- Həmin günlərdə Dərbənd sözün həqiqi mənasında oyaq idi. Xəbər tutmuşduq ki, qoşunlar qatarlarla Bakıya doğru gedəcək. Nəyin bahasına olursa-olsun buna imkan verməməliydik.
Tahir Saleh deyir bunları Lent.az-a. Əslən qubalıdı, Tahir müəllim.
Amma tale onu Dərbəndə aparıb çıxarıb illər öncə. Həmkarımızdı, gözəl şairdi, Rusiyada fəaliyyət göstərən “Gülüstan” ədəbi birliyinin sədridir. Diaspora fəalıdır. Ən başlıcası, fədakar, vətənpərvər birisi.
Deyir, yanvarın 15-dən tanklar və hərbi maşınlarla dolu vaqonlar Dərbənd stansiyasında görünməyə başladı.
- Biz əvvəlcə elə bilirdik hərbi hissələrin yerdəyişməsidir. Amma gecə xəbər yayıldı ki, hərbi yüklü qatarlar Bakıya gedir. Elə gecəylə də hamı töküldü stansiyaya. Bütün Dərbənd, millətindən asılı olmayaraq hamı - azərbaycanlısı da, ləzgisi də, tabasaranı da.
Tahir müəllimin dediyinə görə, yanvarın 16-da qatar Dərbənd stansiyasından yola düşməyə hazırlaşırmış. Bu vaxt ciddi müqavimət başlayır. İnsanlar əllərinə nə keçir, relslərin üstün atırmış. Relslərin üstündə daş-qalaq təpələri ucalıbmış. Amma o boyda qatarı dayandırmaq da mümkün deyildi. Sədləri yavaş-yavaş dağıdıb irəliləyirdi.
Bir yandan da qoşunların komandiri general Lebed vaqondan düşüb etirazçılara az qala yalvarırmış ki, ordu Bakıda güllə atmayacaq. Dərbəndlilər isə ona inanmayıb. Lebedin isə ağlına da gəlməzdi ki, Bakıya gedib çıxmamış Dərbənddə xalqın etirazı ilə üzləşəcək.
- O, başa düşürdü ki, ancaq dərbəndlilərin cəsədi üzərindən keçib Bakıya gedə biləcəklər.
...Amma Kremldən verilmiş əmrə görə, qatar getməliydi. Elektorvozun sədləri yara-yara irəliləməsini görən Tahir müəllim bir anda ora yığışanlara çağırış edir:
- Relslərin üzərinə yatın.
Və özü də başda olmaqla bir neçə dərbəndli relslərin üzərinə uzanır. Qatarı dartan elektrovozun ön hissəsi ilə relsin üzərinə uzanan Tahir müəllimi bir neçə santimetr ayırır.
- İnanın heç bir qorxu-filan yox idi gözümüzdə. Dedik, keçirlərsə, bizim üstümüzdən keçib gedə bilərlər. Maşinist qatarı dayandırıb təşvişlə bizə baxırdı. Sonra general Lebed gəldi. Dedi, relslərin üstündən durun, imkan verin, qatar yola düşsün. Hətta yalandan Bakıya getmədiklərini dedi. Amma biz çəkilmədik. Gecəni də orada qaldıq, növbəylə camaat relslərin üstündə oturub sanki Bakının keşiyini çəkirdi. İki gün qatar tərpənmədi. Ayın 19-u səhər stansiyadan çıxıb getdi. Biz sevinirdik. Amma…
Amma sən demə, bu bir hiyləymiş. Tahir müəllim deyir ki, qatar geri, Mahaçqala istiqamətinə üz tutur və “Manas” stansiyasında dayanır. Dərbəndlilər elə bilirlər ki, hər şey bitdi. Lebed isə “Manas”da əmr verir: tanklar və şəxsi heyət hərbi maşınlarla Bakıya doğru hərəkət etsin. Dərbəndilər isə bundan gec xəbər tuturlar.
Hərbi maşınlar günortadan sonra Yalamanı keçirlər.
- Yanvarın 19-dan 20-yə keçən gecə həmin tanklar girdi Bakıya. Bizim 3 gün Dərbənddə saxladığımız tanklar.
Tahir Saleh deyir ki, onların gücü faciəni iki gün yubatmağa yetdi ancaq.
- Həmin günləri xatırlayanda həmişə qürur hissi keçiririk. Bakıdakı insanlar kimi biz də şəhid ola bilərdik. Görünür, bizə qismət deyilmiş.
Hər il olduğu kimi sabah da anım mərasiminə yığışacaq dərbəndlilər.
- O hadisənin iştirakçılarından sağ qalanlar azdı. Şəhidlərlə bərabər dünyadan köçmüş o qəhrəmanları da yad edəcəyik. Allah hamısına rəhmət eləsin!