Məxfi əməliyyat, kapitan Lyuksun həbsxanadan qaçışı... - TARİXİN SANDIĞINDAN
Birinci Dünya müharibəsi ərəfəsində Fransa kəşfiyyatına, sonralar general rütbəsi alan polkovnik Eduard Düpon rəhbərlik edirdi. O bu vəzifəyə Almaniyada ikinci büronun əməkdaşı kimi bir neçə məxfi kəşfiyyat əməliyyatınıı uğurla həyata keçirəndən sonra təyin edilmişdi.
Fransa kəşfiyyatının müharibə ərəfəsi illərdə əsas nailiyyəti məşhur “Şliffen planını” ələ keçirməsi sayıla bilər. Bu plana əsasən, hərbi əməliyyatlar zamanı almanlar tərəddüd etmədən Belçikaya soxulacaqdılar. 1905-ci ildən başlayaraq, general Şliffenin planı üzərində bütün çalışmaları və qeydləri Düponun əlindən keçmişdi. Bu məlumatlar o vaxt Fransa kəşfiyyatı ilə əməkdaşlıq edən çox qiymətli bir mənbədən gəlirdi.
Mənbə “Qisasçı” adı ilə tanınan çox məxfi bir şəxs idi. O, yüksək rütbəli bir zabit olaraq, almanların baş qərargahında işləyirdi. “Qisasçı” ilə əlaqəni hava kəşfiyyatının kapitanı Lambinq saxlayırdı, amma o da, casusun üzünü heç vaxt görməmişdi. “Qisasçı” onunla görüşə gələndə başını tənziflə yaxşı-yaxşı sarıyırdı. O, “Şliffen planı” da daxil olmaqla, bütün məlumatları Lambinqə əlbəəl ötürürdü. Həmin məxfi planı casus 1904-cü ilin aprelində fransızlara 60 min franka satmışdı. Üstündən 10 il doqquz ay keçəndən sonra isə, “Şliffen planı” necə yazılıbsa, eləcə də həyata keçirildi.
Sonralar Düpon bu barədə belə yazırdı: “Müharibənin lap ilk günlərində almanların Belçika vasitəsilə ölkəmizə soxulması ehtimalı barədə mən öz rəhbərliyimə dəfələrlə məlumat vermişdim. Mənə inanmırdılar; deyirdilər ki, Almaniya müqaviləmizi pozmağa cəsarət etməz. Komandanlıqdan belə bəsit cavabı eşidəndə, Fransa ordu rəhbərliyinin almanların müqaviləyə sadiq qalacağına necə sadəlövhcəsinə inandığına heyrətlənirdim”.
Haşiyə: Düz deyirlər ki, tarix təkrarlanır. Almanlara inanmaq kimi bir yanlışlığa Sovet rəhbərliyi də Böyük Vətən Müharibəsi ərəfəsində yol vermişdi. Almanlar onda da müqavilələrinə məhəl qoymamışdılar.
Polkovnik Düponun rəhbərlik etdiyi səs-küylü əməliyyatlardan biri də kapitan Lyuksun qaçışının təşkili idi.
1910-cu ildə Fransa kəşfiyyatının Belfor sərhəd zonasındakı rəhbəri kapitan Lyuksa almanların Elzas və Lotaringiyada yerləşən qoşunları barədə dəqiq məlumat toplamaq tapşırılmışdı. Elzas və Lotaringiya 1870-ci il müharibəsindən sonra almanların nəzarətinə keçmişdi.
Kapitan Lyuks rəsmən, Belforun hərbi rəhbərliyinin qərargahı nəzdində fəaliyyət göstərən mühəndis qoşunlarının tərkibində işləyirdi. O, 1910-cu il dekabrın 1-də İsveçrəyə yollanır. Ertəsi gün casus “HG” (Henrix Girş) ilə görüşür. Kapitan onun ötürdüyü materiallarda dəqiqliyin azlığına irad tutur, üstəlik, casusun özünü şübhəli aparmasına diqqət yetirir. Kapitan qərara alır ki, məsələnin mahiyyətini öyrənmək, hər şeyi öz gözü ilə görmək üçün Almaniya ərazisinə keçsin; bu isə polkovnik Düponun əmrinə birbaşa zidd idi.
Lyuks Boden gölünün sahilindəki Romansxor şəhərinə gəlib, “Boden” mehmanxanasında yerləşir. Dekabrın 3-də köməkçisi Mülleri mehmanxanada qoyub kiçik bir gəmi ilə gölü keçərək, Fridrixsxafen şəhərinə gəlir. Almaniya əks-kəşfiyyatı bütün yol boyu onu izləyirdi. Kapitan Lyuksun isə bundan xəbəri yox idi. Əlində turistlər üçün bələdçi kitabı sahilə çıxan kimi, onu alman jandarmları onu saxlayır, əvvəlcə Ştutqarta, oradan da Strasburqa aparırlar. Hər iki şəhərdə kapitan Lyuks dindirilir. Bu dindirmələr o dövr üçün adi olan sayğı və hörmətlə keçirilirdi.
Lyuksu hər şeydən çox nigaran qoyan, almanların “Boden” mehmanxanasında onun yükünü tapa biləcəyi idi - çamadanında onu ifşa edəcək bəzi sənədlər vardı. Amma kapitanın xoşbəxtliyindən, yerli “Şvabsen Merkuri” qəzetinin çoxbilmiş reportyorları “fransız casusu Lyuksun” həbsindən artıq xəbər tutmuş və bu xəbərdən əməlli-başlı sensasiya yaratmışdılar.
Mətbuatda yayılan xəbər üçbaşlı təsir göstərdi: birincisi, leytenant Müller Lyuksun baqajını dərhal gizlətdi; ikincisi, onun həbsi Düpona da bəlli oldu; üçüncüsü, kapitana qardaşı Viktorla yazışmaq imkanı verildi – o, həftədə iki dəfə məktub yollayıb, cavab ala bilərdi.
Beləliklə, kapitan Lyuks bu fürsətdən istifadə edərək, qardaşına məktub yazır və məktubundakı şəxsi xarakterli sətirlərin arasında, simpatik mürəkkəblə rəisi Düpona da bir namə yazır.
Haşiyə: Simpatik (görünməz) mürəkkəblə yazılan yazıları yalnız bəlli şəraitdə (qızdırmaq, kimyəvi aydınlaşdırıcıdan istifadə və sairə) görmək mümkündür. Klassik steqanoqrafiyada (yunanca: gizli yazıram) ən geniş yayılmış üsul simpatik mürəkkəblərdən istifadədir. Hələ bizim eranın I əsrində iskəndəriyyəli Filon öz traktatında qoz qabığının suyundan simpatik mürəkkəb hazırlamağın yolunu yazmışdı. Məşhur şair və mütəfəkkir Ovidi məxfi yazını südlə yazmağı məsləhət görürdü. Rus inqilabçıları da gizli yazışmaları zamanı süddən istifadə edirdilər. Bu yazıları; oxumaq üçünsə, vərəqi isti ütü ilə qızdırırdılar.
Kapitan Lyuks simpatik mürəkkəb düzəltmək üçün, çay içmək məqsədilə kameraya gətirilən limonun suyundan istifadə etmişdi...
Onun işi üzrə istintaq yarım ilə yaxın sürdü, məhkəmə 1911-ci il, dekabrın 29-30-da Leypsiq şəhərində baş tutdu. Lyuksun casusluq fəaliyyətini isbat edən təkzibolunmaz dəlillər yox idi deyə, təxribatçı-agentlərin ifadələrindən istifadə etməli oldular. Onların adları məhkəmə iclasında çəkilməsə də, protokollarda öz əksini tapırdı.
Kapitan Lyuks Sileziyadakı Qlats qalasında 6 il həbsə məhkum edildi. Onun kamera qonşuları duellərdə iştirakına görə cəza alan alman zabitləri və Lyuksun özü kimi casusluğa görə tutulmuş, Böyük Britaniya Kral hərbi donanmasının zabiti, kapitan Trenç idi.
Lyuks qalaya düşdüyü ilk andan onun quruluşu və ətrafı ilə tanış olur və bu qərara gəlir ki, bu qaladan qaçmaq mümkündür. Fikrini Trençlə də bölüşür. Onun ideyası kamera yoldaşının da xoşuna gəlir, lakin sonradan, Lyusk müstəqil hərəkət etməyə üstünlük verir.
Lyuksun qaçış ideyasını Düpon da bəyənir və kapitanın qardaşı Viktorla bir yerdə qaçış planını hazırlamağa girişir. Bu əməliyyata ekspert kimi doktor Qrelle də cəlb edilmişdi. Onun məsləhəti ilə təcrübə aparanda bəlli olur ki, zolaq-zolaq kəsilmiş adi kətan dəsmaldan hörülmüş kəndir kapitan Lyukun cəmi 60 kiloqram ağırlığı olan çəlimsiz bədənini saxlaya bilər.
Beləliklə, Lüksun “xahişi ilə” Viktor öz qardaşına ən iri ölçüdə 12 kətan salfet yollayır. Sonra, Lyuks qəzet istəyir. Ona beli möhkəm qaytanla sarınmış dörd bağlama qəzet göndərirlər.
Düponun tapşırığı ilə üç ədəd iti və yüngül dəmir mişarı düzəltmişdilər. Doktor Qrelle onları 240 alman markası ilə bir yerdə Lyuksa yolladığı kitabın içindəki boşluğa yerləşdirir. Bir qədər sonra isə kapitana təqvimin içində o ərazinin 1:100000 miqyaslı xəritə çatdırırlar.
Lyuks təqib zamanı polis itlərini izdən azdırmaq üçün ona qulluq göstərən alman köməkçisinə (əcəb həbsxanadır!) bir kiloqram döyülmüş istiot almağı tapşırır. Köməkçi onun bu tapşırığını da sorğu-sualsız yerinə yetirir.
Dekabr ayının 28-də, şaxtalı bir gecədə Milad bayramları münasibətilə nəzarət rejiminin zəifləməsindən sui-istifadə edən kapitan Lyuks kamerasının pəncərəsindəki barmaqlıqları kəsir, kətan parçadan hörülmüş kəndiri açır və macəra romanlarının qəhrəmanları kimi, diqqət cəlb etmədən divardan aşağı enir. O, yolboyu öz izlərinə istiot da səpirdi...
Az sonra, kapitan Lyuks artıq yerli qatarın vaqonunda idi; qatardan enəndə isə Vyanaya gedən ekspressə əyləşir. Qaçışından hələ xəbər tutmamışdılar deyə, nə sərhədçilər, nə də gömrük işçiləri bayram əhval-ruhiyyəsindən ayrılıb ona mane olmur. Lyuks Avstriya-Macarıstan sərhədini keçir, İnsbruk, Verona, Milan, Lozanna və Pontarlye şəhərlərindən ötüb, Parisə yetişir. Düpon onu qəhrəman kimi qarşılayır, hərbi nazir Messimiyə təqdim edir. Almaniyaya isə dişsiz etirazını nota ilə bildirmək qalır. Əslində, Almaniyanın əks-kəşfiyyatı Lyuksu ifşa etməklə, öz işini görmüşdü, casusun qaçmasına səbəb olan səhlənkarlığın günahı isə həbsxana işçilərinin boynunda qalırdı...
Beləliklə, kapitan Lyuks kəşfiyyatda əvvəlki yerinə qayıdır və Birinci Dünya Müharibəsini də elə orda qarşılayır...
* * *
Polkovnik Düpon bunun dalınca, daha bir uğurlu əməliyyat həyata keçirir: cəmisi 1800 franka kapitan Lyuksun məhkəmə iclasının tam protokolunu alır. Yadınızdadırsa, həmin protokolda təxribatçı-casusların adları vardı.
Sonralar Düpon protokolu əlinə aldığı günü xatırlayanda, belə deyirdi: “Bu, həyatımın ən gözəl günlərindən biri idi”.
4142