Yeni məktəbli formaları  GÜNDƏMDƏ  : "Mümkün deyil" - FOTOLENT
07 iyul 2021 10:53 (UTC +04:00)

Yeni məktəbli formaları GÜNDƏMDƏ : "Mümkün deyil" - FOTOLENT

Şagirdlərin geyim formalarının təsvirlərini müəyyən edən layihə təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilib.

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, hazırlıq mərhələsində geyim təsvirləri ictimaiyyətin, eyni zamanda geyim üzrə mütəxəssislərin və geyim istehsalı ilə məşğul olan müəssisələrin müzakirəsinə çıxarılmış, onların rəy və təklifləri nəzərə alınıb.

Məktəbli formaları ilə bağlı saytımıza açıqlama verən Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin müdiri Etibar Əzimov bildirib ki, köhnə məktəbli formaları bir müddət qalacaq:

“Yeni geyim təsvirlərini Nazirlər Kabineti təsdiqləyəndən sonra sifariş prosesi baş tutacaq. Bunun əsasında da biz yeni formaları hazırlamağa başlayacağıq.

Hazırda əvvəlki geyim formaları tikilir, çünki qısa müddətdə tamamilə yeni formalara keçmək mümkün deyil. Nazirlikdən bizə məktəbli geyimləri sifariş edildikdən sonra çalışacağıq ki, mümkün qədər geyimlərin hazırlanmasını sürətləndirək və valideynlər qısa müddətdə satış şöbələrimizdən onları ala bilsinlər”.

Xatırladaq ki, 2020-2021-ci tədris ili üzrə şagirdlərin geyim formalarının təsvirlərini müəyyən edən layihəyə dair ictimai rəy öyrənilib. Layihəyə görə qızlar üçün yay geyim forması qısaqol köynək və ətəkdən, qış geyim forması isə uzunqol köynək, ətək və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq. Oğlanlar üçün yay fəslində tətbiq edilən geyim forması qısaqol köynək və şalvardan, qış geyim forması isə uzunqol köynək, şalvar və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq.

Geyim formaları elementlərinin aşağıdakı rənglərdə hazırlanması nəzərdə tutulur:

- Ətək və şalvar - qara, tünd qəhvəyi, tünd boz, tünd göy və qəhvəyi-yaşıl;

- Köynək - ağ, dəri, mavi, açıq yaşıl və açıq sarı;

- Jaket - tünd boz, qəhvəyi, tünd göy, tünd yaşıl və açıq qəhvəyi.

Geyim formasının rəngi ümumi təhsil müəssisəsinin Pedaqoji Şurasının qərarı ilə müəyyən ediləcək. Ümumi təhsil müəssisəsində yalnız bir geyim forması tətbiq edilə bilər. Dövlət ümumi təhsil müəssisələrinin şagirdləri məktəbdə və təntənəli məktəb tədbirlərində (məktəbdən kənarda olsalar da belə) müəyyən edilmiş geyim formasını geyinməlidirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 21036
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar