Böyük Britaniya donanması kəşfiyyat xidmətinin rəhbəri kapitan (sonralar admiral – İ.Ə.) Uilyam Recinald Holl olub. Dənizçilər onu daha çox, “Gözvuran Holl” adı ilə tanıyırdılar, çünki əsəbiləşəndə, göz qapağı qıc olmuş kimi səyriyirdi. Onu Birinci Dünya Müharibəsi dövründə ən usta casus sayırdılar, çünki Birləşmiş Ştatların müharibəyə girməsinə nail ola bilmişdi. Admirallıqda Holl ilə əməkdaşlarının almanlara qarşı gecə-gündüz casusluq etdiyi, onların gizli şifrlərini qırdığı, hərbi və diplomatik yazışmalarını oxuduğu, radio danışıqlarına qulaq asdığı “40 nömrəli otaq” da böyük şöhrətə malik idi.
Alman şifrlərinin ingilislərin əlinə necə keçdiyi barədə neçə versiya var, özü də bu versiyalar bir-birini istisna etmir, əksinə, tamamlayır.
İngilislər ilk dəfə almanların hərbi-dəniz şifrləmə kitablarını 1914-cü ildə, müttəfiqləri ruslardan almışdılar. Bu, şəksiz faktdır. Rus dənizçilərin bu kitabları necə ələ keçirdiyi barədə də iki versiya var. Birində, deyilir ki, rus dalğıcları kitabları saya düşərək batırılmış alman kreyseri “Maqdeburq”dan çıxarıblar. İkinci versiyaya əsasən, kitablar suda boğulmuş alman şifrləyicisinin əlində imiş; cəsəd çıxarılanda ruslar onu təsadüfən aşkar ediblər. Lakin bu, yalnız detallardır. Əsas məsələ, kitabların Britaniya Admirallığına çatmasıdır.
Bu hadisədən bir qədər sonra Holla Britaniya traulerinin toruna düşmüş bir palıd sandıq gətirirlər. Sandığın içindən Almaniya dəniz qüvvələrinin şirf kitabları çıxır. Şifrlərin çoxu “Maqdeburq”dan tapılmış kitablardan bəlli idi. Lakin kodların biri ingilis mütəxəssislərinin böyük səyi nəticəsində açıldı və bəlli oldu ki, bu, başqa ölkələrdə çalışan alman hərbi attaşelərinin işlətdiyi məxfi koddur.
1915-ci iyun ayında Kent qraflığı sahillərində alman sualtı qayığı batırıldı. Dalğıc Edvard Miller uzun axtarışlardan sonra qayığı tapdı, onun içinə girərək, kapitan otağını axtardı və oradan metal yeşiklər çıxardı. Həmin yeşiklərdə almanların minaladığı ərazilərin xəritəsi, iki yeni kod, bir də yalnız açıq dənizdə üzən Böyük İmperiya donanmasının gəmiləri ilə rabitə əlaqəsi üçün istifadə olunan çox qiymətli bir şifr vardı. Miller sonralar da bir neçə batmış alman gəmisində axtarış apararaq, dəfələrlə yeni, qiymətli kodları ələ keçirmişdi.
Lakin Holl düşmənin yalnız hərbi-dəniz donanmasının deyil, diplomatik xidmətinin də kodlarını ələ keçirmək istəyirdi.
1915-ci ilin əvvəllərində ingilis kəşfiyyatçıları almanlar tərəfindən işğal olunmuş Belçikadakı mülki idarəçiliyin radiostansiyasında çalışan Aleksandr Zek adlı bir nəfərlə əlaqəyə girə bilir. O, çox çalışqan bir əməkdaş kimi, ciddi qorunan ayrıca bir otaqda Belçika general-qubernatoru Moris fon Bissinqə ünvanlanmış məxfi hökumət teleqramlarının deşifrəsi ilə məşğul olurdu. Zeki yola gətirə bildilər. O, əvvəlcə istəyir ki, şifrləmə kitablarını da götürüb, İngiltərəyə qaçsın. Amma ona izah edirlər ki, bu halda şifrlərin qiyməti düşəcək, çünki itkidən xəbər tutan almanlar kodları cəld dəyişəcək. Axırda qərara gəlirlər ki, Zek son dərəcə ağır bir işin altına girərək, kodları köçürməlidir. O, bunun öhdəsindən gəlir və kodları ingilis kəşfiyyatına ötürür, lakin, az sonra özü də yoxa çıxır. Onun sonrakı taleyi naməlumdur. Versiyalardan birinə əsasən, almanlar onu tutub, güllələyirlər. Amma bu, heç inandırıcı deyil, çünki kodlar dəyişdirilməmişdi.
Zekin atası iddia edirdi ki, kodların oğurlanmasından almanlar heç vaxt xəbər tutmasın deyə, onu ingilis kəşfiyyatı aradan qaldırıb. Bu versiyanın müəyyən əsası vardı: Zeki əməkdaşlığa cəlb etmiş Belçika kəşfiyyatçıları Edit Kavel və Filip Bakı ingilislər asanlıqla xilas edə biləcəyi halda, onları almanlar güllələmişdi. İngilislər bu kəşfiyyatçıların qaçışını təşkil etmək üçün guya iki min funt sterlinq pul tapa bilməmişdilər... Sadəcə, bu iki casus lazım olandan çox bilirdi...
Daha bir versiyaya əsasən, Smit ləqəbli bir ingilis casusu işğal altında olan Brüsselə yol taparaq, bir kafedə ofisiant işləyən İvonna adlı qızı ələ alır. Həmin qıza radiostansiyada işləyən bir alman zabiti möhkəm aşiq imiş. Smit guya radiorabitəni öyrənmək bəhanəsilə həmin zabitə yaxınlaşıb, dərslər almağa başlayır və iş əsnasında almanların diplomatik kodlarının əsas elementləri haqda informasiya toplayır. Smitin qaçışından sonra almanlar İvonnanı həbs edir, amma həqiqəti aşkar edə bilmirlər.
İngilislərin alman hərbi kodlarını ələ keçirməsinin daha bir mənbəyi Yaxın Şərqdə idi. Orada alman konsulu və eyni zamanda kəşfiyyat rezidenti Vasmus adlı bir şəxs idi. O, ingilis qoşunlarına böyük ziyanlar vuran qiymətli bir peşəkar idi. Vasmus bir dəfə pusquya tuş gəlir, xilas ola bilsə də baqajı ingilislərin əlinə keçir. Onun baqajında içində almanların şifr kitabı olan yeşik də varmış. Bu, 13040 – Almaniya Xarici İşlər Nazirliyinin xarici ölkələrdəki səfirliklərlə əlaqə üçün istifadə etdiyi iki koddan biri idi. Həmin andan etibarən Holl və komandası almanların hərbi və diplomatik yazışmalarının əksəriyyətini oxuya bilirdilər.
Hələ müharibənin lap əvvəlində müttəfiqlər Almaniyaya blokada elan etdilər. Alman sualtı qayıqları dənizdə quldurluq edir, müdafiəsiz ticarət və sərnişin gəmilərini batırırdılar. Dünya ictimaiyyətinin xüsusi qəzəbini 1915-ci il iyun ayının 7-də almanların U-20 sualtı qayığı tərəfindən İngiltərənin transatlantik layneri “Luzitaniya”nın vəhşicəsinə batırılması səbəb oldu. Bu faciədə 1198 nəfər, o cümlədən, 115 amerikalı həlak olmuşdu. Bu fakt Amerika Birləşmiş Ştatlarında Almaniya ilə müharibə tərəfdarlarını fəallaşdırdı. Lakin müharibə əleyhinə olan ABŞ prezidenti Vilsonun mövqeləri hələ də güclü idi.
Başda fon Tirpits olmaqla alman admiralları isə daha sərt siyasət yürüdülməsini tələb edirdilər: onlar əmin idi ki, Amerikanın hərbi yüklərini Avropaya daşıyan bütün gəmilərə qarşı sualtı mübarizəni daha da genişləndirməklə, müharibəni uda bilərlər. Və Vudro Vilson Vaşinqtondakı alman səfiri qraf fon Bernsdorfla sualtı müharibəyə son qoyulması barədə danışıqlar apararkən, kayzerin Xarici İşlər Nazirliyinin stats-sekreteri Zimmerman İmperator hərbi-dəniz donanmasının sualtı qayıqları tərəfindən aparılan əməliyyatları qat-qat genişləndirir və Meksika ilə Yaponiyada anti-amerika əhval-ruhiyyəsini qızışdırır. Əgər almanlar Meksika hökumətini Texas üzərinə hücuma keçməyə təhrik edə bilsəydilər, Amerika ordusu Meksikanın neçə min kilometrlik sərhədində ilişib qalacaqdılar. Beləliklə, ABŞ-ın müharibəyə girməsi qeyri-mümkün olacaqdı.
Meksikada almanpərəst siyasət yürüdülməsinə daha bir maneə ölkədə olan alman səfiri fon Erhardla müntəzəm rabitə saxlamağın mümkün olmaması idi. Müharibə başlanan kimi, ingilislər almanların bütün transatlantik rabitə kabellərini kəsmişdi; Almaniya ilə Meksika arasında birbaşa əlaqə yox idi və bütün mübadilə Vaşinqtondakı alman səfiri fon Bernsdorf vasitəsilə aparılırdı; fon Erharda tapşırıqları da o ötürürdü. Bir zamanlar ABŞ prezidenti Vilson fon Bernsdorfa amerikalıların Berlinlə Vaşinqtonu birləşdirən məxfi diplomatik kanalından istifadə etməyə icazə vermişdi. Həmin kanal Vilsonun sülhsevər təkliflərini ünvanına çatdırmaq üçün idi, çünki Amerika prezidenti əvvəlki kimi, müharibə edən iki tərəf arasında “şərəfli sülh” sazişinin bağlanmasında israr edirdi. Fon Bernsdorf amerikalılara zəmanət vermişdi ki, bu kanaldan başqa heç bir məqsədlə istifadə olunmayacaq. Təbii ki, Zimmermana qədər və ondan sonra, heç bir alman səfiri verilən vədə sadiq qalmaq fikrində olmayıb...
Fon Erharda çox mühüm bir xəbər çatdırılmalı olanda, Zimmerman onun “Deutschland” sualtı qayığında aparılmasını planlaşdırmışdı. Lakin texniki səbəblərdən bu planı gerçəkləşdirmək mümkün olmadı, həm də vaxt az idi.
Fon Erharda çatacaq teleqram şifrlənərək, amerikalıların məxfi kanalları ilə göndərildi: əvvəlcə Berlinlə Kopenhagen arasındakı quru xəttilə, sonra Böyük Britaniya ərazisindən keçən transatlantika kabeli ilə. Bundan savayı, daha böyük əminlik üçün Zimmerman teleqramın surətini iki başqa kanalla da göndərməyə cəhd etdi – Nauen radiostansiyası ilə Birləşmiş Ştatlar arasında fəaliyyət göstərən adi radio xətti ilə ötürülən teleqram amerikalıların radiokəşfiyyatı tərəfindən ələ keçirildi. İkinci kanalı isə Admirallığın “40-cı otağı”nda əzbərdən bilirdilər və onu “İsveç dolayı yolu” adlandırırdılar. Bu, İsveçin bitərəfliyindən sui-istifadə idi, amma İsveçin almanpərəst Xarici İşlər nazirliyi belə faktlara göz yumurdu.
Zimmermanın Amerika məxfi kanalları ilə göndərilən teleqramını dövlət departamenti yanvarın 17-də aldı və şifri açılmamış halda alman səfiri fon Bernsdorfa təqdim olundu. Səfir də öz növbəsində, teleqramda Berlinin qeydiyyat nömrəsini səfirliyin nömrəsinə dəyişib, üzərində “Xarici İşlər nazirliyinin 16 yanvar tarixli, tamamilə məxfi teleqrafı; şəxsən deşifrə olunmalıdır” yazaraq, amerikalıların açıq teleqraf sistemi vasitəsilə Mexikoya, fon Erharda göndərdi.
Lakin bundan bir neçə saat qabaq, Zimmermanın Böyük Britaniya ərazisindən keçən teleqramı ingilis kəşfiyyatının əlinə keçmiş və deşifrə üçün “40-cı otağa” çatdırılmışdı. O vaxta qədər ingilis kriptoqraflarının əlindən yüzlərlə alman teleqramı keçmişdi deyə, bu fakt o qədər də diqqət çəkmədi.
Mütəxəssislər teleqramın şifrini açmağa həvəssiz girişdilər; yəqin elə bilmişdilər ki, Vilsonun növbəti sülh təşəbbüsünə növbəti darıxdırıcı cavabdır. Onlar teleqramın əvvəlində yazılmış 13042 rəqəmlərinə diqqət yetirib, onu Vasmusdan ələ keçirdikləri alman kodunun bir növü hesab etmişdilər. Mütəxəssislər həmin koda müraciət edərək, “Zimmerman” imzasını oxuya bildilər. Bu, hələ heç nə demək deyildi. Amma teleqramın mətnindəki “Tamamilə məxfi” sözləri, təbii ki, diqqət cəlb etdi. Onlar bəzi ayrı-ayrı sözləri - “Mexiko”, “ittifaq”, “Yaponiya” və başa düşdülər ki, söhbət adi məsələlərdən getmir.
Deşifrə nəticəsində birinci mərhələdə belə bir mətn aydın oldu: “Sorğu № 13042 Xarici İşlər nazirliyi, 16 yanvar 1917-ci il. Tamamilə məxfi. Şəxsən deşifrə olunmalıdır. Biz yanvar ayının 1-dən etibarən qeyri-məhdud sualtı müharibəyə başlamaq niyyətindəyik. Buna baxmayaraq, mən ABŞ-ın neytrallığını dəstəkləməyi vacib hesab edirəm... Bu halda, biz (Meksikaya?”... aşağıdakı şərtlərlə sülh (birgə?)... Zati-aliləri prezidenti (Meksika?) gizlicə məlumatlandırmalıdır... ABŞ ilə müharibə... və eyni zamanda, bizimlə Yaponiya arasında danışıqlar. Prezidentə deyin ki, bizim sualtı qayıqlar İngiltərənin proseslərə qarışmaq imkanını bir neçə ay məhdurlaşdıracaq. Teleqramın çatması barədə xəbər verin. Zimmerman”.
Hələlik natamam və qeyri-dəqiq olan bu mətn Holla çatır. O, başa düşür ki, əlindəki bu mətn necə güclü bir bombadır. Axı onu Amerika prezidentinə təqdim etsələr, onun müharibə əleyhinə mövqeyi darmadağın olacaq və Birləşmiş Ştatlar müttəfiqlərin tərəfində müharibəyə qoşulacaq. Amma bunun üçün ilk növbədə teleqramın tam mətni hazırlanmalıdır; ikincisi isə onu amerikalılara elə çatdırmaq lazımdır ki, onlar ingilis kəşfiyyatının alman şifrlərini oxuya bildiyini anlamasınlar. Əgər bunu başa düşsələr, informasiya mütləq yayılacaqdı.
Teleqramın tam mətninin açılması üzərində iş gedərkən, Holl onu Vilsona çatdırmağın təhlükəsiz yolları üzərində düşünürdü.
Rəsmi qayda belə idi ki, Holl bu teleqramı Xarici Ofisin rəhbəri lord Balfura, o da ABŞ Dövlət departamentinə çatdırmalı idi. Bu, bəlkə də, Amerikanın müharibəyə girməsinə səbəb olardı, amma bədəli ingilislər üçün çox ağır olacaqdı - “40-cı otağın” əməkdaşları məzuniyyətə göndəriləcəkdi, çünki almanlar bundan xəbər tutan kimi kodlarını təcili dəyişəcəkdilər.
Vəziyyəti götür-qoy edən Holl anladı ki, adına teleqram göndərilmiş fon Bernsdorf onu Mexiko-Sitiyə, fon Erharda göndərməli idi; mətndə deşifrədən sonra, təbii ki, müəyyən əlavələr, dəqiqləşdirmələr olacaqdı, amma aparıcı sözlər dəyişməz qalmalı idi; deməli, “Vestern Yunion” şirkətinə məxsus şəbəkənin Mexikodakı son məntəqəsində fon Bernsdorfun teleqramının tam mətni mütləq qalmalıdır.
Holl bunu başa düşən kimi, Mexikodakı ingilis rezidentinə belə bir xahişlə müraciət edir: nəyin bahasına olursa-olsun, agentura Zimmermanın fon Bernsdorfa teleqramının surətini ələ keçirməlidir. Buna nail ola bilsələr, Holl amerikalılara teleqramın “Meksika” variantını təqdim edərdi və informasiya yayılsa belə, almanlar elə biləcəkdi ki, bu, Meksikada, mətnin deşifrə olunmasından sonra baş verib. Onda, xainləri öz səfirliklərində axtaracaqdılar.
Və bu məqamda hərbi-kəşfiyyat-diplomatik dolaşıqlıq başlayır. 1917-ci il, yanvarın 31-də, qeyri-məhdud sualtı müharibənin başlanmasına 8 saat qalmış, fon Bernsdorf ABŞ dövlət katibi Lensinqə bu haqda rəsmən xəbərdar edir. Amerikalılar çaş-baş qalıb, qəzəblənirlər. Lakin Vilson bəyan edir ki, almanların provokasiyaları amerikalıları müharibə aparan tərəflər arasında vasitəçilikdən daşındıra bilməyəcək. Prezident, bu bəyanatla yanaşı, tədbir də görməli idi – Almaniya ilə diplomatik əlaqələr kəsilməli, fon Bernsdorfa ABŞ-ı tərk etməsi barədə xəbərdarlıq edilməli idi.
Bu, fevralın 5-də baş verdi. Amerikalıların müharibəyə girmək fikrində olmadığını görən Holl, Zimmermanın lord Balfura teleqramı barədə məlumat verir, lakin Meksikadan cavab gəlməyincə, heç bir tədbir görülməməsini xahiş edir. İndi iş yalnız deşifrə mütəxəssislərindən asılı idi. Fevralın 19-da Montgomeri və Qrey Holla teleqramın tam mətnini gətirir.
Mətn belə idi: “Biz qeyri-məhdud sualtı müharibəni fevralın birində başlamaq niyyətindəyik nöqtə buna baxmayaraq biz Birləşmiş Ştatları müharibəyə girməkdən daşındırmağa çalışacağıq nöqtə əgər bunu bacarmasaq biz Meksikaya bu şərtlərlə ittifaq təklif edəcəyik iki nöqtə birlikdə müharibə aparıb sülhə nail olmaq bizim tərəfimizdən geniş maliyyə dəstəyi və Meksikanın itirdiyi torpaqlarını Texas Nyu Mexiko və Arizonanın qaytarılmasına müsbət münasibət nöqtə müqavilənin detallarını dəqiqləşdirmək sizin öhdənizə düşür nöqtə Siz yuxarıda şərh olunan vəziyyəti prezidentə tam məxfilik şəraitində Birləşmiş Ştatlarla müharibə artıq qaçılmaz olandan sonra çatdıraraq daha bir təklifi əlavə etməlisiniz ki Meksika öz təşəbbüsü ilə Yaponiyanı alyansımıza qoşsun və eyni zamanda Yaponiya ilə bizim aramızda vasitəçilik missiyasını öz üzərinə götürsün nöqtə Xahiş edirəm prezidentin diqqətini ona yönəldin ki, bizim sualtı qayıqlardan qeyri məhdud istifadəmiz İngiltərəni ən yaxın aylarda sülh sazişi bağlamağa təhrik etmək məqsədi daşıyır nöqtə Məlumatın çatdığı barədə xəbər verməli nöqtə Zimmerman nöqtə”
Fevralın 20-də teleqramın məzmunu Böyük Britaniyadakı Amerika səfiri Peycə çatdırıldı. Meksikaya Amerikanın böyük bir parçasını qoparmaq təklif edildiyini biləndə səfirin təəccüb və qəzəbini təsəvvür etmək çətin deyil. Peyc teleqramın həqiqi olmasına inanmadı. Ona əfsanə danışdılar: teleqramın surəti Meksikadan alınmış, Londona gətirilərək deşifrə edilmişdi; buna xeyli zaman sərf olunduğu üçün səfirə yalnız fevralın 20-də məlumat vermək mümkün olmuşdu. Teleqramın deşifrəsinin bilavasitə Londonda baş tutduğu barədə faktı gizlətmək üçün Peycə təklif olunmuşdu ki, onu amerikalıların Amerika ərazisində deşifrə etdiyini söyləsin.
Peyc teleqramın mətnini Vaşinqtona göndərək, bildirir ki, ingilislər onun açıqlanmasına etiraz etmirlər.
Peyc özünün tamamilə məxfi teleqramına əlavə olaraq, məlumat verir ki, ingilislər alman şifrlərini ələ keçiriblər və xahiş edir ki, Vilson bu məlumatı gizli saxlasın (bu əlavədən ingilislər Peycin şifrli teleqramını deşifrə edəndən sonra xəbər tutdular; onlar müttəfiqlərinə də göz qoyurdular).
Bu vaxta qədər, “40-cı otağın” əməkdaşları Zimmermanın ikinci teleqramını da oxudular:
“Sirrin Birləşmiş Ştatlara ötürülməsi təhlükəsinin mövcud olmadığı təqdirdə Zati-alilərinə tapşırılır ki, ittifaq haqqında məsələni təxirə salmadan qaldırsın. Əgər prezident onu qisas qorxusundan rədd etsə, siz ona konkret alyans təklif etməkdə səlahiyyətlisiniz... bu şərtlə ki, Meksika Yaponiyanı ittifaqa cəlb etməyə nail olsun”.
Dövlət departamentinin əməkdaşları səfirin teleqramı barədə prezident Vilsona məlumat verməmişdən fon Brensdorfun uzun teleqramının həqiqətən “Vestern Yunion” şirkətinin kanalları ilə 17 yanvarda getdiyinə əmin oldular. Artıq şübhələrə yer qalmırdı.
Deyirlər ki, prezident Vilson almanların məkrli niyyətindən xəbər tutanda, ilk reaksiyası “Aman allah! Aman allah!” nidaları olub.
1917-ci il martın 1-də bütün Amerika qəzetləri Zimmermanın teleqramını bu başlıq altında dərc etdilər: “Almaniya Birləşmiş Ştatlara qarşı ittifaq yaradır”.
Vilsonun artıq ictimai fikri sakitləşdirmək, ölkəni müharibəyə girməkdən qorumaq üçün heç bir imkanı qalmırdı. Üstəlik, bu məqamda alman diplomatları da bir neçə bağışlanmaz səhvə yol verdilər.
Əvvəla, Zimmerman Berlindəki mətbuat konfransında teleqramın həqiqiliyini etiraf etdi! Özü də səfiri buna məcbur edən də yox idi. Hələ teleqramın meksikalılara ünvanlanmadığını da söylədi ki, həmin şəraitdə bundan axmaq hərəkət ola bilməzdi.
İkincisi, fon Bernsdorf özünün şəxsi baqajını İsveçin diplomatik poçtu ilə göndərmişdi. Baqajı ingilislər ələ keçirsə də, içindən diqqətə layiq bir şey tapa bilməsələr də, Holl blef edərək demişdi ki, fon Bernsdorfun şəxsi kağızları arasında Zimmermanın teleqramının surəti varmış. Bu, bir tərəfdən dünyanı teleqramın həqiqiliyinə inandırdı, digər tərəfdən, biçarə alman səfirini öz hökuməti qarşısında birdəfəlik hörmətdən saldı.
Amerikalıların və onların prezidentinin səbir kasasını iki hadisə lap daşdırdı: Martın 18-də üç Amerika gəmisi heç bir xəbərdarlıq olmadan, alman sualtı qayıqları tərəfindən batırıldı. Uzaq Rusiyada isə inqilab baş verdi. Çar İkinci Nikolay taxtdan salındı və Rusiyanın müttəfiqlik barədə öhdəlikləri şübhə altında qaldı. İngiltərə və Fransa “tevton yırtıcısı” ilə təkbətək qaldılar.
Martın 21-də Vilson Konqresin xüsusi sessiyasını çağıraraq, orada belə bir bəyanat verdi ki, “Alman hökumətinin son hərəkətləri Birləşmiş Ştatlara qarşı müharibədən başqa bir şey deyil”. Zimmermanın teleqramı barədə suala isə Vilson belə cavab verdi: “Biz düşmən qüvvənin çağırışını qəbul edirik”.
Beləliklə, Birləşmiş Ştatlar Birinci Dünya müharibəsinə girdilər. Zimmermanın teleqramı isə həmin savaşın çox mühüm epizoduna çevrildi.