Çar Rusiyası Cənubi Qafqazı işğal etdikdən sonra burada bir müddət hərbi rejim yaratmışdı. Bu rejimin mövcudluğu bir çox ağır nəticələrə gətirib çıxardı. Xüsusən Azərbaycanda bəy və ağaların sərvətini talamağa başladılar. Bu talan sadə xalqa heç bir fayda vermədi, talanan sərvət birbaşa Rusiyaya daşındı. Lakin az sonra vəziyyət dəyişməyə başladı. Torpaqları, sərvətləri, hətta qulluqçuları da əllərindən alınan mahal bəylər bölgələrdə silahlı çıxışlar təşkil etdilər. Harada çar məmuru, zabiti görsələr, öldürürdülər. Vəziyyətin gərginləşdiyini Tiflisdəki çar nümayəndəliyinə bildirən yerli məmurlar bir tədbir görülməsini istəyirdilər. Yeni proqrama görə, çarlıq idarə üsuluna tabe olan bəylərin ağaların övladları Peterburq və digər şəhərlərə təhsil almaq üçün gedə bilərdilər. Bu, əsasən hərbi təhsil olurdu. Hərbi təhsili bitirən şəxs isə öz ölkəsinə deyil, imperiyanın ucqarlardakı sərhədlərinə göndərilirdi. Ümumiyyətlə, çar ordusunda əsgər kimi xidmət etmək müsəlmanlara qadağan idi. Azərbaycanlılar 90 il çar işğalından sonra ancaq 1918-ci ildə Milli Ordunun yaranması ilə hərbi xidmət keçə bildilər. Elm sahəsində təhsil imkanı isə ancaq rus məktəblərini bitirən rus və ermənilərə şamil edilirdi.
İstər Azərbaycandan, istərsə də Borçalı elindən əsilzadələrin övladlarının çar hərbi məktəblərində oxuması haqqında arxivlərdə məlumatlar var. Yadigarovlar nəsli də Borçalıda belə öndə gedən, sayılıb-seçilən nəsil idi. Onlar Borçalı elinin Təkəli kəndində yaşayırdılar. Kəndi elə özləri salmışdılar deyə, çox zaman oraya Ağalıq kəndi də deyilibmiş. Zadəgan Yadigarovlar nəsillikcə Çar ordusunda xidmət etmiş, bu nəsildən olan hərbçilər sonuncu dəfə Rus-Yapon müharibəsinin qəhrəmanları olaraq bir sıra medallar almışdılar. Onların sonuncu nümayəndəsi Vəli Bəy Yadigarov isə tək Çar Rusiyası tarixinə deyil, Azərbaycan, Türkiyə, Polşa tarixinə də öz adını qızıl hərflərlə yazdırdı.
Vəli bəy Yadigar 1898-ci ildə Borçalı Mahalının Təkəli kəndində doğulub. Atası Sadıq bəy Yadigar, anası isə Krım tatarı, lakin Polşada doğulan Olqa Koruçibaşeva (Qoruçubaşıyeva) idi. Onun uşaqlıq illəri və Tiflisdə gimnaziyada oxuduğu vaxtlar olduqca qarışıq, Çar Rusiyasının zəiflədiyi, müharibələrin getdiyi dövrə təsadüf etmişdi. Bütün bunlar Vəli bəydə müharibəyə, hərbə maraq yaratmışdı. 1916-cı ildə könüllü olaraq Çar ordusuna müraciət etmiş və birinci dünya müharibəsinin əsgəri olmuşdur. O zaman Vəli bəyi “I Dağıstan Süvari Alayı”na göndərirlər. O, Avstriya-Macarıstan ittifaqına qarşı ordu komandanının da adını daşıyan məşhur “Brusilov” döyüşündə iştirak edir. Burada ordunun ən gənc əsgəri kimi tanındı və döyüşdən sonra Kiyevdə Artileriya məktəbinə dəvət alır. Döyüşdən təhsil üçün Kiyevə gedən Yadigarov bolşeviklər imperiyanı süquta uğratdıqdan sonra bir sıra maneçiliklərə baxmayaraq, çar ordusunda xidmət edən bir çox hərbçilər kimi 1918-ci ildə Azərbaycana qayıdır. Yeni qurulan milli ordunun tərkibində xidmətə başlayır. Qarabağda ermənilərə qarşı aparılan əməliyyatlarda fəal iştirak edir. Həmin vaxt Milli Ordunun tərkibində Yadigarovlar nəslindən 8 nəfər zabit kimi xidmət edirdi. Vəli bəy Yadigarovun da iştirakı ilə üçüncü Şəki Süvari Alayı yaradıldı. Onun bu zaman 22 yaşı vardı və alayda eskadron komandiri kimi xidmət göstərirdi. 1920-ci il martın 20-də, Novruz bayramı axşamı azğınlaşmış erməni dəstələri səpələnmiş halda Qarabağa, Laçın, Şuşa, Xankəndi və digər yaşayış məntəqələrinə hücum etmiş, müsəlman əhalini qətlə yetirmiş, kəndləri yandırmışdılar. General-mayor Həbib bəy Səlimovun rəhbərlik etdiyi ordu hissələri əks-hücuma keçərək, ermənilərə böyük zərbə vurmuşdu. 12 gün davam edən döyüşlərdə erməni quldur dəstələri darmadağın edildi və yenidən Şuşanın ən yüksək təpəsindən üçrəngli bayrağımız asıldı. Həmin döyüşlərdə Vəli bəyin də təmsil olunduğu III Şəki Süvari Alayı da Həbib bəyin rəhbərlik etdiyi qoşun birləşmələrinə ciddi dəstək verdi.
Bu haqda dövrün arxiv materialını üzə çıxaran Şəmistan Nəzirli yazır:
“III Şəki Süvari Alayının komandiri podpolkovnik Tongiyev Qarabağ ərazi qoşunlarının komandanı general Həbib bəy Səlimova 26 mart tarixli məlumatında yazırdı:
“Bu gün - martın 26-da artilleriya və tüfəng hazırlığından sonra Çaylı və Bürc kəndləri tutulmuşdur. Ermənilər Çaylıdan qərbə - dağların ətəklərinə çəkilmişdilər. Ermənilərdən bir neçə döyüşçü öldürülmüşdür. Bizim tərəfimizdən isə bir neçə partizan yaralanmışdır. Məlumat verirəm ki, sonrakı uğurlarımız və ermənilər üzərində qəti və son qələbəmiz mənim dəstəmin nizami hissələr ilə möhkəmləndirilməsindən asılı olacaqdır. Ona görə ki, cəbhə xətti böyüyür və mənim dəstəmdə adam azdır”.
Azərbaycanın işğalı və Cümhuriyyətin süqutu ilə barışmayan Milli Ordunun zabitləri 1920-ci ilin 25 mayında Gəncədə bolşeviklərə qarşı böyük üsyan hazırladılar. Lakin üsyan 31 mayda qəddarlıqla yatırıldı. Vəli bəy Yadigarovun III Şəki Süvari Alayı da itki vermişdi. O, sağ qalan azsaylı adamları ilə bərabər Gürcüstana keçə bildi. Gürcüstanda da bolşeviklərin təqibi ilə üzləşərək, 1921-ci ildə Türkiyə ərazisinə keçməyə məcbur oldular. Türkiyə, Yunanıstan və Polşa Qafqazdan gələn gənclərə siyasi sığınacaq verirdi.
Polşa həyatı
1922-ci ildə Vəli bəy Yadigarov Polşaya keçir. Tatar qızı olan anası Olqanın uşaqlığı Polşada keçmişdi. Burada onların qohumları vardı. O zamanlar Polşanın dövlət başçısı olan Jozef Pilsudski bir zamanlar Azərbaycanlı zabitlərlə birgə xidmət etmişdi deyə, xalqımıza xüsusi hörməti vardı. Onun Vəli bəylə 3 dəfə görüşü olub. Birinci Varşavada kitabxanada. İkinci, 1933-cü ildə türk heyəti ilə görüşdə Vəli bəyi tərcüməçi kimi dəvət etmişdi. Üçüncü görüş isə Pilsudskinin vəfat etdiyi zaman fəxri qaravulun başında Vəli bəyin dayanması zamanı...
Vəli bəy Polşaya gələndə 25 yaşlı gənc idi. Burada dil öyrənir, yenidən təhsil alır. Süvari hərbi məktəbində oxuduqdan sonra, 1925-ci ildən Lansuçdakı 10-cu süvari atıcılar əlahiddə alayında komandir təyin olunur. Sonra o, Polşa qoşunlarının ali hərbi akademiyasına daxil olur və 1932-ci ildə buranı əla qiymətlərlə bitirir. 1936-cı ildə Lüblində 7-ci süvari alayına komandir göndərilir. Qafqaz xalqlarının sovetdən ayrılması üçün 1925-ci ildə Parisdə Prometey proqramı təşkil edilir. Bu proqrama marşal J. Pilsudiski də başçılıq edirdi. Vəli bəy Yadigarov 1933-cü ildə yazdığı “Mustafa Axmatoviç adına tatar ulan alayının hərbi tarixi oçerki” adlı kitabında Polşa, Litva, Krım və Rusiyada yaşayan müsəlmanların Polşadakı xidmətlərini yazmışdır.
İkinci dünya müharibəsi başlayanda Almaniyanın Polşaya qəfil hücumu burada müdafiə dəstələrinin təcili toplanmasına gətirib çıxartdı. Vəli bəy Armie Krajova xalq ordusunda qərargah rəisi oldu. Bir tərəfdən almanlar, bir tərəfdən isə sovetlərlə üz üzə qalarkən məcbur almanlara əsir düşdü. Lakin orada polyak olmadığına dair sənəd göstərərək, azad olmuşdu. 1944-cü ildə polyak üsyanından sonra sovet qoşunları Polşaya hücum edir. Müqavimət göstərə bilməyən qafqazlılar qərbə çəkildilər. Buradakı uğursuzluqdan sonra ailəsi ilə birlikdə Londona, oradan isə Argentinaya köçür.
Ailəsi
Onun Vanda adlı polyak qızı ilə evliliyindən 1 qızı olmuşdu, adını Züleyxa qoymuşdu. Argentinaya köçdükdən iki il sonra Vanda xanım vəfat edir. Züleyxanın yaşaması və təhsili üçün Vəli bəy işləməli idi. Bir müddət dəniz limanında yükdaşıyan, sonra toxuculuq fabrikində fəhlə işləyir. O, ki dəfə infarkt keçirmişdi. 1971-ci il 13 dekabrda Buenos-Ayresdə 3-cü infarktdan vəfat edir. Sağ ikən qızına azad Polşada müsəlman adətləri ilə dəfn olunmasını vəsiyyət etmişdi.
1990-cı ildə Züleyxa xanımın istəyi və Polşa dövlətinin dəstəyi ilə onun və həyat yoldaşı Vanda xanımın məzarı çıxarılaraq Polşaya gətirilir və müsəlman tatar qəbiristanlığında islam qaydalarına uyğun, fəxri qarovulun hərbiçi şöhrəti qayaları ilə dəfn edilir. Mərasim Şopenin “Dəfn marşı”nın sədaları altında keşirilir.
Vəli bəyi Polşada hər zaman xatırlamış və sevmişdilər. Baş komandan Kazimer Sasnisovski yazırdı:
“O öz ölkəsinin taleyini unutmayan, eyni zamanda Polşa üçün sədaqətli oğul idi”.
Bu gün də Vəli bəy Polşada hörmətlə anılır. Onun adına kitablar nəşr edilib, filmlər çəkilib, hətta 2017-ci ildə xatirə abidəsi də ucaldılıb.
Vəli bəyin qəhrəmanlığı və Polşaya olan sədaqəti dövlətlərimiz arasında qırılmaz mənəvi bağlar yaradıb.