Birinci Dünya müharibəsi ərəfəsində fransızlar Almaniya və İtaliyanın hərbi və diplomatik şifrələrini açmağa müvəffəq oldular. Fransanın kriptoqrafiya xidməti (Hərbi şifrələr komissiyası) Fransua Kartyenin rəhbərliyi altında, almanların manevrlər zamanı bir-birinə göndərdiyi şifrəli radioqramlarını oxuya bilirdilər. Bundan savayı, agentura şəbəkəsi – alman ordusundan qaçan fərarilər və Xarici legionda xidmətə cəlb edilmiş başqa şəxslər adı çəkilən komissiyanı daim informasiya ilə təchiz edirdi.
Beləliklə, Fransa radio müharibəsinə başqa dövlətlərdən daha hazırlıqlı idi.
Müharibənin əvvəllərində fransızların informasiya ovlayan radiostansiyaları yalnız üç xüsusi məntəqədə və iri qalalarda yerləşirdi. Üstəlik, almanlar da öz ərazilərində həmişə teleqraf xətlərindən istifadə edirdilər. Ona görə də, deşifrə üçün material çox deyildi. Lakin almanlar Fransa ərazisinə daxil olanda, radio rabitəsinə keçməli oldular və radio ilə ötürülən məlumatları ələ keçirmək imkanı yarandı. Radio ilə ötürülən məlumatları ələ keçirilən stansiyaların sırasına Eyfel qülləsi də gələndən sonra, kəşfiyyatın bu növünün imkanları nəhayətsiz oldu. Alman radioqramları alman generallarına çatana kimi, onların məzmunu artıq Kartyenin masası üstündə olurdu. Komissiyanın əməkdaşları bütün müharibə illərində 100 milyondan artıq söz ələ keçirə bilmişdilər.
Fransızlar o qədər təcrübə qazanmışdılar ki, radiodanışıqların xarakteri və dövriliyinə əsasən, qoşun növlərini və onların döyüş düzülüşünü, qərargahların səviyyəsini, düşməninin hücuma hazırlaşdığını və sairəni materialı deşiflə etmədən belə, bilirdilər. Lakin ötürülən məlumatların tam deşifrəsi, bundan qat-qat artıq qiymətli informasiya verirdi.
Məsələn, alman sualtı qayıqlarının şifrəsi açılmışdı. Bundan az sonra radiopelenqatorlar Aralıq dənizinin sahillərindəki Naune şəhərində yerləşən alman casuslarının radiostansiyasını aşkar etdi. Həmin radiostansiya alman sualtı qayıqlarına Marsel limanından dənizə çıxan fransız gəmilərinin marşrutunu çatdırırdı. Çox təhlükəli fəaliyyəti olan radiostansiyanı tapıb, zərərsizləşdirmək fransızlar üçün heç də çətin deyildi, amma onlar başqa yol seçdilər. Casus şifroqramlarını ələ keçirən kimi, onları oxunmaq üçün göndərirdilər; buna təxminən bir saat vaxt gedirdi. Sonra onların məzmunu Marsel limanının rəhbərliyinə çatdırılırdı. Nəticədə, liman rəisinin gəmilərin marşrutunu dəyişərək almanları çaşdırması üçün kifayət qədər vaxt qalırdı. Artıq dənizdə olan gəmilərə də marşrutu dəyişmək əmri verilirdi.
Fransızlar öz nailiyyətləri ilə əsas müttəfiqləri olan Böyük Britaniya ilə də bölüşürdülər. Britaniyalılar Almaniyanın artıq açılmış kodları barədə tam məlumatlandırılırdı. Lakin ingilislər bunun müqabilində heç də həmişə fransız kəşfiyyatına kömək etmirdilər. Məsələn, bir dəfə fransızları katerlərinin torpedo hücumuna məruz qalacağından xəbərdar etmək imkanları olduğu halda, ingilislər bunu etməmişdi, onların hərbi-dəniz kəşfiyyatının rəhbəri Holl isə belə demişdi: “Bizim kriptoanalitik qurumumuzun olduğundan almanların xəbər tutması, bir gəmini itirməkdən daha pisdir”.
Kriptoqrafik xidmətdə çalışan adamlar daimi uğursuzluq təhlükəsi altında çalışırdı. Məsələn, fransızlar alman radioqramlarının deşifrəsi nəticəsində Tilt (Belçika) şəhərinə kayzer Vilhelmin səfər edəcəyindən xəbər tutub, lap kayzerin gəlişi anına güclü bombardman təşkil etmişdilər. Bu hadisə barədə xəbəri Fransanın “Maten” qəzeti verərək, informasiya mənbəyinin də adını çəkmişdi. Bu isə artıq qurşaqdan aşağı zərbə idi. Almanlar çox qısa zamanda şifrləmə sistemini dəyişə bildilər. Yeni sistem də cəmi bircə aya, özü də yalnız alman mütəxəssislərinin səhlənkarlığı ucbatından açıldı.
Ümumiyyətlə, alman rabitəçiləri öz vəzifələrinin icrasında heç də həmişə diqqətli olmurdular. Müharibənin ilik aylarında, qazandıqları asan qələbələrin eyforiyasından, şifrləmə prosesinin yeknəsəqliyindən və yoruculuğundan, onlar bir çox məlumatları qismən açıq mətnlə çatdırırdılar. Hərdən fransızlar guya əks-hücuma hazırlaşdıqları barədə informasiyanı düşmənə ötürməklə, almanları provokasiyaya çəkir, radioqramların açıq mətninə fransız kriptoanalitiklərinə lazım olan konkret komandaların daxil edilməsinə nail olurdu. Çox vaxt rabitəçilər , məsələn, “gecə sakit keçdi”, “itki yoxdur” və sair standart sözləri dəyişməyə tənbəllik edirdilər. Almanlar yeni şifrləmə sistemini işə salanda az qala həmişə sınaq məlumatı kimi eyni atalar sözündən istifadə edirdi: “Erkən duran quş qurd tapar”. Bütün bunlar fransız kriptoanalitiklərinin köməyi olurdu.
Komissiya Xarici İşlər Nazirliyinə Berlin – Madrid xətti ilə yola salınan diplomatik şifrəli yazışmaların da oxunmasında kömək göstərirdi. Fransız xüsusi xidmət orqanları məhz radio ilə ələ keçirilən məlumatlar əsasında almanların N-21 kod adlı agenti - əfsanəvi Mata Hari barədə öyrəndi. Bəlli olduğu kimi, Mata Hari həbs edildi, məhkəmə qarşısına çıxarıldı və ittihamçı tərəf təkzibolunmaz sübutlar təqdim edə bilməsə də, 1917-ci il 15 oktyabrda güllələndi...
Fransa deşifrə mütəxəssislərinin ən böyük nailiyyəti alman qoşunları komandanlığının 7 iyun 1918-ci ildə “sonuncu qəti” hücuma keçəcəkləri barədə xəbərdarlığın açılması olmuşdu. Fransızlar ehtiyat qüvvələrini yenidən düzməklə, alman hücumunun dalana dirənməsinə müvəffəq olmuşdular. Onda müharibənin sonuna hələ beş ay qalırdı, amma almanlar bu uğursuzluqdan sonra özlərinə gələ bilmədi...
Uçun, quşlarım, uçun...
1914 – 1918-ci illər arasında Qərbdə cərəyan edən mövqe döyüşləri zamanı cəbhə xətti o qədər sıx idi ki, kəşfiyyatçılar bir-birinə calanan səngərlərin ucbatından qarşı tərəfə heç cür keçə bilmirdi. Bu səbəbdən, Fransa kəşfiyyatı alman cəbhəsinin arxasına öz agentlərini ya neytral ölkələrin (İsveç, İsveçrə, Danimarka), ya da sərhədləri almanlar tərəfindən işğal olunmuş Hollandiyadan çıxarırdılar. O vaxtlar Hollandiyanın Belçika ilə sərhədləri də almanlar tərəfindən çox ciddi qorunurdu və müttəfiqlərin hərbi kəşfiyyatını da ən çox elə Belçika maraqlandırırdı.
Aviasiya texnikasının və pilotaj ustalığının sürətli inkişafı imkan verdi ki, agentləri düşmən ərazisinə təyyarələr vasitəsilə çıxarmaq mümkün olsun. Təyyarələr kəşfiyyatçıları nəzərdə tutulan nahiyələrdə endirir və bəlli vaxtda onların dalınca gələrək, geri qaytarırdılar. Lakin almanların zenitçiləri və əks-kəşfiyyat xidməti də yaxşı işləyirdi deyə, düşmən ərazisinə kütləvi şəkildə casus çıxarmaqdan fransızlar imtina etməli oldular. Yalnız, bundan sonra bu məqsədlə, paraşütlərdən istifadəyə başlandı - agenti səssizcə, daimi yaşayış yerinin yaxınlığına endirirdilər.
Lakin kəşfiyyatın başlıca üsulu yenə rabitə olaraq qalırdı. Məlumatları agentlərə vaxtında çatdırmaq zəruri idi. Bu arada fransız kəşfiyyatı poçt göyərçinlərindən istifadə etmək üçün geniş plan hazırladı. Poçt göyərçinləri ilə işləməyi öyrənmiş agentlər özlərilə altı dənə göyərçin götürür, sonra da hər quşdan bir təcili məlumatın çatdırılması üçün istifadə edirdilər. Sonuncu göyərçini yola salandan sonra agent artıq rabitəsiz qalır, müstəqil fəaliyyət göstərməyə məcbur olurdu. Beləliklə, ya almanların əlinə keçir, ya da dolayı yollarla Hollandiyaya keçirdi.
Amma az sonra göyərçinlərdən “ünvansız” istifadəyə də başladılar. Təyyarələr belə quşları kütləvi şəkildə düşmən arxasına atırdılar. Bu məqsədlə xüsusi zənbillərdən və kiçik paraşütlərdən istifadə olunurdu. Hər zənbilə quşlar üçün yem, su və onlardan istifadəni öyrədən təlimatlar, kömək etmək insanın cavablandırması üçün suallar da qoyulurdu. Bundan başqa, zənbillərdə hazır cavab variantları, fransız pulları, intibahnamələr və broşürlər, işğal olunmuş rayonlarda yaşayan əhaliyə müraciətlər, onları mübarizəyə təşviq edən başqa şeylər də olurdu.
Belə müraciətlərdən birini nümunə üçün təqdim edirik:
“Almanların müqaviməti müttəfiqlərin hücumları nəticəsində kəskin şəkildə zəifləyir və düşmən Fransa torpaqlarının bir qismindən artıq qovulub. Müttəfiqlər hücumlarını davam etdirmək üçün düşmənin harada yerləşdiyindən və niyyətindən dəqiq xəbərdar olmalıdır. Vətənpərvər insanlar kimi, sizin vəzifəniz müttəfiqlərimizə bu xidməti göstərməkdir.
Çox ola bilər ki, bu vəzifənin öhdəsindən gəlmək üçün həyatınızı riskə atasınız, amma daim fikirləşin ki, bu köməyi sizdən azadlığınız naminə qəhrəmancasına döyüşən və özünü qurban verən əsgərlər istəyir. Belə məlumatların vaxtında çatdırılması vətənə misilsiz xidmət göstərmək, müharibənin bir an öncə başa çatmasına kömək etmək deməkdir.
Biz sizin zəhmətinizi müharibə bitəndə qiymətləndirəcəyik. Siz isə qələbədən sonra əsl vətəndaş kimi hərəkət etdiyinizin məmnunluğunu yaşayacaqsınız. Almanlar bizim müttəfiqləri heç vaxt məğlub edə bilməyəcək. Onlar bizim qələbəmizə və azadlığımızı təhdid edən, bütün bəşəriyyətin mənfur düşməni olanlardan intiqam almağımıza heç vaxt mane ola bilməyəcək”.
Keçirilən əməliyyatın miqyasını təsəvvür etmək üçün söyləyək ki, alman əks-kəşfiyyatçıları cəbhə xəttindən xeyli uzaqlarda belə, içində ölü quşlar olan belə zənbilləri çox tapırdı. Alman düşərgələrinin tək birinin arxasında 1917-ci ilin yalnız dekabr ayında 63, 1918-ci ilin yanvar ayında – 41, mayda – 45 belə zənbil aşkar etmişdi. Lakin bu, müttəfiqlərin təyyarələrindən atılmış zənbillərin cüzi hissəsi idi. Kəşfiyyatçı quşlar cəbhə xətti üzərindən arasıkəsilmədən o yan-bu yana uçurdu. Yüksəkdə uşan quşları vurmaq çox çətin olsa da, alman snayperləri hərdən rabitəçi quşları vurub sala bilirdi. Fransa müharibənin sonunadək təxminən 20 min göyərçin itirdi. Hər dəfə də almanlar etiraf edirdi ki, həmin quşların daşıdığı kəşfiyyat informasiyası fövqəladə dəyərli imiş.
Zahirən kortəbii görünən bu əməliyyatı müttəfiqlər lap müharibənin son günlərinədək genişləndirirdi. Göyərçinləri yalnız təyyarələrdən deyil, hətta kiçik hava şarları vasitəsilə də düşmən arxasına atırdılar. Həmin şarlardan asılmış zənbillərin yerə dəyən kimi, avtomatik açılması üçün xüsusi qurğu da ixtira edilmişdi. Şara kiçik ağac xaç bərkidir, xaçın hər ucundan içində bir cüt göyərçin olan zənbil asırdılar. Xaçın ortasından isə elementar saatlı mexanizmi olan qutu sallanırdı. Həmin mexanizm işə düşəndə, zənbilin paraşütü açılır, şarın içindəki qaz isə havaya buraxılırdı. Hər belə şarın üzərində yazı olurdu: “Bu, almanların şarıdır. Onu məhv edə bilərsiniz”. Az sonra iz itirmək məqsədilə xüsusi fitildən istifadə edilməyə başlandı – həmin fitil içində göyərçinlər olan zənbil xaçdan ayrılan kimi şarı alışdırırdı.
Cəbhə xəttinin almanlar tərəfində yaşayan yerli əhalinin başına müntəzəm olaraq intibahnamələr də tökülürdü. Kəşfiyyatla əməkdaşlığa çağıran həmin vərəqələr bir qayda olaraq, bu sözlərlə başlanırdı: “Diqqət! Sən əsl vətənpərvərsənmi? Düşməni əzmək üçün müttəfiqlərimizə kömək etməyə hazırsanmı?” Sonra tapşırığın mahiyyətini açan əsas mətn gəlir, lap sonra isə bu çağırışlar yazılırdı: “Səbr və cəsarət! Yaşasın Fransa! Yaşasın Belçika! Vətən naminə irəli!”
1918-ci ilin qışında belə zənbillər Elzas və Lotaringiyanın ən ucqar guşələrinə belə atılırdı.
Çağırışlardan birində bu sözlər vardı: “Lotaringiyanın hər bir vətənpərvərinə! İstədiyimiz məlumatları çatdırmaqla, sən qələbəyə əvəzsiz xidmət göstərərək, müharibənin sonunu yaxınlaşdırırsan. Sülh yetişəndə biz səni mükafatlandıra biləcəyik və sən vətənpərvər hərəkətindən qürur duyacaqsan!”
Görünür, Lotaringiya sakinlərinə mükafatların vəd edilməsi, onların bütün Fransada şəxsi mənfəətini güdən insanlar kimi ad çıxarmasından irəli gəlirdi.
Alman əks-kəşfiyyatı isə göyərçin sahiblərini ciddi cəzalandırırdı. Bunun sübutu hələ 1915-ci il, sentyabr ayının 1-də Fransanın şimalındakı şəhərlərdə yayılan elan mətnidir:
“Mühüm xəbərdarlıq!
Lyevendən olan şaxtaçı Pol Büzen poçt göyərçinləri saxladığına görə hərbi şuranın qərarı ilə avqust ayının 23-də güllələndi.
Bununla əlaqədar olaraq, ordu komandanlığı mülki əhaliyə aşağıdakı bəyanatla müraciət edir:
1. Poçt göyərçinləri saxlayan hər kəs güllələnəcək.
2. Eyni aqibət poçt göyərçinlərini, yaxud, başqa buna bənzər şeyləri, habelə, məzmunundan asılı olmayaraq, havadan atılan intibahnamələri taparaq, ən yaxında yerləşən alman komandanlığına təhvil vermək yerinə, onları gizlədən hər kəsi gözləyir.
3. Yüngülləşdirici hallar olarsa, həmin şəxslər ya ömürlük katorqaya, ya da 10 – 15 il azadlıqdan məhrumedilmə cəzasına məruz qalacaq.
4. Heç bir provokasiya və düşmənlə əməkdaşlıq faktları cəzasız qalmayacaq”.
Bütün bu təhdidlərə baxmayaraq, Belçika və Fransa vətənpərvərləri rabitə üçün göyərçinlərdən geniş istifadə edirdilər.
Birinci Dünya müharibəsindən sonra Fransa xüsusi xidmət orqanları məxfi əlaqə üçün çox effektiv olan “göyərçin poçtundan” uzun müddət istifadə etdi. Bu üsul 1920 - 1930-cu illərdə, hətta İkinci Dünya müharibəsi dövründə də səmərəli oldu. Uzun illər boyu Fransada poçt göyərçinlərinin yetişdirilməsinə Müdafiə və Daxili işlər nazirlikləri nəzarət edirdi. Yalnız 1992-ci ildə rabitənin bu növü ləğv olundu.