Üç əsrin qorxunc şüarı: “...harada gördün, öldür!” – TARİXİN SANDIĞINDAN
29 may 2015 17:25 (UTC +04:00)

Üç əsrin qorxunc şüarı: “...harada gördün, öldür!” – TARİXİN SANDIĞINDAN

 

 “Türkü və kürdü harada və nə vəziyyətdə görürsən, öldür. Yalançıları, satqınları, erməni xəfiyyələrini, xainləri öldür, intiqam al!”

 

(1890-cu ildə yaradılan Hnçak Partiyasının şüarı)

 

 

Kürdlərdən fərqli olaraq, ermənilər xristian olduqları üçün rusların, ingilislərin və farsların himayəsilə Türklərin ən qədim məskənləri olan İrəvan, Göyçə, Zəngəzur və nəhayət, Dağlıq Qarabağı işğal etməyə nail olublar.

 

Tarixən Türkiyədə və Azərbaycanda assimilyasiya baxımından milli azlıqlara, o cümlədən kürdlərə qarşı heç vaxt, heç bir daxili və xarici məcburi təzyiq göstərilməyib. Bu günə qədər ermənilər iddia edirlər ki, guya 1 milyondan çox insan uydurma soyqırım günü məhv olub. Bəs Osmanlı dövlətində cəmi sayı 800 min olan erməni ola-ola milyon rəqəmi hardan alınıb. Hesab elmindən minimum biliyi olan hər bir kəs bunun adi statistika saxtakarlığı olduğunu görür. İngilislərin bir atalar sözü var: "rəqəmlər yalan danışa bilməz, amma yalan rəqəmlərdə ifadə olunar”. Əgər uydurma soyqırım baş veribsə, niyə İstanbul, Ankara, İzmir və digər şəhərlərdə ermənilərə heç nə olmayıb?  Bu barədə türk tarixçisi Camal Paşa haqlı olaraq soruşur: “Tutaq ki, türk hökuməti Şərqi Anadoludan bir milyon yarım ermənini sürgün etdi və onların altı yüz mini yolda qılıncdan keçirildi, aclıqdan və xəstəlikdən həlak oldular. Bəs niyə maraqlanan yoxdur ki, ruslar Trabzon, Van və Bitlis vilayətlərinə hücum edəndə 2 milyon yarımdan çox kürd və türk ermənilər tərəfindən vəhşicəsinə öldürüldü. Əgər türklər erməniləri öldürməkdə günahlandırılırsa, bəs onda bu qədər kürdü və türkü öldürən ermənilər niyə məsuliyyət daşımır? Yoxsa kürdlər və türklər insan sayılmırlar?”

 

Bir fakt dünyaya bəllidir - Türkiyədə erməni üsyanı təbliğatı böyük dövlətlərin diktəsi ilə  aparılırdı. Bu işə rəhbərliyi “Armenakan”, “Hnçak” və “Daşnaksutyun” partiyaları öz üzərlərinə götürmüşdülər. Ermənilər kütləvi iğtişaşlar törətmək məqsədilə türklərə və kürdlərə hücumlar edirdilər ki, qırğınlar baş versin və sonradan da Avropanın kütləvi informasiya vasitələri ilə türklərin erməniləri qırğınlara məruz qoyduqlarını dünyaya car çəkə bilsinlər.

 

Erməni tarixçi V. Ananikyan “Daşnaksütyun” partiyasının şovinist simasını açıb göstərərək yazır ki, “Daşnaksütyun”a görə ermənilərin düşməni təkcə müsəlman dünyası deyil, habelə, kürdlər, gürcülər və ruslar da onların düşməni idilər. Arxiv sənədləri göstərir ki, erməni şovinizminin güclənməsi nəticəsində 1918-1920-ci illərdə nəinki türklər və kürdlər, eyni zamanda, ruslar da təcavüzə məruz qalmışdılar.

 

Tədqiqatçı Qafar Çaxmaqlı "Armenizmdən terrorizmə. Erməni tarixində ideoloji və düşüncə sistemləri" kitabında yazır: Artsruni yazır ki, “...nə türklərin, nə də vəhşi kürdlərin keçmişi, tarixi, ədəbiyyatı, məktəbləri, iqtisadi istehsal ruhu və iş qabiliyyəti vardır. Təbiət, bütün xalqlara eyni cür qabiliyyətlərə sahib beyin verməmişdir. Türklərin və kürdlərin mədəniyyətə və sənətə meylləri yoxdur. Dilləri vardır, ancaq çox geri və primitivdir. Bu dillərdə ən yaxşı ehtimalla orta məktəb təhsili verilə bilər”.

 

Müraciət etdiyimiz arxiv və digər sənədlərdə XVIII əsrə qədər kürdlərin adı heç bir tarixi mənbələrdə çəkilmir. Amma XIX əsrdə ortaya kürd etnik azlıqları ifadəsi çıxır. Bu daha çox çökməkdə olan Osmanlını parçalamaq üçün imperialist dövlətlərin siyasətindən qaynaqlanırdı. Türkiyədə respublika qurulduqdan sonra bu siyasət nisbətən səngisə də, “soyuq müharibə” dövründə yenidən gündəmə gəlməyə başlayır.

 

Osmanlı imperiyası daxilində “Böyük Ermənistan” yaratmaq istəyən ermənilər XIX əsrin sonlarından kürd və türkləri coğrafiyadan sıxışdırmağa başladılar.

 

Türkiyənin Van vilayətindəki vitse-konsulu mayor Vilyams 15 may 1896-cı il tarixli raportunda ermənilərin kürdləri qətlə yetirmələri barədə yazırdı: "Çatdırmağı özümə şərəf bilirəm ki, bu vilayətdə vəziyyət heç bir cəhətdən qənaətbəxş deyil. Son həftə ərzində erməni inqilabçıları iki dəfə kürdlərin üstünə hücum etmişlər. Birincidə üç kürd öldürülmüş və ikisi yaralanmış, ikincidə iki, ola bilsin, üç kürd öldürülmüşdür.

Təsdiqlənmişdir ki, hər iki halda meyitlər dəhşətli dərəcədə təhqir olunub eybəcər hala salınmışdır" (Mavi Kitap, 1. Fasikül, 1890, s. 1-4, 7-22)

 

İran generalı, səfiri Ərfəüddövlə Həsən xan Mirzə Rza xan oğlu (Həsən xan Ərfə kimi tanınır) yazır: “1914-cü il Sarıqamış məğlubiyyətindən sonra rus orduları Türkiyəni işğal edəndə Qafqaz və Türkiyə ermənilərindən təşkil olunmuş 130 könüllü dəstə irəlidə gəlirdi. Bunlardan birisinə qana susamış Andronik adlı birisi komandanlıq edirdi. Bu ermənilər 1915-1918-ci illər arasında Türkiyənin şərq vilayətlərində 600.000- dən çox kürdü qətlə yetirdilər”.

 

O illərdə kürdlərə qarşı amansız vəhşilik törədən iki erməninin adın xüsusi çəkmək olar. Onlardan biri Ağbyur Seropdur. Bitlis vilayətində anadan olmuşdur. 1891-ci ildə, iki kürd əşirəti ilə toqquşduqdan sonra Rumıniyaya qaçır. Sonra  İstanbula yerləşir. Daşnaklara qatılır. 27 nəfərlik qrupla 1895-ci ilin sonunda Şərqi Anadoluya qayıdır və türklərə qarşı silahlı mübarizəyə başlayır. Lakin kürd əşirətləri ilə olan qan davasını unutmur və qətl etdiyi kürdlərə görə Bşare Halil adlı kürd tərəfindən öldürülür.

Onlardan daha amansızı Murad Sebastatsi adlı erməni qulduru, dəstə başçısı və  Ermənistanın milli qəhrəmanıdır.

O, XIX əsrin sonunda Hnçak partiyasına qoşulub, ermənilərin Osmanlı hökumətinə qarşı keçirilən aksiyalarında iştirak edib. Sonradan daşnaklara qoşulur. 1904-cü il Sasun üsyanı zamanı Osmanlı ordusuna qarşı döyüşlərdə iştirak edir. Sasun üsyanı yatırıldıqdan sonra, öz dəstəsi ilə Van tərəfə çəkilir və Van ətrafındakı türk və kürd kəndlərinə basqınlar təşkil edir. 1905–1906-cı illərdə Zəngəzurda başına yığdığı ermənilərdən ibarət dəstə ilə kürd kəndlərinə hücum edir, kəndlər talan edilir, keçdiyi  hər yer yandırılır, əhali kütləvi şəkildə qətlə yetirir. 1918-ci ildə azərbaycanlı əhaliyə qarşı qətliam törədən daşnaklara kömək etmək üçün Bakıya gəlir və avqustun 4-ü döyüşlərin birində qətlə yetirilir.

 

O dövrü təsvir edən hadisələr zamanı regionda olan  Corc Mason adlı ingilis mayor yazır: “Rus qoşunları arasında olan erməni dəstələri bu vilayətdə 5000 kürd kişiləri, qadınları və uşaqları qırdılar; süngü ilə onları sürü kimi yüksək Rovanduz qayalarının zirvəsinə qovub oradan uçuruma itələdilər. Qarşısında köməksiz qurban dayandığı zaman ermənilərin şirə bəzi oxşarlıqları olur”. (Azərbaycan Respublikasi Milli Arxiv İdarəsi -fond s. 1, iş 1, v. 28-29)

 

Azərbaycan Respublikası Milli Arxiv İdarəsi fond 2898, 1, iş 15, vərəq 3-5-də yazılır: “1914-cü il-də Sarıqamışda türklərin məğlubiyyətindən və ruslar tərəfindən türk torpaqlarının işğalından sonra tərkibi Qafqaz və Türkiyə ermənilərindən ibarət çoxlu könüllü alaylar gəldi. Bunlardan birinin komandiri, əvəzi olmayan qaniçən Andronik idi. Bu ermənilər, kürdlərlə toqquşmada öldürülmüş həmyerlilərinin intiqamını almaq məqsədilə görünməmiş vəhşiliklər törətdilər. 1915 və 1918-ci illər arasında onlar tərəfindən Türkiyənin şərq vilayətlərində 600 min kürd öldürülmüşdür”.

 

Beləliklə, 1988-1989-cu illər ərzində Qərbi Azərbaycanda (Ermənistan) 250 min əhali çıxarıldı. Onların 40 mini SSRİ-nin müxtəlif respublikalarına, 190 mini isə Azərbaycana pənah gətirdi ki, bu da o zaman Azərbaycan əhalisinin 2,5 faizini təşkil edirdi. Müsəlman kürdlər isə 20 min idi

 

Azərbaycan Respublikası Milli Arxiv İdarəsi fond 894,10, iş 191, vərəq 1-də yazılır: “6 noyabr 1919-cu ildə kürd qaçqınlarını qovalayan ermənilər Xaldal adlı yerdə onları gülləbarana tutdu. 15 nəfər ölü və çoxsaylı yaralıları talan etdilər ermənilər”.

 

Rusiya Dövlət Hərbi Tarix Arxivi, fond 2100, bölmə 2, sənəd 460, vərəq 110-da yazılır: “Böyük qruplarla gəzərək yerli yunanlar və ermənilər kürd kəndləri qarət edir və kürd qadınları zorlayırlar. Bütün yunanlar və ermənilər silahlı idilər”.

 

1928-ci ildə Rusiyada nəşr edilən “Böyük Zaqafqaziya” adlı jurnalın 910-cu sayında, səhifə 65-66-da erməni müəllif A.B. Karinyanın “Erməni millətçi cərəyanlarının xarakteristikası” məqaləsi dərc edilir. Həmin məqalədə müəllif yazır: “Vəhşiləşmiş erməni dəstələri qeyri-xaçpərəst əhalini qırmaqla məşğul idilər. Daşnaksütyun partiyasının planına əsasən, ermənilər dinc türk və kürd əhalini qırmaqla ərazini təmizləməklə məşğul idilər. Bunlar rus ordusunun gözləri qarşısında baş verirdi və onların narazılığını qazanırdı. Biz nə qədər çalışsaq ki, dinc əhaliyə heç nə olmasın, Daşnaksütyun fəalları türk və kürdlərə qarşı amansız vəhşiliklər edirdilər”.

 

Rusiya Dövlət Hərbi Tarix Arxivi, fond 2100, bölmə 1, sənəd 935, vərəq 20-də general Oqanovskinin general Nikolayevə teleqramı saxlanılır. 23 may 1915-ci ildə ünvanlanan teleqramda döyüş bölgəsindən qaçan kürdlərin ermənilər tərəfindən saxlanıldığı qeyd edir. 500 kürd dinc sakini daşnakların əlinə verib, sonradan onların taleyindən xəbərsiz olduğunu yazan general böyük ehtimalla onların öldürüldüyün qeyd edir.

 

Rusiya Dövlət Hərbi Tarix Arxivi, fond 2100, bölmə 2, sənəd 460, vərəq 110-da eyni zamanda 589-cu piyada drujinalar komandiri Əhməd Ocalanovun 19 yanvar 1915-ci ildə   Qars qalasında dövlət qoşunu komendatına Raportu saxlanılır. Orada yazılır: “Yuxarıda göstərilən haqqında məlumat verərək, öz xidməti borcumdan irəli gələrək yazmağa məcburam ki, yerli yunanlar və ermənilər kürd kişilərin evlərində olmamasından istifadə edərək, kürd kəndləri qarət edir və kürd qadınları zorlayırlar. Bütün yunanlar və ermənilər silahlıdırlar və onların bəziləri silah saxlamaq və gəzdirmək hüququ verən şəhadətnamə var”.

 

Kamuran Gurün “Erməni dosyesi”, s.260-da yazır: “Andronikin dəstəsi türk və kürdlərlə son dərəcə amansız rəftar etmiş, var-yoxlarını talamış, onları qəddarcasına öldürmüşlər...”

 

1988-ci ildən başlayan Qarabağ müharibəsi illərində Ermənistan hökuməti etnik

təmizləmə siyasəti yeridərək, 200 mindən çox azərbaycanlı ilə yanaşı, 20 minə yaxın müsəlman kürdü də ölkəni tərk etməyə məcbur etdi. (1937-ci ildə də 20 minə yaxın müsəlman kürd Orta Asiyaya sürgün edilmişdi).

 

Kürdlər qeyd olunan bu kəndlərdə əsasən azərbaycanlılara birgə yaşadığından (bu

kəndlərin 80%-dən çoxunda azərbaycanlılar üstünlük təşkil edirdi) 1988-ci ilin payızında elə onlarla birlikdə doğma yerlərindən qovuldular. İlk illərdə müsəlman olmadıqları ucun və Ermənistanda qoyunçuluq təsərrüfatının 80%-dən çoxunun zəhmətini çəkən yezidi kürdlərinə dəyməyən və onları qızışdıraraq müsəlman kürdlərin üstünə basqına göndərən ermənilər, Dağlıq Qarabağı işğal etdikdən sonra (1993-cü ildən) onları da sıxışdırmağa başladılar. Nəticədə yezidi kürdlərin də xeyli hissəsi (bəzi məlumatlara görə 20 mindən yuxarı) öz doğma yurdlarını tərk etməyə məcbur oldu.

 

Beləliklə, monoetnik (təkmillətli) ölkəyə çevrilən Ermənistanda bu gün dağlıq

rayonlarda ermənilər ucun qoyun sürülərini saxlayan bir necə min yezidi kürddən başqa, demək olar ki, bir nəfər də olsun azərbaycanlı və müsəlman kürd qalmayıb. Rusiyaya pənah aparan kürdlərin ikinci axını Ermənistandan didərgin salınmış yezidi kürdləri oldu. Onların əksəriyyəti Ermənistandakı təzyiq və təqiblərə tab gətirməyərək, Rusiyanın iri sənaye mərkəzlərinə, hətta Sibir və Uzaq Şərq regionuna, Krasnodar və Stavropol diyarlarına və digər vilayətlərə üz tutdular.

 

Hazırda Ermənistanda bu ölkənin vətəndaşı olan 40620 nəfər yezidi kürd yaşayır. Dünya Yezidilər İttifaqının sədri Əziz Tamoyan bildirib ki, yezidilər Ermənistana XX əsrin əvvəlində köçüblər və sayı 40 mindən artıqdır.

 

Tamoyanın sözlərinə görə, Ermənistanda yezidilərin hüquqları ermənilər tərəfindən pozulur. Əsasən erməni soyad sonluqlarından istifadə edən yezidi icma işğalçı ölkədə 1990-cı ildən Yerevanda “Danqs Ezdya” (“Yezidinin səsi”) qəzeti nəşr edir.

Yezidilərə Ermənistanda aşağı millət kimi baxırlar. Misal üçün, onların adət-ənənələri yerli ermənilər tərəfindən rişxəndlə qarşılanır.

 

Başqa bir problem isə yezidilərin əsasən dağlıq bölgələrdə yaşamaları və ermənilərlə az ünsiyyətdə olmalarıdır. Bunun sayəsində bir xalq kimi onlar assimilyasiyaya az uğrayıblar. Başqa bir misal. Yerli telekanallardan birində “Nə? Harada? Nə vaxt?” verilişində iştirak edən millət vəkili Mamvel Badeyan jurnalistlərdən birinin: “Ermənistan televiziyasında rus dilində aparılan verilişin Ermənistan hökuməti tərəfindən maliyyələşdirilməsi düzgündürmü?” – sualını cavablandırarkən deyib: “Elə bilirsən, jurnalistsənsə axmaq sual verməyə ixtiyarın var? Doğurdanmı belə səviyyəsizsən? Küçədə dayanan yezid belə sual versəydi, təəccüblənməzdim”.

 

2012-ci ilin mayın 6-da keçirilən parlament seçkilərində yezidlər Ermənistanın hakim Respublika Partiyasına 40 min səs verdiklərini iddia edir və öz problemlərinin həllini Serj Sarkisyanın üzərinə qoyurlar. İqtidar isə “Ermənistan ermənilər üçün” prinsipini irəli çəkərək, yerdə qalanları ikinci dərəcəli ermənilər olmağa, heç bir hüququ olmayan qula çevrilməyə vadar edirlər. Hazırda dünya ictimaiyyəti üçün nümunə kimi etniklərdən ibarət xırda qruplarda milli azlıqlar olsa da, yezidlərdən başqa digər etnik millət də yoxdur, onların vəziyyəti isə bu cür acınacaqlıdır. Deməli, Ermənistanda milli azlıqların vəziyyəti ermənilərin öz vəziyyətlərindən də betərdir. Lakin ermənilər bir bəzək kimi öz etnik tərkiblərini daima nümunə göstərməyə çalışırlar.

 

www.ezdixandi.com saytında yazılır ki,  yezidlər ermənilərə etibar edib və sonda belə sonluqla həyatlarını başa vurublar. Saytda yazılır ki, ermənilər yezidləri ona görə öldürürlər ki, onları millət kimi saymırlar. Assimilyasiya olunmayan yezidləri ermənilər bu cür qorxu altında saxlayırlar.

 

Yezidləri 1915-ci il hadisələrində türklərə kömək etməkdə ittiham edən ermənilər onları ölkələrində Türkiyənin agentləri deyə adlandırılar.

 

Beynəlxalq Kommunist liqasının mətbu orqanı olan “Workers Vanguard” qəzetinin 1994-cü il sayında yazılır: “Qərb, xüsusilə Amerika mediası tez-tez təkcə erməni tərəfin itkilərindən xəbər verir. Halbuki, 1992-ci ilin mayında ermənilər Laçın qarət edib yandırandan sonra orda yaşayan  kürd ailələri də qovublar”.

 

Son olaraq qeyd edək ki, tarixən türk milləti ilə yanaşı kürd millətinə qənim kəsilən ermənilər, günümüzdə də onları fiziki və mənəvi terror altında saxlayırlar...

 

 

 

Zaur Əliyev

 

siyasi elmlər üzrə fəlsəfə doktoru,

AMEA Fəlsəfə və Hüquq İnstitutu


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 944
avatar

Oxşar yazılar