Zaqatalada yolun kənarında olan ağaclar kəsilib.
Lent.az xəbər verir ki, bu barədə sosial mediada paylaşım edilib.
Paylaşımda qeyd olunub ki, Zaqatala rayonunun Danaçı kəndinə gedən yolda olan ağacların hamısı, demək olar ki, dibindən kəsilib.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında Ekologiya Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov bildirib ki, sözügedən ərazidə ağacların kəsilməsinə səbəb yolun kənarındakı qovaq ağaclarının insanların və avtomobillərin hərəkətinə təhlükə yaratmasıdır:
"Zaqatala rayonunda avtomobil yolunun kənarında mövcud olan qovaq ağaclarının insanların və avtomobillərin hərəkətinə təhlükə yaratması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və Zaqatala Rayon İcra Hakimiyyətinin müraciətləri əsasında "14 №-li Yol İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həmin ağacların budanması təmin edilib. Budama işlərinin qanunvericiliyə uyğun aparılıb-aparılmaması, bu zaman hansısa prosedur pozuntularına yol verilməsi və gələcəkdə ağacların bioloji inkişafına təsir edib-etməməsi ilə bağlı hazırda yerində müvafiq araşdırma aparılır".