Napoleon Bonapart hakimiyyətə gələn kimi İngiltərə onun qatı düşməninə çevrildi. Böyük Britaniya fransız mühacirlərinə və onların lideri qraf d-Artuaya, Vandeya qiyamından və şuanlarla müharibədən sağ qalanlara, habelə, Jorj Kadudal kimi sui-qəsdçilərə sığınacaq verdi. İngilislər bu əks-inqilabçılara hər vəchlə dəstək olur, bütün qəsdlər məhz ingilis pulları ilə həyata keçirilir, qəsdçilər ingilis gəmilərində Fransaya çatdırılırdı. İngiltərə monarxı iki dövlət arasında bağlanmalı olan sülh sazişini hakimiyyətin Napoleonun əlindən alınaraq, Burbonlar sülaləsinə ötürülməsi ilə şərtləndirirdi. İngiltərənin baş naziri Pitt açıq deyirdi ki, Fransada ənənəvi monarxiyanı bərpa etmək, fransız ərazilərini əvvəlki sərhədlərinə qaytarmaq, qazandığı bütün nailiyyətləri onun əlindən almaq hər bir ingilis vətənpərvərinin arzusudur.
Təbii ki, şəxsən Napoleona qarşı yönəlmiş əməliyyatlar da məhz ingilis kəşfiyyatı tərəfindən hazırlanır və koordinasiya olunurdu. İngiltərədəki monarxiya tərəfdarları, yəni royalistlər Fransadakı həmfikirləri ilə daimi əlaqədə idilər. İngilis donanması olmadan, bu əlaqəni həyata keçirmək qeyri-mümkün bir şey idi.
1803-cü ilin may ayında Amyen sülh sazişi pozulandan sonra İngiltərə hərbi əməliyyatlara birbaşa dəniz quldurluğu ilə başladı. 1200 fransız və holland ticarət gəmisi müharibə elan olunmadan, ingilislər tərəfindən əsir götürülərək, priz elan edildi.
Haşiyə: O vaxtlar dəniz döyüşlərində ələ keçirilən, beynəlxalq hüquqa əsasən, qəsbkarın mülkiyyətinə keçən qənimətə priz deyilirdi.
Bu əməliyyatla Böyük Britaniya xəzinəsinə 200 milyon frank vəsait daxil oldu. Bonapart, düşmənlərinin bu hərəkətinə cavab olaraq, Fransa ərazisindəki bütün ingilis təbəələrini həbs etdi, ingilis mallarının alqı-satqısına qəti qadağa qoydu, Britaniya sənayesinin istehsalı olan malların Fransa və müttəfiqlərinin limanlarına daxil olmasını əngəlləyən sərt sanksiyalara əl atdı. Bu tədbirləri, faktiki olaraq, Böyük Britaniyanın Avropa qitəsindən təcridi və blokadasına yönələn addımlar saymaq olardı.
Üç il sonra isə Fransa imperatoru “alverçi millət” qarşısında bir daha meydan suladı və bütün gücündən istifadə edib, Britaniyanın tam təcridinə nail oldu. Bütün əlaqələr kəsildi; hətta Avropa ilə İngiltərə arasında poçt əlaqəsi də qeyri-mümkün bir şeyə çevrildi. İngilis mənşəli olduğundan şübhələndikləri bütün mallar yandırılırdı; İngiltərədən gəldiyi, yaxud, hansısa ingilis limanına yolüstü girdiyi güman edilən şəxslər o dəqiqə həbs olunurdu.
Bütün bu tədbirlərə baxmayaraq, Böyük Britaniya ilə qitənin əlaqələrini tam kəsmək mümkün olmadı. Bir neçə yüz il ərzində durmadan genişlənən qaçaqmalçılıq Böyük Britaniyanı təcrid etmək cəhdi ilə bir az da çiçəklənməyə başlamışdı. Bu sahədə peşəkar olan nəsillər fəaliyyətlərini durmadan genişləndirirdilər. Məhz onlar ingilis hökumətinin məxfi xidmət orqanlarının dayağına çevrildilər, muzdlu agent kimi işləyərək, lazımi şəxsləri külli miqdarda ödəniş müqabilində Helqolənd adası vasitəsilə qitəyə - Danimarka, yaxud Hollandiyaya keçirirdilər.
Haşiyə: Helqolənd Şimal dənizinin cənub-şərqindəki eyni adlı buxtada iki adadan ibarət arxipelaqdır. Hal-hazırda Almaniyanın ərazisidir. Uzun müddət Şimal dənizində fəaliyyətdə olan qaçaqmalçıların sığınacağı olub. XII – XIII əsrlərdə Danimarkaya məxsus idi. Arxipelaqın qızıl dövrü Napoleon müharibələri zamanına təsadüf edir. Fransa imperatorunun Böyük Britaniyaya blokada elan etməsilə Helqolənd qaçaqmalçılar üçün bazaya çevrilmişdi. 1807-ci ildə arxipelaqın strateji mövqeyi onun ingilis qoşunları tərəfindən istilası ilə nəticələnmiş, arxipelaq Böyük Britaniyanın tabeliyinə keçmişdi.
O zamanlar Londondan Parisə bir məktubun bu yolla çatması iki həftəyə yaxın vaxt aparır, hər dəfə marşrutlar dəyişdirilirdi. 1806-cı ildə blokadanın başlanması ərəfəsində elə bir gizli nəqliyyat və rabitə sistemi mövcud idi ki, öz risklərinə görə, tarixdə misli-bərabəri yox idi. İngiltərə ilə əlaqələrə görə hərbi tribunallar amansız cəzalar kəsirdi. Məhz bu amil qaçaqmal biznesinin çiçəklənməsinə səbəb olmuşdu. Qaçaqmalçılar Fransanın ərazi sularına yaxın yerlərdə məqsədli şəkildə manevrlər edən ingilis kreyserlərilə əlaqə yaradır, onların sifarişlərini yerinə yetirirdilər.
1805-ci ildə La-Manşın polis prefektinə belə bir məlumat çatdı ki, ingilislərə məxsus Cersi adası ilə gizli əlaqə yaradılıb və əlaqə xeyli vaxtdır, uğurla fəaliyyət göstərir. İnformasiya ünvanına rəngi və forması ilə Şosse adasındakı iri daşları xatırladan dəmir yeşikdə çatdırılırmış. Prefektin xəbərdar etdiyi fransız əks-kəşfiyyatı adadakı bütün daşları çevirib diqqətlə nəzərdən keçirsə də, heç nə tapa bilməmişdilər.
O zamankı ingilis kəşfiyyatının məlumatlarında sahil qumsallıqlarında gizlədilən, içində məxfi informasiya olan həmin o “dəmir yeşiyin” mövcudluğu müntəzəm qeyd olunurdu.
Gecə düşən kimi, ingilis gəmilərindən sahilə istiqamətlənən qayıqlar aralanırdı. Dəstə dəmir yeşiyi çox axtarmasın deyə, royalistlərin agenti yaxınlıqdakı qayalarda gizlənir, axtarışları yönləndirmək üçün əlindəki çaxmaqdaşının qığılcımları ilə şərti kodlar verirdi. Qayıqlar xüsusi təchizatla təmin edilmişdi. Məktublar, bağlamalar üçün saxlanclar elə qurulmuşdu ki, onları tapmaq üçün qayığı sonuncu taxtasına kimi, sökmək lazım idi. Bəzən isə, məxfi yazışmaları avarların içində düzəlmiş xüsusi kameralarda gizləyirdilər.
İngilislər zaman keçdikcə, həm də xüsusi kuryer xidməti yaratdılar. Kuryerlər Duvrdan gizli yollarla hərəkət edir, sənədləri çəkmələrinin dabanına yerləşdirir, kaftanlarının yaxalığına tikirdilər. Bu insanlar risk etməyə qadir, ağıllı, zirək şəxslər idi. Xidmətləri müqabilində külli miqdarda pul qazandıqlarından, bu işə həvəslə girişirdilər.
Çox vaxt agentlər və kuryerlər həbs ediləcəklərini duyanda məxfi sənədləri asanlıqla uda bilirdilər, çünki belə xəbərlər çox nazik kağızlarda yazılırdı. Məşhur agentlər biri olan Şalame adlı xanım bir dəfə bir dəstə məktubu beləcə udmalı olmuşdu. Bu, çox təhlükəli bir iş idi. Təsəvvür edin ki, qısa müddət ərzində bu işlə məşğul olan yüzlərlə agent həbs zamanı müqavimət göstərdiyinə görə qətlə yetirilmiş, məhkəmədən sonra dara çəkilmişdi.
Londondan maliyyələşdirilən agent şəbəkəsi həm Napoleonun özünü, həm də Fransadakı hərbi hazırlıqların gedişini daim izləyirdi. Belə agentlər İngiltərədən gələcəyi gözlənilən qəsdçilərə qoşulmağa hər an hazır idilər. Agentlər arasında müxtəlif peşə sahibləri, cəmiyyətdə oynadığı rola görə bir-birindən fərqli insanlar vardı: zadəganlar, qulluqçular, müəllimlər, balıqçılar, din xadimləri...
İngiltərənin məşhur fransız rezidentlərdən biri Fransa sahillərində özünün geniş agent şəbəkəsi olan abbat Leklerk idi. O, Napoelonun İngiltərəyə hücum etmək, məşhur Bulon düşərgəsini yaratmaq planlarından xəbərdar idi və bu barədə Britaniya kəşfiyyatına müntəzəm xəbərlər çatdırırdı. Abbat bu məqsədlə La-Manşda hərəkət edən ingilis kreyserlərinə məlumat ötürən balıqçılardan istifadə edir, onlara hər dəfə 20 luidor pul verirdi. Bu məbləğ o vaxt 500 frank təşkil edirdi.
O zamanlar İngiltərə kralı III Georqun nazirləri kəşfiyyatın gücünə çox inanır, bu yolda bol-bol pullar xərcləyirdilər. Fransanın xüsusi xidmət orqanları isə vəsait azlığından əziyyət çəkirdilər. Ona görə də İngiltərənin Napoleona qarşı yönəlmiş gizli əməliyyatları bir qayda olaraq, uğurla nəticələnirdi. Bonapart rejiminin mühüm məmurlarından həyati əhəmiyyət kəsb edən məlumatları pulla almaq belə mümkün idi. Fransa Böyük Britaniyanın yaratdığı casus şəbəkəsi içində boğulurdu.
Napoleon əleyhinə yönəlmiş bu kəşfiyyat proqramının böyük bir hissəsini Britaniyanın Almaniyadakı diplomatları: İngiltərənin Ştutqart və Kasseldə səlahiyyətli nümayəndəsi, xüsusilə də, Münhen şəhərindəki Bavariya sarayında akkreditasiyası olan Dreyk soyadlı səlahiyyətli nazir həyata keçirirdi. Dreyk Bavariya poçt xidmətinin rəhbərini pulla ələ ala bilmişdi deyə, bütün fransız yazışmalarına əli yetirdi. Amma sən demə, Dreykin əməkdaşlığa cəlb etdiyi məmur əslində, nə vaxtdan bəri Fransa əks-kəşfiyyatına işləyirmiş və Dreyk verdiyi pullar müqabilində öz agentindən saxta məlumatlardan başqa heç nə ala bilmirmiş. Agentin özü isə ingilis diplomatın inamından sui-istifadə edərək, çoxlu məxfi sənəd ələ keçirmiş, onları Fransaya göndərməyə müvəffəq olmuşdu. Həmin sənədləri Bonapart təxirə salmadan dərc etdirdi.
Hamburqdakı Amerika konsulu Forbs və Danimarka nümayəndəsi Kunad da Britaniyanın xüsusi xidmət orqanlarına işləyən şəxslərə saxta pasport verməklə İngiltərə hökumətinə xidmət edirdi.
Dünkerndəki Amerika konsulu isə “Yunqfrau Elizabet” gəmisinin reyslərinin koordinasiyası ilə məşğul idi – gizli məlumatları Böyük Britaniyaya həmin gəmi çatdırırdı.
Napoleon o vaxt kontr-admiral Dekreyə ünvanladığı məktubda belə yazırdı: “İngilis kreyserləri bizim limanlara girməyə hazırlaşan neytral gəmilərə yan almağı bir adətə çevirib. Onlar ekipaj üzvlərindən bir-iki nəfəri çıxarır, yerinə öz agentlərini qoyurlar və bununla da neytral gəmilərin bizim limanlarda qaldığı müddətdə kəşfiyyat aparırlar.”
Beləliklə, Avropanın hər tərəfindən informasiya sel kimi Londona axırdı. İngilis agentləri öz məlumatlarını çatdırmaq üçün müxtəlif üsullara əl atırdılar. Hollandiya, İsveç, İspaniya, yaxud Amerikanın məxfi görüş yerlərinə gedən məktublar mürəkkəb kodlarla – not işarələri, musiqi, botanika, saatsazlığa, kulinariyaya aid xüsusi terminlərlə yazılırdı.
La-Manşdakı adalardan ingilis kəşfiyyatı Fransız inqilabının ilk günlərindən istifadə edirdi. Bu rahat bazalarda 1814-cü ilədək Şerbur və Sen-Malo şəhərlərindən bu limanlara əsir mübadiləsi bəhanəsilə gələn britaniyalı kəşfiyyatçıların çoxdan yaratdığı rezidenturalar fəaliyyət göstərirdi.
İngilislərin məxfi xidmət orqanları həm də “azad ingilis mətbuatı” vasitəsilə müxtəlif təxribatlar həyata keçirirdilər. İngilis qəzetlərində Napoleona qarşı nifrət aşılayan yazılar norma halına düşmüşdü. İmperator isə onun bütün Avropanın işğalına yönəlmiş planlarını dilə-dişə salan bu qəzetləri gücsüz qəzəblə seyr edirdi. Napoleon belə yazıların müqabilində Böyük Britaniyanı, bütün ingilis xalqını kobud tərzdə təhqir etməkdən savayı bir yol tapa bilmirdi.
İngilis məxfi xidmət orqanları başqa problemlə də məşğul idilər. Məsələn, onlar yuxarıda adı çəkilən qraf d Artua və kralzadə Kondenin qəsdinə kömək edirdilər. Qəsdçilər Parisdə hərbi qiyam qaldıracaq, Fransada böyük hörmət sahibi olan, amma hökumətin gözündən düşmüş general Moro, general Pşeqryuna, habelə şuanların və royalist gizli cəbhənin lideri Kadulyala bel bağlayırdılar. Lakin bu qəsdə hazırlığın gedişini öz agenturasının köməyilə lap əvvəldən nəzarət altında saxlayan fransız əks-kəşfiyyatı əməliyyata mane ola bildi və qəsdçilərin o zaman Fransada olan nümayəndələrini həbs etdi.
İngilis kəşfiyyatının anti-napoleon əməliyyatlarında daha bir xətt bilavasitə imperatorun şəxsiyyətinə qaşı yönələn xətt idi. İngilis məxfi xidmətinin başçısı Con Barnett qadın düşkünü olan korsikalı hökmdarın yanına bir neçə cavan, çox suyuşirin xanım göndərmişdi. Bu barədə tarixi rəvayətdə deyilir ki, həmin xanımlardan fanatikcəsinə monarxiya vurğunu olan biri, guya özünü qəsdən sifilis azarına yoluxdurubmuş ki, sonradan çox nifrət etdiyi Fransa hökmdarını xəstələndirsin. Lakin Bonapart ya başının qarışıqlığından, ya da diqqətini tamam başqa qadına yönəltdiyindən, bu məkrli əməliyyat nəticə vermir.
Napoleon, təbii ki, ordusunun da, özünün də düşmən kəşfiyyatının diqqət mərkəzində olduğunu, bu məqsədlə qadınlardan istifadə edildiyini gözəl bilirdi. O, general Binyolla yazışmalarında dəfələrlə bu mətləbə toxunur: “Knyaginya Albaninin şübhələr doğuran davranışını, xarici dövlətlərdəki fransız zabitləri arasında intriqalar yaratdığını nəzərə alaraq, əmr verilməlidir ki, adı çəkilən knyaginya bu əmr imzalanandan beş gün sonra fransız qoşunlarının tutduğu ərazini tərk etsin. Əks təqdirdə, onunla casusluğu ifşa olunmuş bir şəxs kimi davranacağıq.”
Lakin bir sıra uğursuzluqlardan sonra Con Barnettin, nəhayət, bəxti gətirir. 1798-ci ildə, hələ çox gənc olan 24 yaşlı general Bonapart öz ailəsilə Misirdə idi. O vaxt zabit arvadlarına ordunun içində olmaları yasaq edilmişdi. Buna baxmayaraq, Qaskoniyadan olan zabit Furesin ərini dəli kimi sevən arvadı Polina Misirə yollanan gəmilərin birinə kişi paltarında minməyə müvəffəq olmuşdu.
İmperatora bu qalmaqallı hadisə barədə məlumat verəndə o qədər əsəbiləşir ki, zabiti də, arvadını da çubuqla döyüb, Fransaya yola salınmasını tapşırır. Lakin hökm icra edilməmişdən imperatorun hirsi soyuyur, cismani cəzanı ləğv edir və tapşırır ki, onları vətənə yola salmamışdan hüzuruna gətirsinlər ki, doyunca danlaya bilsin. Amma imperator Polina Furesi görən kimi, qəlbinin buzu əriyir. O, nəinki qadını cəzalandırmır, hətta qovulmasını belə əngəlləyir. Qısası, madam Fures tezliklə imperatorun favoriti və sevgilisinə çevrilir. Gözəlçənin qeyrətli adam olan, vaxtı daim səfərlərdə keçən əri bunu özünə möhkəm dərd eləyir. Lakin əlində qəti sübut olmadığından hərəkət edə bilmir.
Napoleonun qərargah rəisi general Bertye dəliqanlı qaskoniyalıdan saray xoşqeyrəti düzəldə bilməyəcəyini anlayır və onu “mühüm əhəmiyyətli dövlət sənədlərilə” Fransaya yola salır. Fures bu əmrə itaət edir və arvadını da özüylə aparması üçün icazə istəyir. Ona başa salırlar ki, yol uzun, təhlükəlidir, Zabit isə yolboyu öz arvadının deyil, sənədlərin hayına qalmalıdır. Bu cavabdan kefi pozulan Fures intizamlı bir zabit kimi, təcili olaraq, “Ovçu” gəmisinə minib, dənizə çıxır.
Barnettin kəşfiyyatı isə çox yaxşı işləyirdi. O, bu “sevgi üçbucağı”ndan xəbərdar idi; Furesin Fransaya göndərilməsinin səbəbini bilirdi deyə, onun üzdüyü gəminin dalınca “Leon” hərbi gəmisini göndərir və “Ovçu”nu dayandırır. Beləliklə, Fures əsir düşür. Lakin onunla əsir kimi yox, Barnettin qonağı kimi davranırlar. Təcrübəli Barnett zabiti inandırır ki, onun apardığı sənədlər nə təcilidir, nə qiymətli. Həmin sənədlərin surəti onda da vardı, fransız qərargahının mirzələrindən almışdı. Bundan sonra Barnett Furesi qızışdırır ki, ləkələnmiş namusuna görə intiqam alsın və istəyinə nail olur. Fures qisasının ağır olacağına and içir və Barnettdən xahiş edir ki, onu buraxsın. Barnett bu xahişi məmnuniyyətlə yerinə yetirir.
Tezliklə Fures Misirə gəlib çıxır və orada tam əmin olur ki, Barnett onu aldatmırmış. Furesin Napoelonu öldürmək üçün əsası da vardı, imkanı da. Lakin o, həm də başa düşürdü ki, fransız ordusu nə vəziyyətdədir və Bonapart kimi bir sərkərdəyə nə qədər ehtiyacı var. Fures artıq anlamışdı ki, düşmən mürəkkəb oyunlarında ondan bir alət kimi istifadə etmək istəyir. Xeyli götür-qoy edəndən sonra o, istefaya göndərilməsi üçün ərizə verir və xahişi yerinə yetirilən kimi, tək-tənha vətənə dönür.
Haşiyə: Polina Fures də Misir qumsallıqlarında itib-batmır. Napoleon Bonapart minnətdar olmağı bacarırdı. Qadın Fransaya yoxsul bir əsilzadə kimi yox, Parisdə dəbdəbəli bir malikanənin sahibəsi kimi qayıdır. Onun salonu həmişə ağıllı, maraqlı qonaqlarla dolu olardı. Onların arasında I Aleksandrın Napoleonun sarayında şəxsi nümayəndəsi və istedadlı kəşfiyyatçı Aleksandr Çernışev də vardı. O, Polina Furesin salonunda özünə faydalı dostlar tapır, Fransanın hərbi xadimlərinin əksəriyyətilə yaxından əlaqə qurur. Məhz Polina Fures Çernışevə qarşı fransız əks-kəşfiyyatının hazırladığı əməliyyatdan onu xəbərdar edir və rus çarının kəşfiyyatçısı təcili olaraq, Peterburqa yola düşür...
İngilis kəşfiyyatı öz diqqətini Napoleon Bonapartdan heç vaxt yayındırmayıb. Hətta sabiq imperator uzaq Müqəddəs Yelena adasına ingilislərin nəzarəti altında sürgün ediləndə belə onun hər addımı izlənilir, davranışı barədə Londona müntəzəm raportlar gedirdi.
Yeri gəlmişkən, Napoleonun qəfil ölümünün sirləri də sonadək bəlli deyil. Bu işdəki müəmmalı məqamlar bəlkə də heç vaxt açılmayacaq. Amma hər halda, nəzərə almaq lazımdır ki, bir neçə il qabaq onun başının tükü üzərində müasir üsullarla aparılmış analizlərin nəticəsi çox heyrətamiz olmuşdu - Napoleonun saçından çox yüksək dozada qurğuşun tapılmışdı...