Yol Polisindən bayramda rayona gedən sürücülərə MÜRACİƏT
17 mart 2023 10:55 (UTC +04:00)

Yol Polisindən bayramda rayona gedən sürücülərə MÜRACİƏT

Baş Dövlət Yol Polisi İdarəsi bayram günləri ilə bağlı sürücülərə müraciət edib.

İdarədən Lent.az-a verilən xəbərə görə, müraciətdə deyilir:

"Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində paytaxtdan bölgələrə, eləcə də əks istiqamətdə nəqliyyat axınının əhəmiyyətli dərəcədə artacağı gözlənilir.

Yol-nəqliyyat hadisələrinin qarşısının alınması, insanların rahat və təhlükəsiz hərəkətinin təmin olunması üçün Baş Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş iş rejimində xidmət aparmaqla yanaşı səfərə çıxmağa hazırlaşan sürücülərə müraciət edərək onlara nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyi, avtomobili günün işıqlı vaxtında idarə etməyə üstünlük verməyi, hərəkət zamanı təhlükəsizlik kəmərini bağlamağı, sərnişinlərə də bu vacib qaydaya əməl etməyi tövsiyə edir.

Sürücülər, sürət rejimini yol və hava şəraitinə uyğun seçməli, ötmə və manevretmə qaydalarını pozmamalı, tələskənliyə yol verilməməli, yorğun, yuxusuz halda sükan arxasına əyləşməkdən çəkinməlidirlər.

Unutmaq olmaz ki, iş və istirahət rejiminə əməl etmədən sükan arxasına əyləşərək sərnişin daşıma fəaliyyəti göstərən sürücü potensial təhlükə mənbəyidir.

Dəyərli sürücülər! Yolboyu nümunəvi sürücü davranışı sərgiləməklə digər hərəkət iştirakçılarına örnək, intizamsız sürücülərə münasibətdə səbrli və təmkinli olun, yol hərəkətı qaydalarına riayət etməklə əzizlərinizə bayram sevinci bəxş edin".

# 1494
avatar

Oxşar yazılar