Qara bığlı qiyamçı, baş tutmayan sevda, “şah qulu”nun sirri – Tarixin sandığından
01 avqust 2019 18:00 (UTC +04:00)

Qara bığlı qiyamçı, baş tutmayan sevda, “şah qulu”nun sirri – Tarixin sandığından

XVI əsr şərqdə “işğallar əsri” adlanır. Böyüyən imperiyalar, ələ keçirilən xəzinələr, artan nüfuz və pərişan xalqlar. Yaranan, bir-birini əvəz edən sülalə dövlətlərini idarə edənlər əsasən türk xanədanları idilər. Bəhs edilən əsrin əvvəllərində Anadoluda Osmanlı, Misir, Suriya və Hicazda Məmlüklər, Orta Asiya və Mavərənnəhri əhatə edən Çingiz soyundan Şeybani dövləti vardı. Azərbaycan, İran və İraq ərazisində isə Bayandurlu (Ağqoyunlu) səltənətinə son verib, yeni dövlətin əsasını qoyan Səfəvi hökmranlığı sözünü deyirdi. Bir zamanlar Əmir Teymur, sonra Həsən Padşah Bayandurun bu bölgədə varlığı Osmanlının qərblə yanaşı, Şərqi Anadoluda da sərhədləri ciddi nəzarətdə saxlamasına səbəb olmuşdu. Bölgədə yaşayan türkmənlər bəzən Osmanlı dövlətinə tabe olmur, digər türk sülalə dövlətlərinə də meyl edirdilər. Bölgədə xüsusi silahlı dəstələr saxlayan, böyük torpaqları, öz xəzinələri, gəlirləri olan, söz sahibi sayılan güclü tayfalar (əşirət) vardı. Onların istədikləri zaman dövlətdən qopmaq, yaxud başqa dövlətin təbəəliyini qəbul etmək gücləri vardı.
 
Bayandur səltənətinin yerində qurulan Səfəvi dövləti Osmanlı üçün xüsusi təhlükə mənbəyi idi. Hətta zamanında Uzun Həsən dövləti sünni olsa da, şiə Şeyx Cüneydin Anadoludakı artan nüfuzunu görüb, onlardan Osmanlıya qarşı istifadə etmək üçün  qohumluq əlaqəsi quraraq, Ərdəbil şeyxlərini himayə etmişdi. 
Osmanlı üçün bir zamanlar şərq təhlükəsi sayılan Teymur, daha sonra Həsən Padşah dövlətləri qonşuluq siyasətində maddi varlıqlarını sürdürür, üstünlük qazanmaq, xəzinə ələ keçirmək üçün qalıcı olmayan yürüşlər təşkil edirdilər. Səfəvi dövləti isə təkcə maddi varlığı ilə deyil, mənəvi güc olaraq da bölgəyə hakim oldu. Yeni təriqət, sünni aləmə qarşı alternativ düşüncə, daha ədalətli vədlər insanları sürətlə bu qüvvəyə doğru çəkirdi. Şah İsmayıl həm də şeyxlər şahı, rəis-i-təriqət və ən ali rütbə olan mürşid-i-kamil elan edilmişdi. Şeyx Cüneydin müridləri olmuş, sağ qalan qızılbaş şeyxləri də şaha biət edirdilər. Onlarla yanaşı, Ərdəbil Hakimliyinin sufi şeyxlərinin nəvə - nəticələri, nəsilləri, tayfalar da İsmayılın qəbul etdiyi təriqətə rəğbət bəsləyərək, onun tərəfinə keçmişdilər. Bu mürid şeyxlər tək Azərbaycanda deyil, İraqda, Suriya və Anadoluda da fəaliyyət göstərirdilər. 
 
Osmanlı qaynaqlarını araşdıran tarixçi Əhməd Şimşirgil yazır ki, Anadoludakı qızılbaşlar zamanında Əmir Teymurun Ərdəbil hakimi Şeyx Xacə Əli Əlaəddinin ocağına bağışladığı yüz min əsirin törəmələri idilər. Belə ki, onların bir qisminə hakimliyin ordusu üçün təlim keçirilmiş, digərləri isə siyasi məqsədlər üçün sufi şeyxləri olaraq yetişdirilərək, Anadoluya göndərilmişdilər. Lakin müridlərin içərisində sonradan hazırlanaraq Anadoluya göndərilmiş, orada təşkilatlanma işi aparanlar da vardı.  
 
Zamanında Şeyx Heydərin müridi olmuş, iki dəfə Ərdəbilə getmiş, xəlifə titulu verilərək Anadoluya göndərilən Xəlifə Şeyx Həsən Təkəlinin adı məşhurlar içərisindədir. Ərdəbilə gedərkən oğlu Qarabıyıqlı Şahqulu ilə birlikdə məclislərdə iştirak etmiş, təşkilatlanma xeyir-duası alaraq, Təkəli elinə dönmüşdür. Oktay Əfəndiyev qeyd edir ki, mürid Pir Sənan yazırdı: “Xəlifə Həsən gəldi, Təkəli elinə atəş apardı və o atəş qan oldu”.
 
Onların yaşadıqları yer indiki Antalya bölgəsində Qorqudelinin Yalımlı kəndində bir mağara idi. Əvvəl siyasətdən uzaq duran Xəlifə Həsən oğlu ilə birlikdə mağarada  ibadətlə məşğul olur, insanları qızılbaşlığa dəvət edir, kiçik məclislər quraraq, onları təriqətin humanistliyi və möcüzələri ilə tanış edirdilər. Danışılan mövzularda Hz. Əlinin döyüş yolu, ədalətli vergi siyasətindən bəhs edilirdi. İnsanlar onları pir, övliya zənn edir, dualarını almaq üçün ocaqlarına müxtəlif sədəqələr də gətirirdilər. Hətta Sultan II Bəyazidin onların təriqətinə hörmət bəslədiyi, dərgaha hər il 6-7 axça qızıl göndərdiyi də Osmanlı sənədlərində əksini tapıb. 
 
Həsən Xəlifənin çıxışları əvvəllər qeyri-siyasi olsa da, zamanın tələbinə uyğun idi. Çünki digər Anadolu şeyxləri ilə əlaqə saxlayaraq, təşkilatlanma işini sürətləndirməyə yönəlmişdilər. Onlar bilirdilər ki, ölkədə siyasi hərc-mərclik, ağır vergilər, vergilərin artırılması üçün aparılan siyahıyaalma, timar torpaq sahiblərinin sıxışdırılması, torpaqların əllərindən alınması nüfuzlu türkmən ellərində böyük narazılıqlar yaradırdı. Bundan əlavə, Sultan II Bəyazid və üç oğlu - şahzadələr Əhməd, Qorqud və Səlim arasında taxt davası başlanmış, üç il davam edən bu çəkişmələrdə bütün dövlət xadimləri də yer almışdılar. Bu qarışıqlıqlar, ədalətsizliklər, xalqın yerli qazı, kəndxudalar tərəfindən yağmalanması və yeni təriqətin vəd etdiyi ədalətli cəmiyyət ideologiyası insanlarda alternativ düşüncə yaratmış və Səfəvi dövləti onların ümid yerinə çevrilmişdi. 
 
Səfəvi daxili diplomatiyası çalışır, şahın möhürü olan xüsusi fərmanlar, dəvətlər, elçilər durmadan Anadoluya göndərilirdi. Eyni zamanda, Sultan Bəyazidə də məktublar göndərən Şah İsmayıl onunla olduqca səmimi və xoş münasibətin tərəfdarı olduğunu bildirirdi. Sultan da öz növbəsində İsmayılın Şahlığını tanıyır və ona xeyir-duasını vermişdi. Bu yumşaq siyasət səfəvilərə Anadolunun içlərinə yol almağa daha da ruh verirdi. Xəlil İnalcıq yazır ki, şah Anadolu türkmən tayfaları üçün “nəzir” adlı vergidən başqa heç nə alınmayacağını, əksinə, böyük torpaqlar, tayfa irsiliyini qoruyub saxlayacaqlarına dair vədlər verirdi. Bu həmlələrlə Anadoluda bir sıra ərazilər də Səfəvi dövlətinə birləşdi.
 
Beləliklə, şahın dövləti böyüyür, yeni ərazilər əldə edir, əldə olunan ərazilərdə vergilər sistemi işləyib hazırlayırdılar. Dövlətin gəlirləri, xəzinəsi hər keçən gün artırdı. Bu baş verənlər sultanın oğullarının xoşuna gəlmir və şahzadə Səlim atasına İsmayılla bağlı iradlar bildirsə də, sultan əhəmiyyət vermədi. İş o yerə çatdı ki, şahzadə Səlim Trabzondan qoşun yığıb, atasının üzərinə yeridi. Məğlub olub, Krıma qaçdı. Manisadan şahzadə Qorqudun, Amasyadan şahzadə Əhmədin də taxt üçün İstanbula getməsi və sultanın ölüm xəbərinin yayılması Təkəli elində çoxdan gözlənilən bir qığılcım yaratdı. Qığılcımın alova çevrilməsi bütün nəzərləri Təkəli obasına yönəltdi.
 
***
Dövlət içərisində gedən taxt-tac savaşından istifadə edən Təkəli qızılbaşlar şeyxlərinin öndərliyində hərəkətə keçdilər. Həmin şeyx Anadolu qızılbaş türkmənlərinin xarizmatik  lideri, Şəfəvi şahının qulu, Xəlifə Həsənin oğlu, indiki səslənişlə ifadə etsək, bir inqilabçı olan Qarabıyıq Şahqulu Bəy Təkəli idi.
Xandəmirin yazdığına görə, əvvəlcə Şahqulu şiələrə birlik olmaq və üsyana başlamaq üçün dəvət göndərmişdi. 1511-ci ilin yazında ilk üsyanı başladan və ətrafına 10 min könüllü toplayan Şahqulu onlar haqqında ölüm fərmanı vermiş Antalya qazısını öldürür. Şahqulunun artan nüfuzu ağır süvari dəstələri olan Sipahilərin də onların tərəfinə keçməsinə səbəb oldu. 
 
Antalyadan yola çıxan Şahqulu və tərəfdarları Manisaya - şahzadə Qorqudun sarayına gəlirlər. Bu arada sultan II Bəyazidin də ölüm xəbəri yayılır və Qorqud artıq İstanbula yola düşmüşdü. Səlahəddin Tansel yazır ki, Qorqudun sarayına gələn Şahqulu “Mən Şah İsmayılın xəlifəsiyəm” – deyərək, ətrafa nərə çəkir. Bəzi türkmənlər dizlərini yerə qoyub, əllərini sinələrinə vurub, şaha biət etdiklərini bildirirlər. İstanbuldan dönən şahzadə Qorqud onların üzərinə qoşun çəksə də, Şahqulunu məğlub edə bilmədi. Burada onlara qoşulan türkmənlərlə Bursaya doğru yola çıxdılar. Yolda onları Anadolu Bəylərbəyi Qaragöz Əhməd Paşanın orduları qarşıladı və qızılbaşlar onları məğlub etdilər. Paşa isə öldürüldü. Məqsəd Bursadan sonra Qaraman bəyliyini alaraq, qərargahı burada qurmaq və birlikdə İstanbula yürümək idi. Lakin burada Şahqulu xəbər tutur ki, sultan ölməyib və şahzadələr saraylarına qayıdırlar (Oruc Bəy Bayat yazır). O, yolunu dəyişdi. Bursa yolunda onlara baş vəzir Xadim Əli Paşanın ordusu pusqu qurmuşdu. 34 gün mühasirədə qalan 30 minlik Şahqulu tərəfdarları Qaramana çəkildilər. Burada onların üzərinə Heydər Paşa yürüdü. Onun da ordusunu əzən, paşanı öldürən Şahqulu üsyançıları son müharibəyə hazırlaşdılar. Xeyli türkmən obaları Şahqulunu xilaskar qəhrəman kimi qarşıladı və hər ailə Şahquluya əsgər verdi. 
 
Sonuncu döyüş 1511-ci il iyulun 2-də Sivas yaxınlığında Çubuqovada baş verdi. Baş vəzir Xadim Əli Paşa yeni bir ordu ilə Şahqulunun qarşısına çıxdı. Ağır döyüşdə həm Xadim Əli Paşa, həm də Qarabıyıq Şahqulu Bəy öldürüldü. Üsyanı ölümünü də gözə alaraq basdıran, dövləti böyük təhlükədən sovuşduran paşaya Osmanlı dövləti böyük vida törəni keçirdi. 
 
Şahqulu bəy isə Amasyada dəfn edildi. Pərən-pərən düşmüş qızılbaşlar Səfəvi ərazilərinə doğru çəkildilər. Tarixçi Faruq Sumerin yazdığına görə, Şahqulu özünü Şah İsmayıla bağlı göstərsə də, əslində özü Osmanlı dövlətinin başına keçərək sultan olmaq iddiasındaydı. Nüfuzu artan kimi özünə vəzir-vəkillər də təyin etmişdi. Anadoluda o qədər hörmət və təsir yaratmışdı ki, sultan Bəyazidin Qaraman valisi olan Şahənşah belə qızılbaşlığı qəbul etmişdi. 
 
Xacə Zeynalabdin Əli Bəy yazır ki, 1511-ci ilin yayında Şah Xorasandan, Mərv döyüşündən İraqa doğru hərəkət edirdi. Bu zaman xəbər gəlir ki, Rum Eli türkmənləri ali dərgaha üz tutublar. Onlar Ərzincandan keçib həcc ziyarətinə gedən 500 qızılbaşı soyub, başçılarını öldürüblər. Şahın əmri ilə soyğunçuluq edən türkmən sərdarlar öldürülür, döyüşçülər isə tayfa birliklərinin orduları arasında bölüşdürülür. 
 
Şahqulunun ordusundan gələn Təkəli türkmənlər isə Muğanda yerləşdirdilər. Onlar orada yeni Təklə-Muğan eli tərəkəmələri adı ilə kök saldılar. 
 
***
Anadolunu qısa müddətdə lərzəyə gətirən Şahqulu Bəy üsyanı Osmanlı dövlətini xeyli zəiflətdi, daxili siyasi gərginliklər daha da artdı. Sipahi ordu başçılarının xeylisi edam edildi, bəylərbəyilər azad edildilər, sürgünə göndərildilər. Lakin bu üsyan türkmən obalarına baha başa gəldi. Bir il sonra taxta keçən Səlim üsyanda iştirak etmiş, dəstək vermiş bütün türkmən tayfalarını siyahıya aldırdı. Anadoluda 40 min şiənin qətliamı bu üsyanın qisası idi... 
 
Əsrlər keçsə də Anadolu ələviləri Şahqulunu unutmadılar. İstanbulda Şahqulu Təkkəsi və külliyəsi var ki, burada müxtəlif mərasimlər keçirilir. Mardində isə Şahqulu adında məhəllə mövcuddur...
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2967
avatar

Şəhla Cabbarlı

Oxşar yazılar