Şahın dəhşətli qisası, xanların fəlakətli aqibəti, “basmaçı” fenomeni... – Tarixin sandığından
24 dekabr 2019 20:15 (UTC +04:00)

Şahın dəhşətli qisası, xanların fəlakətli aqibəti, “basmaçı” fenomeni... – Tarixin sandığından

Türk xalqları və onların bu günə kimi keçdikləri yoldan bəhs edən silsilə yazıların sonuncusu Özbəkistana həsr olunur. Hazırkı Özbəkistan Respublikasının yerləşdiyi ərazinin tarixi qədim olsa da, burada yaşayan türklərin köçəri həyat sürməsi ilə əlaqədar olaraq, oturaq xalqın formalaşması XIV əsrdən başlamışdı. Bu yerlərin əhalisinin etnik tərkibinin hun, qıpcaq, göytürk, uyğur, monqol və yerli oğuz türkləri olması da müxtəlif dövrlərin köçləri ilə əlaqədardır.

Tarixçilər Özbək adının tarixini Qızıl Orda xanı Özbək Xanın adından götürüldüyünü bildirirlər. İlk dəfə müsəlmanlığı qəbul edən Bərkə xandan sonra hakimiyyətə gələn xanlar qədim türk inancı olan Tenqriçiliyi qəbul edirdilər və bir daha müsəlman xanın taxtda oturmasını istəmirdilər. Müsəlman olan Qiyasəddin Özbək xan hakimiyyətə gəldikdə (1313-1341) bir çox Qızıl Orda əyanları onu qəbul etmədilər. Ölkə daxilində çəkişmələr və ara müharibələri başlanmışdı. Bu zaman xana dəstək olan bəzi müsəlman  türk boyları vardı. Onlar əsasən ticarətlə məşğul olur və köçəri yaşayırdılar. Özbək Xan onları himayə etdi. Xanın ölümündən sonra ayrılaraq Seyhun çayı ətrafında yaşamağa başlayan bu boylara yerli camaat fərqləndirmək üçün “özbək” adı verdi. Özbək boyları 1370-ci ildən Teymurilərin hakimiyyəti altında yaşamağa başladılar. Teymurun ordusunda süvari dəstələr şəklində səfərlərə də qatılmışdılar. Teymur öldükdən sonra oğulları arasında başlanılan ara müharibələrindən yararlanan özbəklər 1412-ci ildən Əbül Xeyir xanın başçılığı ilə dövlətdən ayrılaraq, Səmərqəndə və Ürgəncə hücum etdilər. Xeyli qənimətlə dönən özbəklər ilk dövlətlərini yaratdılar. Özbəklərin ilk dövləti qazax türkləri ilə birgə qurulmuş, tarixçilərin isə dövlət qurumu adlandırdıqları “Özbək-Qazax xanlığı” oldu. 1468-ci ildə bu dövlətdən də ayrılaraq, müstəqil yaşamağa davam etdilər. Bu ərəfədə şərqdən gələn monqol süvariləri özbəkləri pərən salaraq bir neçə dəfə məğlub etdilər.

İkinci özbək dövləti Əbül Xeyir Xanın nəvəsi Məhəmməd Şibəyin (bəzən Şilban, Şeybani) ətrafında birləşərək, yenidən cənuba doğru irəliləməyə başladılar. Bu tarixdən etibarən özbəklər Şibani (Şeybani) adlandılar və Çingiz xan ulusu olan Cağatay xanlığına sığınaraq, cənubi Türküstana yerləşdilər. Qeyd edək ki, dövlətə verilən Şiban adı, Məhəmməd Şibəyin öz adı da həmçinin, Batı Xanın qardaşı Şibanın adından gəlirdi...

Qeyd: Azərbaycan tarixşünaslığında dövlətin adı Şeybanilər dövləti olaraq keçdiyindən bu yazıda da dövlətin adını Şeybani olaraq qeyd edəcəyik.

Məhəmməd Özbək Şeybani xan 1500-cü ilə Teymuri dövlətinin son varisini də taxtdan salaraq, Buxaranı ələ keçirdi. Artıq Məvarənnəhr, Xarəzm və Xivəni də ələ keçirərək, yeni dövlətin yarandığını elan etdi. Yeni yaranmış dövlətə şərqdə Babur şahlığı, qərbdə isə onlarla eyni vaxtda yaranan Səfəvilər mane olurdu. Şeybani dövləti də onlara əngəl idi və bu iki dövlətin quru yolunu kəsən güclü mərkəzə çevrilmişdi. Bəhs olunan dövrdə həm Səfəvilərin, həm də Şeybanilərin Xorasan üzərində hakimlik iddiası vardı. Səfəvi Şahı I İsmayılın Anadoluda ideoloji müharibəyə, Osmanlılarla qarşıdurmaya, xarici əlaqələrin və ticarətin qurulmasına başının qarışmasından istifadə edən Şeybanilər  Xorasanın bir hissəsini işğal etdilər və Bəlxdə möhkəmləndilər. Bu zaman Heratda Teymuri Hüseyn Baykaranın vəfat etməsini (1506) eşidən Məhəmməd Şeybani xan Herata sahibləndi və çarəsiz qalan sonuncu şahzadə Bəddüzaman Mirzə, Şah İsmayıla sığındı. Orta Asiyada Teymuri soyundan olan hər kəs öldürüldü və bu dövlətdən qalan son hakimliklər də süqut etdi...

Azərbaycanla münasibətlər

Bəddüzaman Mirzənin Şah İsmayıla sığınması, Şeybani xanın Xorasanı ələ keçirməsi, Kirman hakimini də öldürüb Səfəvi torpaqlarına yaxınlaşması, Səfəvi dövlətini tanımaması Şah İsmayılda ona qarşı mənfi fikir formalaşdırmışdı. Lakin Şah İsmayıl  Şeybani xanın üzərinə qoşun çəkməzdən əvvəl onun sarayına iki dəfə elçi və ehtiram dolu məktublar göndərmişdi. T. Nəcəfli yazır ki, Şah İsmayıl Məhəmməd Bəy Rumlu və Qazi Nurullah adlı iki möhtərəm elçini Şeybani sarayına göndərir. Bu səfərdən heç bir nəticə çıxmadı. 1508-ci ildə isə Şeyx Məhyəddin Əhmədi göndərir.

Məktubları araşdıran tarixçilər yazırlar ki, şah son dərəcə ədəbli, dostyana məktublar göndərmişdi. Hətta Şeybani xanın Səfəvilərdən ən yaxşı ustaları, nəqqaşları öz sarayına əmr etməsini də Şah xoş qarşılamış, ona yazmışdı: “Məscidlərin və ziyarətgahların təmiri üçün bizdən bənnalar istəmişdiniz. Biz ən yaxşı memar və bənnalarımızı sizə göndərəcəyik. Biz bu xeyirli işləri günəş tək uca ümmətimizə zəruri əməl hesab edirik” .

Şeybani xanın da şeir də yazdığını bilən Şah ona daha yumşaq, hörmət dolu məktublarında eyni peyğəmbərin ümməti olduqlarını da xatırlatmış, müharibənin zərərlərini aradan qaldırmaq, xalqların firavanlığı üçün danışıqlar yolu ilə təslim olmalarına nail olmaq istəyirdi. 

Məhəmməd Şeybani xan məktublara əhəmiyyət vermir, işğalı genişləndirirdi. Bu dəfə Cağatay şahzadəsini məğlub etdi və həmin şahzadə də Şah İsmayıldan kömək istədi. Vəziyyətin gərginləşdiyini görən və şahın Anadoludakı Şahqulu bəy etirazlarındakı marağından narahat olan Osmanlı Sultanı II Bəyazid də Şahı şərqə yönləndirmək istəyirdi. Bu məqsədlə Şeybani xana məktub göndərərək, Səfəvilərlə döyüşdə ona dəstək verəcəklərini bildirdi.

Türkiyə tarixçisi G.Q. Çinarlı yazır ki, Şeybani xan Şah İsmayıla məktub yazaraq, bildirdi ki, onun İraq və İranda gözü yoxdur. Sadəcə, Məkkə və Mədinəyə getməsi üçün İsmayıl yolların təhlükəsizliyini təmin etməlidir. Eyni zamanda, məktubunda daha aşağılayıcı sözlər işlədərək Şah İsmayılı “darğa”, özünü isə günəşə bənzədərək, “Mərv və Xorasanın yeni imamı” adlandırmışdı. Şeybani xan Şah İsmayıldan onun uca taxtının ayağına gəlməyi, müqəddəs Məkkəni ziyarətə gedərkən adına xütbə oxutmağı, yolları qaydaya salmağı da əmr etmişdi. Şah bu məktubdan sonra gizli hazırlığa başlayır. Seçmə nizami ordu ilə 1510-cu ilin payızında Şeybanilər üzərinə hücuma keçir. Şeybani xan İsmayılın gəlişinə əhəmiyyət vermir və düşünür ki, qızılbaşları yenərək qısa müddətdə İranı və Azərbaycanı ələ keçirəcək. Şah İsmayıl Xorasana gəlir və Məşhəd şəhərindəki ziyarətgahları ziyarət edir. Bir ordunu isə Mərvə göndərir. Qala qorunurdu. Lakin səfəvilər hiylə işlədərək, Şeybani xanı qaladan çıxarmağa müvəffəq olurlar. İmkan yaradırlar ki, Şeybani xan onları təqib etsin və şahın ordugahına kimi geri gəlsinlər. Çünki xanın dərsini şah özü vermək istəyində idi. 1510-cu ilin 30 noyabrında baş verən sonuncu döyüşdə Şeybanilər məğlub oldular. Tarixçi Ə.Nəcəf yazır ki, Şah İsmayıl Şeybani xanın kəlləsindən qızılla bəzədilmiş qədəh düzəltdirib Misir Məmlük sultanına, dərisinə isə saman doldurub, Osmanlı sultanına göndərmişdi. Beləcə, Qahirəyə getmək istəyən Məhəmməd Özbək xanın yalnız kəlləsi ora gedib çıxır...

 

Mərv döyüşündən sonra Xorasan, Mərv, Herat və bütün Məvarənnəhr ərazisi Səfəvilərin hakimiyyəti altına keçdi. Bundan sonra Babur Şahlığı ilə əlaqələr bərpa edildi, ticarət yolları nizama salındı.

 

XVI əsrin ortalarından özbəklərin xanlığı tədricən Buxara xanlığı adlanmağa başlandı.

 

Şah İsmayılın ölümündən sonra Səfəvi sarayında yaranan qısamüddətli qarışıqlıqdan istifadə edən Özbək xanın oğlu Übeydullah yenidən Xorasana hücum etdi. Ümumiyyətlə, 12 il ərzində özbəklər 6 dəfə Xorasana hücum etdilər. Bu hücumlarda Sultan I Süleymanın da onlara dəstəyi danılmaz faktdır. Şah I Abbasın dövründə də özbəklərlə Xorasan uğrunda müharibələr davam etmişdir. Lakin sonunda şah onları buradan uzaqlaşdırmağa nail olmuşdu. Şeybani dövlətinin varlığına son qoyuldu və dövlət üç yerə bölünərək, ayrı-ayrı xanlıqlar kimi davam etdilər. Bunlar Buxara, Xivə və Kokand xanlıqları idilər.

Şeybanilərdə dövlət idarəçiliyi teymurilərə çox bənzəyirdi. Belə ki, yeni fəth edilmiş torpaqlara idarəçilik üçün qurultay çağırılırdı və döyüşdə igidliyinə görə fərqlənən sərkərdələr o ərazilərin hakimi elan edilirdilər. Ordu türk hərbi mədəniyyətinə əsaslanırdı. Hər kişi əsgər getməli idi və onluq, yüzlük say sisteminə bölünmüşdü. Ən böyük və nizami ordu isə xanın ordusu idi.

 

Buxara xanlığı

 

Buxara xanlığının qurucusu Şeybani xanədanının kürəkəni, Həştərxan xanlığının şahzadəsi Yar Məhəmməd Xan idi. Xanlığı 1599-cu ildə yaratdı və bu dövlət 185 il yaşadı. Fərqanə və Bəlx o zaman böyük elm-mədəniyyət mərkəzləri idilər ki, 1740-cı ilə kimi Buxara əmirliyinə tabe olmuşdular. 1740-cı ildə Nadir şahın Məvarənnəhrə hücumu zamanı Bəlx hakimi Nadirə tabe olmuşdu. Buxara xanlığı isə Manqıt monqol sülaləsinin hücumlarına tab gətirməyərək, 1758-ci ildə xanədanlığı onlara təslim etdi. Bu sülalə xanlığı 1785-ci ilə kimi idarə etdi. Lakin onların dövründə idarəçilik zəif olduğundan Türküstana doğru irəliləyən rusların da qarşısından çəkilməyə məcbur oldular. 1785-ci ildə xanlıq ruslar tərəfindən işğal olundu.

Buxara xanlıq olsa da, müasir tarixçilər bu dövlətin simvolik olduğunu yazırlar. Onlara görə dövlətin simvolik olaraq möhürü, pulu və mədrəsələri vardı.

 

Xivə xanlığı

 

Xivə xanlığı 1511-ci ilə İlbars və Baybars adlı özbək sərkərdələri tərəfindən yaradılmışdı. Osmanlının dəstəyi ilə ayaqda qalmağı bacaran xanlıq, əsrin sonlarında quraqlıq, aclıq və xəstəliklər üzündən xanədanı başqa bir sülaləyə dövr etdi. Xanlıq 1873-cü ildə ruslar tərəfindən işğal edildi. Lakin ruslar burada yerli hakimiyyəti ləğv etmədilər.

Yarandığı gündən xanlığa 27 xan başçılıq edib. Onların idarəetməsi də fərqli idi. Dövləti 2 xan, 4 vəzir idarə edirdi. Xivəlilər mədəni xalq idilər. Onlar təsərrüfata, suvarmaya, memarlığa xüsusi diqqət ayırırdılar. Ticarət olmasaydı belə xanlıq özünü dolandıracaq gücdə idi.

 

Kokand xanlığı

 

Bu xanlıq 1710-1876-cı illərdə mövcud olmuşdur. Xanlığı quran Şeybani soyundan Şahruh xan idi. Xanlığın mərkəzi də elə Kokand şəhəri idi. Özbəklərin idarəçiliyi zamanı xanlıq mədəni inkişaf edirdi. Lakin az sonra xanədan dəyişikliyi baş verdi. Peyğəmbər soyundan gəldiklərini iddia edən Seyyidlər sülaləsi xanlığı idarə etməyə başladı. XIX əsrdə xanlıq Daşkənd şəhərini də öz ərazilərinə daxil etdi. Lakin rus işğalı Kokanddan da yan keçmədi. 1868-ci ildə xanlıq, daxili idarəetmə saxlanılmaqla, işğal edildi. 1876-cı ildə isə xanlıq idarə üsulu da ləğv edilərək, tamamilə Rusiya imperiyasına birləşdirildi.

Orta Asiya XX əsrin əvvəllərində

Çar imperiyasının dağılması ilə Türküstan coğrafiyasında bir qarışıqlıq meydana gəldi. Qazaxlar Şimalda Alaş Orda dövlətini qurdular. Özbək və Türkmən birlikləri isə Kokand şəhərində qurultay çağıraraq, Türküstan Muxtar Cümhuriyyətini qurdular. Lakin iki ay sonra bolşevik ordu birlikləri Kokand şəhərinə hücuma keçərək, şəhəri yandırdılar. Xalq və vaxtilə çar Rusiyasının dövlət orqanlarında çalışmış özbək dövlət xadimləri ruslara qarşı dirəniş hərəkatı başlatdılar. Bu, tarixdə “Basmaçı hərəkatı” kimi tanınan hadisənin başlanğıcı oldu. 1920-ci ildə Buxarada ikinci qurultay keçirildi və Buxara Muxtar Cümhuriyyəti quruldu. Yeni qurulan dövlətin təşkilatçılıq işlərində Türküstana köməyə gələn Osmanlı zabit və əsgərlərinin köməyindən yararlandılar. Bütün bu dirənişlərə və təşkilati işlərə Orta Asiya əmirləri ilə yanaşı, Ənvər Paşa da rəhbərlik edirdi. Onun Türküstanda nüfuzu artırdı və bu rusları narahat etməyə başlamışdı. Ənvər Paşanı Buxarada təntənəli qarşılayaraq, ona Buxara Rəisi-əmiri rütbəsini verdilər. Adını isə “Əmirbilhaq” adlandırdılar. Sənədlərdə rəsmi şəkildə bu cür yazılırdı: “Əmir-i Buxara Damad-ı Xəlifə-i Komandan Ləşkər-i İslam Ənvər xan”. Hərəkat 1922 və 1924-cü illərdə qanla basdırılsa da, fasilələrlə 1935-ci ilə kimi davam etmişdir. Hərəkatda 30 mindən çox özbək məhv olmuşdur. Onlardan 20 mini ermənilər 180 kəndi yandırdıqda həlak olmuşdur. 1924-cü ildə Özbəkistan SSR quruldu və Tacikistan SSR-ə bağlı elan edildi. Yalnız 1929-cu ildə ayrıca respublika kimi SSRİ-yə daxil oldu. Paytaxt Səmərqənddən Daşkəndə köçürüldü. Sovet dönəmində Özbəkistanda 6 milyon əhali yaşayırdı. İttifaqın pambıq yetişdirmə və istehsalının yarıdan çoxunu özbəklər verirdilər. SSRİ Özbəkistanla digər sovet respublikalarında olduğu kimi davranmırdı. Yazmaq-oxumaq aşağı səviyyədə idi. Onları daha çox istehsalatın aşağı səviyyəsində işlədirdilər.

Özbəkistan 1991-ci il 31 avqustunda müstəqillik aktını qəbul etdi, həmin ilin 26 dekabrında SSRİ-dən çıxdığını rəsmən elan edərək, müstəqil oldu. Özbəkistan müstəqillik illərində qapalı və türk birliyindən uzaq qalsa da, 2019-cu il oktyabr ayında Bakıda keçirilən Türk Konseyinə ilk dəfə qoşularaq, yeddi türk dövlətindən biri olduğunu və Turan birliyində yer aldığını təsdiqləmiş oldu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11987
avatar

Şəhla Cabbarlı

Oxşar yazılar