“Türklərin Bismarkı”, müdrik vəzirin hekayəti, 1300 yaşlı abidənin sirri - ARAŞDIRMA
14 yanvar 2020 17:24 (UTC +04:00)

“Türklərin Bismarkı”, müdrik vəzirin hekayəti, 1300 yaşlı abidənin sirri - ARAŞDIRMA

Dünya xalqlarının mədəniyyətinin, maddi və mənəvi dəyərlərinin qorunmasına himayədarlıq edən UNESCO 2020-2021-ci illərdə qeyd edilməsi nəzərdə tutulan mədəni tədbirlərin siyahısını açıqlayıb. Bu tədbirlər içərisində türk xalqları üçün önəmli və qürurverici hadisə olan Müdrik (Bilgə) Tonyukuk abidələrinin 1300 illiyinin də tədbirlər planına salınması oldu. Bu münasibətlə bir çox elm və mədəniyyət ocaqlarında abidələrin tanıdılması, onlar haqqında araşdırmaların təqdim olunması tədbirləri təşkil olunacaq ki, bu da milli türk soyumuzun daha geniş tanıdılması üçün böyük fürsətdir.

Tonyukuk kimdir?

Tonyukuk türk tarixinin ilk tarixçisi, yazarı, qeyri-adi istedada, biliyə malik müdrik şəxsiyyətlərindəndir. Onun dərin düşüncələri, təcrübələri avropalı alimləri heyrətləndirmiş və onu “türklərin Bismarkı” adlandırmışdılar. Doğum tarixi bilinməyən Tonyukuk öz sağlığında ucaltdığı yazılı abidədə bildirir ki, Göytürklərin əsarət altında olduğu illərdə Çində doğulmuşdur. Soyu Aşina ailəsinin Aşidə qolundandır. Gənc yaşlarında İltəriş Qutluq bəyin azadlıq çağırışına dəstək olaraq Göytürk ordusunda hərbi xidmətə başlamışdır. Cəsur sərkərdə az sonra böyük bir orduya komandanlıq etmişdir. Beləliklə, Göytürklər Çin əsarətindən qurtulub, 682-ci ildə ikinci dəfə dövlətlərini qura bildilər. O, yazır: “Bitki yeyərək, dovşan yeyərək oturardıq. Millətin qarnı tox idi. Düşmənimiz çevrəmizdə ocaq kimi olsalar da, atəş biz idik”.

Tonyukuk ömrünün qalan hissəsini ikinci Göytürk dövlətində uzun müddət dövlət xadimi, vəzir olaraq keçirmişdir. O, ilk dəfə dövlətin qurucusu İltəriş Qutluq Xaqanın, sonra Qapağan xaqanın, daha sonra isə Bögü və Bilgə xaqanların baş vəziri olmuşdur. Etibarı və hörmətinə görə Bilgə xaqan öz qızını onunla evləndirmişdir. Dövlətə vəzirlik etdiyi zaman qonşu dövlətlərə danışıqlar üçün elçi kimi getmiş, danışıqlar aparmış, münaqişəli ərazi məsələlərini dövlətinin xeyrinə həll etməyi bacarmışdır. Eyni zamanda, öz təcrübəsinə əsaslanaraq, gənc xaqanları bəzi mənfi və dövlətə zərər verəcək  qərarlardan çəkindirməyə nail olmuşdu. Ömrünün sonlarına qədər təcrübə və müdrik məsləhətləri ilə 46 il dövlətinə qüsursuz xidmət etmişdir. Çin qaynaqları onun haqqında “Hər şeyi geniş düşünən, yaşlı olmasına baxmayaraq, zəkası ilə qığılcımlar saçan böyük” - deyə məlumat verirlər.

Tonyukuk, milli məsələlər kimi, dini inanc məsələlərində də diqqətli idi. O, yazılı abidəsində Tenqriçilik inancı daşıyan xalqı buddizm və digər dinlərin basqısından qorumaq üçün mücadiləsindən bəhs edir. Hətta Bilgə xaqanın da buddizmə meylini də tənqid etmişdir. 723-cü ildə toplanan dövlət məclisində Bilgə xaqana qarşı sərt fikirlər ifadə etmişdir. Tonyukukun düşüncəsinə görə, buddizm ölkədə yayılmamalı idi. Çünki bu din türklərin döyüş ruhunu sarsıdacaq, dinamik çöl həyatını olduqca zəiflədəcək və toplum döyüşdən çox müdafiə olunmağa keçəcəkdi. Eyni zamanda, türklərin müdafiə döyüşləri apara bilməyəcəklərini də açıqlamışdı. Çünki onun zənnincə, türk hücumdan müdafiəyə keçərdisə, dövləti məhv olacaqdı. Türkün bir inancı vardı, o da Tenqriçilik idi və belə də qalmalı idi. Abidədə də yazıldığına əsaslanaraq deyə bilərik ki, dövlət məclisi onun dediklərini qəbul etməyə məcbur olmuşdur.

Tonyukuk abidələri

Bu yazılı kitabələrin üzərindəki işarətlərdən onun 720-ci ildə ucaldıldığı güman edilir. Böyük bir çölün ortasında dikilmiş daşların toplandığı ərazi Monqolustanın paytaxtı Ulanbatur şəhərindən 55 kilometr şərqdə “Zəngin Qayalıq” vadisində yerləşir. 1,5 kilometr uzanan bu böyük məzarlıqda 289 daş abidə tapılmışdır. Məzarlıqda dövlət adamlarının, hörmətli el ağsaqqallarının məzarları ilə yanaşı, döyüş zamanı öldürülən düşmən əsgərlərinin də məzarları var. Tonyukukun adına ucaltdığı 4 tərəfli iki qranit kitabədən biri 2.43 metr, üzərində 35 sətir yazı, digəri 2.17 metrdir və üzərində 27 sətir yazı var. Abidələrin yanında 8 ədəd başları qopmuş heykəl də vardır ki, tarixçilər onların kimlərə aid olduğunu hələ dəqiqləşdirə bilməyiblər. Tarixdə “Türk” kəlməsi məhz bu abidələrdə keçmişdir və bu ada o iki abidədə 20 dəfə rast gəlinir. Eyni zamanda, buradakı sətirlərdə 13 dəfə Oğuz və Çin, 7 dəfə isə Tenqri adı yazılmışdır. Tonyukuk yazılarında gələcək haqqında sətiraltı nələr olacağından narahatdır və  dövründə başlarına gələnləri anladır. O, bir növ gələcək nəsilləri bundan ibrət almağa çağırır. Çinlilərlə və digər qonşu dövlətlərlə apardıqları müharibələrdən yazır, xaqanını tərifləyir, lakin öz ağıl və dərrakəsi ilə hansı siyasətləri yeritdiyini də qeyd edir: “İki min idik. İki ordumuz oldu. Türk milləti var olandan, türk xaqanı taxta oturandan Şantuq şəhərinə vara bilən olmamışdı. Xaqanıma məsləhət verib, onu göndərdim. 23 şəhər zəbt etdi”.

Maraq doğuran digər məqam isə iki daşda toplanan 62 sətirdə Kültiginin adının keçməməsi, Bilgə xandan isə iki dəfə söz edilməsidir. Tarixçilər bunu Tonyukukun ömrünün son dövrlərində xaqana küskünlüklərinin olması ilə izah edirlər. Bu küskünlüyün digər əsaslandırması isə Tonyukukun Orxon vadisindən 500 kilometr şərqdə qədim Hun məzarlığında abidə ucaltdırmağıdır. O, sanki öz atalarına sığınmışdı.

Tonyukuk və Orxon abidələrinin birgə kəşfi

Böyük Türk ulusunun ilk yazılı dövlət sənədləri, bu günün ən etibarlı qaynaqları sayılan Kültigin, Bilgə Xaqan, Tonyukuk abidələridir.

İlk dəfə 1721-ci ildə ruslar Yenisey abidələri olaraq adlandırılan daşları kəşf etdilər. 1889-cu ildə isə Rusiya Elmlər Akademiyası Orxon vadisindəki yazılı daşları tapdı. Lakin bu daşların hansı mədəniyyətə, hansı millətə aid olması bilinmirdi və o dövr alimləri arasında böyük maraq oyatmışdı. Daşların üzərindəki yazıların skandinav xalqlarının runik yazı sisteminə bənzəməsi ilə əlaqədar rus alimlər İsveç, Danimarka və Fin alimlərini də Monqolustana daşları oxumağa dəvət etdilər. Bəzi araşdırmalardan sonra belə qərara gəldilər ki, bu, Fin xalqının kökənlərinə aid daşlardır. Bu haqda Avropa qəzetlərində məqalələr də nəşr edilmişdi. Lakin çox keçmədi ki, bütün fikirləri alt-üst edən araşdırma ortaya çıxdı. Alman əsilli rus dilçi alim Vilhem Radlofla Danimarkalı dilçi alim Vilhelm Tomsen eyni anda araşdırmalara başladılar və ortaq nöqtəyə gəldilər ki, bu yazılar Türk millətinə aiddir. 1893-cü ildə onlar mətbuat vasitəsi ilə bu araşdırmanı dünyaya təqdim etdilər. Şifrəsi açılan və ilk oxunan söz Tenqri (Tanrı) sözü idi.

1897-ci ildə indiki Ulanbaturun cənubunda araşdırma aparan rus botanik Yelizaveta Klemans isə təsadüfən Tonyukuk yazılarını kəşf etdi. Əraziyə ezam olunan Vilhelm Tomsen yazılar oxuduqdan sonra buradakı yazıların da Orxon vadisindəki Bilgə və Kültigin yazıları ilə eyni əlifbada yazıldığını dəqiqləşdirildi və təsdiqlədi. Vilhem Tomsen daha sonra Göytürk dilini incələyərək sistemləşdirdi və “Orxon” adlı əsərini yazdı. Türk dünyasında bu dil və abidələr haqqında ilk məlumat 1897-ci ildə “İkdam” qəzetində “Ən qədim türk yazısı tapıldı!” başlığıyla yayımlandı. Türklər ilk dəfə ataları haqqında duydu və qədim mesajları almış oldular. Bu gün Altaydan Qobi səhrasına qədər, göytürk əlifbasının 38 hərfli əlifbası ilə yazılmış bütün daşlar tapılmış və oxunmuşdur.

Abidələrin qorunması

Orxon-Yenisey abidələri kimi, Tonyukuk abidələrinə də Türkiyə Cümhuriyyəti sahib çıxmaqdadır. Türk İş Birliyi və Koordinasiya Ajansı (TİKA) tərəfindən bu daşların olduğu ərazilər tarixi muzey şəklinə salınmış, gediş-gəlişin rahat olması üçün yol çəkilmiş və xüsusi mühafizə edilməkdədir.

Bu gün qürur duyuruq ki, bizdən 5 min kilometrdən çox uzaqda olsa da, ulusumuzun mədəniyyəti, dəyərləri böyük çöllər boyunca uzanan abidələr şəklində ayaq üstə qalmaqdadır. Nəsillər gəlib-gedir, lakin atalarımızın tini dolaşan o çöllərə türk mədəniyyəti gözətçilik etməkdədir. Bir gün qovuşmaq diləyi ilə...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10410
avatar

Şəhla Cabbarlı

Oxşar yazılar