Casusluq edən nazir, sevgi bataqlığı, çiçəksiz qalan məzar – TARİXİN SANDIĞINDAN
Hələ XIX əsrin 80-ci illərində Bismarkın əlaltısı Eduard Qartman Şərqdə Almaniyanın aparmalı olduğu siyasət barədə konkret layihə təklif etmişdi. O, Rusiyanın bütün mədəni-siyasi maraqlarının Avropada deyil, Asiyada olduğunu deyib, ölkənin bölünməsini təklif edirdi. Bu plana əsasən, Moskvadan qərbdəki, Baltik dənizinə kimi uzanan torpaqlarda “Baltik Krallığı” yaranmalı idi. Cənub-Şərqi Rusiya Ukrayna və Krımla bir yerdə “Kiyev krallığını” təşkil edəcəkdi. Sərhəd Vitebsk-Dnepr-Kursk-Saratov-Volqa-Həştərxan xəttindən keçməli idi.
Bu ideyaya həddindən artıq uymuş Kayzer hökuməti və kəşfiyyatı öz fəaliyyətini məhz bu istiqamətdə qurmuşdu. “Dranq nax Osten”, yəni, “Şərqə təzyiq” siyasəti inadla həyata keçirilməyə başlandı. Bunun təzahürlərindən biri Rusiyada, xüsusilə onun qərb sərhədlərindəki alman kolonistlərinin sayının artırılması idi. Əgər Çar Rusiyasının tərkibində olan keçmiş Polşada 1876-cı ildə 290 min kolonist vardısa, 1913-cü ildə onların sayı artıq 500 min nəfərə çatdırılmışdı. Almanlar böyük qalaların ətrafında, Kiyev-Brest şossesində, Moskva və Peterburqa aparan yolların ətrafında, habelə, sərhədyanı və dənizkənarı ərazilərdə məskunlaşırdılar. 1914-cü ildə, yəni müharibə ərəfəsində Rusiyada artıq 2 milyon alman kolonist vardı (müqayisə üçün maraqlı bir faktı xatırladaq: Almaniyanın Afrikadakı koloniyalarında cəmi 20 min adam yerləşmişdi).
Haşiyə: Maraqlıdır ki, zabit və unter-zabit rütbəsinə malik olan hər bir alman təbəəsi, eyni zamanda, “keniqlixer informator”, yəni xəbərçi vəzifəsini yerinə yetirirdi. Hər almanın nəzarət etdiyi ayrıca ərazi vardı, onları hesabat almaq və təlimatlandırmaq üçün müntəzəm olaraq, bəlli mərkəzlərə çağırırdılar. Rusların qoşun birləşmələrinin yerləşdirildiyi hər düşərgəyə də xüsusi xəbərçilər göz qoyurdu.
O zamanlar Avstriya-Macarıstan kəşfiyyatı da almanlarla sıx əlaqədə işləyirdi. Onların fəaliyyəti Birinci Dünya müharibəsi ərəfəsindəki onillikdə sırf müharibəyə hazırlıq məqsədi daşımağa başlamışdı. Lakin bu kəşfiyyatın zəif məqamları da vardı. Almanlar da, avstriyalılar da kəşfiyyat işində, əsasən, qrup metodu tətbiq edirdilər deyə, agentura şəbəkələrinin əksəriyyəti rus əks-kəşfiyyatının nəzarətinə düşürdü. Bəzi çar generallarının prinsipsizliyi və satqınlığı olmasaydı, əks-kəşfiyyatın diqqəti rejimin daxili düşmənlərilə mübarizəyə yayınmasaydı, müharibə ərəfəsində bütün bu şəbəkələr zərərsizləşdirilə bilərdi.
Bu kəşfiyyat şəbəkələrinin fəaliyyəti genişmiqyaslı, çoxşaxəli idi. Onlar bir tərəfdən Rusiyanın sırf hərbi-siyasi potensialı, səfərbərlik planları və sair barədə məlumat toplayırdılarsa, digər tərəfdən, yüksək vəzifə tutan şəxslərin yaxın çevrəsinə girməyə, onları ələ almağa və bununla rus ordusunun döyüş qabiliyyətini içəridən pozmağa çalışırdılar.
Belə fəaliyyət bir çox aspektlərdən uğurla nəticələnirdi. Alman və Avstriya-Macarıstan kəşfiyyatı Rusiya hərbi nazirliyinin ən yuxarı eşelonlarına yol tapa bilmişdi. Hər iki kəşfiyyat, sistematik olaraq, ən məxfi hərbi sənədləri ələ keçirməyə müvəffəq olurdu. Xarici kəşfiyyat mərkəzləri Rusiyanın müharibəyə hazırlıq planları ilə yaxından tanış idilər. Çarın təhlükəsizlik məmurlarının və şəxsən II Nikolayın səhlənkarlığı nəticəsində onların agentura şəbəkəsi Rusiyada az qala açıq fəaliyyətə keçmişdi. Bunun nəticəsində rus ordusuna vurulan ziyan ağlasığmaz idi. Hətta belə desək, daha düzgün olar: alman komandanlığının Şərq cəbhəsində keçirdiyi ən uğurlu əməliyyatların nəticələri rus ordusuna xarici kəşfiyyatın vurduğu ziyanla müqayisəyə gəlməzdi. Bu fəaliyyətin nəticəsində ordu komandanlığı hörmətdən düşür, silahlı qüvvələr içindən dağılırdı...
Avstriya kəşfiyyatının Rusiyadakı ən görkəmli fiquru Aleksandr Altşiller adlı biri idi. O, 1872-ci ildə, hələ on yeddi yaşlı yeniyetmə ikən, Avstriyadan Rusiyaya köçmüş, gənc yaşlarından ticarət və kommersiya sahəsində bəlli nailiyyətlər qazanmışdı. Amma Altşillerin əsas uğurları tamam başqa sahəyə aid idi.
O vaxt Avstriya kəşfiyyatının əsas diqqət obyekti ölkənin cənubundakı Kiyev şəhəri idi. 1904-cü ildə Kiyev hərbi dairəsinin komandanı Kiyev, Podolsk və Volın quberniyalarının general-qubernatoru V.A. Suxomlinov idi. Altşiller onu casus şəbəkəsinə cəlb etmək barədə tapşırığı mərkəzdən almışdı. Tapşırığın yerinə yetirilməsi Avstriya kəşfiyyatı qarşısında geniş üfüqlər açacaqdı. Amma bu tapşırığı həyata keçirmək üçün, generalı “ilişdirmək”, onu güclü bir “qarmağa” keçirmək lazım idi. Altşiller bunun da yolunu tapdı. Casus üçün belə “qarmaq” yerli mülkədarlardan birinin xanımı Yekaterina Butoviç oldu. Altmış yaşlı generalın Katenkaya möhkəm vurulduğunu, qadınla müntəzəm intim münasibətlərdə olduğunu Altşiller də bilirdi. O, xanım Butoviçin ən yaxın “dostuna” çevrilmək üçün qadını sözün əsl mənasında pulla ələ keçirməklə, Suxomlinovun da etimadını qazanır.
Bir müddətdən sonra, general qadını ərindən boşatdırmaq üçün Altşillerdən kömək istəyir, o da hakimlərə verdiyi rüşvətlə, məhkəmədəki yalan ifadələrlə Yekaterina Butovanın ərindən ayrılmasına nail olur. Generalın uçmağa qanadı yox idi, çünki sevigilisinə birdəfəlik qovuşmaq artıq mümkün olmuşdu. Elə Altşiller də sevinirdi, çünki bu köməyi ilə Suxomlinovun ən məhrəm dostuna çevrilmişdi.
General Suxomlinov xidməti pillələri bir-bir qalxmağa başlamışdı. O qalxdıqca da Altşillerin imkanları genişlənirdi. 1906-cı ildə onu süvari generalı rütbəsinə ucaltdılar; 1908-ci ildə Baş qərargah rəisi, 1909-cu ilin martında hərbi nazir elədilər; 1911-ci ildə isə Dövlət şurasının tərkibinə daxil etdilər. İmperator II Nikolayın və imperatriça Aleksandra Fyodorovnanın hüsn-rəğbətindən daim bəhrələnən Suxomlinov 1912-ci ildə General-adyutant rütbəsinə ucaldıldı. Çarın ona qarşı rəğbəti ilk növbədə Suxomlinovun almanpərəstliyi ilə bağlı idi.
Haşiyə: O dövrdə Rusiyada almanpərəstlik dəb idi. Alman hökmdarları ilə rus çarları arasında həm siyasi yaxınlıq, həm də qohumluq əlaqələri vardı. Müqəddəs İttifaq ideyasının müəllifi imperator I Aleksandr Böyük Fridrixin xatirəsini əziz tutaraq, onun qəbri üstündə III Fridrix Vilhemlə birlikdə and içmişdi ki, səltənətlərin, taxt-tacların qəddar düşməni Bonaparta qarşı əbədi ittifaqda olacaqlar. Əlbəttə, I Pavelin qətli və Aleksandrın volterçiliyi onu əsl pravoslav monarxı kimi tanıtmağa imkan vermir. Amma onun atası da Fridrixə kor-koranə pərəstişi ilə fərqlənirdi... İmperator I Nikolayla oğlu da Prussiya ilə yaxınlaşmaq xəttini yürüdürdülər. II Aleksandrın anası Prussiya kralı III Fridrix Vilhelmin qızı idi. Deməli, I Nikolay da Böyük Fridrixin törəməsi sayılırdı...
Bundan başqa, Suxomlinov dövlət işlərində çox üzüyola idi, şəxsi maraqlarına toxunmayacağı təqdirdə hər cür güzəştə hazır idi. Onun rəhbərliyə etdiyi məruzələrin məzmunu həmişə nikbin olurdu, üstəlik, o, imperatorun tapşırığı ilə Dövlət Dumasının iradlarına qəti məhəl qoymurdu.
Suxomlinov hərbi nazirliyə keçəndən sonra, Altşiller dostu ilə əlaqələrini lap sıxlaşdırdı; 1910-cu ildə isə casus birdəfəlik Peterburqa köçdü, orada Cənub maşınqayırma zavodunun şöbəsini açdı. O, hər gün nazirin evinə gəlir, cavan arvadına bahalı hədiyyələr təqdim edirdi. Macərabaz bir qadınla evlənən Suxomlinov isə Altşillerin casus girdabına getdikcə daha artıq qərq olurdu. Arvadının kefcil həyatı generala ucuz başa gəlmirdi. Beləliklə, Suxomlinov daha çox pul qazanmaq üçün general Altşillerin məsləhəti və vasitəsilə ilə birja əməliyyatlarına girişdi. Onun xidməti fəaliyyəti, şəxsi həyatı və qarışıq əlaqələri çoxlarında nigarançılıq doğururdu. Hətta Dəniz naziri, admiral Qriqoroviç bir dəfə Nazirlər kabinetinin iclasında casusluqda şübhəli bilinən Altşillerlə dostluğun təhlükəli olduğu barədə Suxomlinova xəbərdarlıq etmiş, amma general bu xəbərdarlığa məhəl qoymamışdı...
Suxomlinovla təxminən eyni vaxtda Peterburqa podpolkovnik Myasoyedov adlı biri də gəlmişdi. Əyyaş, rüşvətxor və qaçaqmalçı kimi ad çıxarmış bu adam 1902-ci ildə Peterburq dəmir yolu jandarm idarəsinin bölmə rəisi təyin edilmişdi. Podpolkovnik bu vəzifədə 1907-ci ilədək işlədi. Əlahiddə jandarm korpusunun rəhbərliyinə Myasoyedovun müalicə üçün müntəzəm olaraq tez-tez xaricə getdiyi, Almaniyanın hökümət dairələri ilə sıx münasibət saxladığı, şəxsən imperator II Vilhemlə tanılığı bəlli idi. Sonralar xəbər çıxdı ki, Vilhelm onu özünün Romingendəki malikanəsinə dəvət edib, hətta, Myasoyedovun şərəfinə badə də qaldırıb.
Onun alman casusu olduğu barədə söz-söhbət çoxdan vardı. 1906-cı ildə bunu aşkar etmək üçün başlanan təhqiqat konkret bir nəticəyə gələ bilməmişdi. Amma təhqiqatın yekun sənədində Myasoyedovun xaricdə tez-tez olduğu, işində səhlənkarlığa yol verdiyi öz əksini tapmışdı.
Bir ildən sonra, bütün bu söhbətləri nəzərə alaraq, onu tərxis edib, ehtiyata göndərirlər. Myasoyedov gizli alman casusları olan Freydberger qardaşları ilə birgə “Şimal-Qərb gəmiçiliyi” səhmdar cəmiyyətini təsis edir. 1909-cu ildə senator Viktorovun xanımının evində keçirilən dəvətli ziyafətdə Suxomlinovlar Myasoyedov ailəsilə tanış olur və tezliklə, bu tanışlıq sıx dostluğa çevrilir.
1911-ci ilin sentyabrında Myasoyedovu II Nikolayın göstərişilə jandarmeriyadakı vəzifəsinə qaytarırlar, bir-neçə aydan sonra isə, Suxomlinovun xahişi ilə Hərbi nazirliyə keçirirlər. Az sonra da, əks-kəşfiyyat və orduda yeni-yeni müşahidə olunan siyasi fəaliyyətlə məşğul olan xüsusi şöbəyə rəis təyin edirlər.
O vaxt Dövlət Dumasının vəkili A.İ. Quçkov bu təyinata qəti etiraz edərək, öz çıxışında belə deyir: “Casusluqda əsaslı olaraq, şübhəli bilinən bu insana elə həmin casuslarla mübarizə və rus dövlətinin taleyi tapşırılır”. Bu çıxışdan sonra, Myasoyedov Quçkovu duelə çağırır, ona havadarlıq edən “Veçernoye vremya” qəzetinin redaktoru Suvorini isə döyür.
Suxomlinov və Myasoyedovun ətrafında daim Almaniya və Avstriya təəbələri dolaşırdı. Onların arasında Berlin qəzetlərinin müxbiri Anna Aurix, fəlsəfə doktoru Polli-Pollaçek, onunla alman kəşfiyyatı arasında əlaqələndirici olan baronessa Geda Zeydlits; Rusiyanın hərbi və siyasi xadimlərin tez-tez gəldiyi mışhur salonun sahibəsi baronessa Ştempel hərlənirdi. Onların yaxın ətrafında Alman və Avstriya kəşfiyyatına işləyən “ruslar” – polis departamentinin məsul əməkdaşları baron Qrotqus, Otto Feynat, baş intendant idarəsinin şöbə rəisi general Qreyfan da vardı.
Almaniya ordusunun baş qərargahı Rusiya əleyhinə fəaliyyətini bir-neçə istiqamətdə aparırdı. Xüsusi direktivlərə əsasən, ölkədə fəaliyyət göstərən hər bir alman müəssisəsi bəlli miqdarda casusu işə götürməli idi. Bu sahədə yaxşı göstəricilər qazanan müəssisələrə qərargahın xüsusi fondlarından əlavə vəsait ayrılırdı. Odur ki, kəşfiyyat fəaliyyətinə xidmət edən belə müəssisələrin ziyanla işləməsi də mümkün idi. Bir maraqlı fakta diqqət yetirin: o vaxt alman-avstriya kapitalı ilə Rusiyada işləyən 439 müəssisənin hamısı casusluq fəaliyyətinə cəlb edilmişdi.
Xidməti mövqeyindən istifadə edən Suxomlinov ifşa olunmuş casusları tez-tez layiq olduqları cəzadan xilas edirdi. Bu baxımdan, casusların yüksək mövqeli havadarı kimi, Oskar Altşillerin işində özünü daha çox göstərdi. Oskar Avstriyanın Kiyevdəki casus şəbəkəsinin əlaqələndiricisi Aleksandr Altşillerin oğlu idi. Günlərin birində, Oskarla qohumu Fridrix Konner casusluqda şübhəli bilinərək, həbs edilir. Konnerin yeznəsi Mozart isə, kömək üçün Suxomlinova müraciət edir, o da, təxirə salmadan, qubernator Trepovu işə qoşur, bir gün sonra da, daxili işlər naziri Cunkovskiyə məktub yazır. Həmin məktubunda saxlanılanların günahsız olduğuna zəmanət verir: “Mən bu ailəni çoxdan tanıyıram və inanmıram ki, cəmi altı ilə bu qədər dəyişsinlər. Mən onların günahsızlığına zamin durmağa hazıram”.
Oskar Altşillerlə Konner azad edilir, onların Kiyevdə yaşamasına icazə verilir. Lakin dövlət orqanlarına bəlli idi ki, Oskar atası xaricə gedəndən sonra onun işlərini davam etdirir, gündə neçə dəfə Avstriya konsulu ilə görüşür və hər belə görüşdən sonra, konsul öz hökumətlərinə şifrəli teleqram yollayır...
Başqa bir nümunə. Baş qərargahın əsas idarəsi Rusiya təbəəsi Fyodor Şiffleri alman silah zavodlarının casusu kimi artıq təsbit etmişdi. Bununla əlaqədar, 1914-cü ildə, hələ müharibə başlamamış, Baş qərargah Şifflerin paytaxtdan sürgün olunması üçün Peterburq qradonaçalnikinə müraciət edir. Az sonra da, onu həbs edirlər. Ertəsi gün general Suxomlinov bu həbs qərarının ləğvi barədə əmr verir. 1914-cü ilin dekabrında Şifflerə Peterburqu tərk edib, Voloqda quberniyasına yollanmaq təklif olunanda, işə yenə Suxomlinov qarışır. Şifflerin ona etdiyi yazılı müraciətin üzərində hərbi nazir belə bir dərkənar qoyur: “Baş qərargah rəisinə. Cənab Şiffleri şəxsən tanıyıram və nədə ittiham olunduğunu anlamıram. Xahiş edirəm, mənə müfəssəl məlumat verəsiniz”.
Xarici casusların havadarı bu dəfə də istəyinə nail olur. Şifflerin işinə yenidən baxıb, onun Peterburqda qalmasına icazə verirlər.
İndiyədək qaranlıq qalan daha bir maraqlı hadisə də var. Bu olay 1914-cü ildə Almaniyanın əlinə keçmiş çox mühüm bir sənədlə əlaqədardır. Həmin sənədin adı belə idi: “Hərbi nazirliyin 1909-cu ildən, 1914-cü ilin fevral ayınadək nəzərdə tutduğu ən mühüm tədbirlərin siyahısı”. Bu sənəd o qədər məxfi idi ki, onun barədə cəmi dörd nəfərin məlumatı vardı: çar, hərbi nazir, baş qərargah rəisi və Nazirlər Şurasının sədri. Buna baxmayaraq, sənədin surəti düşmən əlinə keçir. Belə güman edirlər ki, onu Suxomlinovun xanımının əmisi oğlu Dumbadze soyadlı bir nəfərə ötürüb. Həmin şəxs, 1915-ci ildə Suxomlinovun əmri ilə kəşfiyyatçı kimi Almaniyaya göndərilir və orada sənədi almanlara ötürür. Bu informasiya üzərində nə qədər çalışsalar da, dəqiqləşdirə bilmirlər.
Bunun dalınca isə lap detektivi xatırladan hadisələr baş verir. 1914-cü ildə Baş qərargaha Yakov Kolakovski adlı bir podpolkovnik gəlir. O, alman əsirliyindən qayıtmışdı, daha doğrusu, əsirlikdə almanlarla casus kimi əməkdaşlıq etməyə razılılıq verib, Rusiyaya göndərilmişdi. Almanlar Kolabovskiyə Myasoyedovlə əlaqə saxlamağı tapşırmışdılar. Kolabovski də bundan belə bir nəticə çıxarmışdı ki, Myasoyedov alman casusudur.
Onun ifadələri əsasında Myasoyedov 1915-ci il fevralın 19-da həbs olunur. Onun öz mənzilində və onunla əlaqədə olan digər alman casusu Valentinin yaşadığı iqamətgahda o qədər qiymətli sənəd tapılır ki, onların daşınması üçün üç araba lazım olur. Beləliklə, Myasoyedovla arvadından başqa, daha on Rusiya və altı Almaniya təbəəsi casusluq ittihamı ilə məsuliyyətə cəlb edilir. Onların arasında Dumbadze, Qoşkeviç, İvanov və başqaları vardı. Casus kimi ifşa olunmuş Avstriya vətəndaşı Altşiller isə ələ keçmir; o, artıq xaricə qaçmağa müvəffəq olmuşdu.
Myasoyedovun işi ilə bağlı rəsmi məlumatda deyilirdi ki, Rusiya ərazisində 1909 – 1915-ci illər arasında fəaliyyət göstərən casus şəbəkəsi aşkarlanıb. Şəbəkənin vəzifəsi rus ordusu, onun təchizatı, döyüş hazırlığı və ruh halı barədə Avstriya və Almaniyanın xüsusi xidmət orqanlarını məlumatlandırmaq olub. Araşdırmalar nəticəsində, Myasoyedovun özü və arvadının hərbi nazir Suxomlinovun özü və ailəsi ilə yaxınlığı da təsbit olunur.
Myasoyedov məhkəmə qarşısında durur; ona ölüm hökmü çıxarırlar. Hökmün icrası ərəfəsində Myasoyedov intihara cəhd göstərir, amma bu cəhdi uğursuz olur. Onu 1915-ci il martın 19-da dar ağacından asırlar...
Bəs, hərbi nazir necə olur? Cinayət işində adının dəfələrlə çəkilməsinə rəğmən, ona toxunmurlar. II Nikolay, imperatriça, Rasputin və çar sarayındakı almanpərəstlərin simasında Suxomlinovun çox möhkəm arxası var idi.
“Myasoyedovun işi”ndən sonra Suxomlinovu cəbhələrdəki acınacaqlı vəziyyətə görə Ali baş komandan, böyük knyaz Nikolay Nikolayeviç ittiham edir və II Nikolay bu təzyiqlər altında generalı hərbi nazir vəzifəsindən uzaqlaşdırmağa məcbur olur. Bundan sonra da hökumət 1915-ci il iyunun 25-də xüsusi komissiya yaradaraq, Suxomlinova qarşı “qanuna zidd fəaliyyətsizlik, hakimiyyətdən sui-istifadə, xidməti saxtakarlıq və dövləti cinayət” ittihamları ilə istintaqa başlayır. İttihamın sonuncu bəndi ilə əlaqədar sübutlar yetərincə idi. 1915-ci ildə həbs edilmiş Avstriya casusu Yaroş (o, həm də Müller soyadı ilə tanınırdı) Suxomlinovun Avstriya casusu olması barədə ifadə verir. O deyir ki, generalın özünün, yaxın adamlarının vasitəsilə xaricə dəyərli məlumatlar ötürülüb. Müllerin ifadəsinin məzmunu II Nikolaya çatdırılır, çar bu faktları da qulaqardına vurur.
Ölkədə vəziyyət artıq gərgin idi. Həm ordu, həm, xalq arasında böyük narazılıq vardı. Suxomlinovun həbsini Rusiyanın müttəfiqləri də tələb edirdi – onun Almaniyanın xeyrinə işləməsi barədə əldə kifayət qədər fakt vardı deyə, general həbs edilərək, Petropavlovsk qalasına salınır. Onun həbsi 1916-cı ilin ilk sensasiyası olur. İkinci sensasiya Rasputinin qətli olacaqdı. Artıq imperiya laxlamışdı, havadan inqilab qoxusu gəlirdi. Ordu casusluqda ittiham olunan nazirə; arvadı casusluqda şübhəli bilinən çara tabe ola bilməzdi...
Amma Suxomlinovun işi bununla bitmədi. Bir müddət sonra çar öz qərarını verdi: “Ali komissiyanın ilkin istintaqının materialları ilə tanış olandan sonra, bu qənaətə gəldim ki, ittiham üçün əsas yoxdur. Buna görə də işə xitam verilməlidir.”
Onu noyabrın 11-də qaladan çıxardılar, amma ədliyyə nazirinin israrı nəticəsində ev dustağı etdilər.
Fevral inqilabından sonra istintaq davam etdi və Suxomlinovun arvadını da cinayət ortağı kimi məhkəmə qarşısına çıxardılar. Məhkəmə araşdırması 1917-ci il avqustun 10-dan başlanıb, sentyabrın 12-dək davam etdi. İttihamların çoxu təsdiqini tapdı. Suxomlinovu müddətsiz katorqa cəzasına məhkum etdilər və sonradan katorqa həbslə əvəz olundu, arvadı Yekaterina isə bəraət aldı...
General Suxomlinov həbsdən Oktyabr inqilabından sonra, 1918-ci il mayın 1-də bayram amnistiyası ilə çıxdı. 70 yaşı tamam olduğundan, Sovet hökuməti amnistiyanı ona da aid etmişdi. O, elə həmin il Finlandiyaya, ordan da Almaniyaya köçdü və 1926-cı ildə Berlində dünyasını dəyişdi.
***
Berlin şəhərinin qərbində kiçik pravoslav qəbiristanı var. Ora ziyarətə gələn ruslara qoca keşiş mütləq general Suxomlinovun, bir də məşhur yazıçı Nabokovun atasının qəbrini göstərir. Suxomlinovun məzarı üstündə heç vaxt çiçək olmur...
***
Myasoyedovun işinə isə təzə hökumətin münasibəti tamam başqa oldu. Onunla bağlı cinayət işini başdan-ayağa saxtalaşdırılmış hesab etdilər. Myasoyedov ölümündən sonra bəraət aldı...
3615