Mollahəsənlidə qanlı savaş, əsir türkü azad edən şeir, yarımadanın yarımçıq istiqlalı – Tarixin sandığından – II YAZI
15 noyabr 2019 20:15 (UTC +04:00)

Mollahəsənlidə qanlı savaş, əsir türkü azad edən şeir, yarımadanın yarımçıq istiqlalı – Tarixin sandığındanII YAZI

Əvvəli: https://lent.az/news/330793

 

Qızıl Orda dövlətinin daxilindəki xalqlara qarşı yumşaq siyasəti, onlara idarəçilikdə yer verməsi haqqında keçən yazıda faktlar təqdim etmişdik. Bu siyasət sonda ulus dövlətinin özünə qarşı çevrilərək, parçalanmasına səbəb oldu. Müxtəlif soylardan çıxan bacarıqlı şəxslər dövlət içərisində dövlət yaratmağa, daxildə və xarici siyasətdə müstəqil siyasət yeritməyə başladılar. Bu, həm Moskva knyazlığına, həm də monqol-türk qollarına aid idi. Bu qollardan ilk ayrılanı tarixi ədəbiyyatlarda “Girey”, “Qiray”, “Giray” adlanan sülalə oldu. Sülalə Çingiz xanın oğlu Cucinin balaca oğlu Toqay Teymurun nəslindən idi. Qızıl Orda ilə Gireylərin babası Toqay Teymur arasında münasibətlərin pisləşməsi hələ XII əsrin sonlarında Toqayın Orda dövlətində xanlıq mövqeyi uğrunda mücadilə etməsi ilə başlanmışdı. İstədiyinə nail olmayan Toqayın övladları sonrakı dönəmlərdə  Gireylər adı ilə bu mücadiləni davam etdirdilər. Dövlət aparatında yer ala bilməyincə, onlar Qara dəniz ətrafı əraziləri, limanları və şimali Qafqaz torpaqlarını hərbi xidmət müqabilində tələb etməyə başladılar.

Orta əsrlərin tatarca mətnlərində “Kırım” adının mənası türk kökənli “Qır” sözünə dayanır. “Qır” təpə, təpəlik deməkdir. Monqollar “Qır” sözünü “qala” olaraq ifadə edirdilər. “Qır-ım” mənsubluq bildirərək, ərazi mənasında “təpə-m”, yaxud da “qalam” mənasını daşıyır. Beləliklə, tatarlar bu sözü öz ləhcələrinə uyğunlaşdıraraq, yaratdıqları xanlığı Qırım, Kırım adlandırdılar.

Krım Qara dəniz ətrafının göz oxşayan yarımadasıdır. İstər bərəkətli torpağı, əlverişli iqlimi, istərsə də Şərqi Avropa ilə Anadolunu və Aralıq dənizini birləşdirən strateji məkan olması ilə həmişə qonşu dövlətlərin marağını cəlb etmişdir. Bizans  və Venesiya tacirlərinin geniş ticarət etdiyi bu limanlara sahiblənməyi Anadolu Səlcuq dövləti sultanı I Əlaəddin Keyqubad da hədəfləmişdi. Nəhayət, bütün əngəlləri aşaraq, əraziyə Qızıl Orda dövləti sahiblənməyi bacarmışdı. Qızıl Orda dövlətinin zəiflədiyi dövrdə Krım dövlətə qarşı çıxan bütün bölücü xanların sığınacaq yeri olmuşdu.

Krım xanlığının yaranma tarixi hələ də mübahisə mövzusudur. Lakin A.N.Kurat 1441-ci ildə Hacı Gireyin adına basılmış sikkələri əsas götürərək, bu dövlətin də yaranmasını həmin ilə aid edir. Krım xanları yaranandan özlərini Qızıl Orda dövlətinin davamçısı elan edərək, bütün mirasın onlara aid edilməsini istəyirdilər. Buna görə də Qızıl Orda dövlətindən ayrılaraq yaranan digər xanlıqları da özlərinə düşmən görürdülər. A. Fişer yazır ki, Krım xanları ilk olaraq Moskva knyazlığı ilə dostluq münasibəti qurmuşdular. Knyaz III İvan Krıma hər hansı təhlükə törətməyəcəyini bildirmiş, əvəzində Qızıl Orda dövləti tərəfindən gələcək təhlükədə Krım xanlarının onu qoruyacağına təminat almışdı. 1465-ci ildə Orda xanlığı Moskva üzərinə yürüşə çıxarkən Krım xanı Hacı Girey ruslara kömək edərək, birlikdə Orda xanını məğlub etmişdilər. Bundan sonra Moskva knyazlığı Qızıl Orda xanlarını özlərinə güclü rəqib olaraq görmürdü. Ardınca Polşa krallığı ilə dostluq münasibəti quran Krım xanlığı öz mövqeyini gücləndirmiş və Qızıl Orda dövləti içərisində bəzi dövlət adamlarını öz tərəfinə çəkərək, dövləti zəiflətməyə müvəffəq olmuşdu.

1466-cı ildə Hacı Girey vəfat etdi və taxt uğrunda Məngli Gireylə Nur Dövlət Girey arasında münaqişə yaranır. Məngli Girey taxta sahiblənir. Nur Dövləti isə Moskva knyazlığı oğurlatdırır. Kuratın yazdığına görə, bundan sonra Krım xanlığı ruslarla münasibəti “məcburi dostluq” şəklinə salmalı oldu. Bir xanədan mənsubunun əsir saxlanılması Krım xanlığında qəbuledilməz və qəzəbə səbəb hadisə sayılırdı.

Bu dövrdə Krım xanlığına digər təhlükə Osmanlı dövləti idi. 1453-cü ildə Konstantinopolu ələ keçirən Sultan Fateh Mehmet Qara dəniz ətrafına yürüş üçün ordu təşkil etdi. Yürüşü həyata keçirən orduya Əhməd Paşa komandanlıq edirdi və qısa müddətdə Krımı ələ keçirərək, Osmanlı dövlətinin tərkibinə qatdı. Məngli Girey Osmanlıdan asılı olan ilk Krım xanı oldu. Az sonra Osmanlı sultanının istəyi ilə Nur Dövlət ruslardan alınaraq Krım taxtına çıxarıldı. Lakin onun Moskva knyazlığına yönəlik siyasəti əsas gətirilərək, taxtdan endirildi və Məngli Girey yenidən hakimiyyətə gətirildi. Onun dövründə də Moskva knyazlığı ilə gizli münasibətlər qurulmuşdu. Hətta Osmanlıya göndərilən rus elçisi sultanın əmri ilə həbs edildiyi zaman Məngli Girey onun azad olunub Moskvaya qaçırılmasını təşkil etmişdi.

Krım xanlığı və Moskva knyazlığı arasında münasibətlərin pisləşməsi 1502-ci ildə Qızıl Orda dövlətinin süqutundan sonra başladı. Ruslar artıq güclənmişdilər, Uqra qalibiyyətindən sonra qonşu dövlətlər Moskvaya elçilər, qiymətli hədiyyələr göndərir, onlarla hesablaşırdılar. Bölgədə Osmanlı himayəsinə sığınan və sultanın saraya buraxmadığı, “bir əyalət hakimi” saydığı Krım xanı Moskvaya qarşı 1507-ci ildə Polşa kralı IV Kazimir ilə ittifaqa girdi. Həmin il III İvan da vəfat etdi və Qızıl Ordanın varisi kimi Krım xanları bölgədə güclənməyi qarşılarına məqsəd qoydular. Məngli Girey oğlu kalqay (vəliəhd) Mehmet Gireyi Moskva üzərinə yürüşə göndərdi. Qalibiyyətlə dönən və atasından sonra taxtı alan Mehmet Girey qısa müddətdə Kazan xanlığını ələ keçirib, Həştərxan xanlığı üzərinə yürüşə başladı, Moskva knyazlığını isə vergi verməyə məcbur etdi. Onun dövrü Krım xanlığının yüksəliş dövrü kimi qiymətləndirilir. Ondan sonra güclü Krım xanlığı Sahib Gireyin dövründə mövcud olub. XVI əsrin əvvəllərində xanədan artıq Osmanlı sultanlığı ilə qohum olmuşdu. Onların hərbi səfərlərinə də qatılırdılar. Lakin Sahib Gireyin qısa müddətdə güclənməsi Osmanlını narahat edirdi. Ona görə də Sahib Girey öldürülərək, yerinə Dövlət Girey gətirildi.

Dövlət Gireyin dövrü IV İvanın hakimiyyətdə olduğu bir vaxta təsadüf edir. “Qorxunc” mənasını verən “Qroznı” ləqəbli IV İvan Rusiya tarixində Çar titulunu daşıyan ilk rəhbərdir (1547-ci il). O, 1552-ci ildə Kazan xanlığını işğal etməklə, Krım xanı ilə daha bir münaqişəyə girdi. Ardınca Həştərxan xanlığına yürüşü ilə aralarındakı düşmənçilik daha da böyüdü. Xəlil İnalcıq yazır ki, Krım xanlarının bir zamanlar özlərini Qızıl Ordanın varisi elan etmələri, digər xanlıqlarla düşmənçilik münasibətləri burada da öz sözünü deyirdi. Noqay xanlığı, Çərkəz tayfaları  ruslarla birləşərək Krım xanlığını zəiflədirdilər. Təbii müttəfiq, hətta bəziləri ilə soydaş olduqları xanlıqlarla birləşə bilməməkləri, güclü olduqları vaxtlarda onlara kömək etməməklərinin nəticəsi idi.

XVI əsrdə Azərbaycan torpaqları Səfəvi sülaləsinin hakimiyyəti altında idi. Şah I Təhmasib 1551-ci ildə Şəkini də hakimiyyəti altına alaraq, güclü dövlət yaratmışdı. Həştərxan xanlığını ələ keçirən İvan Qroznı Volqa-Xəzər yolu ilə İran körfəzinə, oradan da Hind okeanına çıxmağı planlaşdırırdı. Lakin Azərbaycanın şimal sərhədləri, eləcə də Xəzər dənizi qorunduğundan onun elçiləri Dərbənddən geri döndülər. Qroznı ordularını Həştərxandan Polşa üzərinə göndərdi. Belə bir vəziyyətdə Krım xanı 1571-ci ildə Moskva üzərinə səfər hazırladı. Bu yürüşdə ona çardan qaçıb Gireylərə sığınan rus knyazları da kömək etdilər. Moskva üç gün davam edən yanğına büründü. Ruslara göz dağı verən tatarların başçısı Dövlət Gireyə “Taxtalqan” (paytaxt zəbt edən) ləqəbi verildi.

Krım tatarlarının Azərbaycana gəlişi, Səfəvilərlə döyüşlər

Bəhs edilən dövrdə Osmanlı ilə Krım arasında ciddi iqtisadi-siyasi və hərbi münasibətlər mövcud idi. Krım hərbi qüvvələri sultanın ordusunda yer alır, səfərlərə qatılırdılar. Onların Osmanlı tərkibində şərqə doğru ilk səfəri 1578-ci ildə oldu. Bu zaman Osmanlının məqsədi Səfəviləri zəiflətmək, Xəzər dənizinə təhdid olan rusları uzaqlaşdırmaq, burada hərbi donanma qurub, Mərkəzi Asiya xanlıqlarına yol açmaq idi. Krım xanı II Mehmet Gireyə məktub göndərən sultan, ondan süvari ordusunu təcili Şirvan yaxınlığına göndərməyi istədi. Xan, qardaşı Adil Gireyin komandanlığı ilə, Səadət Girey də daxil, 15 min nəfərlik böyük tatar süvari korpusunu Dərbənd üzərindən Şirvana göndərdi. Bu zaman İstanbuldan Azərbaycana 500 yeniçəri, 12 topçu, 15 top arabaçısı, 100 tüfəng, 100 barıt dolu sursat arabasından ibarət hərbi qüvvə göndərildi. Bundan xəbər tutan Səfəvi sarayı Aras xanın komandanlığı altında 20 min nəfərlik nizami ordunu Şirvana göndərdi. Aras xan oktyabr ayında Osmanlı tabeliyində olan Ərəşi ələ keçirib, Qəbələ qalasına gəldi. Qəbələdə Osmanlı qərargahının dəstələri ilə qanlı döyüşü qazanaraq, noyabrda Şirvan qalasını mühasirəyə aldı. Qaladakı qüvvələrə Osmanlı paşası Osman paşa başçılıq edirdi. Bir neçə gün davam edən döyüşlərdə qızılbaşlar üstünlük təşkil edirdilər. Bu zaman Dərbənddən gələn tatar süvariləri qəfil hücumla səfəviləri məğlub etdilər. Aras xan Adil Girey tərəfindən əsir alındı və edam edildi. Bu münasibətlə Osman Paşa Krım ordusuna üç gün ziyafət verdi. Gireylərin ordusu şəhərləri yağmalamaq üçün hərəkətə keçdilər. Şamaxıdan Salyana hərəkət edən tatarlar burada qızılbaş istehkamını dağıtdılar və Kür çayı sahilində mövqe tutan səfəvilərlə döyüşə girdilər. Qarətlər və döyüşlərin Ramazan ayında olması Osmanlı sultanını narahat etdi və III Murad qarəti dayandırmaları haqqında çapar vasitəsi ilə bir məktub göndərdi. Buna məhəl qoymayan tatarlarla Osmanlılar arasında fikir ayrılığı yarandı. Bu haqda hazırda Osmanlı arxivlərində saxlanılan sultan dəftərxanasının sənədlərində və Əsəfi Mehmet Çələbi “Özdəmiroğlu Osman Paşanın şərq səfərləri (1578-1585)” əsərində geniş məlumat verib. Bu məqamda Qızılbaş ordu komandanı və vəliəhd Həmzə Mirzə (sonradan şah olacaq I Abbasın böyük qardaşı – Ş.C.) böyük süvari ordusu ilə Şirvana doğru hərəkətə keçdi. Xəbəri alan Osman Paşa Adil Gireyi Şamaxıya geri çağırmaq üçün ona məktub yazdı. Məktub yolda qızılbaşların əlinə keçdi və onlar Şamaxıdan Salyana doğru yürüşə başladılar. İndiki Ağsu və Salyan arasında Molla Həsənli deyilən yerdə baş verən döyüşdə dağınıq tatarlar üzərinə hücuma keçən qızılbaşlar onları məğlubiyyətə uğratdılar. 2 min döyüşçü öldürüldü. Adil Girey və Ərəş hakimi Piyalə Paşa əsir alındı. Şirvan sancaqbəyi Osman Paşa isə dağınıq dəstəsi ilə Dərbəndə çəkildi. Bütün qarət və döyüşlərə baxmayaraq, 1579-cu ildə şahın hüzuruna çıxarılan Adil Girey bir xanədan mənsubu olaraq törənlə qarşılandı, lakin qaydalara uyğun olaraq saray zindanına göndərildi. Onun zindan və azadlıqdakı həyatı haqqında Münşi, Qummi və İsfəhani olduqca geniş məlumatlar verirlər. Qummi yazırdı ki, Adil Girey zindanda olarkən Krıma, azadlığa aid həsrət şeirləri yazarmış, ucadan oxuyarmış. Xəbər şah Məhəmməd Xudabəndəyə çatır və o, saray mühafizəçilərinə şeirləri gətirməyi əmr edir. Şeirləri oxuyan və özü də şair olan Xudabəndə Adil Gireyi azad edir. Gireyin anası, bu xəbəri aldıqdan sonra Səfəvi sarayına qiymətli hədiyyələr və minnətdarlıq məktubu göndərir.

Krım xanlığının zəifləməsi

XVII əsrdə rusların güclənməsi, Osmanlının zəifləməsi Krım xanlığını da çıxılmaz vəziyyətdə qoymuşdu. Kazak dəstələri ilə toqquşmalar, Osmanlıdan köməyin gəlməməsi, xalqın da ruslara meyli xanlığı zəiflədirdi. Azov qalasının rusların əlinə keçməsi Osmanlının əsas dayağının itməsi, Krımın isə tamamən qüvvədən düşməsi demək idi. Xanlar bütün qüvvələri ilə qalanı qoruyurdular. Ruslar qalanı ələ keçirməyə bir dəfə cəhd etsələr də, bu hücum dəf edilmişdi. Lakin I Pyotr hərbi donanma yaratması və bu sahədə apardığı islahatlar Krım xanlığına açıq təhdidlər yaradırdı.

XVIII əsrin 30-cu illərində Osmanlının şərqə yürüşləri, Səfəvilərlə müharibələrə daha çox diqqət ayırması Krımı tamamilə yalnız qoymuşdu. Yaranmış vəziyyətdən istifadə edən ruslar Krıma hücum edib, üç gün ərzində Baxçasarayı və digər şəhərləri yandırdılar. Bundan sonra Krım bir daha özünə gələ bilmədi. 1768-74-cü illərdə baş verən döyüşlərdə əsas məqsədi ərazilərini genişləndirmək olan Rusiya çarlığı 1771-ci ildə Bucaq və Krım yarımadasını işğal etdi. Krım xanı İstanbula sığındı. 1774-cü ildə Osmanlı ilə bağlanan “Kiçik Qaynarca” müqaviləsinin üçüncü bəndi Krım xanlığına aid edilmişdi. Maddəyə görə, Krım xanlığı Osmanlı tərkibindən çıxaraq müstəqil olmalı, yalnız dini məsələlərdə islam xəlifəsi olan sultanla məsləhətləşməli idi. Bu, artıq Krımın işğalına yol açılmış olduğunu göstərirdi. Çünki ruslar Azov, Kerç, Yeniqala və Kılburun qalalarını ələ keçirmişdilər. Hakimiyyətə gətirilən ruspərəst Şahin Girey də rus modeli bir dövlət aparatı qurmuşdu. Xalq etiraz etsə də, ruslar hakimiyyətə kömək bəhanəsi ilə 1783-cü ildə Krıma girdilər. Xanlıq süqut etdi...

Tatar Milli Hərəkatı: bir aylıq müstəqillik

Çar Rusiyasının zəiflədiyi bir vaxtda Krımda tatar milli hərəkatları baş qaldırmışdı. Artıq XX əsrin başlanğıcında tatar milliyyətçiliyi deyilən cərəyan da mövcud idi. Onlardan Numan Çələbi Cahan, Əbdülhakim Hilmi və digərləri “Vətən” təşkilatı qurmuşdular. Rusiyada baş verən 1917-ci il oktyabr inqilabından sonra “Vətən” üzvləri Milli Məclis təsis edərək, Krımın müstəqilliyini elan etdilər və Konstitusiya qəbul etdilər. 26 dekabr 1917-ci ildə Krım Xalq Cümhuriyyəti quruldu. Numan Çələbinin rəhbərliyi ilə yeni hökumət yarandı. Lakin bolşeviklər bir ay sonra bu hökuməti devirdilər, Numan Çələbi və digərləri güllələndi. Sovet dövründə də tatar milliyyətçiləri bolşeviklərlə mübarizəni davam edirdilər. Vəziyyətin düzəlməyəcəyini görən V.İ. Lenin 1921-ci ildə Krım Muxtar Sovet Sosialist Respublikası yaradılması haqqında göstəriş verdi. Lakin Leninin ölümündən sonra İ.Stalin Krımın muxtariyyatını ləğv etdi, rəhbərlərini sürgünə göndərdi, güllələtdirdi, yarımadaya isə xeyli rus ailələri köçürüldü. 1934-cü il sənədlərinə görə, Krımda yaşayan 875 min nəfərin 43%-i ruslar idi.

Böyük sürgün

1939-1945-ci illəri əhatə edən İkinci Dünya Müharibəsi Krımdan da yan keçmədi. “Barbarossa” planının icrası zamanı Krımda xeyli dağıntılar törədilmiş, yarımada işğal olunmuşdu. 1944-cü ildə Sovet dövləti Krım uğrunda geniş hərbi əməliyyata başladı. Yarımada azad edildi. Ən dəhşətlisi isə həmin il 17-18 may tarixində həyata keçirilən böyük sürgün idi. Stalinin əmri ilə iki gün ərzində 150 mindən çox insan yük qatarlarına doldurularaq, Orta Asiyaya, Qazaxıstan çöllərinə sürgün edildi. Onların çoxu vaqonlarda havasızlıqdan, aclıqdan faciəvi şəkildə öldülər. 1954-cü ildə Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Nikita Xruşşov 1654-cü ildə Rusiya Çarlığı ilə Ukrayna arasında bağlanmış Pereyeslav müqaviləsinin 300 illiyi şərəfinə Krım yarımadasını Ukrayna SSR-ə hədiyyə etdi. Lakin əsas məqsəd müharibədən sonra Ukraynada baş verən xalq etirazlarının qarşısını almaq idi.

Milli dirçəliş

80-ci illərin sonunda krımlılar Ukrayna tərkibində Sovet İttifaqına qarşı hərəkata başlatdılar. Bu hərəkatın başına 1989-cu ildə Mustafa Əbdülcəmil Krımoğlu keçdi. Tatar Milli Hərəkatı sürgün olunmuş tatarların vətəninə qayıtmasını təşkil etdi. Sovet dövründə qaçmış və sürgün olunmuş 500 min tatardan 150 mini yurduna qayıda bildi. 1991-ci ildə Rusiya, Ukrayna və Belorusiya (indiki Belarus – Ş.C.) dövlət rəhbərlərinin görüşündə ərazi məsələləri müzakirə edilirdi. Boris Yeltsin Krım yarımadasını Ukraynadan istəmədi. Bundan ürəklənən tatarlar 1992-ci ildə Ukraynadan ayrılaraq, öz müstəqil dövlətlərini yaratmaq haqqında qərar qəbul etdilər. Lakin Ukrayna hökumətinin təzyiqi ilə bu qərar ləğv edildi. Krım yarımadası Ukraynanın bir parçası olaraq qaldı.

Ən yeni dövr və son işğal

2013-2014-cü illərdə Ukraynada baş verən hökumət qarışıqlığı, sağ qanadın hakimiyyətə gəlməsi bir sıra diplomatik böhranlara da səbəb olmuşdu. Rusiya isə fürsəti əldən verməyərək, burada yaşayan rusları təşkilatlandırdı. 30 min rus Rusiyaya sığındı. Rusiya hökuməti Ukraynanın yeni prezidentini tanımayaraq, gözlənilmədən Krım yarımadasına qoşun göndərdi. Krım işğal olundu və 2014-cü ilin 11 martında “müstəqil dövlət” elan olundu. Burada xalqın istəyi olmadan referendum keçirildi. Yarımada əhalisinin 13%-ni təşkil edən tatarlar Ukrayna dövlətinin tərəfində olduqları üçün yekdilliklə referendumda iştirak etmədilər. Rəsmi açıqlanan nəticələrə görə, seçkidə 83% seçici iştirak edib, onların 97% isə müstəqilliyə səs verib. Həmin ilin 17 martında Rusiya dövləti Krımın müstəqilliyini tanıdı və 18 mart günü Krım Rusiyaya birləşdirildi. Yarımada üçün yeni tarixin başlanğıcının əsası qoyuldu.

 

Ardı var...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5883
avatar

Şəhla Cabbarlı

Oxşar yazılar