İşğalın başlanğıcı, qətl edilən Xan ailəsi, uğursuz üsyan... – TARİXİN SANDIĞINDAN   
23 noyabr 2020 16:12 (UTC +04:00)

İşğalın başlanğıcı, qətl edilən Xan ailəsi, uğursuz üsyan... – TARİXİN SANDIĞINDAN  

 

Gürcüstanın şərq vilayətləri olan Kartli və Kaxetiyanın hökmdarı II İrakli (1762-1798) Osmanlı hücumları qarşısında çarəsiz olduğu üçün Rusiya ilə Georgiyevsk traktatını imzaladı. Müqaviləyə əsasən, II İrakli Rusiyanın himayəsini qəbul edir, əvəzində Rusiya  onu xarici düşmənlərdən müdafiə etməyi öhdəsinə götürürdü.

Ancaq 1787-ci ildə növbəti rus-türk savaşı başlayanda II İrakli ilə Rusiya arasında münasibətlər korlandı. Bunun səbəbləri tam aydın deyil. Bəzi mənbələrdə İraklinin türklərlə gizli danışıqlar apardığı, başqalarında isə öz qoşunlarından başqa yerdə istifadə edən Rusiyanın Kartli-Kaxetiyanı müdafiəsiz qoyması göstərilir. Hər halda, Ağa Məhəmməd şah Qacar 1795-ci ildə Tiflisi tutub darmadağın edəndə ruslardan kömək gəlmədi.

II İraklinin ölümündən sonra vüsət alan daxili çəkişmələrdən istifadə edən çar I Pavel 1801-ci ildə Kartli-Kaxetiya krallığının ləğv olunaraq torpaqlarının Rusiyaya birləşdirilməsi barədə fərman imzaladı. 1802-ci ilin aprelində rus generalı Knorrinq gürcü zadəganlarını Tiflisdəki Sioni kilsəsinə topladı və rus çarına sədaqət andı içmələrini tələb etdi. Razılaşmayanlar həbs olundular. Bununla da Şərqi Gürcüstanın işğalı ilə Rusiyanın Cənubi Qafqaza müdaxiləsi başladı.

***

1802-ci ilin sentyabrında gürcü əsilli generalı Pavel Sisiyanov Gürcüstana Baş komandan təyin edildi. Bundan altı ay sonra, 1803-cü ilin martında ruslar Car-Balakən camaatlığına hücum çəkdilər və İlisu sultanına Rusiya asılılığını qəbul etdirdilər. Beləcə, Rusiya nəzarətinə keçən ilk Azərbaycan torpağı İlisu oldu.

Həmin ilin sonlarında isə ruslar Gəncə xanlığının ərazisinə soxuldular. Dekabrda Gəncə şəhəri mühasirəyə alındı. Amma qala divarları və müdafiəçilərin qəhrəmanlığı bir müddət şəhəri tutmağa imkan vermədi. Nəhayət, 1804-cü il yanvarın 3-də növbəti hücumla Gəncə alındı. Cavad xan və oğlu həlak oldu. Ruslar xanlığı ləğv etdilər və torpaqlarını Rusiyaya birləşdirdilər.

***

Quzey Azərbaycan xanlıqları Rusiya və Qacar İranı arasında manevr edərək, öz müstəqilliklərini saxlamağa çalışırdılar. Amma Qarabağ xanlığı ilə İranın münasibətləri yaxşı deyildi. Qacar sülaləsinin banisi Ağa Məhəmməd şah Qacar iki dəfə xanlığa hücum etmiş, ikinci hücumu zamanı öz mühafizəçiləri tərəfindən Şuşada öldürülmüşdü.

Doğrudur, bundan sonra Qarabağ xanlığı ilə Qacarlar arasında münasibətlər bir qədər düzəldi. Hətta əmisinin yerinə taxta çıxan Fətəli şah Qacar Qarabağ xanı İbrahimxəlil xanı qızı Bəyim xanımla evləndi. Qarabağ xanlığı Qacarların ali hakimiyyətini qəbul etdi.

Amma rusların Azərbaycanda peyda olmasından sonra İbrahimxəlil xan öz siyasətinə yenidən baxmalı oldu. Rusiyanın İrandan daha güclü olması şübhə doğurmurdu. Azərbaycan xanlıqları arasında ən güclülərdən biri olan Gəncə xanlığının aqibəti isə ürəkaçan deyildi.

Buna görə də Sisiyanov öz zabitlərindən mayor Lisaneviçi Şuşaya göndərərək, Qarabağ xanlığından tabeçilik tələb edəndə İbrahimxəlil xan çox düşünmədi: məğlub olub hər şeyi itirməkdənsə, asılı olmağa üstünlük verdi. Hərçənd, Fətəli şah xanın yanına elçilər göndərərək, rusların tələbini rədd etməsini istəyir və bunun müqabilində hərbi yardım vəd edirdi. Amma xan şahın köməyinin yetərincə olacağına inanmadı.

1805-ci il mayın 14-də Gəncə yaxınlığında, Kürəkçayın sahilində Qarabağ xanlığı ilə Rusiya imperiyası arasında müqavilə imzalandı. İbrahimxəlil xanın və Pavel Sisiyanovun imzaladığı müqavilə 11 maddədən ibarət idi. Birinci maddədə İbrahimxəlil xanın öz ailəsi və ölkəsi ilə birlikdə rus çarının təbəəliyini qəbul etdiyi qeyd olunurdu.

İkinci maddədə rus çarı özünün və varislərinin adından İbrahimxəlil xanın və varislərinin torpaqlarının bütöv qalacağını vəd edirdi. Üçüncü maddə xanın və gələcəkdə onun yerinə keçəcək varislərinin rus çarına sədaqət andı içmələrini və bunun müqabilində hökmdarlıqlarını təsdiq edən sənəd almalarını nəzərdə tuturdu. Andın mətni müqaviləyə əlavə olunurdu və müqavilə imzalanandan sonra İbrahimxəlil xan tərəfindən səsləndirilməli idi.

Dördüncü maddə Qarabağ xanına qonşu dövlətlərlə əlaqə saxlamağı qadağan edirdi. Əgər həmin dövlətlər xanla əlaqə yaratmağa cəhd edərdilərsə, bu barədə Gürcüstan Baş komandanının Şuşada qalacaq nümayəndəsinə məlumat verilməli idi.

Beşinci maddə rus çarının öhdəliklərindən bəhs edirdi. Çar Qarabağ əhalisini öz nəhəng imperiyasının digər xalqlarından ayırmayacağını, İbrahimxəlil xan və övladlarının Qarabağ üzərində hakimiyyətlərinin sarsılmazlığına təminat verirdi. Xan daxili idarəetmədə sərbəst idi. Guya xanlığın qorunması, əslində isə onu nəzarətdə saxlamaq üçün Şuşada artilleriya ilə birlikdə 500 nəfərlik rus hərbi dəstəsi saxlanılacaqdı.

Altıncı maddə rus hərbi dəstəsinin yerləşmə və təchizatı ilə bağlı xanın görməli olduğu işlərdən bəhs edirdi. Yeddinci maddəyə görə, çar İbrahimxəlil xanı üzərində Rusiya imperiyasının gerbi olan bayraqla “təltif” edirdi. Bu bayrağı xan yanında saxlamalı, müharibəyə gedəndə də özü ilə aparmalı idi.

Səkkizinci maddəyə görə, Qarabağ xanlığı hər il Rusiyaya 8 min çervon xərac ödəməli və bunu iki ödənişlə (1 fevral və 1 sentyabr) həyata keçirməli idi. Bundan əlavə, xanın böyük oğlunun ikinci oğlu girov kimi Tiflisə göndərilməli idi. Doqquzuncu maddəyə görə, xanın girov nəvəsinin saxlanılmasına Rusiya hər gün 10 gümüş rubl ayıracaqdı.

Onuncu maddə müqavilənin əbədi imzalandığını və heç bir dəyişikliyə məruz qala bilməyəcəyini, on birinci maddə isə müqavilənin Rusiya imperatoru tərəfindən ən geci 6 ay ərzində təsdiq olunacağını ehtiva edirdi.

General Sisiyanov çar I Aleksandra mayın 22-də göndərdiyi raportda “imperator həzrətlərinə” Şuşa qalasının açarlarını və Qarabağ xanlığının əbədi təbəəliyə daxil olması barədə müqaviləni təqdim etməkdən xoşbəxt olduğunu bildirir, Rusiya imperiyasının genişlənməsi münasibətilə təbrik edirdi.

Müqavilənin imzalanmasından bir müddət sonra  imperatorun fərmanı ilə İbrahimxəlil xana general-leytenant, oğlanları Məhəmmədhəsən ağa və Mehdiqulu ağaya general-mayor rütbələri verildi. Əlavə edim ki, Qarabağ xanlığının Rusiyanın tərkibinə keçməsi Şəki xanı Səlim xana da təsir etdi. İbrahimxəlil xanın qaynı olan Səlim xan mayın 21-də Rusiya ilə Kürəkçay müqaviləsinin eyni olan müqavilə imzaladı.

***

Rusiyanın müsəlman xanlıqlarına hücumu Qacar sarayında etirazla qarşılanmışdı. Gəncənin işğalından yarım il sonra 9 ildən çox davam edəcək rus-iran savaşı başlanmışdı. 1806-cı ilin yazında bu müharibənin yeni kampaniyası çərçivəsində Qacar qoşunu Arazı keçərək, Qarabağa doğru irəlilədi.

Kürəkçay müqaviləsinə əsasən Qarabağda yerləşdirilən rus dəstəsinə podpolkovnik Lisaneviç başçılıq edirdi. Qacarların yeni hücumu zamanı o, İbrahimxəlil xanın düşmənlə gizli əlaqə saxlamasından şübhələndi. Onun başlığı altında kiçik bir dəstə gecə ikən Şuşa yaxınlığındakı Xanbağında xanın iqamətgahına basqın etdi. Xan, arvadı, kiçik oğlu və qızı, xeyli qulluqçusu öldürüldü.

Halbuki xanın İran sarayı ilə əlaqələri barədə heç bir sübut yox idi. Sisiyanovun Bakı yaxınlığında öldürülməsindən sonra onun yerinə Gürcüstan və Dağıstanın Baş komandanı təyin olunan general Qudoviç Peterburqa göndərdiyi məlumatda yazırdı: “Bu mühüm hadisənin bütün təfərrüatlarını araşdıran general Nebolsinin raportuna görə, Qarabağ xanı nahaq öldürülüb”.

Podpolkovnik Lisaneviç Qarabağdan uzaqlaşdırıldı, amma heç bir cəzaya məruz qalmadı. Hətta bu cinayətdən ilyarım sonra rütbəsi artaraq polkovnik oldu. Onun yerinə isə Qarabağ xanlığına Qudoviçin raportunda adı keçən general-mayor Nebolsin təyin edildi. Şəki xanı Səlim xan isə öz bacısının qətlinə görə ruslara qarşı üsyan qaldırdı, məğlub olaraq İrana qaçdı.

İbrahimxəlil xanın böyük oğlu Məhəmmədhəsən ağa hələ 1805-ci ilin sonlarında xəstələnərək vəfat etmişdi. Vərəsəlik qaydalarına görə, xanlıq taxtına onun oğlu Cəfərqulu ağa keçməli idi. Amma İbrahimxəlil xanın ikinci oğlu Mehdiqulu ağa ruslarla yaxşı münasibətləri olan Cəfərqulu xan Xoyski ilə əlaqə saxlayaraq, özünün xan təyin olunmasını istəyir. Bunun müqabilində Mehdiqulu xan öz gözəlliyi məşhur olan 16 yaşlı bacısı Gövhər ağanı 60 yaşlı Cəfərqulu xana ərə verəcəyini bildirir. Bu sövdələşmə həyata keçdi. Mehdiqulu ağa Qarabağ xanı, Gövhər ağa isə Cəfərqulu xanın arvadı oldu. Az sonra isə Cəfərqulu xan özü də ruslar tərəfindən Şəki xanı təyin olundu.

Mehdiqulu xan zahiri mütiliyinə baxmayaraq, atasının ölümünü ruslara bağışlamadı. O, Qacar sarayı ilə əlaqələr saxlayaraq Rusiyanın əsarətindən qurtulmağa çalışırdı. Amma həmin dövrdə Rusiya güclənməkdə, İran isə tənəzzüldə idi. Mehdiqulu xan 1822-ci ildə İrana qaçdı. Bundan dörd il sonra isə ruslar Qarabağ xanlığını ləğv etdilər.

Gövhər ağa isə qoca ərinin ölümündən sonra Şuşaya qayıtdı. Burada o, xeyriyyəçiliklə məşğul oldu. Onun inşa etdirdiyi tikililər arasında ikisi daha məşhurdur. Əvvəlcə “Aşağı Gövhər ağa” məscidini tikdirdi. Daha sonra isə atası İbrahimxəlil xanın tikdirdiyi və yararsız hala düşən məscidi bərpa etdirdi. İndi o məscid “Yuxarı Gövhər ağa” məscidi kimi tanınır və Şuşanın simvollarından biri sayılır.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7831
avatar

Camal Əlisoy

Oxşar yazılar