Afrika türkləri: xilafətin qorxulu yuxusu, monqolların qənimi, yox olmuş izlər – <span style="color:red;">Tarixin sandığından
03 sentyabr 2019 20:15 (UTC +04:00)

Afrika türkləri: xilafətin qorxulu yuxusu, monqolların qənimi, yox olmuş izlər – Tarixin sandığından

Eradan 3500 il əvvəldən başlayaraq, bizim eranın əvvəllərinədək Şərqi Asiyadan başlanan türklərin köçü zamanla mərkəzi, qərbi, cənubi Asiya kimi, Avropaya da yol almışdı. Bu yerlərə gələn tayfaların özləri ilə gətirdikləri adətlərin, mədəniyyətin digər xalqlara təsiri tarixçilər tərəfindən araşdırılır, geniş təhlil edilir. Lakin bir dönəm Afrika qitəsinin bəyaz sakinlərinə çevrilən, orta əsrlərdə qitənin şimalına dövlətçilik ənənələri, maddi-mənəvi dəyərlər bəxş edən türklər tarixdə az araşdırılıb. Afrikada türk toplumu haqqında bəhs edilərkən ya 16-cı əsrin əvvəllərində Misir, Əlcəzair, Tunisin Osmanlıya qatılması, yaxud da müasir Türkiyə dövləti vətəndaşları olan iş adamlarının bu ərazilərdə gördükləri işlər göz önünə gəlir.

Buna görə də müasir insanlar arasında “qara qitə”nin ağ sakinləri dedikdə onların  düşüncəsində avropalılar canlanır. Həm avropalıların zamanla qitədə apardıqları müstəmləkə siyasətinin qabarıq təbliği, həm də hazırda ordakı bəzi xalqların ingilis, fransız, holland dillərində danışması insanlarda bu təəssüratı yaradır.

Lakin tarixin səhifələrində Misirdən ta Ümid burnuna kimi türk izlərinə rast gəlmək mümkündür. Türklər qitədə müxtəlif zamanlarda elçiliklər, tacir qrupları şəklində məskən salıblar. Hətta ailələr olaraq köçüb yaşayan, xırda əmirliklər şəklində qısamüddətli birləşənlər də olub. Hind okeanına açılan Keniyada orta əsrlərə aid Anadoludakı qalaların bənzəri olan türk qalası da mövcuddur. Afrikanın şimalında isə qocaman bir türk tarixinin, dövlətçilik ənənəsinin, mədəniyyətinin tarixi yaşamaqdadır.

Afrika qitəsinin əhalisi ilə türklərin əlaqəsi I minilliyin əvvəllərində xırda ticarət məqsədi ilə qurulub. Lakin qitədə bu xalqın köklü varlığı 860-cı illərdən başlayıb, 20-ci əsrin ortalarına kimi davam etməkdədir.

IX əsrin əvvəllərində Afrikanın şimalı Abbasi xilafətinin tərkibində idi. Dövlətin daxildən zəifləməsi, baş verən xırda üsyanlar xilafəti xeyli zəif salmışdı. Bundan istifadə edən ordu başçıları, əmirlər hərbi xidmət müqabilində xəlifədən aldıqları iqta torpaq sahələrində xırda əmirliklər, müstəqil dövlətlər qurmağa başlamışdılar. Tulunilər (868-905), Xilafətin məşhur komandanlarının çıxdığı Afşin soyunun Sacoğulları dövləti (879-941), ərəb mənşəlli Fatimilər (909-1171) və s. dövlətləri nümunə göstərmək olar.

Afrikada ilk türk dövləti

Dolunay mənasını verən, Orta Asiyalı Tulun soyunun dövlət qurması ilə Misirdə bir müstəqil türk dövləti quruldu. Xilafət sarayına kölə olaraq göndərilən Tulun Bəy Abbasi xilafət ordusunda yüksəlir, önəmli ordu komandanlarından biri olur. Onun oğlu Əhməd İbn Tulun daha irəli gedərək, Misirdə 868-ci ildə Abbasi xilafətindən asılı olmayan tam müstəqil, ordusu olan dövlət qurur. Orta əsr qaydalarına görə, dövlətin müstəqilliyini tanıdan əsas şərtlərdən biri də dövlətin rəsmi pulunun olması idi. O, Dinar-i Tuluni (Tuluni dinarı) adlı pul kəsildi. Uğurlu və islahatçı dövlət xadimi Əhməd İbn Tulun ordunu, dövlət aparatını türklərdən təşkil etmişdi. Ordudakı türk komandanların, əsgərlərin ailələri də Misirdə, xüsusən də paytaxt Fustatda (indiki Qahirənin şimalı)  yerləşdirildi. İlk dəfə tibb - şəfa ocaqları quruldu, şəfalı otlardan dərmanlar hazırlandı. Güclü ordusu və donanması olan dövlət qısa müddətdə Suriya, Fələstini də öz ölkəsinə qatmışdı. Misir fironlarından sonra Misir ərazisində ilk müstəqil dövləti məhz Tulun oğulları yaratdılar. Əhməd İbn Tulun türk-islam memarlığının yeni yaranan dövründə Fustatın şimalında möhtəşəm məscid inşa etdirdi. Tuluniyyə məscidi islam tarixində ilk dəfə minarə ənənəsinin əsasının qoyulduğu məsciddir. 37 il davam edən dövlət daxili çəkişmələr üzündən zəifləməyə başladı. Bu fürsəti əldən verməyən Abbasi xəlifəsi 905-ci ildə dövlətin üzərinə hücum əmri verdi. Dövlət xilafət tərəfindən süquta uğradıldı. Yerli ərəb əhalisi qalmaqla, gələn orduların ailələri digər ərazilərə, xüsusən də Hələb şəhərinə köçdülər. Tulunilər dövlətinin yerini İşidilər, Fatimilər, sonra isə ərəb-türk komandanlarının qurduğu Əyyubilər dövləti tutdu.

Məmlüklər. Tarixdə bəzən də Köləmənlər adı ilə keçən dövlət. Köləmənlər Şimali Qafqazdan, Qara dəniz sahillərindən kölə kimi Əyyubilərin istəyi ilə Misirə aparılan türk əsgərləri idilər. Onların içərisində Çərkəzlər, Qaraçaylar, daha çox isə Qıpcaqlar vardı. Bu kölələr cüssəli gənclərdən seçilib, sırf orduya cəlb edilmək üçün aparılırdılar. Ümumiyyətlə, ərəb xilafətinin ordusunda hər zaman öndə gedən əmirlərin, komandanların türklərdən təşkil olunduğu müxtəlif qaynaqlarda keçir. Bu kölələr də orduda az bir vaxtda parlamağı bacardılar və yüksəldilər. Zəifləməkdə olan Əyyubiləri süquta uğradaraq, 1250-ci ildə Misirdə yeni bir dövlətin əsasını qoydular. Yaranıb gücləndiyi vaxtdan İslam xilafəti müsəlman dünyasında özünəməxsus nüfuz sahibi idi və  həmin ölkələrdə bir ənənə formalaşmışdı ki, qurulan dövlətlər xəlifədən xüsusi ad, xeyir-dua, sədaqət əlaməti olaraq qiymətli hədiyyələr aldıqdan sonra taxta oturmalı idilər. Bu, bir növ yeni yaranan dövlətin tanınması anlamına da gəlirdi. 1258-ci ildə monqol Hülakü dövləti tərəfindən Abbasi xilafətinə son qoyulduqda tədbirli dövlət xadimi Bəybars (1260-1277) xəlifə soyundan bir nəfəri gətirərək, onu son xəlifə olaraq elan etdi və bu son xəlifənin onun taxta keçməyini tanımasını təmin edə bildi. Dövlətin adı Əd-Devləti Turqiye (Türkiyə dövləti) adlandı. Ordu tamamilə türklərdən təşkil olunmuşdu. Saray və ordu dili türkcə, xüsusən də qıpcaq şivəsində idi. Hərdən oğuz şivəsində də danışılırdı. Dövlətin əsas gəlir mənbəyi dövlətlərarası ticarət idi. Məmlüklər Aralıq dənizində ticarət donanmasına da sahib idilər. Əmir Teymurun bir sıra ərazilərə yürüşü, şərqə gedən quru yolların nəzarətə alınması o dönəmlərdə ölkə ticarətini zəiflətmiş, tacirləri  müflisləşdirmişdi.

Məmlüklərə bağlı olan Məkkə əmirliyi və Hicazdan sonra Suriya da onların hakimiyyəti altına keçdi. Məmlüklərin daha bir özəlliyi vardı ki, digər dövlətlərdə ənənə olaraq dövlət rəhbəri mütləq hökmdar soyundan gəlirdisə, Məmlüklərdə Əmirlər, ordu başçıları hökmdar ola bilirdilər. Məmlüklər dövrü iki sülalənin hakimiyyətinə ayrılır: Bəhriyyə Məmlükləri (Qara Dəniz ətrafından gəldiklərinə görə bu ad verilmişdi) və Burci məmlükləri (1382 –1517 ). Məmlüklər ilk dəfə Monqol ordularını 1260-cı ildə Əyn Cəlludda darmadağın edən türk dövləti kimi də şöhrət qazandılar.

Məmlüklərin Azərbaycan ilə də əlaqələri olub. Suriya ərazisində də hakimiyyətini möhkəmləndirən bu dövlət Baharlı (Qaraqoyunlu), Bayandurlu (Ağqoyunlu), sonra isə Səfəvi dövləti ilə münasibət qurmuşdu. Səfəvilərlə bir sıra diplomatik yazışmalar, görüşlər barədə hələ də yazılı qaynaqlarda, xüsusən də “Tarix-i Şah İsmayıl-i Səfəvi” əsərində bəhs edilir.

Məmlük-Qaraqoyunlu münasibətləri

Əmir Teymura qarşı Cəlairiləri və Qara Yusif Baharlını dəstəkləyən Məmlük sultanı, Teymurla olan döyüşlərin əsas təşkilatçısı da sayıla bilər. Xüsusən də Qara Yusifin atası Qara Məhəmməd Məmlük sultanı ilə yaxın münasibətdə idi. 1401-ci ildən Teymurun Bağdad, Şamı işğal etməsi və 1402-ci ildə Ankara çölündə Osmanlı Sultanını məğlub etməsi Qara Yusifi də sultanla yaxınlaşdırdı. Sultan Fərəcin dövründə isə münasibətlər kəskinləşmişdi. XV əsrin ortalarında Məmlük sultanlığı ilə Qaraqoyunluların münasibətlərinin daha da gərginləşməsi Cahan Şahın Anadoluda bir sıra işğallar edərək güclənməsi və Malatyaya kimi getməsindən dolayı idi. Şahı Suriya üçün real təhlükə görən sultan daha bir qüvvə olan Ağqoyunluları dəstəkləməyə başladı.

Məmlük-Ağqoyunlu münasibətləri

Anadoludakı tayfa ittifaqları ilə normal münasibət saxlayan Məmlük sultanı Ağqoyunlulara da dəstək verirdi. Lakin qısa bir müddətdə ticarət yollarındakı anlaşmazlıqların nəticəsi olaraq Qara Yuluq Osman Bəy sultanın karvanını basaraq, üzərinə gələn ordunu darmadağın etmişdi. Lakin Cahanşahın təhlükəli olduğunu görən Məlük Sultanı Ağqoyunlu tayfa birliyinə dəstək verməyə başladı. 1452-ci ildə Diyarbəkir şəhərini ələ keçirən Həsən Bayandur qalanın açarını asılılıq rəmzi olaraq Məmlük sultanına göndərdi. Gənc şahzadənin bu hərəkətinə məmnun olan sultan açarı geri göndərdi və onu rəsmən Diyarbəkir sultanı olaraq tanıdı. Sultan Xoşqədəm Həsən Byandura daha çox önəm verirdi. Qaraqoyunlu və Dulqədiroğullarına qarşı gənc sərkərdəni yenilməz qala olaraq görürdü. Lakin sultan Əşrəf İnalın 1461-ci ildə ölümü münasibətlərə pis təsir etdi. Buna baxmayaraq, qərbdə Osmanlı, Azərbaycanda isə güclənməkdə olan Ərdəbil hakimliyinin təhlükəsini görən Həsən Bayandur 1468-ci il zəfərindən sonra Məmlüklərlə münasibətləri yenidən yumşaltdı. Tədbirli Ağqoyunlu hökmdarının məqsədi Suriya üzərindən Aralıq dənizi ticarətinə qoşulmaq idi. Əbubəkr Tehrani yazır ki, yeni dövlət yaranan kimi Sultan Təbriz sarayına elçilər və qiymətli hədiyyələr göndərmişdi.

Məmlük dövlətinin islam dünyasında, sünni-şiə fərq etmədən, önəmi böyük idi. İslam dininin yayıldığı xilafətin mərkəzi onların əlində idi. Qonşu dövlətlərə mənəvi dayaq durmaq, dövlətləri tanımaq ənənəsi saxlanılırdı. Məmlük dövləti hər dövlətə sayğı ilə yanaşır, onların elçilərini qəbul edirdi. XVI əsrin başlanğıcında Səfəvi və Osmanlı ilə qonşu olan Məmlüklər Osmanlıların fəth yürüşlərindən narahat idilər. Onlar Səfəvi dövlətini tanıyır, mehriban qonşuluq siyasəti həyata keçirirdilər. Qarşılıqlı ticarət, saraylarda yüksək səviyyədə elçilərin qarşılanıb-yola salınması mərasimləri keçirirdilər. Sünni Məmlük sultanı yaxşı anlayırdı ki, dövlətçilik, sərhədlərin qorunması Şah İsmayıl üçün təriqətdən vacibdir. Şah İsmayıl da öz növbəsində Çaldıran döyüşünə Məmlük ittifaqından yararlanmadı. Onları müharibəyə cəlb etmədi. Onların xoş münasibəti Osmanlı sultanı Səlimin xoşuna gəlmirdi. Məkkə və Mədinə şəhərlərinin Misir dövlətinə tabe olması onun xəlifəlik iddiasını ləngidirdi. Yenicə Misirə tabe edilmiş Dulqədiroğullarının üzərinə hücuma keçməklə müharibə başlandı və 1518-ci ildə Məmlük dövləti tarixin dəryasına qərq oldu.

Məmlüklər Misir tarixində böyük mədəniyyət izləri qoyublar. İlk dəfə olaraq kompleks memarlıq üslubunu həmin dövrdə yarandı. Belə ki, inşa edilən tikili içərisində məscid, mədrəsə, hücrə, kitabxana görmək mümkündür. Ən gözəl abidələr isə Qahirə, Tunis, Şam və Hələbdə yaradılmışdı. Yazılı tarix, ədəbiyyat nümunələri hələ də qalmaqdadır. Qahirədə Bəybars, Məhəmməd Nair, Sultan Həsən və s. memarlıq əsərləri olduqca ehtişamlıdır.

Misirdə türk hakimiyyəti bitsə də, XX əsrin əvvəllərində türkçülük ideyalarının yayıldığı yer olaraq da tarixə keçdi. Xilafət baxışlarının sökülüb atıldığı, milli kimliyin tanıdıldığı bir vaxtda, 1903-1907-ci illərdə Qahirədə Əli Kamal tərəfindən həftəlik nəşr edilən “Türk” qəzeti müxtəlif dövlətlərdən aydınları ətrafına topladı. Yusif Akcura, Əli Bəy Hüseynzadə kimi maarifçilər qəzetdə yazmağa başladılar. Ə. Hüseynzadə qəzetdə “Ə.Turan” imzası ilə “Türkləşmək, müasirləşmək, islamlaşmaq” ideyası yönündə məqalələrlə çıxış edirdi.

Daha bir türk varlığına isə Kenya və Uqandada rast gəlinir. Belə ki, XIX əsrin sonlarından ingilis ağalığında olan bu bölgələrə Hindistanın Qucarat bölgəsindən xeyli Osmani türk ailələri köçmüşdü. Onlar burada bütün sahələrdə təmsil olunurdular və xeyli varlanmışdılar. Lakin asiyalılara qarşı Uqandada 1960-cı illərdə İdi Aminin rəhbərliyi ilə hərəkat başlandı. Bütün fabrik və zavodlar, dükanlar əllərindən alındı. Ölkədən çıxarılan türklər haqqında BMT qətnamə qəbul etdi. Qətnaməyə görə, onlar hansı ölkələrdə istəsələr, yaşaya bilərdilər. Həmin ailələr İngiltərə, Kanada və Amerikada məskunlaşdılar...

Beləliklə, türklərin Afrikada mədəniyyət təmsilçisi olan bir toplum kimi varlığı sona çatdı.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5118
avatar

Şəhla Cabbarlı

Oxşar yazılar