Heydər Əliyev
09 may 2023 20:15 (UTC +04:00)

Heydər Əliyev

Tarix yazan İNSAN

Allah Azərbaycan adlı məmləkətə bol-bol təbii sərvətlər, çox vacib geosiyasi mövqe, bu sərvətlərə və mövqeyə göz dikən çoxlu sayda düşmən və bütün bunlarla yanaşı bir ilahi lütf, xilaskar da göndərmişdi. Bu məmləkətdə yaşayan xalqı bəlalardan qoruyacaq, zülmətlərdə əlinə məşəl alıb irəli aparacaq, güclü dövlət ətrafında birləşdirəcək bir lideri - Heydər Əliyevi bəxş etmişdi Azərbaycana ulu Tanrı. Onun kimi şəxsiyyətlər 100 ildə bir dəfə doğulur. 

Taleyimizə milli birliyimizin, diriliyimizin, Azərbaycançılığın və elə Azərbaycanın simvolu olan Heydər Əliyevlə eyni dövrdə yaşamaq səadəti düşüb.

Keçmiş SSRİ-nin Dövlət Plan Komitəsinin sədri Nikolay Baybakov bir zamanlar “Mən Azərbaycanı, Azərbaycan xalqını Heydər Əliyev qədər sevən ikinci adam tanımıram” demişdi. O zamanlar kimsə belə birini tanımırdı. “Mən fəxr edirəm ki, azərbaycanlıyam” deyən böyük liderin bütün fəaliyyəti, ömrü xalqa  şərəfli xidmətdə keçib. 

Bunu xalqımızın dostları da, düşmənləri də etiraf edirdilər. Heydər Əliyev gücünü xalqdan, xalq gücünü ondan alırdı. Heydər Əliyevin hakimiyyətə ikinci gəlişi Azərbaycanın taleyində ən böhranlı, ən qarışıq, ən çətin günlərə düşmüşdü. Xalq tələb etmiş, “bizi bu bəladan qurtarsa, ancaq Heydər Baba qurtaracaq” deyib, onu gətirmişdi hakimiyyətə. O zamanlar böyüklü - kiçikli hər kəs üçün Heydər baba idi o. Orta yaşlı nəslin nümayəndələri yaxşı xatırlayarlar, 90-cı illərin ortalarında problemlərdən söz düşəndə hər kəsin cavabı demək olar ki, eyni olurdu. “Heydər Əliyev həll edəcək, çarə tapacaq”. Biz ona qeyd-şərtsiz inanmış, taleyimizi güvənmiş və yanılmamışdıq...

Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində Azərbaycan sabitlik amili kimi çıxış edən, iqtisadi inkişaf və sosial rifah yolunda sürətlə addımlayan beynəlxalq birliyin nüfuzlu bir üzvü kimi gündən - günə yüksələn ölkəyə çevrildi. Əlbəttə, bu yol asan olmadı. Nə onun özü, nə də canından çox sevdiyi xalqı üçün.

Heydər Əliyev ömrünün qısa xronikası

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub. Heydər Əliyev 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləyib. 

1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib.

1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə DTK-nın sədr müavini təyin edilib.

1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilib və həmin ildə də ona general-mayor rütbəsi verilib.

1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.

1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. 

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib.

Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşüb, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilib.
1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilib və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Bu vəzifədə o, 1993-cü ilə kimi çalışıb.

Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilib.

1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürüb və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olub.

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.

O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb.

2003-cü il dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib və dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olunub.

Dünyanın ən nüfuzlu liderlərinin Heydər Əliyev haqqında fikirləri...

Onun siyasi dühası dünya liderlərini də heyran qoymuşdu
 
Rusiya prezidenti Vladimir Putin deyirdi:

“Heydər Əlirza oğlu Əliyev Rusiya və Azərbaycanın strateji tərəfdaşlığının təməlini qoymuş, dostluğumuzun və qarşılıqlı anlaşmamızın möhkəmlənməsinə böyük şəxsi töhfə vermişdi”. 
 
Amerika Birləşmiş Ştatlarının keçmiş Prezidenti Corc Buş Heydər Əliyevin Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olduğunu deyirdi:  

“Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşıyıb. Dağlıq Qarabağ faciəsinin sülh danışıqları vasitəsilə ədalətli və uzunmüddətli həllinə nail olmaq sahəsində onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və sabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb edib”.
 
“Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarıb. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən, münaqişənin sülh yolu ilə həllində onun cəsarətini, müdrikliyini və qətiyyətini yüksək qiymətləndirdim”.
 
Fransa Respublikasının prezidenti Jak Şirakın düşüncələri belə idi onun haqqında.  

“Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər.

O, Azərbaycanla Birləşmiş Krallıq arasında hazırda mövcud olan güclü əlaqələrin təməlini qoydu. Fəxr edirik ki, Britaniya şirkətləri tərəfindən qoyulan böyük sərmayələr vasitəsilə Birləşmiş Krallıq Azərbaycanın gələcək tərəqqisinə töhfələr verir”.

Böyük Britaniyanın Baş naziri Toni Bleyer də Heydər Əliyev dühasını belə qiymətləndirirdi.

Heydər Əliyev elə bir şəxsiyyət idi ki, o atdığı hər imzada, ölkəmiz üçün bağlanan hər müqavilədə 5-10 il sonrakı rifah halını görür, uzaqgörənliklə illər sonra baş verəcək hadisələri nizamlayırdı.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onun türk dünyasının birləşdirilməsi  istiqamətindəki uzaqgörən siyasətini belə qiymətləndirirdi:

“Mərhum Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutur”.

BMT-nin o zamankı Baş katibi Butros Qali isə bu böyük azərbaycanlını öz qardaşı adlandıraraq “Heydər Əliyev böyük şəxsiyyətdir. O, mənim dostum, qardaşımdır. Onun yeri həmişə ürəyimin başındadır” demişdi.

Heydər Əliyev həm ölkədə, həm regionda, həm də bütün dünyada sülhün carçısı kimi tanınırdı. O, yaradıcı, qurucu, xilaskar idi. Ölkə həyatının elə bir sahəsi yox idi ki, Heydər Əliyev o sahəyə diqqət yetirməsin.  

Heydər Əliyev fenomeninin ən mühüm göstəricisi Azərbaycançılıq məfkurəsini uca tutması idi.  
Böyük siyasətçi Azərbaycan mədəniyyətinin inkişafına xüsusi əhəmiyyət verir, istedadlı sənət adamlarının qabağa çəkilməsində xüsusi rol oynayırdı. Bu gün dünya Müslüm Maqomayev, Rəşid Behbudov, Qara Qarayev, Fikrət Əmirov, Bülbül, Zeynəb Xanlarova və onlar kimi çox sayda sənətkarlarımızı tanıyırsa, bu Heydər Əliyevin xidməti idi.

Ulu öndərin vətənpərvər fəaliyyəti nəticəsində respublikada milli ruhlu ziyalı təbəqəsi formalaşmışdı. 

Onun fəaliyyəti dövründə atdığı hər addım, gördüyü hər iş Azərbaycan xalqının tarixində ayrıca səhifədir. 

O, daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq fədakar əməyi hesabına müstəqil Azərbaycan dövlətini qurdu, möhkəmləndirdi və əmin əllərə tapşıraraq bu dünyadan ürəklərə köç etdi.

Heydər Əliyevin bizə buraxdığı irsi tam qiymətləndirmək, anlamaq üçün yəqin uzun illər keçməlidir. Çünki böyük dağların zirvəsini uzaqdan daha yaxşı görmək olur. O, əməllərilə Azərbaycanın gələcəyinə töhfələr verərək getdi. Heydər Əliyev Azərbaycan tarixini yenidən yazan, özü xalqın tarixinə çevrilən insan oldu.

Bu qoca dünya çox siyasətçilər, çox liderlər görüb. Onların hamısının bəxtinə xalqının xilaskarı olmaq, xalqın sevgisini qazanmaq nəsib olmayıb. Heydər Əliyevin qismətinə bu böyük sevgi yazıldı. Nə qədər ki, Azərbaycan var, azərbaycanlılar var, Heydər Əliyevə olan  sevgi və hörmət əbədi yaşayacaq, adı nəsildən - nəsilə ehtiramla ötürüləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9663
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar