduğunu 1917-ci ilin oktyabr-noyabr aylarında Kaporetto yaxınlığındakı döyüşlərdə isbat etdi.

1917 il idi. Qərb cəbhəsində hər iki tərəfin qoşunları bitmək bilməyən, mənasız lokal döyüşlərdə ilişib qalmışdı. İngilis-fransız ordu birləşməsinin həmin ilin aprel-may aylarında keçirdiyi bircə hücum əməliyyatı (“Nivelin hücumu”) zamanı hər iki tərəf həlak ölən və yaralananlarla 480 min itki versə də, heç bir gözəgəlimli nailiyyət əldə olunmamışdı. Amma bir nəticə var idi: hücumun dalana dirənməsi və Rusiyada inqilab xəbəri fransız ordusunu əməlli-başlı silkələmişdi. Bəzi alaylar döyüşə girməkdən imtina edir, digərləri isə yük maşınlarını, qatarları ələ keçirib Parisə qayıtmağa çalışırdılar ki, hökuməti təcili olaraq sülh sazişi imzalamağa məcbur etsinlər. Bu azmış kimi, iki alayın əsgərləri də tətil edən fransız fəhlələrin köməyinə tələsirdi, amma onların qarşısını güclü artilleriya atəşi kəsdi. Niveldən sonra komandanlığa general Petenin gəldiyi fransız ordusunda komandirin əmrindən çıxmağa görə güllələnmə cəzası belə tətbiq olunmağa başlamışdı. Beləliklə, Qərb cəbhəsində ölü bir sükut, hərəkətsizlik başladı.

Almanlar Rusiyadakı Fevral inqilabı ilə əlaqədar rus qoşunlarındakı başıpozuqluqdan istifadə edərək, Riqa şəhərini ələ keçirdilər, amma uğurlarını inkişaf etdirmək fikrindən vaz keçdilər. Çünki qüvvələrinin bir hissəsini İtaliya cəbhəsinə atmaq fikrindəydilər – onların əsas planları həmin cəbhədə möhkəmlənmək idi. Orada piyada qoşunları generalı Otto fon Belovun rəhbərliyi altında çox güclü 14-cü ordu formalaşmışdı. Bu ordunun tərkibində səkkiz Avstriya və yeddi Almaniya diviziyası, 1621 top, 301 minaatan və 1000 ədəd qaz bombası atan toplar vardı. 

Haşiyə: Qaz bombası atan toplar I Dünya müharibəsində geniş tətbiq olunurdu. Bu silahdan düşmən ərazisinə qaz balonları atırdılar. Balonlar təyinatından asılı olaraq ya yandırır, ya da bütün ərazini və canlı qüvvəni zəhərləyərək, məhv etmək üçün nəzərdə tutulurdu. Çox istifadə olunan bu üsulun böyük çatışmazlıqları da vardı – balonu dəqiq atmaq olmurdu. Zəif bir küləyin əsməsi bəs idi ki, mərmi hədəfdən yayınıb, öz mövqelərinə ziyan yetirsin. Sonralar, 1916-cı ildə Britaniya Kral ordusu mühəndis korpusunun zabiti kapitan Uilyams Livinq zəhərləyici maddələrin düşmən mövqelərinə çatdırılması üçün xüsusi minaatan ixtira etdi və qaz balonları arsenaldan çıxarıldı. Yeni silahda tətbiq olunan elektrikli alışdırma sistemi çoxsaylı minaatanların bütöv batareyalar şəklində istifadəsini mümkün etdi.  

İtaliya hərbi komandanlığı kəşfiyyat xidmətindən hazırlanan hücum barədə saysız-hesabsız xəbərdarlıq alırdı, lakin nə baş qərargahın rəisi qraf Luici Kardona, nə də onun generalları aşkar nigaranlıq keçirmirdilər. Düzdür, axırda Kardona general Luici Kapelloya tapşırıq verdi ki, Kaporetto yaxınlığında hücum gözlənildiyindən ordakı qoşun hissələrinin dislokasiyasına yenidən baxsın. Lakin Kapello ilə Kardonanın münasibətləri heç xoş deyildi deyə, general tapşırığı qulaqardına vurdu. O, artıq istedadlı, amma son dərəcə başısoyuq, intizamsız komandir kimi ad çıxarmışdı və özünü vahid operativ plana uyğunlaşdırmağı lazım bilmirdi. Kapellonun fikrincə, yeni operativ plan onun öz planlarına uyğun gəlmirdi. Nəticədə onun ordusu müdafiəyə hazır deyildi.

İtaliya xüsusi xidmətinin agentləri yaxınlaşan təhlükə barədə informasiya ötürməyə davam edirdilər. Fərari çex və macar zabitlər isə daha mükəmməl məlumat verirdilər. Digər tərəfdən də, Fransadakı müttəfiqləri düşmənin bütün ehtiyat qüvvələrini işə saldığı barədə xəbərlər çatdırırdı.

İsveçrədəki Amerika agentləri almanların yaxınlaşan hücumu barədə xəbər əldə edən kimi, belə bir məlumat göndərdilər: “Avstriyalılar almanların köməyilə İtaliya əleyhinə böyük hücum hazırlayırlar. Onlar italyan qoşunlarının ruhunu qırmaq üçün geniş təbliğat tədbirləri planlaşdırırlar və hazırlıq işləri gedən hücumda böyük nailiyyətlər qazanmağa ümid edirlər”. Başqa bir məlumatda isə belə yazırdılar: “Almanlar və avstriyalılar geniş hücum əməliyyatına başlayan kimi, İtaliyanın köməyinə gedəcək ingilis və fransız qoşunlarına mane olmağa çalışacaq. Hücum başlanan kimi düşmən casusları Mon-Senis tunelini partladaraq, Fransadan İtaliyaya kömək çatdırılmasının qarşısını alacaqlar”.

Təxminən həmin vaxtlarda Almaniya ilə Antantanın səngərləri arasındakı neytral ərazidə patrul xidməti həyata keçirən bir ingilis kapralı şəkilli bir poçt kartı tapır. Onun üzərində Alp dağlarının Avstriya ərazisindəki hissəsinin peyzajı vardı və onu göndərən əsgər öz dostuna belə yazırdı: “Biz indi Avstriyada istirahətdəyik və bu istirahətə böyük ehtiyacımız var”. Üzərindəki poçt ştempelinə əsasən, naməni “Henrix” adı ilə imzalayan şəxs alman ordusunun məşhur dağ korpusunun əsgəri idi və həmin korpus Rumıniyada general Kraft fon Delminzingenin komandanlığı altında uğurla döyüşmüşdü. Belə bir sual yaranırdı ki, bu qoşunlar amerikalıların əvvəlcədən İsveçrəyə xəbərdarlıq etdiyi kimi, hücuma hazırlaşmırsa, onda niyə Avstriyada dincəlir? Poçt kartının üstündə tarix yox idi və onu palçığın içindən tapmışdılar; kimsə bilmirdi ki, burda nə vaxtdan qalıb. Onun mənasını yalnız 1917-ci il oktyabrın 23-də, artıq hücuma müqavimət göstərmək mümkün olmayanda anladılar.

Avstriya-alman qoşunları böyük hücuma hazırlaşmışdılar. Bu əməliyyat onlara yalnız hücum kimi yox, həm də müharibədən yorulmuş qurama Avstriya-Macarıstan imperiyasının çoxmillətli əhalisinə təsir edəcək, onun gücsüz ordusuna ruh yüksəkliyi bəxş edəcək tədbir kimi lazım idi.

Avstriya-Macarıstanın dağılmasının qarşısını almaq üçün İtaliyaya uğurlu hücum zəruri idi. Bunu general Rongenin rəhbərlik etdiyi Avstriya kəşfiyyatı da anlayırdı. Və alman-avstriya qoşunlarının Kaporetto yaxınlığındakı görünməmiş uğurunu da məhz general Ronge təmin etdi.

Avstriya kəşfiyyatının agentləri hücum ərəfəsindəki həftələr ərzində İtaliyanın şimalındakı vəziyyət barədə müfəssəl məlumat toplamışdılar. Düz elə həmin vaxtlar İtaliyanın bir sıra şəhərlərində iğtişaşlar baş verirdi. Özü də, Turin kimi bəzi mərkəzi şəhərlərdə camaatı silah tətbiq edərək, sakitləşdirməyə məcbur olurdular. İtaliya mətbuatında vəziyyətlə əlaqədar xəbərlərin hamısı ciddi senzuraya məruz qalırdı və qəzetlərdə gedən materiallarda yalnız “xalqın dəstəkləmədiyi məsuliyyətsiz anarxistlər tərəfindən qızışdırılan xuliqan elementlərin təxribatçı əməlləri”ndən bəhs olunurdu.

Avstriya qəzetləri küçələrdə öldürülənlərin adlarını və ünvanlarını müəyyən etdilər və hadisələr barədə Turin sakinlərinin, ətraf Pyemont əyalətində yaşayan əhalinin inana biləcəyi ən xırda təfərrüatları topladılar.

Əldə olan bu informasiyadan istifadə etməklə, İtaliyanın bir neçə məşhur qəzetinin saxta sayları hazırlandı. Avstriyada çap olunmuş bu qəzetlər elə ustalıqla hazırlanmışdı ki, onların saxta olduğu kimsənin ağlına gəlməzdi. Qəzetlərin ilk səhifələrində adama gəl-gəl deyən başlıqlar altında Turindəki son iğtişaşlardan, toqquşmalardan, küçələrdə axan qandan çox inandırıcı yazılar yerləşdirdilər. Məqalələrin içində xüsusilə iri şriftlə ölənlərin və yaralıların adları da yer alırdı, halbuki bu məlumatları oxucuya vermək İtaliya mətbuatı üçün yasaq idi. 

Acı və açıq redaksiya məqalələri cəmiyyətdə İtaliya qoşunlarının arxa cəbhəsində tam anarxiya hökm sürdüyü barədə qənaətlər formalaşdırılırdı.

Elə həmin qəzetlərdə Rusiyadakı inqilab barədə də materiallar yerləşdirilir, rusların almanlara güllə atmaqdan imtina etdiyi, cəbhədən kütləvi şəkildə qaçdığı barədə yazılar gedirdi. Təbii ki, yaxın zamanlarda Fransada baş verən hadisələri də unutmurdular – orada da bütöv qoşun hissələri komandanlığa tabe olmaqdan imtina etmişdi.

Bütün bu hadisələr ustalıqla dramatikləşdirilir, əsgərlərin anladığı sadə dildə təqdim edilirdi və Avstriyanın xüsusi xidmət orqanları bu sahədə qısa zamanda çox püxtələşmişdilər. Heç təsadüfi deyil ki, bu qəzetlərin hazırlanması prosesinə həmin dövrün ən istedadlı jurnalistləri cəlb olunmuşdu.

Bütün İtaliya ordusunda pyemontlular ən yaxşı əsgər sayılırdı; onlar hücum üçün nəzərdə tutulmuş hərbi birliklərin tərkibinə salınır, İtaliya cəbhəsinin ən aparıcı, Avstriya qoşunlarının ilk növbədə ələ keçirmək istədiyi mövqeləri müdafiə edirdilər. Avstriya hərbçiləri hərbi təyyarələrdən düşmən mövqelərinə əsgərlərin döyüş ruhunu qırmağa köklənmiş məqalələri olan “təzə italyan qəzetlərini” dəstə-dəstə atanda, ən mətin əsgərlər belə, ruhdan düşürdü. Avstriya kəşfiyyatı, daha inandırıcı olsun deyə, qəzetlərə ən yaxın günlərin tarixini qoyurdu; bununla, çap məmulatının İtaliyada çap edilərək, Avstriyaya qaçaq gətirildiyi barədə təəssürat formalaşırdı.

Əsgərlər həmin qəzetləri bir-birinin əlindən qapır, ölənlərin və yaralananların siyahılarında dostlarının, qohumlarının adını axtarırdılar. Necə deyərlər, axtaran tapar. Çoxsaylı italyan ailələrində soyadı eyni olan adamlar tapmağa nə vardı ki... Beləliklə, əsgərlər ruhdan düşür, göz yaşı axıdır, sonra da qəzəblənib döyüşməkdən imtina edir, süngülərini yerə sancırdılar.

Avstriya kəşfiyyatının aktiv dezinformasiya əməliyyatının effekti bütün gözləntiləri üstələdi. Oktyabr ayının 23-də İtaliya qoşunlarındakı narahatlıq zirvə nöqtəsinə çatdı, ertəsi gün isə dörd saatlıq bombardmandan və bir saatlıq artilleriya atəşindən sonra Almaniya hərbi qüvvələrinin general fon Belovun komandanlığı altında döyüşən 14-cü ordusu hücum əməliyyatını başladı. İtalyanlar demək olar ki, müqavimət göstərmədilər. Cəbhə xəttinin 30 kilometrlik parçası yarıldı. İtaliya qoşunları darmadağın olaraq, sürətlə geri çəkilməyə başladı. Yalnız ingilis və fransızların ehtiyatda olan hərbi birliklərinin köməyə gəlməsi cəbhə xəttinin 10 noyabrda Pyava çayı boyunca stabilləşməsini təmin edə bildi. Yeni mövqelər əvvəlkindən 60 kilometrlik məsafədə idi. 

Haşiyə: “Kaporetto döyüşü” müharibələr tarixinə müdafiədə duran ordunun ən biabırçı məğlubiyyəti kimi daxil oldu. İtaliya ordusu 10 min qurban verdi, 30 min nəfər yaralandı – itkilər o qədər də böyük deyildi. Amma əsir düşənlər 265 min, fərarilər 300 min nəfər oldu – bu, artıq görünməmiş rəqəmlər idi! Artilleriyanın tən yarısı, 22 aviasiya birliyi, çox sayda başqa əmlak məhv edildi. Həmin məşhur döyüş dahi Heminqueyin 1929-cu ildə çıxan “Əlvida, silah!”( A Farewell to Arms) romanında öz əksini tapıb. Yazıçı o zamanlar İtaliya cəbhəsində qulluq edirdi.

Bəs, döyüşü belə biabırçı şəkildə uduzan generalların başına nə gəldi?

Baş qərargahın rəisi Kardona 1917-ci il noyabrın 8-də vəzifəsindən gedib, müttəfiqlərin Versaldakı Ali hərbi şurasına təyin edildi. 1918-ci ildə isə general-leytenant rütbəsində istefaya göndərildi. Benito Mussolininin hakimiyyətə gəlişilə yenidən ordu sıralarına qayıtdı, Ordu generalı rütbəsində qulluğa başladı, 1923-cü ildə isə İtaliyanın marşalı oldu.

General Luici Kapelloya isə ordusu buraxılandan sonra yeni ordunun formalaşdırılması tapşırıldı. Lakin qanuni cəza onu 1918-ci ilin mart ayında haqladı, onu tutduğu vəzifədən uzaqlaşdırdılar, müharibədən sonra isə məhkəməyə verib, bütün rütbələrini əlindən aldılar. Uğursuz general 1941-ci ildə öz əcəli ilə öldü...      

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4367
avatar

İlqar Əlfi

Oxşar yazılar