...Kürdəmirə demək olar ki, bitişikdi Şıxımlı kəndi. Ağsuya gedən yolun üstündə yerləşir.
- Köhnə dəyirman var yolun üstündə, onu keçən kimi kimdən soruşsanız, ocağın yerini göstərəcək. İri tut ağaclarını görəcəksiz. Bax, oradır.
Sürücümüz deyilən yerə çatanda yolun kənarında dayananlardan yenə soruşuruq. Hamısı çiynini çəkir.
- Belə bir adam, belə bir ocaq tanımırıq.
- Bizə dedilər axı buradadır?
- Vallah, Hacı İsmayıl Əfəndinin yerini-yurdunu tanımırıq. Burada bircə pir var, ziyarətgahımızdı, amma o “Mövlanə Baba” adlanır axı.
Hə, elə o olacaq: Mövlanə. Axı onu həm də Mövlanə deyə çağırırdılar axı.
Mövlanə adlı tarixi şəxsiyyətin isə adı Hacı İsmayıl Siracəddin əl-Kurdəmiri əş-Şirvanidir. Təliminə Şeyx Şamilin belə beyət etdiyi Şeyx. Çarı belə qorxuya salan, Mövlanə İsmayıl Siracəddin. Yeri gəlmişkən, bu il 240 illiyi keçirilə bilərdi mövlanənin.
1782-ci ildə Şirvanın Bölükət mahalının Kürdəmir kəndində dünyaya gəlib. İlk təhsilini Şamaxıda alıb. Sonra Ərzincana gedib. 1805-ci ildə isə Burdura gedərək orada fiqh elmindən dərs alır. Bir ildən sonra isə Kürdəmirə qayıdır.
Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəis müavini Vaqif Alıyevin Lent.az-a dediyinə görə, bu tarixi şəxsiyyət bəzi tarixi mənbələrdə əl-Kurdəmiri, bəzilərində isə əş-Şirvani ləqəbləri ilə yad edilib.
“İlk təhsilini Şamaxı şəhərində Məhəmməd Nuri Əfəndidən alan İsmayıl Şirvani 1800-cü ildə Ərzincana gedərək dövrun alimlərindən biri olan Övliyazadə Əbdurrəhman Əfəndidən dərs alıbr. İsmayıl Şirvani Toqatda və Burdurda təhsil alaraq hədis, hikəmiyyə elmlərini öyrənir. Daha sonralar isə Bağdada üz tutur, Mövlanə Xaliddən mükəmməl dərs alır”.
Vaqif müəllim deyir ki, zamanına görə dünyanın ən böyük şəxsiyyətlərindən olan Mövlanə Xalid özünün minlərlə müridindən yalnız bir necəsinə elm öyrətmək ucun icazə vermişdi ki, onlardan da biri İsmayıl Şirvanidir.
“İsmayıl Şirvanini Qafqazda rus işğal siyasətinə qarşı mübarizənin rəmzinə çevrilərək Türkiyəyə mühacirət etmişdi. Ömrünün böyük hissəsi Türkiyə ilə bağlı olmuşdu. Alim, fazil, ariflərin və fəzilətlilərin mənbəyi, uca və kərəmli şəxs olan Mövlanə İsmayılın övladlarından biri Şirvanzadə Mehmet Ruşdi Paşa Osmanlı dövlətinin ən yuksək vəzifəsinə – sərdəzəmlik (baş nazir) məqamına qədər yüksələ bilmiş, yeganə azərbaycanlıdır. Dövrünün nəhəng şəxsiyyətlərindən olan Hacı İsmayıl Əfəndi Şeyx Şamilin ideya rəhbəri hesab edilir. İslamda nəqsibəndiyyə cərəyanının cox böyuk nümayəndələrindəndir”.
Biz Osmanlı sultanının baş naziri məsələsinə mütləq qayıdacağıq. İndilikdə isə 19-cu əsrin ilk yarısının Kürdəmirinə dönək.
İsmayıl Şirvani vətəninə dönəndən sonra nəqşibəndiliyi Azərbaycanda yaymağa başlayır. Bu təriqət qısa müddətdə bütün Qafqazda xəbər tuturlar, Şeyxin müridi olmaq istəyənlərin sayı ildırım sürətiylə artır. Zaman o zaman idi ki artıq Şimali Qafqazda Şamil hərəkatı böyük vüsət almışdı. Şamil və tərəfdarları məhz nəqşibəndiliyə, Şirvaninin təliminə pənah gətirmişdilər. Çara və ətrafına bəlli olmuşdu ki, onların mürşidi İsmayıl Şirvanidir və o, aradan götürülməsə hərəkatın sıraları durmadan artacaq. Bu təlimə beyət edənlər Qafqaza axışacaq.
Ona xəbər göndərilər ki, Şirvanı xoşluqla tərk etsin. Şeyx bir neçə müridiylə birgə əvvəl Zərdaba gedir. Bir müddət orada qaldıqdan sonra isə Osmanlı torpaqlarına üz tutur. İsmayıl Şirvani Kürdəmirə tərk edərkən ailəsini apar bilməyib. Onun məşhur deyimi var: “Burda əhli-əyalımı və bir də tut ağaclarımı qoyub gedirəm”.
Şeyxin böyük bir tut bağı olub Şıxımlıda. Ora “Mövlanə bağı” da deyirlər. Şəkildə gördüyünüz bu tut ağacları isə hələ də ziyarətgahdır.
***
1828-ci ildə Amasiyada dünyaya gəlmişdi, Rüşdü Əfəndi. Hə, Şeyxin ailəsində. Çar təqibindən qaçan İsmayıl Amasiyaya gəlib çıxmışdı. İlk dini təhsilini atası və böyük qardaşından, sonradan isə İstanbula getmiş, orada Mustafa Əfəndidən almışdı. 1853-cü ildə Amasiya Vəqf idarəsinin rəisi təyin edilsə də, bu vəzifədə çox qala bilməmiş və yenidən İstanbula dönmüşdü.
Orda dövlət qulluğuna düzəlmişdi. 1860-cı ilin yayında Dəməşq üsyanının böyüməsi nəticəsində bölgəyə gedən xarici işlər naziri Fuad Paşanın heyətində Rüşdü Əfəndi də vardı. Məhz bu səfər zamanı o, Fuad Paşanın böyük etimadını qazanır, ədliyyə məclisi üzvlüyünə seçilir. Bir müddət sonra isə Osmanlı maliyyə naziri və xəzinədarı vəzifəsini tutur. Az sonra isə sultan ona Osmanlının təhlükəsizliyini etibar edir. O, daxili işlər naziri təyin olunur.
1873-cü il aprelin 15-də Şirvanzadə Rüşdi Paşa sultanlığın baş naziri vəzifəsinə gətirilir. Düz, 9 ay bu vəzifəni tutur. Və niyə bu qədər qısa?
Deyilənə görə, hələ adıgedən yüksək vəzifəni tutarkən Mithat Paşa, Mehmet Sadık Paşa və Hüseyn Avni Paşa kimi şəxslərlə birləşib Sultan Əbdüləzizi devirmək istəyir. Amma sultan bu barədə xəbər tutur, Rüşdi Paşa vəzifəsindən uzaqlaşdırılır. O, Hələbə göndərilir və yolda qızdırmadan ölür.
***
Şeyx İsmayıl Əfəndini bir neçə övladı olub. Onların Kürdəmirdə qalanı da olub, sonrada Rüşdü kimi Türkiyədə doğulanları da. Amma nəslin davamçılarından Kürdəmirdə varmı, yoxmu, kimlərdir, məlum deyil. Ondan qalan, məlum olan isə tut ağaclarıdır.
Bu gün də ziyarət yeri olan ağaclar...
Bakı-Kürdəmir