"Xoşqədəmə pul da verdim, mənə kömək etmədi" - 59 yaşlı Səfurənin QANDONDURAN HEKAYƏTİ
10 iyun 2022 15:15 (UTC +04:00)

"Xoşqədəmə pul da verdim, mənə kömək etmədi" - 59 yaşlı Səfurənin QANDONDURAN HEKAYƏTİ

Maştağadayıq. Bakının 1 saylı Psixiatriya Xəstəxanasında. 

“Atamla anam uşaq şöbəsinə gəlib, yemək gətirirdilər. Amma Zeynəb xanıma deyirdi ki, deməsin atam, anam olduqlarını. 

Gizli-gizli gəlib, gedirdilər. Mənim şahidim var. Yalvardım Zeynəb xanıma deməsi üçün. Demədi. Və öldü…”.

Hələ yoldayıq. 
Hələ ora çatmamışıq.
Amma indidən həyəcan götürüb bizi. 

Budur, çatdıq. Böyük, səssiz həyət. Təsəvvür edin, adətən rahatlıq tapdığımız səssizlik, bu dəfə  adamı vahiməyə salır. 

Bizi qapıda xəstəxana müdirinin birinci müavini Vüqar Yusifov qarşılayır. Hə, yaddan çıxmamış deyim ki, həyətə ilk daxil olanda diqqətimizi çəkən bir məkan da vardı. Mavi qapılı, tör-töküntülü bir daxma... 

Bəs görəsən, hər yeri tər-təmiz olan ərazidə belə daxma niyə var? 

Doktor  danışır: 

“Bura yenidən təmir olunanda müdirə dedik ki, keçmişdən bir neçə yeri xatirə kimi saxlayaq. Elə həmin mavi qapılı tikili də keçmişdən bir xatirədir. O zamanlar hər həftənin sonu bir şöbə proqram hazırlayırdı. Çalğıçıları, müğənniləri gətirirdik. Xəstələrimizə konsert verirdik”. 

Həmsöhbətimiz deyir ki, hazırda burda 2258 xəstə müalicə alır:

“Amma hamısı burda qalmır. Bir qismi səhər gəlir dərmanlarını qəbul edir, müayinə olunub gedirlər”

30 ildən çox Psixiatriya Xəstəxanasında çalışan Esmira xanım bu illər ərzində çətin günlər yaşadığını açıqlayır.

Sən demə, həmin xanımın saçının yolunduğu, xəstələr tərəfindən döyüldüyü zamanlar da olub:

“Bu xəstəxanada hər şey görmüşəm. Saçım da yolunub, başıma qapaz da dəyib. Hətta üstümə bıçaqla gələn xəstə olub ki, mən “onsuz da birini öldürmüşəm, heç kimdən qorxub yoxdu” deyib. Artıq adiləşib bunlar mənə. 

Hə, gələk əsas məsələyə. Yəni, bir qadının sorağı ilə bura gəlmək səbəbimizə. Valideynləri tərəfindən 4 yaşında psixiatriya xəstəxanasına atılan biri var: Səfurə...

Esmira xanımla sağollaşıb, sorağına gəldiyimiz Səfurə xanımın evinə yollanırıq. Xəstəxananın ərazisi geniş, Səfurə xanımın yaşadığı ev isə əsas binadan uzaq olduğu üçün maşınla getməyi qərara alırıq. 

Budur, Səfurə xanım görünür.

Maşından düşüb ev tərəfə addımlamaq istəsək də,  evin ətrafında 20-dən çox itin olduğunu görüb dayandıq. 

Məlumat üçün  deyim ki, Səfurə xanım həmin heyvanlarla yaşayır. 20-dən çox pişik və it... Onlarla elə danışırdı ki, sanki insan durub qarşısında. 

60-a yaxın yaşı var. Əlində siqaret, saçları tamam kəsilmiş, ayaqlarının biri çorabsız...

Sanki, qorxduğumuzu hiss eləmişdi.

- Adə, nədən qorxursuz? Balacadılar e. Vay, vay, vay bunlara bax e. İtlər tutan deyil, sizi tutsalar, üzümə tüpürərsiniz (gülür). 

Xəstəxananın ərazisində yerləşən gölün ətrafında söhbətləşməyi qərara aldıq. 

Yenidən maşına əyləşib, gölə tərəf irəliləyirik. 

Elə bu zaman Səfurə Vüqar bəyə:

- Allah sənə can sağlığı versin, həkim. Siqaretim yox idi. 

Qısa bir sükutdan sonra Səfurə xanım kədərli bir səslə:

- Bezmişəm e, həkim. Burda qalmaqdan bezmişəm. Təkəm e, təkəm. Dostum yox, sirdaşım yox. Hələ də yadımdan çıxmır atamın məni 4 yaşımda bu qapının qabağına atmağını.

İt saxlayırsınız?

- Xeyr.

- Yaxşı edirsən. Amma mən saxlayıram. Onlar mənim atam, anam, bacım, qardaşımdır. Neyləyim, siqaret çəkməyim neyləyim? Atam-anam gəlsin, çəkməyim. Bezmişəm artıq dörd divar arasında. Dost yox, bacı-qardaş yox. Məni bura atam 4 yaşımda atıb. Guya, 4 yaşında uşaq bilmir onu kim atıb?

Atam məni gətirdi bura. Qucağında da qardaşımla, bacım var idi. Mənə dedi ki, burda dayan gedim çörək alım, gəlirəm. Hələ də yadımdadır. Saat 1 idi.  4 saat keçdi, gəlmədilər. Başımda o vaxtın ağ papağı vardı. Ayağım isə ayaqqabısız...

Qəbul şöbəsində Şahin müəllim gördü ki, balacayam əlimdən tutub gətirdi uşaq bölməsinə. Orda böyüdüm sonra məni göndərdilər Şahbuz rayonundakı qocalar evinə. Daha sonra isə Naxçıvandakı dəlixanaya. Sonra Bilgəhdəki qocalar evinə, sonra Buzovnaya. 

Oy, oy, oy... Mən nə zülmlər çəkmişəm. Ən sonda yenə fırlandım gəldim bura. Çox əziyyətlər çəkmişəm.

(Qəhər boğduğu üçün danışmağa ara verir)

Atam-anam olmadığı üçün məni qovub, çölə atdılar...

İtlərim kiməsə nəsə edəndə, Həsən müəllim (baş həkim) məni çağırır. Deyir ki, “Toplan” gəlib itlərini aparacaq. Amma başa düşmürlər ki, mən onlara öyrəşmişəm. Onlar məni qoruyurlar. Onlar olmasa, mən ölərəm (ağlayır).

Bilirsən, mən necə gözəl olmuşam. Şəkillərimə baxsan, ağlayarsan. 

16 nömrəli poliklinikada işləmişəm. Sonra gördülər ki, burda işləyirəm. Ərizəmi yazmadan məni çıxartdılar. Sonra nevrozlar üçün poliklinikada qalırdım. Orada Leyla xanım vardı. Gəlib dedi ki, atan-anan olmadığı üçün çıx bayıra. Məni qovdu. Həsən müəllim, məni görüb pis oldu. Əlimdən tutub bura gətirdi. Dedi ki, bax, o tut ağacını görürsən? Dedim, hə. Dedi ki, bax, orda sənə ev tikəcəm. Dedi “ürəyim ağrıyar, səni atmaram çölə”.

Mənim atama, anama söz deyəndə qırıb-tökürəm. Adam öldürməklə işim yoxdu...

Ev tikdi, “kravat”, televizor, kondisioner verdi. 

Onun dediyinə görə, ata-anası yüz faiz sağdır:

- Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi yetim olduğum üçün mənim pulumu kəsdilər. Mən xəstə deyiləm, əsəbiyəm. Əsəb hamıda var. Ata-anamı söyəndə sındırıb, dağıdıram. 

Mənə iki “şirvan” (4 manat) pul verirlər. Ay bacı, sən iki “şirvan”la bazarlıq edə bilərsən? 

Ürəyim ayaqqabı istəyir, ala bilmirəm. Bir şortik, kofta almağa gücüm çatmır. Çiyələk, alça görürəm amma ala bilmirəm. 

Bir gün görmədim ki, kimsə gəlib qapımı açsın. Hanı mənim atam, anam. Bilirəm, yüz faiz sağdır, ölməyiblər. 

59 yaşlı Səfurə xanım barmağındakı üzüyü illərdir çıxartmır...

- Bu üzüyü Nübar xanım verib. Mən almamışam. Gümüşdü. Ondan yadigar qalıb, çıxartmıram heç vaxt. 

Bacım, qardaşım 11 nömrəlidədir. Onlar da mənim kimi atılmışdı. Məni tanımırlar. Mən onların üzünü görməmişəm. 

Bir dəfə ata-anamı tapmaq üçün Xoşqədəmin verilişinə müraciət elədim. Demişdim ki, Yasamalda 6 nömrəli evdə yaşayırlar. Xoşqədəm getdi, bir arvad çıxıb dedi ki, hə, burda Mehdiyeva Şəfiqə ilə Yadulla yaşayıb. Evi həmin arvada satıb, gediblər. Qadın deyib ki, hara köçdüklərini bilmirəm. 

Əslində mənim soyadım Mehdiyevadır. Amma şikəst bir oğlanla nikahda olmuşam deyə soyadım Abbasovadır.

Səfurə xanım həmin oğlanla necə tanış olduğunu danışarıq davam edir…

- O da, mən də qocalar evində qalırdıq. Ayaqları yox idi. Mənə dedi ki, gəl evlənək, nikaha düşək. Mən də razılaşdım. Mənə demişdi ki, mən rəhmətə gedəndə evim sənə qalacaq. Amma o öləndən sonra bacıları məni çölə atdı. 

Mənə toxunmayıb. Uşağımız zad yoxdu. Mənə deyirdi ki, xoşuma gəlirsən. “Boyavoy” qızsan. Onu çimizdirmişəm, üzünü qırxmışam. Məscidə aparmışam pul yığmaq üçün. Gördüm ki, bu damarına iynə vurur. Dedim, yox, sənlə qala bilmərəm. Evdən çıxdım “Sovetski”də məktəbdə qaldım. Mən çöldə də itlərlə yatmışam. 

Həmsöhbətimiz Xoşqədəm xanıma ata-anasını tapmaq üçün pul verdiyini açıqlayır:

- Atamla anam uşaq şöbəsinə gəlib, yemək gətirirdilər mənə.`Amma istəmirdilər mən bilim. Gizli-gizli gəlib, gedirdilər. Mənim şahidim var. Yalvardım Zeynəb xanıma deməsi üçün. Demədi. Və öldü…

Ata-anamı tapmaq üçün Xoşqədəmə müraciət elədim. Hədiyyə apardım, pul da verdim. Mənə kömək eləmədi. Çox pul aldı məndən. İstəsəydi, tapardı. O, çoxlu pul istəyirdi, mənim də ona verməyə o qədər pulum yox idi. Allah götürməz bunu. Ata-anamı tapsam bağışlayaram. Bəlkə mənə ehtiyacları var. Saçlarını darayaram. Onlara qulluq edərəm. Mən yüz faiz bilirəm ki, onlar yaşayır.

Anam məni çox istəyirdi. Hər şeyi atam elədi. İçib deyirdi ki, uşaqları mənim başımdan rədd elə. Bu sözlər heç vaxt yadımdan çıxmaz. Anamı döyürdü, mən də yatağın altına girirdim... 

Bu vaxt Səfurə xanımı qəhər boğur, bir siqaret yandırır… 

- Səfurə xanım, saçınızı niyə tamam kəsdirmisiz?

- İstidi, ona görə. Həm də ağcaqanadlar yeyir məni. Özüm ülgüclə qırxmışam.

Gün ərzində itlərin yerini sulayıram. Evdə iş görürəm. Zeytun ağaclarına baxıram. Darıxıram e, çox darıxıram (ağlayır).

Səfurə xanımın cavanlıq şəkillərinə baxmaq üçün evinə gedirik.

Cavanlığından ürək ağrısı ilə danışır. Sanki yenidən doğulmaq istəyir. 

Şəkillərə baxdıqdan sonra sağollaşıb, geri dönürük. 

Səfurə xanım isə yorulmadan təkrarlayır:

“Anamı, atamı tap, cavan qız. Mən çox darıxıram. Arada gəl yanıma”.

Bu da belə... 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 16038
avatar

Fidan İlqar

Oxşar yazılar