Yeni doğulmuş uşaqlarla bağlı VACİB MƏQAMLAR  - MÜSAHİBƏ
17 iyul 2021 16:16 (UTC +04:00)

Yeni doğulmuş uşaqlarla bağlı VACİB MƏQAMLAR - MÜSAHİBƏ

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası Neonatologiya şöbəsinin müdiri Aygün Rüstəmxanlı yenidoğulmuşların ilkin adaptasiya dövrü barəsində məlumat verib.

Lent.az mövzu ilə bağlı ən çox verilən sual və cavabları təqdim edir:

- İlkin adaptasiya dövrü nədir?

- Bətndaxili dövr dölün bütün ehtiyaclarının ana tərəfindən qarşılandığı dövrdür. Doğum ilə birlikdə dinamik zaman başlanır. Yenidoğulmuşun bütün orqan və sistemləri doğumdan sonrakı adaptasiyanı təmin etmək baxımından əhəmiyyətli dəyişikliyə uğrayır. Adaptasiyanın hər hansı bir orqan və sistemdə tamamlanmaması yenidoğulmuş üçün həyati təhlükə daşıyan səbəbə çevrilə bilər. Baş verə biləcək patoloji dəyişikliklərin və normal fiziologiyanın bilinməsi diaqnoz və lazım gələrsə müalicənin vaxtında aparılmasına zəmin yaradır.

- Orqanizmdə doğuşla birgə hansı proseslər başlayır?

- Doğum fəaliyyətinin başlanmasıyla, yəni, ağrı ilə orqanizmdə bəzi hormonların (epinefrin, norepinefrin, katexolamin) səviyyəsi yüksəlir və doğumdan 4 saat sonra normal səviyyəyə enir. Həmin bu ağrıyla artan hormonlar ürəkdə qan axım həcminin artmasına, ağciyərin inkişafına (surfaktant sintezinə), döl ağciyərində olan mayenin azalmasına və sorulmasına səbəb olur. Eyni zamanda doğumdan sonra maddələr mübadiləsinin (qlikogenolizin,lipolizin) və tiroid hormonlarının artması müşahidə olunur. Bu sadalananlarla təbii doğuşun yenidoğulmuşun adaptasiya dövrünü fəsadsız keçirməsi üçün nə qədər əhəmiyyətli olduğu görünür.

- Doğumdan sonrakı adaptasiya dövründə nə baş verir?

- Ana bətnində döl qismən oksigensiz mühitdə olur. Çünki, döl ağciyərlərinə qanın axın sürəti aşağıdır, həmçinin , oksigenli və oksigensiz qan eyni damarda qarışmış olaraq dövr edir. Bütün bunlar doğuşdan sonra adaptasiya dövründə orqanizmdə fərqli bir fiziologiya ilə əvəz olunur. Yenidoğulmuşun göbəyinin bağlanması ilə, ağciyərə gedən qanın sürəti artır. İlk ağlama, yəni, nəfəsalma ilə adaptasiya başlanır. Bətndaxili oksigensiz mühit aradan götürülür. Ciftlə təmin olunan bəzi maddələrin də (prostaqlandinlərin ) doğumdan sonra olmaması, ürək qan dövranında vacib dəyişikliklərə səbəb olur. Arterial axacaq bağlanır ki, ana bətnində bu axacaq həyati vacib damarlardan olan aorta və pulmonar arteriyanı birləşdirərək qanın qarışmasını təmin edirdi. Funksional bağlanma ən gec 96 saat, anatomik bağlanma isə 1-3 ay ərzində baş verir.

- Bəzən yeni doğulmuşlarda "Yaş ağciyər" sindromuna rast gəlinir. Bu haqda məlumat verməyinizi xahiş edirik.

- Tənəffüs sisteminin adaptasiyası üçün döl ağciyər mayesinin sorulması, ritmik ventilyasiyanın başlanması, ağciyər qan damarlarında təzyiqin azalması və sürətin artması , surfaktant sintezinin yetərli miqdarda olması vacibdir. Bətndaxilində ağciyərlər dölyanı maye və ağciyərdən sintez olunmuş xlorla zəngin döl ağciyər mayesi ilə doludur. Vaxtında doğulmuş körpədə Davamlı olaraq sintez olunan ağciyər mayesi təxminən 20ml/kq-dır. Bətndaxilində bu mayenin olması ağciyərlərin inkişafı üçün əhəmiyyətlidir. Lakin doğumdan sonra ventilyasiya üçün bu mayenin yerini hava əvəz etməlidir. Doğum zamanı döş boşluğunun sıxılması ilə ağciyər mayesinin bir hissəsi atılır. Mayenin qalan hissəsi isə ağciyər qan dövranı və limfatik drenajla atılır. Bu baş vermədikdə isə ağciyər mayesinin boşalması gecikir. Nəticədə klinik əlamətləri təngnəfəslik, zarıma, retraksiyalarla görülən “Yenidoğulmuşun Tranzitor Taxipnoesi” və ya “Yaş ağciyər sindromu” kimi özünü biruzə verir.

- Yenidoğulmuşun ayrı-ayrı orqan və sistemlərinin adaptasiyası barədə məlumatlı olmaq nə qədər əhəmiyyətlidir?

- Göründüyü kimi, adaptasiya dövründə ürək qan dövranı və tənəffüs sistemi orqanlarının fəaliyyəti bir-birilə sıx əlaqəlidir.Yenidoğulmuşun hər hansı orqan və sistemində xəstəliklə bağlı patoloji proseslərin olması, digər orqan və sistemlərin adaptasiyasında dəyişikliklərə səbəb ola bilər. Bu hal metobolik, hemotoloji, qastrointestisial, renal, immun və nevroloji sistem adaptasiyası üçün də keçərlidir.

İdeal olan, yenidoğulmuşun adaptasiya dövrü zamanı baş verəcək dəyişikliklərin izləmindən, lazım gəldikdə isə aparılmış müvafiq müdaxilələrdən sonra sağlam olaraq ailəsinə təhvil verilməsidir. Ağır reanimasiya və müalicə tələb edən yenidoğulmuşlarla yanaşı normal, sağlam doğulmuş körpələrin doğumdan sonrakı ilk günlərdə adaptasiya dövrü ciddi nəzarətdə saxlanmalı və izlənməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2598
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar