Qanlı yürüş, buzlaqların sakinləri, xəyanətlə bitən 250 illik tarix... – ARAŞDIRMA – I YAZI
06 noyabr 2019 20:15 (UTC +04:00)

Qanlı yürüş, buzlaqların sakinləri, xəyanətlə bitən 250 illik tarix... – ARAŞDIRMAI YAZI

Xalqların əksəriyyəti zamanla bir yerdən başqa yerə köçməyə məcbur olublar. Məkan dəyişikliyi onların məişət, mədəniyyət, dini və dövlətçilik ənənələrinə də təsir edib. Bəzi toplumlar öz dəyərlərini unudaraq, yerləşdiyi bölgənin dəyərlərini mənimsəyib. Elə xalqlar da var ki, özü bir mədəniyyət daşıyıcısıdır və getdiyi torpaqların inkişafı onların adı ilə bağlıdır. Türklər məhz bu cür xalqlardandırlar. Bu yazımızda türk xalqları ilə şərq slavyanlarının birgə həyatı və onların böyüyərək dövlət olmalarındakı rolundan bəhs ediləcək.

 

Coğrafi və tarixi anlamda türklərlə uzun əsrlər boyu münasibətdə olan ruslar istər dövlətçilik, istər ordu quruculuğu, istərsə də mədəniyyət baxımından onlardan çox yararlanmışdılar. Ona görə də bu münasibətlər dünya tarixçilərinin diqqətindən qaçmır, üzərində çalışdıqları məqamlarda daim yeniliklər əldə edirlər. Bu günün güclü Rusiyası və tarixin dağınıq slavyan qövmünün keçdiyi uzun yol hər zaman araşdırmalar mövzusu olmuşdur. Slavyanlar haqqında ilk məlumat VI əsrdə yaşamış Bizanslı Pseudo Kasariosun kitabındadır. Lakin o Slav adının mənası və kökəni haqqında məlumat verməmişdir. Müəllifə görə, IV-V əsrlərdə German tayfaları ilə birlikdə şimal-şərq buzlaqları ətrafından gələn slavyanların bir hissəsi Bizansda yerləşmiş, digər qismi isə Bizansın şərqində, indiki Rusiya torpaqlarında qalmışdılar. Öncə Avar xaqanlığının, sonra İdil (Volqa) Bulqarlarının tərkibində yaşayan slavyanlar, daha sonra Xəzər xaqanlığı, Böyük Bulqar dövləti və Qızıl Orda dövlətinin tərkibində yaşayaraq, özlərini inkişaf etdirmiş bir xalq kimi tarix səhnəsinə çıxdılar.

 

Rusiya tarixini araşdıranlar orada yaşayan xalqlar və ruslar haqqında olduqca geniş məlumat verirlər. Alimlər antropoloji və genetik araşdırmalarla bərabər, ilk slavyan tayfaları haqqında daha çox məlumat verilən bizans-roma mənbələrini də qarşılaşdıraraq, Rusiya ərazisində ilk yaşayan xalqların məhz Rusiyanın cənubunda, yəni Şimali Qafqazda, Qara dəniz sahilləri və Krımda yaşayan İskit, Kimmer, Sak, Sarmat və Antlar olduqlarını təsdiqləmişdilər. M.N.Karamzin, S. Solovyev kimi tarixçilər də araşdırmalarının nəticəsi olaraq bu faktları təsdiqləmişdilər. E. ə. VIII əsrdən tarixi bilinən bu türk tayfalarının bir köçü Cənubi Qafqaza, Azərbaycanın qərb, cənub-qərb bölgəsinə köçərək məskən salması, VII əsrdə dövlət qurması, Şimali Qafqazda qalanların isə e.ə. IV əsrdə İskit dövlətini yaratdıqları tarixdə danılmaz həqiqətdir. Sonradan araşdırmaçılar daha irəli gedərək, bu xalqlarla qədim slavyanların kök bağlılığı nəzəriyyəsini işləmişdilər. G.Vernadski “Rusiyanın siyasi və diplomatik tarixi”ni yazarkən buradakı qədim xalqlarla slavyanların köklərini eyniləşdirməyə çalışsa da, tam açıqlama verə bilməmişdir. Lakin əksini yazanlar da vardı. Məsələn, Çex slavşünası L.Niederle isə bu yerlərin ən qədim sakinlərinin slavyanlar olduqlarını yazır. Müasir dövrdə bütün genetik, antropoloji və somatik araşdırmaların nəticəsi olaraq, bu xalqlar arasında heç bir bağlılığın olmadığı ortaya qoyulub. Rusların əcdadları slavyanların hind-avropa kökənli qövmlərə aid olduğu bir daha təsdiqlənmişdir. Eyni zamanda, slavyanların zaman keçdikcə inkişafı, güclü Moskva knyazlığı şəklində ilk dövlətin meydana gəlməsi haqqında rus tarixçisi M.N.Karamzin geniş yazmışdır. O, bildirir ki, Moskva öz ehtişamını Qızıl Orda xanlarına borcludur. Müəllif, knyaz İvan Kalitanın Orda xanlarını ziyarət etməsi, dövlətin idarəçilik işləri ilə yaxından tanış olması, slavyan üsyanlarını amansızlıqla yatıraraq, onların etimadını qazanması, Moskvanı beləcə qoruması və inkişaf etdirməsindən də geniş bəhs edir. İvan Kalitanın nüfuzuna görə Orda xaqanı  kilsələrə də toxunmamışdır. Bu da dini mərkəzlərin zəruri məqamlarda İvan Kalitanı dəstəkləməsinə səbəb olmuşdur. Moskva həm də dini mərkəzə çevrilmişdir.

 

1934-cü ildə Sovet Rusiyası rus tarixini yenidən işləməyə başladı və burada təhriflərə yol verərək, rus torpaqlarında ilk olaraq slavyan tayfalarının yaşadıqları yazıldı. Çarlıq dövründə yazılan bütün kitablar yığışdırıldı. Rusiya ərazisində mövcud olmuş yuxarıda adı sadalanan türk tayfaları, eyni zamanda, Avar, Xəzər,Bulqar dövlətləri, peçenek və kumanların tarixi rus tarixşünaslığından çıxarıldı. Rusiya dövlətinin qurulmasında həm dövlətçilik, həm mədəni, həm ordu sahəsində iz buraxan monqol-tatarlar isə vəhşi, barbar tayfalar kimi tanıdıldı. Monqollar - düşünə bilməyən, qarşısındakına aman verməyən küt varlıqlar kimi təqdim edildi (bu da sonradan təhqir kimi istifadə edilən “monqol” ifadəsinin meydana çıxmasına səbəb oldu). Lakin Avropa tarixçiləri sovetlərin uydurmalarını elmə aid etməyərək, coğrafi olaraq ruslara qonşu olan türklərlə münasibətlərini daima diqqətdə saxladılar, istər nəzəri, istərsə də laborator araşdırmalara davam etdilər.

 

Türklərlə rusların ilk qarşılaşması

 

Türklərlə rusların ilk qarşılaşması eramızın IV – VI əsrində baş verən xalqların böyük köçü zamanı baş vermişdir. Bizansla yanaşı, ərəb mənbələrində də rusların əcdadları olan şərq slavyanların adı ilk dəfə bu köçlə bağlı çəkilir. Şərq slavyanları əsasən heç kimlə işi olmayan dağınıq tayfalar halında bataqlıqların ətrafında yaşayırdılar. Balıq tutur, maral saxlayır, müxtəlif bitkilər yetişdirirdilər. 552-ci ildə Göytürk dövləti yarandıqdan sonra onlarla münaqişədə olan avarların bir qismi Pannoniyaya (Macarıstan) kimi gəlmiş, burada dövlət yaratmışdılar. Slavyanlar bu dövlətin tərkibinə daxil olmuş və ilk dəfə onların ordularında, ictimai həyatında yer alaraq mədəniləşmişdilər. Beləliklə, slavyanlar tarix səhnəsində türklərlə birlikdə hərəkət etməyə başladılar. Daha sonra bölgədə yaranan Xəzər xaqanlığı tərkibində inkişaf etmişdilər. Xəzər dövləti dinlərə, xalqlara daha mülayim yanaşır, onların inkişafına mane olmurdu. Xəzər xaqanlığının zəiflədiyi dövrdə  slavyanlar artıq birləşir, müəyyən mədəniyyət formalaşdıraraq, feodalizmin qaydalarına tam əməl edən bir xalq halına gəlmişdilər. Beləliklə, 882-ci ildə ilk dövlətləri olan Kiyev dövlətini yaratdılar. Hətta ticarət yollarını da nəzarətə alan slavyanlar qonşu dövlətlərə, limanlara qarətçi yürüşlərə başladılar. Azərbaycan tarixindən də bilirik ki, Volqa-Xəzər yolu vasitəsi ilə slavyanlar Xəzər adalarına, xəzərsahili bölgələrə və Azərbaycanın içərisinə doğru yürüşlər etmişdilər. Bəzən vergi alaraq çəkilir, bəzən isə dağıdıcı-qarətçi basqınlar edirdilər. Bu dövrdən artıq türklərin Rusiya ərazisində zəiflədiyini görürük. Ərazini hər tərəfdən əhatələyən rus knyazlıqları idarə etməyə başlayırlar.

 

XI əsrin ortalarında Qıpcaq çölləri və Ros çayı sahilləri Bizanslıların “koman”, rusların isə “polovtsı” adlandırdıqları böyük köçəri türk tayfaları tərəfindən ələ keçirildi. Lakin bu zaman oğuz və peçeneklər Kiyev dövlətinin ucqarlarında muzdlu ordu halında təhlükəsizliyi qoruyurdular. İstifadə etdikləri qalpaqlara (dəri-kürk baş geyimi) görə “qaraqalpaq” adlanmağa başladılar. Kiyev dövləti Dnepr çayı boyu əraziləri xidmət müqabilində onlara vermişdi. Lev Qumilyovun yazdığına görə, 1061-1210-cu illər arasında 50 böyük kuman axını baş vermişdir. Beləliklə, XIII əsrdən Kiyev dövlətində də iqtisadi-siyasi səbəblərdən və qonşu tayfaların hücumlarından dolayı parçalanmalar baş verdi və onların müstəqil knyazlıqlara bölünmələri sürətləndi.

 

Üçüncü dəfə rusların türklərlə qarşılaşması 1235-ci ildə monqol dövləti komandanı Batunun rus torpaqlarına yürüşü zamanı baş verdi. Belə ki, Çingiz ulusuna daxil qoşunların komandanları monqol olsalar da, hərbi birliklər göytürk, uyğur, hun, qazax  və digər boylardan təşkil edilmişdi.

 

Çingiz xan sağlığında Qafqaz, Azərbaycan və digər torpaqlara kəşfiyyat yürüşü əmri vermişdi və bu, gerçəkləşmişdi. Onun ölümündən sonra isə Batunun yürüşləri gerçəkləşdi. O, öncə bulqar torpaqlarını ələ keçirdi, sonra Volqa çayını keçərək, rus knyazlıqları üzərinə yürüş etdi. Sıra ilə Ryazan, Çerniqov və digər şəhərləri ələ keçirən Batu 1240-cı ildə Kiyevi, 1241-ci ildə isə Macarıstanı işğal edərək, yürüşü bitirmiş oldu. Onun dayanmasına səbəb isə Çingiz xandan sonra yerinə keçmiş Ugedeyin vəfat etməsi idi. Qardaşı Ağ Orda dövləti qurarkən Batu ordularını Dunayın sağ sahilinə çəkib, qıpcaq və kumanları da tabe etdirərək, Göy Orda dövlətini qurdu. Bununla da rus torpaqlarına yürüş başa çatdı və 1242-ci ildən başlayaraq, dövlət Qızıl Orda adı ilə 250 il indiki Rusiya və Şimali Qafqaz ərazisində hökmranlıq etdi. Orda sözü bir çox mənbələrdə ordu adına bağlansa da, Çin mənbələrində Orda xaqanın əyləşdiyi çadır mənasını bildirir. Dövlətin mərkəzi Volqa çayı sahilində yerləşən Saray-Batu, sonralar isə Bərkə xanın adı şərəfinə Saray-Bərkə şəhəri olmuşdur.

 

Batu idarəçiliyi dövründə rus kilsə və rahiblərinə hörmətlə yanaşıldı, knyazlar öldürülmədilər, əksinə, ulusun mərkəzi Qaraqorum şəhərindən “yarlıq” adlanan icazə kağızı alaraq, eyni zamanda vergi vermək qarşılığında məhəlli idarəçiliklərdə yer aldılar. 1257-ci ildə Rusiya ərazisində Orda dövlətinin siyahıyaalması başlanıldı. Bu, eyni zamanda, Azərbaycanda yeni qurulmuş, monqol ulusunun bir qolu olan Hülakülər dövlətində, Mərkəzi Asiya və Çində də həyata keçirildi. Lakin bu yerlərdən fərqli olaraq, Rusiyada adambaşına deyil, ev sayına görə vergi təyin edildi.

 

Qızıl Orda dövləti XIV əsrin sonlarında zəifləmiş və rus knyazları bundan istifadə edərək, güclənmişdilər. Belə bir dövrdə Mərkəzi Asiya və Azərbaycana sahiblənən Əmir Teymur Toxtamış xanı dəstəkləmiş, onun güclənməsinə kömək etmişdir. Lakin Toxtamış Teymura xəyanət edərək, onun ordularına hücum etmişdir. Bu çəkişmələr, Teymurun qalibiyyəti sonralar onların övladları arasında da mübahisə və müharibələrə gətirib çıxarmışdır. Hər iki dövlətdə daxili çəkişmələr bir sıra parçalanmalar baş vermişdir. Qızıl Orda dövləti parçalanmağa başladı və başda Moskva knyazlığı olmaqla, rus knyazlıqları vergi verməkdən imtina edib, mərkəzdənqaçma siyasəti yeritdilər. 1480-ci ildə tərəflər arasında Uqra çayı sahilində baş verən döyüşdə Orda dövləti Moskva knyazlığına məğlub oldu. Bununla da hər iki dövlətin taleyi həll edildi. Tarixdə yeni bir güclü dövlətin əsası qoyuldu. Bu, Moskva Knyazlığı, sonradan isə Rusiya dövləti olacaqdı. Ruslar özləri də bu döyüşü rus tarixi üçün önəmli hadisə sayır və 1980-ci ildə Uqra çayı sahilində qələbənin 500 illiyi şərəfinə qələbə abidəsi də ucaldılmışdı...

 

Dağılmaqda olan Qızıl Orda dövlətindən ayrılan xanlar isə Rusiya ərazisində sürətlə yeni xanlıqlar yaratdılar. Birinci ayrılan Krım xanlığı oldu. Ardınca Kazan, Həştərxan, Sibir xanlıqları və Noqay Ordası yarandı.

 

Qızıl Orda dövlətinin süqutu 1504-cü ildə tam olaraq başa çatdı...

 

Yeni yaranan rus dövləti idarəçilikdə Qızıl Ordanın yolunu getməyə başladı. Ümumiyyətlə, araşdırmaçılar ideologiya baxımından olmasa da, mədəniyyət, məişət, ordu quruculuğu məsələsində rusların tam bir monqol-tatar davamçıları olduqlarını dəfələrlə əsaslandırıblar.

 

Qızıl Ordadan ruslara bir çox dəyərlər keçmişdir. Rus knyazları monqollara kimi baş geyimi geyinməzdilər. İlk dəfə İvan Kalitaya Orda xanı Özbəyin “Monomax” baş geyimi verməsi haqqında elə rusların özləri yazırlar. Bundan sonra rus çarları davamlı olaraq o baş geyimindən istifadə etdilər. Hətta I Pyotr belə o baş geyimində rəsm çəkdirmişdi.

 

Sonradan inkar etməyə çalışsalar da, muzeylərdə qalan baş geyiminin üzərindəki işarələr, istifadə edilən saplar və digər məmulatların Qızıl Orda mədəniyyətinə aid olduğu açıq görünür.

 

Digər bir örnək rus dövlətinin indiki dövlət gerbində də istifadə edilən ikibaşlı qartal təsviridir. Həmin təsvir 1497-ci ildə buraxılan Qızıl Orda sikkəsində istifadə edilmişdir. İkibaşlı qartalın bir başı şərqə, gəldikləri və güc aldıqları mərkəz Çingizxan Ulusuna baxır. Digər - qərbə baxan baş isə Bizans və digər təhlükəli qonşuları nəzarətdə saxlayan güc mənbəyidir. Ordu quruculuğunda da ruslar türklərdən yararlanmışdılar. Sürətli at çapmağı, at çaparkən ox atmağı onluq, minlik, hətta on minlik qoşun növü olan Tüməni də Orda dövlətindən götürmüşdülər.

 

İlk dövrlərdə əkinçiliklə məşğul olan slavyanlar monqol-tatar dövləti zamanı buğda-darı və bir sıra mədəni bitkilərin əkinini də öyrənmiş və gerçəkləşdirmişdilər. Ticarət sahəsində də rusların inkişafına səbəb türklər olmuşdular. Tacirlər ticarət edər, rusları da bələdçi kimi yanlarında aparardılar. Bəzən limanlarda onların yüklərini daşıyardılar. Bu yolla onlar ticarəti öyrənmiş oldular. Zaman-zaman Rusiya küçələrində, bazarlarında arabaçı mənasını verən “yamşik” sözü də monqollardan alınmadır. Belə ki, monqol uluslarında Yam adlı rabitə mərkəzləri, poçtlar vardı. Sürətli çaparlar məktubları, hədiyyələri oraya çatdırardılar, həmin Yamda gözləyən digər çapar isə onu qarşı tərəfə çatdırardı. Sonralar rus arabaçıları belə yerlər qurdular. Bu sistemi inkişaf etdirdilər.

 

Mühafizə mənasını verən “karaul” (qarovul) Orda dövlətində növbətçi mənasında işlənən  “qaraqol” sözündən alınmadır. Çarlıq zamanı saraya gələn elçilərin çarın qarşısında diz çökərək məsələni ərz etməsi və qiymətli hədiyyələrlə geri göndərilməsi eynən Qızıl Orda dövlətinin adəti idi.

 

Beləliklə, slavyanlar, türklərin çoxsaylı yürüşləri nəticəsində böyük itkilər versələr də, saraydan orduya, təsərrüfatdan sənətkarlığa qədər hər sahədə türk dəyərlərindən yararlanmışdılar. Güclü knyazlıq yaradan ruslar Orda dövlətindən ayrılan xanlıqları özlərindən əvvəl vergi verməklə asılı salmış, sonra tamamilə tabe etmişdir. Məhz bu idarəçilik sisteminin təməlləri üzərində güclü bir Rusiya çarlığı yarandı. Bu çarlıq Cənubi Qafqaza, Osmanlı Dövlətinə, Qazax Juzlarına, Mərkəzi Asiya xalqlarına təhlükə mənbəyinə çevrildi.

 

Ardı var...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11076
avatar

Şəhla Cabbarlı

Oxşar yazılar